Məhkəmə qərarları › İş №2(103)-2362/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2362/2022

30.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2362/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Vəkil, Cavabdeh ləğvetmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Əliyeva Səadət Yusif qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6813/2021 saylı iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh ləğvetmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər ləğvetmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km., ünvanda yerləşən İddiaçı ASC-nin mülkiyyətində 16.958,3 kv.m. qeyriyaşayış, 3,72 ha torpaq sahəsi vardır. 1970-ci illərdə inşa edilib istismara verilmiş bu müəssisənin ərazisində 0,0375 ha (375 kv.m.) torpaq sahəsində metaldan quraşdırılmış 6 nömrəli yeməkxana olmuşdur. Yeməkxana Əmlak məsələləri Dövət Komitəsinin İstehsal və Xidmət müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilmişdir. 90-cı illərin sonunda metaldan quraşdırılmış həmin yeməkxana sökülmüşdür. Sonradan, Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 29.11.2006-cı il tarixli, 396 nömrəli sərəncamı ilə İddiaçı ASC-nin ərazisində və istifadəsindəki mövcud olmayan yeməkxananın altındakı 0,0375 ha torpaq sahəsinin üçüncü şəxs Cavabdeh2 satılması qərara alınmışdır. Xırdalan Bələdiyyəsi ilə Cavabdeh2 arasında tərtib edilmiş 05.12.2006-cı il tarixli aktla (alqı-satqı müqaviləsilə) bu torpaq sahəsi Cavabdeh2 satılmışdır. Mövcud sənədlərin əsasında həmin torpaq sahəsi Dövlət Reyestr Xidmətinin Abşeron rayon Ərazi İdarəsində **********81 nömrəli reyestrdə ********* nömrəsilə Cavabdeh2 mülkiyyətinə qeydə alınıb, ona 23.02.2007-ci il tarixli 00076655 nömrəli çıxarış verilmişdir. Torpağı mülkiyyətinə qanunsuz almış Cavabdeh2 08.04.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən bu torpaq sahəsini "xxxx" ASC-də borcun təminatı üçün ipoteka ilə yüklü etmişdir. İddiaçı ASC-nin iddiası əsasında işə baxmış Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 may 2011-ci il tarixli qətnaməsilə iddia təmin edilmiş, yuxarıda göstərilən əqdlər ləğv edilmişdir. Bu iddia verilərkən mövcud torpaq sahəsinin Cavabdeh1 ASC-də ipoteka ilə yüklü edilməsi barədə məlumat olmamışdır. Yalnız Ləğvetmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 2019-cu il avqustun 22-də verdiyi apellyasiya şikayətindən bu fakt iddiaçıya məlum olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qərardadı ilə işə inzibati qaydada baxılması üçün qətnamə ləğv edilmiş və iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qərardadı ilə ipoteka müqaviləsinin etibarsızlığına dair mübahisəyə mülki qaydada baxılması üçün iddia tələbinin bu hissəsi mümkün hesab edilməmiş və aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin məhkəmənin eyni tarixli qərarı ilə iddia tələbləri qalan hissədə təmin edilmişdir. Bundan sonra, iddiaçının vəkili tərəfindən ləğvetmə prosesində olan Cavabdeh1 ASC-yə ipoteka müqaviləsinin təsdiq edilmiş surətinin təqdim edilməsi barədə 2021-ci il aprelin 20-də sorğu verilmişdir. Sonuncu, bu sorğuya cavab verməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi icraya yönəldilmiş və icra edilmişdir. Odur ki, torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması ləğv edildiyinə görə onun hüquqi nəticəsi ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Deməli, ipotekanın dövlət qeydiyyatına əsas olmuş Cavabdeh2 həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı və ona verilmiş çıxarış etibarsız hesab edildiyinə görə bu çıxarışın əsasında mövcud torpaq sahəsinin ipoteka ilə yüklülüyü barədə müqavilənin dövlət reyestrində qeydiyyatı da özü-özlüyündə etibarsızdır. Bu səbəbdən, ipoteka müqaviləsi və onun dövlət reyestrində qeydiyyatı da etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh2 ilə "xxxx" (sonradan Cavabdeh1 ) ASC-nin arasında bağlanmış Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km ünvanda İddiaçı ASC-nin mülkiyyətində olan torpaq sahəsinin ərazisində yerləşən 0,0375 ha torpaq sahəsinin yüklülüyünə dair 08 aprel 2008-ci il tarixli, İP1- 141/19-AZN nömrəli ipoteka müqaviləsi və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6813/2021 saylı iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh2 ilə "xxxx" (sonradan Cavabdeh1 ) ASC arasında bağlanmış Xırdalan şəhəri, Sumqayıt şossesi, 16cı km ünvanda "xxxx" ASC-nin mülkiyyətində olan torpaq sahəsinin ərazisində yerləşən 0,0375 ha torpaq sahəsinin yüklülüyünə dair 08 aprel 2008-ci il tarixli, İP1-141/19-AZN nömrəli ipoteka müqaviləsi və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh ləğvetmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 08.04.2008-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə 500.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh2 məxsus Xırdalan şəhər, Sumqayıt şossesi, 16-cı km ünvanında yerləşən 0,0375 ha torpaq sahəsi və digər əmlaklar ipotekaya qoyulmuş, notarial qaydada rəsmiləşdirilərək dövlət qeydiyyatına alınmışdır. İddiaçı "xxxx" ASC “ borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmiş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-21/2009-cu il tarixli 03 sentyabr 2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə icra olunmuş, digər ipoteka əmlaklarına tutma yönəlmişdir. Lakin məhkəmə iddianı təmin edərkən borclu "xxxx" MMCnin banka 342,148.89 AZN məbləğində əsas borcu qalmasını və bununla bağlı qüvvədə olan məhkəmə qətnaməsini nəzərə almamış, bununla da ipoteka saxlayan olaraq bankın mənafeyini və eyni zamanda qanunla qorunan əşya hüquqlarını pozmuşdur. "xxxx" ASC ilə Cavabdeh2 arasında 08 aprel 2008-ci il tarixdə ipoteka müqaviləsi bağlandığı zaman Xırdalan şəhər, Sumqayıt şossesi, 16-cı km ünvanında yerləşən 0,0375 ha torpaq sahəsi 23.02.2007-ci il tarixli 00076655 saylı çıxarışla Cavabdeh2 mülkiyyətində olmuş və bank reyestr məlumatlarının həqiqiliyinə əsaslanmış və dövlət qeydiyyatının qeyri-dəqiqliyinə şübhə üçün heç bir hüquqi əsas olmamışdır. Yəni, ipoteka müqaviləsi bağlanan zaman həmin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Bank reyestr məlumatlarının həqiqiliyinə əsaslanaraq hərəkət etdiyindən ipoteka saxlayan olaraq bankın hüquqları qorunmalıdır. “Prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs, özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını bunu iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı (yəni, iddiaçıların da torpaq üzərində hüquqlarının mövcud olduğunu) bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, iddiaçı belə sübut təqdim etməmişdir. Məhkəmə qərar qəbul edərkən bankın vicdanlı ipoteka saxlayan olmasını və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ipoteka predmetinə tutma yönəldilməsi faktını nəzərə almamışdır. Məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 337.1-ci maddəsinə istinad etmişdir. Bank ilə Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliyin tələbinə uyğun olmuş, yuxarıda sadalanan qüsurlara yol verilməmişdir. Maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd edilən müddət hüququn itirilməsi ilə bağlı olmaqla, iddia müddətlərinə aid deyildir və kəsici müddətə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də, yoxdur və həmin müddətin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda, məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu hüququn aradan qalxması nəticəsini əmələ gətirir. Yəni, qanunvericilikdə nəzərədə tutulan müddət ərzində tərəf əqdi mübahisələndirməyibsə artıq onun əqdi mübahisələndirmək hüququ aradan qalxmış olur. İddiaçı bu maddənin məzmununa əsasən sözügedən əqdi mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, Cavabdeh2na 2007-ci il tarixli mülkiyyət barəsində çıxarış verilmiş, 2008-ci ildə bankla onun arasında ipoteka müqaviləsi bağlanmış, 2011-ci ildə iddiaçı"xxxx" ASC Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək mübahisəli torpaq sahəsi üzərində Cavabdeh2 məxsus çıxarışı ləğv etdirmişdir. Həmin qətnamədən 8 ildən artıq vaxt keçdikdən sonra iddiaçının həmin torpaq sahəsi üzərində ipoteka yüklülüyünün mövcud olmasını öyrənməsi qeyri realdır, buna görə də hesab edirik ki, iddiaçı tərəfindən əqdi mübahisələndirmək üçün qanunla müəyyən olunmuş müddət ötürülmüşdür. Birinci instansiya məhkəməsi cavabdehin mənafeyini pozan qətnamə qəbul etmişdir. Qətnamədə iddiaçının əqdi mübahisələndirmək üçün qanunla müəyyən olunmuş müddəti ötürüb-ötürməməsi aydınlaşdırılmamış, münasibət bildirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ləğvetmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Əliyeva Səadət Yusif qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6813/2021 saylı iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 08.04.2008-ci il tarixli, İP1 141/19-AZN saylı ipoteka müqaviləsinə əsasən 08.04.2008-ci il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, Cavabdeh2 ona məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0375 ha torpaq sahəsi banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 183.750 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 01.12.2009-cu il tarixli, MA seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, "xxxx" ASC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi, 16-cı km. ərazidə yerləşən 16958,3 kv.sahə "xxxx" ASC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1 saylı reyestr kitabının 133 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2- 1(118)-130/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı mikrorayon ünvanında İddiaçı ASC-nin istifadəsindəki 0,0375 ha torpaq sahəsinin Cavabdeh2 satılmasına dair Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 29.11.2006-cı il tarixli 396 nömrəli sərəncamı, həmin sərəncamın əsasında bağlanmış alqı-satqı barədə 05.12.2006-cı il tarixli aktı, o cümlədən DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsində 0,0375 ha torpaq sahəsinin **********8 nömrəli reyestrdə ********* nömrəsi ilə Cavabdeh2un mülkiyyətinə qeydiyyatı və bu barədə ona verilmiş 23.02.2007-ci il tarixli 00076655 nömrəli çıxarışın ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (MM-in 269.1-269.3-cü maddələri). Hazırki iddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbi baxımından ipoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı mikrorayon ünvanında İddiaçı ASC-nin istifadəsindəki 0,0375 ha torpaq sahəsinin Cavabdeh2 satılmasına dair Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 29.11.2006-cı il tarixli 396 nömrəli sərəncamı, həmin sərəncamın əsasında bağlanmış alqı-satqı barədə 05.12.2006cı il tarixli aktı, o cümlədən DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsində 0,0375 ha torpaq sahəsinin **********8 nömrəli reyestrdə ********* nömrəsi ilə Cavabdeh2 mülkiyyətinə qeydiyyatı və bu barədə ona verilmiş 23.02.2007-ci il tarixli 00076655 nömrəli çıxarış ləğv edilmişdir. Belə olan halda, məhkəmə haqlı olaraq hesab etmişdir ki, ipotekanın dövlət qeydiyyatına əsas olmuş Cavabdeh2 həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı və ona verilmiş çıxarış ləğv edildiyinə görə bu çıxarışın əsasında mövcud torpaq sahəsinin ipoteka ilə yüklülüyü barədə müqavilənin dövlət reyestrində qeydiyyatı özü-özlüyündə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 ilə "xxxx" (sonradan Cavabdeh1) ASC arasında bağlanmış Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km ünvanda İddiaçı ASC-nin mülkiyyətində olan torpaq sahəsinin ərazisində yerləşən 0,0375 ha torpaq sahəsinin yüklülüyünə dair 08 aprel 2008-ci il tarixli, İP1- 141/19-AZN nömrəli ipoteka müqaviləsi və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində məhkəmə iddianı təmin edərkən borclu "xxxx" MMC-nin banka 342,148.89 AZN məbləğində əsas borcu qalmasını və bununla bağlı qüvvədə olan məhkəmə qətnaməsini nəzərə almamış, bununla da ipoteka saxlayan olaraq bankın mənafeyini və eyni zamanda qanunla qorunan əşya hüquqlarını pozduğunu qeyd etmişdir. Kollegiya hesab edir ki, ipotekanın dövlət qeydiyyatına əsas olmuş Cavabdeh2 həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı və ona verilmiş çıxarış qanuni qüvvəyə minən məhkəmə qətnaməsi ilə artıq ləğv edildiyindən, həmin çıxarışın əsasında mövcud torpaq sahəsinin ipoteka ilə yüklülüyü barədə müqavilənin dövlət reyestrində qeydiyyatı özü-özlüyündə əhəmiyyətsiz olmaqla etibarsız sayılmadır. Eyni zamanda o da qeyd edilməlidir ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun ödənilməsini istisna etməməklə dayandırmır. Cavabdeh apellyasiya şikayətində eyni zamanda qətnamədə iddiaçının əqdi mübahisələndirmək üçün qanunla müəyyən olunmuş müddəti ötürüb-ötürməməsi aydınlaşdırılmadığı və münasibət bildirilmədiyini qeyd etmişdir. Kollegiya hesab edir ki, qanunvericilik yalnız barəsində mübahisə edilən etibarsız əqdlər üzrə müddətlər, o cümlədən kəsici müddətlər müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin məzmumuna görə əhəmiyyətsiz əqdin deyil, onun etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilinəcəyi müəyyən edilmişdir. Hazırkı halda isə Cavabdeh2 ilə "xxxx" (sonradan Cavabdeh1 ) ASC arasında bağlanmış 08 aprel 2008-ci il tarixli, İP1-141/19- AZN nömrəli ipoteka müqaviləsini məhkəmə kollegiyası əhəmiyyətsiz əqd hesab etməklə qeyd edir ki, bu əqd üzrə mübahisəyə ümumiyyətlə müddət tətbiq oluna bilməz. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6813/2021 saylı iş üzrə 30 noyabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh ləğvetmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6813/2021 saylı iş üzrə 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar