Məhkəmə qərarları › İş №2(103)-2359/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2359/2024

23.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2359/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Bakı şəhəri 40 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) qarşı iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakda payın müəyyən edilməsi) X1 (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X10, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 40 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-6312/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 31 saylı evin 48 saylı mənzili xx.xx.2001-ci il tarixdə İddiaçı (bundan sonra iddiaçı) və Cavabdeh (bundan sonra cavabdeh) anaları X3 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. X7 xx.xx.2010cu il tarixdə vəfat etmişdir. Bununla əlaqədar iddiaçı xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 36 saylı Xətai rayon notariat kontoruna ərizə təqdim edərək, anası X3 xx.xx.2010-cu il tarixdə vəfat etdiyini qeyd etmiş və bununla əlaqədar vərəsəlik işinin həlli üçün müraciət olunarsa, onun da vərəsə kimi nəzərə alınmasını xahiş etmişdir. Bundan sonra qeyd edilən mənzilə dair cavabdehə xx.xx.2016-cı il tarixli, 2V-115 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında bu mənzil xx.xx.2016-cı il tarixdə onun mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı 2022-ci ildə həmin şəhadətnaməni vermiş Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş vaxtın uzadılması” tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onun iddiası rədd edilmişdir. Onun həmin qətnamədən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6758/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Belə ki, həmin qətnamə ilə iddiaçının miras əmlakın qəbul edilməsi ilə bağlı müddəti ötürmədiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən miras əmlaka dair ünvan 2miş Cavabdeh verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız sayılması, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi idarəsi tərəfindən dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən miras əmlaka dair ünvan 3şinə və onun əsasında tərtib olunan vərəsəlik şəhadətnaməsinə düzəliş olunaraq, onun vərəsə olmağı nəzərə alınmaqla ona çatası ½ payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anası X2 miras qalmış ünvan 3 ünvanındakı 48 saylı mənzil 5 otaqlı evdən ibarətdir. Qardaşı Cavabdeh xx.xx.2016-cı il tarixində Bakı şəhəri 40 saylı notariat ofisinə ərizə ilə müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Onun əsasında anasından miras qalmış ünvan 4 ünvanını öz adına rəsmiləşdirmişdir. Anası xx.xx.2010-cu il tarixdə dünyasını dəyişmiş, həmin ilin xx.xx.2010-cu il tarixində 36 saylı notariat kontoruna qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün o, ərizə ilə müraciət etmişdir. Həmçinin qardaşının buna dair müraciəti olduqda dərhal ona məlumat verilməsini xahiş etmişdir. Bütün bunlara baxmayaraq, qardaşı Cavabdeh Bakı şəhəri, 40 saylı Notariat kontoru tərəfindən xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş, ona isə məlumat verilməmişdir. O, şəhid bacısıdır. 1-ci Qarabağ müharibəsində qardaşı şəhid olmuşdur. Onun şəhid olmasına görə Dövlət Başçısının fərmanına əsasən ailə üzvlərinə verilən 11.000 manatı almaq üçün qardaşı onun razılığı olmadan həmin pulu ala bilmirdi. Qardaşı onun razılığı əsasında pulu alıb 2 hissəyə bölmüşlər. Burdan sual çıxır ortaya ki, necə olur ki, notariat ofisində ayrılmış vəsaiti almaq üçün onun vərəsə olduğu qardaşına bildirilir. Amma miras qalmış evdə isə ərizəsi ola-ola göz yumulur. O, anasından qalmış ünvan 4 saylı evin üzərində mülkiyyət hüququnu həyata keçirmək istədikdə, ona məlum olmuşdur ki, artıq qardaşı bunu etmiş və həmin mənzilə yeganə vərəsə olduğunu deyərək, qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Bundan sonra o, öz növbəsində 40 saylı notariat ofisinə ərizə (xx.xx.2022-ci il tarixində) ilə müraciət edərək, ünvan 4-ə dair vərəsəlik hüququ haqqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin onlar da öz növbəsində imtina etmişlər. Bundan sonra o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş (xx.xx.2022-ci il tarixli 2(011)-3824/2022 saylı), bundan sonra Bakı Apellyasiya Məhkəməsinin (xx.xx.2022-ci il 2(103)-6578/2022) qərarı ilə iddiası qismən təmin olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2023cü il tarixli Bakı şəhəri 40 saylı notariat ofisinin X-467 saylı natamam məktubuna əsasən o, yenə vərəsəlik hüququnu həyata keçirə bilməmişdir. Belə ki, notariat ofisi onun rəsmi məktubuna cavab vermək istəməmişdir. Hətta notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında qeydə alınmış şəhadətnamə nömrəsini ona verməkdən, yəni verilən cavab məktubunda qeyd etməkdən yayınmış, dolayı yolla ona cavab verilmişdir. Mübahisəli mənzilə dair məhkəmə qətnaməsində göründüyü kimi, onun anası və onlar mübahisəli evdə daim yaşamış və beləliklə valideynindən qalan əmlakı miras olaraq qəbul etmişdir.

4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Bakı şəhəri, N.Tusi küçəsində yerləşən 31 saylı evin 48 saylı mənzili 1978-ci ildə orderlə ona verilmişdir. Onun qardaşı X14 xx.xx.1992-ci il tarixdə Qarabağ bölgəsində şəhid olmuş, atası X11 xx.xx.1994-cü ildə vəfat etmişdir. O miras əmlak olan mənzildə daima qeydiyyatda olmuş və anası X7 vəfat edənədək, onunla birlikdə həmin mənzildə yaşamışdır. Anası ilə birlikdə qaldıqları müddətdə, eləcə də anası öldükdən sonra sözügedən mənzilə dair xərclər və kommunal xidmət haqları onun tərəfindən ödənilmişdir. Anası vəfat etdikdən sonra da o, həmin əmlaka sahiblik etmiş və idarə etmiş, anasının dəfn və yas mərasiminin keçirilməsi xərclərini ödəmişdir. Adı çəkilən mənzil həmin vaxt mənzildə yaşayan ailə üzvlərinin razılığı ilə anası X3 adına 2001-ci ildə özəlləşdirilərək, mənzilə dair qeydiyyat şəhadətnaməsi verilmişdir. Baxmayaraq ki, o vaxt o, mənzili ailə üzvü, qeydiyyatda olan və mənzildə yaşayan şəxs kimi öz adına özəlləşdirə bilərdi. Lakin bunu etməmiş və mənzilin anasının adına özəlləşdirilməsinə razılıq vermişdir. Hətta miras əmlaka dair vərəsəlik şəhadətnaməsini belə dərhal müraciət edib almamışdır. İddiaçı isə anası sağ olarkən 1990-cu ilin iyun ayında ailə həyatı quraraq miras əmlak olan mənzildən köçmüş və bu mənzildə bir daha yaşamamış, həmin mənzildə qeydiyyatda deyil. İddiaçı ərizədə qeyd edir ki, 36 saylı Notariat kontoruna qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün ərizə ilə 2010-cu ildə müraciət etmişdir. Əslində isə iddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alınmasını yox, vərəsəlik işinin həlli üçün müraciət olunarsa, onun vərəsə kimi tanınmasını xahiş etmişdir. Ancaq iddiaçı bununla bağlı notariat ofisinə tələb olunan heç bir sənəd təqdim etmədiyi, notarius tərəfindən iddiaçının şəxsiyyəti müəyyən edilmədiyi və ərizə notariat qaydasında təsdiq edilmədiyi üçün notarius tərəfindən heç bir tədbir görülməmişdir. Bu isə mirası qəbul etmə, mirasın qəbulu üçün müraciət kimi hesab edilməməlidir. Çünki, mirası qəbul etmək üçün əvvəlcə başqa şəxsin müraciət etdikdən sonra qəbul etməsi tələbi yoxdur, yəni iddiaçı özü birbaşa mirasın açılması və ona vərəsəlik şəhadətnaməsi verilməsi üçün müraciət edə bilərdi. Hesab olunsa ki, iddiaçı qanunvericiliklə qeyd edilən 6 ay müddətin bitməsini gözləməli idi, o zaman iddiaçı daha sonra təkrar notariat ofisinə müraciət edib, şəhadətnamə ala bilərdi. İddiaçı isə mirası qəbulu üçün 12 il sonra müraciət etmişdir. 36 saylı Notariat Ofisinin sorğuya verdiyi cavabdan da göründüyü kimi iddiaçının verdiyi ərizə məlumat xarakterli ərizə olmuş və ərizəyə heç bir sənəd əlavə edilməmişdir. Halbuki, qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariusa miras qoyanın ölümü haqqında şəhadətnamə, miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənəd, mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə və digər sənədlər təqdim olunmalıdır. Lakin, bu sənədlərin heç biri iddiaçı tərəfindən təqdim edilməmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-6312/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. (hakim: X8).

6. Məhkəmə iddia tələbini rədd edərkən qeyd etmişdir ki, İddiaçı anasından qalan miras əmlaka faktiki sahiblik etməklə qəbul etdiyini sübut edə bilmədiyindən, həmçinin onun mirası qəbul etdiyi barədə ərizə ilə mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etdiyi sübutlarla təsdiq edilmədiyindən, habelə mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması üçün heç bir qanuni əsaslar müəyyən edilmədiyindən iddia təmin olunmamalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci. 1243-cü, 1246-cı, 1248-ci, 1159.1-ci maddələrinə, “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 59-60-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, oxşar iddiaya dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Mirasın qəbul edilməsi və onun qəbulundan imtina olunması” adlı LXX Fəslinə aid 1243.2, 1246 və 1273.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmiş və həmin sorğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən icraata götürülmüşdür. Birinci instansiya məhkəməsi isə həmin qərarın nəticəsini gözləmədən iş üzrə yekun qərar qəbul etmişdir. Məhkəmə nəticəyə gələrkən işin faktiki hallarına düzgün qiymət verməmiş, işin faktiki hallarını araşdırmamışdır. Belə ki, məhkəmə onun cavabdeh Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı 2022-ci ildə məhkəməyə “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş vaxtın uzadılması” tələbi ilə müraciət etdiyini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiasının rədd edilməsini göstərsə də, həmin qətnamənin Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunduğunu araşdırmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6758/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ləğv edilmişdir. Həmin iş üzrə məhkəmə belə qənaətə gəlmişdir ki, mərhumun vəfatından sonra mirasın qəbul edilməsi üçün 3 aylıq müddət iyun ayının 29-da bitdiyi halda, o, müddəti ötürməmiş, mirasın qəbul edilməsi üçün iyun ayının 1-də notariat kontoruna müraciət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında Cavabdeh iddiaya qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etməyərək, Cavabdeh mövqeyini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı anasının vəfat etməsindən məlumatlı olmuş və yas mərasimində iştirak etmiş, cavabdehin həmin əmlakı faktiki qəbul etməsini də bilmişdir. Hazırda mübahisələndirilən vərəsəlik şəhadətnaməsi verilən zaman müddətlərə riayət olunmuş, hər hansı digər notariat kontorunda vərəsəlik işi açılmamışdır. Mübahisəyə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan zaman isə iddiaçı tərəfin istinad etdiyi Konstitusiya Məhkəməsinin qərarı hələ qəbul edilməmişdir. İddiaçı vərəsəlik şəhadətnaməsinin etibarsiz hesab olunmasını tələb edir, lakin cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman hər hansı qanun pozuntusu olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Bakı şəhəri 40 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir; 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər; 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər; 1301.3-ci maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mMiras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.

23. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, mübahisə predmetini təşkil edən mənzil xx.xx.2001-ci il tarixdə dövlət reyestrində tərəflərin anası X3 adına rəsmiləşdirilmişdir. Bu şəxs xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Bununla əlaqədar iddiaçı xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 36 saylı Xətai rayon notariat kontoruna ərizə təqdim edərək, vərəsəlik işinin həlli üçün müraciət olunarsa, özünün də vərəsə kimi nəzərə alınmasını xahiş etmişdir. Buna baxmayaraq, həmin mənzillə bağlı cavabdehə xx.xx.2016-cı il tarixli, 2V-115 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və bu şəhadətnamə əsasında mənzil xx.xx.2016-cı il tarixdə onun mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra iddiaçı 2022-ci ildə həmin şəhadətnaməni verən Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş vaxtın uzadılması” tələbi ilə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3824/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onun iddiası rədd edilmişdir. Onun həmin qətnamədən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6758/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Belə ki, həmin qətnamə ilə iddiaçının miras əmlakın qəbul edilməsi ilə bağlı müddəti ötürmədiyi müəyyən edilmişdir.

24. Bununla belə, iddiaçı da cavabdeh kimi xx.xx.2010-cu il tarixdə vəfat etmiş anası X3 birinci növbədə vərəsəsidir və onun ölümündən sonra xx.xx.2010-cu il tarixdə notariat ofisinə ünvanladığı ərizə onun mirası qəbul etməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan mənzil miras əmlak olaraq anasının birinci növbədə vərəsəsi kimi orada yaşayan cavabdehlə yanaşı onun tərəfindən də qəbul edilmiş sayılmalıdır. Məhz bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-6758/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini qismən təmin etmiş və miras əmlakın qəbul edilməsi ilə bağlı müddətin ötürməməsi əsası ilə onun “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş vaxtın uzadılması” barədə iddiasını rədd etmişdir.

25. Nəzərə alınmalıdır ki, tərəflərin qardaşı, hərbi qulluqçu olmuş X13 xx.xx.1992-ci il tarixdə ölmüşdür. Bununla bağlı onun atası X6 və anası X5 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən onların hər birinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 1 nömrəli Fərmanına uyğun olaraq ödəniləcək vəsaitin ½ hissəsini almaq hüququ verilmişdir. Həmin pulu da ½ hissədə, yəni hər biri 5.500 manat olmaqla məhz tərəflər almışdılar.

26. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli qərarına istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.2010-cu il tarixdə belə bir ərizə ilə müraciət etməməsi, habelə 25-ci bənddə göstərilən halın mövcud olmaması da hazırki iddianın rədd edilməsi üçün əsas deyil. Belə ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmişdir. Bu baxımdan da o, cavabdehlə yanaşı mirası qəbul etmiş vərəsə hesab edilməli və onların arasında bu miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.

27. Lakin birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri, habelə işə baxılan zaman Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki münasibətləri tənzimləyən maddələrinin şərh edilməsi ilə bağlı sorğusunun Konstitusiya Məhkəməsinin icraatında olmasını nəzərə almamış, o cümlədən qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraatı dayandırmamışdır. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan vaxt (xx.xx.2023-cü il) Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarının (xx.xx.2023-cü il) olmaması da hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, plenum hesab etmişdir ki, bu Qərar qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

28. Qeyd edilənlər öz növbəsində cavabdehə verilmiş xx.xx.2016-cı il tarixli, 2V-115 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, həmin şəhadətnamə əsasında miras qalmış əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini, miras qalmış əmlakın ½ hissəsi üzərində iddiaçının, ½ hissəsi üzərində isə cavabdehin payının tanınmasını şərtləndirir.

29. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şəhadətnamənin etibarsız hesab edilməsi qənaətinə gəlindiyindən miras əmlaka dair ünvan 3şinə və onun əsasında tərtib olunan vərəsəlik şəhadətnaməsinə düzəlişin edilməsinə artıq hər hansı hüquqi zərurət qalmır. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 31 saylı evin, 48 saylı mənzilinə dair Cavabdeh verilmiş xx.xx.2016cı il tarixli, 2V-115 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında bu mənzillə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməli, həmin mənzilin ½ hissəsi üzərində İddiaçı, ½ hissəsi üzərində isə Cavabdeh payı tanınmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tələb edilmədiyindən İddiaçı aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-6312/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 31 saylı evin, 48 saylı mənzilinə dair Cavabdeh verilmiş xx.xx.2016-cı il tarixli, 2V-115 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnamə əsasında bu mənzillə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilsin. Həmin mənzilin ½ hissəsi üzərində İddiaçı, ½ hissəsi üzərində isə Cavabdeh payı tanınsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar