Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2358/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İcbari Sığorta Bürosu” X3 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya hüququnun yaranması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, iddiaçı “İcbari Sığorta Bürosu” X3 Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7857/2023 saylı, 7 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. “BMW” minik markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – Sığortalanmış avtomobil) xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ASC "xxxx" SŞ-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır.
2. xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh idarə etdiyi sığortalanmış avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X4 məxsus “Hyundai Accent” markalı ** NM *** dövlət qeydiyyat nömrəli avtomobilə zərər vurmuş və dəymiş zərər 1.300 manat məbləğində qiymətləndirərək, Anar Daşdamirovun bank hesabına ödənilmişdir.
3. Həmçinin, cavabdeh barəsində xx.xx.2020-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar (xx.xx.2020-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol əsasında) qəbul edilməklə, o, İXM-nin 327.2-ci (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 60 manat məbləğində cərimə olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı “İcbari Sığorta Bürosu” X5 Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.300 manat pul vəsaitinin və 33 manat məbləğində dövlət rüsumunun, ümumlikdə 1.333 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə cavabdehin adına sığortalanmış Avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Babək prospektində cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 əmlakına zərər vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar iddiaçı tərəfindən zərərçəkənə dəymiş zərər üzrə 1.300 manat məbləğdə sığorta (kompensasiya) ödənişi həyata keçirilmişdir. Cavabdehin yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, sözügedən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan (əlavə edilir) məlum olur ki, cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyindən AR İXMnin 332.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7857/2023 nömrəli, 07 dekabr 2023cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki hüquq münasibətləri baxımından etibarnamə əmlakı idarə etmək hüququnu deyil, təmsilçiliyi nəzərdə tutur. “Təmsil” sözünün mənası isə birinin müvəkkili olmaq, bir işdə onu əvəz etmək, onun adından danışmaq, yaxud birinin mənafeyini, fikrini, görüşünü və s. ifadə etmək deməkdir. Həmçinin, Mülki Məcəllənin 152.8-ci maddəsində də etibarnamənin mahiyyətinə daha dəqiq aydınlıq gətirilərək qeyd edilir ki, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
8. Yol hərəkəti münasibətlərində isə avtomobilin idarə edilməsi ilə bağlı təmsilçiliyin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndinə yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, İXM-nin 332.1-ci maddəsində göstərilən əsaslarla etibarnamənin olmamasının inzibati xəta hesab edilməməsi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində göstərilən əmlakı idarə edən və onu istifadə edən şəxslər kimi qəbul edilməsinə əsas vermir, çünki inzibati qanunvericiliyin tənzimlədiyi ictimai münasibətlərlə mülki qanunverciliyin tənzimlədiyi ictimai münasibətlər bir-birindən fərqlənir. Qanunun 25.1.3-cü maddəsinin məqsədləri baxımından “hüquqi olmayan şəxs” yalnız sürücülük hüququ olmayan şəxsdir, həmçinin nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxsdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3, 152.8, 362.1, 425.1; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2, 332.1-ci maddələrinə; Azərbaycan Respublikasının “İcbari Sığortalar haqqında” Qanununun 25.1.3; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.33-cü bəndlərinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-7857/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilən məhkəmə qətnaməsindən görünür ki, işə baxan məhkəmə hazırkı iş üzrə olan iddia tələbini təmin etməyərək hazırki mübahisəyə “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsini səhv təfsir edərək tətbiq etmişdir. Məhkəmə hesab etmişdir ki, guya «idarə etməyə və sair hərəkətlərə hüququ olmayan şəxs» dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan şəxsi nəzərdə tutulur, “hüquqi olmayan şəxs” yalnız sürücülük hüququ olmayan şəxsdir, həmçinin nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxsdir. “İcbari sığortalar haqqında" Qanunun (Qanun) 25.1.3-cü maddəsində avtomaşının təkcə sürücülük hüququ olmayan şəxs tərəfindən idarə olunması nəzərdə tutulmamışdır. Heç təsadüfi deyildir ki, qanunverici yuxarıda sözügedən maddənin məzmununda əmlakdan istifade etməyə, idarəetməyə, işlətməyə və digər qaydada istismar etməyə dair ifadələrinin hamısından istifadə etmiş, burada istifadə, istismar, işlətmə ve idarə etməni bir-birindən fərqləndirmişdir. Əgər bu ifadələrin hamısı eyni məzmunu ifadə edirdisə, o zaman bunların hamısını sadalamağı qanunverici zəruri hesab etməzdi. Məhkəmə isə yuxarıda gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göstərilən müddəada "hüququ olmayan şəxs" ifadəsi, sığortaçının mənafeyi baxımından, avtomobili idarə etmək hüququnun olmamasını nəzərdə tutur. Nəqliyyat vasitəsini idarə etmək hüququ guya şəxsin nəzəri və təcrübi biliklərə yiyələndikdən sonra ona sürücülük vəsiqəsi verilməklə yaranır. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin isə yol-nəqliyyat hadisəsi törətməsi (sığorta müqaviləsinin tərəfi olaraq sığorta hadisəsi törətməsi) riski daha yüksəkdir. Bu mənada, həmin müddəa sığortaçının mənafeyini qoruyaraq, guya yol-nəqliyyat hadisəsi nəticəsində baş verən sığorta hadisələrinə görə ödənilmiş sığorta ödənişlərinin sonradan geri tələb etmək hüququnun təminatı kimi nəzərdə tutulmuşdur. Hesab edir ki, məhkəmənin sığorta riskinin artıb-artmaması barədə mülahizələri özlüyündə işin mahiyyətinə ziddir. Sığorta riskini artıran amillər kimi, nəqliyyat vasitəsinin sürücüsünün təcrübəsiz olması, nəqliyyat vasitəsi istismar müddətinin böyük olması və digər amilləri qeyd etmək olar. Həmin amillər qanunvericiliyin tələblərinə uyğun şəkildə sürücülərə onların sığorta risklərinə mütənasib şəkildə sığorta haqqı məbləğlərinin hesablanmasında istifadə edilir. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları "İcbari sığortalar haqqında" Qanun təsdiq edilərkən qanunverici tərəfindən konkret şəkildə artıq müəyyən edilmişdir. Məhkəmənin qanunvericinin konkret normasının şərh etməsinə lüzum qalmamışdır. Qanunun 25.1-ci maddəsində qeyd edilmiş icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları ilə yanaşı, baş vermiş sığorta hadisəsi zamanı hadisəni törətmiş şəxsə qarşı (avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə) sığortaçının “əlavə" subroqasiya hüququ Qanunun 63.1-ci maddəsində qeyd edilmişdir. Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Əgər qanunverici subroqasiya hüququnun yaranmasını sığorta riskinin artıb-artmaması ilə əlaqələndirsəydi, bu halda hadisə yerindən yayınmanı subroqasiya üçün əsas hesab etməzdi. Sürücünün hadisə yerindən yayınması yalnız sığorta hadisəsi baş verdikdən sonra baş tuta bilər. Bəllidir ki, hadisə yerindən yayınan sürücü həm nəzəri, həm də təcrübi biliklərə malik olan, alkoqoldan və ya digər güclü təsir edən maddələrdən istifadə etməmiş, avtonəqliyyat vasitəsini qanuni əsaslarla istismar edən şəxs ola bilər. Sığorta hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınma (post-factum) sığorta riskini necə artıra bilər? Qeyd olunanlara əsasən hesab edir, məhkəmənin Qanunun birmənalı müddəasının iddiaçının zərərinə təhrif edərək səhv təfsir etməsi iş üzrə əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Məhkəmə Qanunun 13.4-cü maddəsinə istinad edərək bildirmişdir kl, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Sürücünün nəqliyyat vasitəsini etibarnaməsi (icarə müqaviləsi və s. əsası) olmadan istismar etmək, qanuni əsaslar olmadan istifadə hesab edilir. Qeyd edilənlər həm "İcbari sığortalar haqqında” Qanunda, həm də digər normativ hüquqi aktlarda öz əksini tapmışdır. Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlanna dair müqaviləyə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər həmin Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Nəzərə alınması zəruridir ki, cavabdehin etibarnaməsi və yaxud digər qanuni əsası olmamışdırsa, o, avtomaşını avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı işlətmək, ondan istifadə etmək, eləcə də digər qaydada onu istismar etməyə hüququna malik olmamışdır. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində göstərilir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə yə ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini).... özündə saxlamalıdır. Qeyd edilmiş maddələrin əlaqəli analizindən göründüyü kimi, nəqliyyat vasitəsinə dair hüquqlar qeydiyyata alınmalı, nəqliyyat vasitəsinin sürücüsü isə nəqliyyat vasitəsinin sahibi olmadıqda, icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini özündə saxlamalıdır. Mübahisələndirilməyən haldır ki, artıq qanuni qüvvəsini almış TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla müəyyənləşir ki, Cavabdeh yol nəqliyyat hadisəsini törədərkən icbari sığortalanmış avtomobili etibarnamə olmadan, lakin sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Cavabdeh həmin qərarı mübahisələndirməmiş, icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini təqdim etməmiş, hadisə zamanı qeyd olunan avtomaşından istifadə etmək hüququnun mövcudluğunu təsbit etməmişdir. Yuxarıda istinad olunanlara əsasən hesab edir ki, cavabdehin adına sürücülük vəsiqəsi olsa da, onun məhz BMW 318 markalı, 10ZT674 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini istifadə etməyə hüququ olmamışdır, həmin hüququn olmaması isə iş materialları ilə sübuta yetirilir. Cavabdehin sürücülük hüququnun, yəni avtomobil idarə etməyə hüququnun olması onun etibarnamə, icarə müqaviləsi və digər qanuni əsaslar olmadan avtomaşını işlətməsi, istismar etməsi və ondan istifadə etməyə hüququ olmasını ehtiva etmir. Məhz buna görə Məhkəmənin 28, 29, 31 və 32-ci paraqraflarında əks olunmuş mülahizələri əsassız hesab edilməlidir. Avtonəqliyyat vasitəsinin etibarnamə olmadan idarə olunmasını Konstitusiya Məhkəməsi qanuna zidd hesab etmişdir. Sözügedən hüquqi mövqedən də yanaşıldıqda iş üzrə mübahisəsiz qaydada müəyyən edilir ki, cavabdehin BMW 318 markalı, 10ZT674 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini istifadə etməyə qanuni əsası olmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüququn tətbiqində və təfsirində səhvə yol verilmiş, bununla da işə baxan məhkəmə tərəfindən iş üzrə düzgün olmayan qətnamə qəbul olunmuşdur.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
18.936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 19.163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsiilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 20.732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verənonu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
21. 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 22.1099-cu maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 23.1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa ziddhərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 24.1114.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
25.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə görə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə şəxslər qırx manat məbləğində cərimə edilir.
26.Azərbaycan Respublikasının “İcbari Sığortalar haqqında” Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
27.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28.77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 30.88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 31.218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 33.Belə ki, birinci instnasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 34.İddiaçı tələbinin faktiki əsası kimi yol-nəqliyyat hadisəsinin iştirakşısı Cavabdeh nəqliyyat vasitəsini müvafiq etibarnamə olmadan idarə etməsinə, qanuni əsası kimi isə Mülki Məcəllənin 936.1-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddələrinə istinad etmişdir. Sonuncu normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. 35.Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 36.Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri Mülki Məcəllənin 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. 37.Kollegiya vurğulayır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən avtomobili sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. 38.Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi rəsmi formada verilmiş etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması da mülki hüquq normaları ilə müəyyən olunmalıdır. 39.Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamənin mövcud olması Qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. 40.Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtib edilməsi tələb olunmur. 41.Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquq baxımından qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. 42.Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı. 43.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 44.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
45. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7857/2023 nömrəli, 7 dekabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova