Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2363/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “subroqasiya qaydasında sığorta ödənişinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-4786/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı cavabdehdən subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 1087,37 manat sığorta ödənişinin, ödənilmiş 30,87 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X4” X5 məxsus ** JU *** dövlət qeydiyyat nişanlı BMC Procity 12M markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. "xxxx" ASC ilə "xxxx" ASC arasında sığortalı nəqliyyat vasitələrinə dəymiş zərər üzrə tələbin güzəşti müqaviləsi bağlanmışdır. Cavabdeh barəsində TP4192041 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və, o, cərimə olunmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmək məqsədi ilə sığortalı avtonəqliyyat vasitəsi təmir olunması üçün təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1 087,37 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 1 087,37 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Zərərvuran nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından 1 087,37 manat sığorta ödənişi sığortaçı tərəfindən "xxxx" ASC-nin hesabına köçürülməkdən imtina edilmişdir. xx.xx.2022-ci il tarixində cavabdehə ödənilmiş sığorta ödənişi olan 1 087,37 manatın "xxxx" ASC-nin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-4786/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Əminə Abbasova) ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. Göründüyü kimi qanunun tələblərinəə əsasən "xxxx" MMC sığorta olunan hesab edildiyindən üçüncü şəxs sayılmadığına görə zərər çəkmiş nəqliyyat vasitəsi ilə bağlı məsuliyəti yaranmır. Məhkəmə iş üzrə verilmiş iddia ərizəsində qeyd olunan xüsusatları tam olaraq aydınlaşdırmamışdır. Belə ki, iddia ərizəsinin təsviri hissəsində qeyd edildiyi kimi zərərçəkən və zərər vuran nəqliyyat vasitələri eyni hüququ şəxsə aid olduğundan zərərvuran nəqliyyat vasitəsinin icbari sığorta üzrə sığortalayan sığortaçısı "xxxx" ASC "xxxx" ASC-yə məktub ünvanlayaraq İcbari Sığortalar haqqında qanunun 7, 53.4, 52.1, 6.2, 13.2-ci maddələrinə əsaslanaraq hadisənin iştirakçısı olan nəqliyyat vasitələrinin qanuni əsaslarla sahiblik etdiyi nəqliyyat vasitələrinin eyni şəxsə aid olduğu üçün icbari sığorta üzrə zərərin yuxarı həddi olan 5000,00 manata qədər sığorta ödənişinin edilməsindən imtina etmişdir. Bundan başqa hakim iş üzrə qətnaməni iddiaçı olaraq onların hüquqi şəxsə qarşı iddia qaldırmasına əsaslandırmışdır. Lakin hakim 18 aprel 2022 ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunan halları nəzərə almamışdır. Belə ki, qərarın təsviri hissəsində "İşə götürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər." qeyd olunmuşdur. İş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, hadisə baş verən zaman hadisə üzrə DYP əməkdaşları tərəfindən təqsirləndirilən cavabdehə inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli TP ******* saylı qərar tərtib olunmuş və cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli olduğundan 40,00 manat cərimə olunmuşdur. Buradan da göründüyü kimi delikt cavabdeh tərəfindən törədilmiş və nəticədə sığortalı nəqliyyat vasitəsinə həmçinin nəqliyyat vasitəsinin sahibi olan işəgöürənə maddi zərər dəymişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və təmin edilməsini xahiş edərək bildirdi ki, baş vermiş yol-nəqliyyat hadisəsində iştirak edən hər iki avtomobil "xxxx" ASC-də sığortalanmışdır. Hadisə zamanı zamanı cavabdeh barəsində TP4192041 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və o, cərimə olunmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmək məqsədi ilə sığortalı avtonəqliyyat vasitəsi təmir olunması üçün təmir mərkəzinə yönləndirilmişdir və dəymiş ziyan tam olaraq ödənilmişdir. Hadisə ilə bağlı yaranmış subroqasiya hüququ "xxxx" ASC-yə güzəşt edildiyindən iddia tələbi əsaslı olmuşdur. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsi avtomobillərin tam sığorta növü üzrə, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücünün idarə etdiyi avtomobil isə avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbarı sığortası növü üzrə "xxxx" ASCdə sığortalanmışdırlar. Hadisə ilə bağlı tərəflərindən 1000 manat vəsait xərclənmişdir. Göstərilənlərə əsasən, məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə həvalə etmişdir.
7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir.
8. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
9. Bakı Nəqliyyat Agentliyi X7 məxsus “BMC Procity 12M avtobus” markalı 99JU916 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 16 dekabr 2020-ci il tarixində 12 ay müddətinə icbari sığorta növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır.
10. "xxxx" MMC-yə məxsus ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsi 31 may 2020-ci il tarixində 31 may 2021-ci il tarixinədək avtomobillərin tam sığortası növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır.
11. xx.xx.2021-ci il tarixində ** JU *** dövlət qeydiyyat nişanlı BMC Procity 12M markalı avtonəqliyyat vasitəsi ilə ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtomobilə zərər dəymişdir. Dəymiş zərər 1087,37 manat məbləğində müəyyən edilmiş və "xxxx" ASC və "xxxx" MMC arasında qarşılıqlı hesablaşma əsasında əvəzləşdirilmişdir.
12. Cavabdeh barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 11 fevral 2021-ci il tarixli qərara əsasən sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir.
13. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********* nömrəli yol vərəqəsini surətindən və “Elektron məhkəmə” İnformasiya Sistemində olan məlumatlardan müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir.
14. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" ASC arasında 04 noyabr 2021-ci il tarixində “X1 edilməsi barədə” 212 nömrəli müqaviləyə əsasən 31 may 2020-ci il tairxli MV-C(Q)00048-20_203 saylı sığorta müqaviləsi üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinin 03 fevral 2021-ci il tarixində baş vermiş sığorta hadisəsi üzrə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 1087,37 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və buna görə də "xxxx" ASC-nin həmin məbləğdə subroqasiya hüququ yaranmışdır. "xxxx" ASC həyata keçirilmiş 1087,37 manat məbləğində sığorta ödənişinə əsasən malik olduğu subroqasiya hüququnu "xxxx" ASC-yə güzəşt etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 931. Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.
16. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
17. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
18. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
19. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 20.6. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair 18 aprel 2022-ci il tarixli Qərarına əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
26. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
27. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
28. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
32. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
35. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, yol nəqliyyat hadisəsi baş verdiyi zaman zərər vurulan ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsi avtomobillərin tam sığorta növü üzrə, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücünün idarə etdiyi avtomobil isə avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbarı sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdırlar. Baş vermiş sığorta hadisəsi nəticəsində ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsinə dəymiş ziyan Azərbaycan Respublikası Mülki Məcəlləsində icbari sığorta ödənişinin üstünlüyü təsbit edildiyinə baxmayaraq, nəqliyyat vasitəsinin tam sığorta növü üzrə sığortalanması haqqında müqaviləyə əsasən "xxxx" ASC tərəfindən "xxxx" ASC ilə qarşılıqlı hesablaşma əsasında əvəzləşdirilmişdir. Daha sonra isə həmin hadisə ilə bağlı yaranmış subroqasiya hüququ "xxxx" ASC-yə güzəşt edilmişdir.
38. Bundan sonra "xxxx" ASC subroqasiya tələbi ilə bağlı ilkin olaraq "xxxx" ASCyə müraciət etmiş, sonuncu isə ödənişi aparmaqdan imtina etmiş, nəticədə iddiaçı subroqasiya tələbini hadisə baş verən zaman nəqliyyat vasitəsini idarə edən sürücü Cavabdeh qarşı yönəltmişdir.
39. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası qanunun 20-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir.
40. Göründüyü kimi ** JU *** dövlət qeydiyyat nişanlı BMC Procity 12M markalı avtomobilə dair avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbarı sığortası müqaviləsi mövcud olduğu və sığorta hadisəsi nəticəsində dəymiş ziyanın aradan qaldırıması nəticəsində yaranmış subroqasiya tələbi “İcbari sığorta haqqında” Qanunun müddəalarına əsasən "xxxx" ASC-yə qarşı yönəldilməli olduğu halda, hazırkı iddia tələbi qanunvericiliyin tələblərinə zidd olaraq sığorta olunan Cavabdeh qarşı yönəldilmişdir.
41. Digər tərəfdən iş materiallarında göründüyü kimi, hadisənin törədilməsində təqsirli olan Cavabdeh "xxxx" MMC-nin işçisidir və onların arasında əmək münasibətləri var. Yol nəqliyyat hadisəsi də Cavabdeh öz əmək vəzifələrinin icrası zamanı baş vermişdir.
42. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti işəgötürən daşıyır və hadisə nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı yaranmış subroqasiya tələbi də məhz işəgötürənə qarşı yönəldilə bilərdi ki, iddiaçı buna da etməmişdir.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki vəziyyətdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin təqsirliliyi sübut olunsa belə hazırki tələb ona qarşı yönələ bilməz, çünki yol nəqliyyat hadisəsi Cavabdeh öz əmək vəzifələrinin icrası zamanı baş vermiş və sonuncu "xxxx" MMC ilə əmək münasibətlərində MMC-nin işçisidir və iddiaçının da istinad etdiyi Konstitusiya məhkəməsinin yuxarıda istinad edilən hüquqi mövqeyinə görə, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir.
44. Beləliklə, şərh edilənlərə əsasən müəyyən olunur ki, hazırkı iddia tələbi üzrə cavab verməli olan şəxs Cavabdeh olmadığından iddia tələbi təmin edilə bilməz. Nəticə:
45. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
47. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-4786/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.