Məhkəmə qərarları › İş №2(103)-2364/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2364/2024

07.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2364/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçının nümayəndəsi Nümayəndə2, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Üçüncü şəxs qismində "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 Qiyas qızının, Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Əhmədov Səbuhi Kərim oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “X2” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, e-2(004)-4631/2023 nömrəli qətnaməsindən iddiaçı və onun nümayəndəsi-vəkili tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2297/2019 saylı iş üzrə 30 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Nümayəndə2 ilə “Nikoyl" İKB ASC (hazırda "xxxx" ASC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-433-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, "xxxx" İKB ASC ilə cavabdeh Nümayəndə2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-G1-1- 0-433-15 saylı kredit müqaviləsi üzrə 10744.39 (on min yeddi yüz qırx dörd dollar otuz doqquz sent) ABŞ dolları əsas borc, 8186.86 (səkkiz min yüz səksən altı dollar səksən altı sent) ABŞ dolları faiz borcu və 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 18981,25 (on səkkiz min doqquz yüz səksən bir dollar iyirmi beş sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidməti haqqının cavabdeh Nümayəndə2 alınaraq iddiaçı "xxxx" İKB ASC-nin (hazırda "xxxx" ASC) xeyrinə tutulması, ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, 2 otaqlı, 66.9 kv.m ümumi, 30.9 kv.m. yaşayış, 36.0 kv.m yardımçı sahədən ibarət 166 nömrəli evin 21 nömrəli mənzilinin ilkin satış qiymətinin 50000 (əlli min) manat məbləğində müəyyən edilməklə tutmanın həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" İKB ASC-nin (hazırda "xxxx" ASC) təmin edilmiş tələblərinin ödənilməsi, həmin mənzil satıldıqdan sonra 1 ay müddətində İddiaçı, Nümayəndə2, X7, X4 həmin mənzildən çıxarılması, onların istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin boşaldılması (iddiaçıya satıldığı təqdirdə), "xxxx" İKB ASC-nin (hazırda "xxxx" ASC) xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində vəsaitin cavabdeh Nümayəndə2 tutularaq dövlət nəfinə (Az.MEM, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-4299/2020 saylı qətnaməsi ilə cavabdeh Nümayəndə2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2297/2019 saylı işi üzrə 30 dekabr 2019-cu il tarixli qətnaməsi “cavabdehdən 8186,86 ABŞ dolları faiz borcunun, həmçinin ümumilikdə 18981,25 ABŞ dolları borcun tutulması” hissəsində dəyişdirilmiş, cavabdeh Nümayəndə2 “Nikoyl" İKB ASC-nin (hazırda "xxxx" ASC) xeyrinə tutulmalı olan faiz borcunun 7157,95 ABŞ dolları (yeddi min yüz əlli yeddi dollar 95 sent) və ümumi borcun 17952,34 ABŞ dolları (on yeddi min doqquz yüz əlli iki dollar 34 sent) məbləğində müəyyənləşdirilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-864/2021 saylı Qərarı ilə "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4299/2020 nömrəli, 10 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Sifarişçi Səbail Rayon İcra Şöbəsi, tələbkar "xxxx" ASC, borclular İddiaçı, Nümayəndə2, X7 və X6 ünvanlanmış “X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, 662 saylı X5 dair bildirişində qeyd edilmişdir ki, Səbail Rayon İcra Şöbəsi tərəfindən № 142720/2021 xx-xx/5154 saylı xx.xx.2021 tarixli məktubla Bakı şəh., Səbail r., Buxta küç., ev 166, mən. 21 açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verilmişdir. Əmlakın satış qiyməti 50000 manat təşkil edir. Açıq hərrac 04 avqust 2021-ci il tarixində saat 11:00-da ünvan 2 ünvanında keçiriləcəkdir. Sifarişçi Səbail Rayon İcra Şöbəsi, tələbkar "xxxx" ASC, borclular İddiaçı, Nümayəndə2, X7 və X6 ünvanlanmış “X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, 685 saylı X5 dair bildirişində qeyd edilmişdir ki, Səbail Rayon İcra Şöbəsi tərəfindən № 142720/202116 12/5154 saylı xx.xx.2021 tarixli məktubla Bakı şəh., Səbail r., Buxta küç., ev 166, mən. 21 açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verilmişdir. Əmlakın satış qiyməti 42500 manat təşkil edir. Açıq hərrac 01 sentyabr 2021-ci il tarixində saat 11:00-da ünvan 5 ünvanında keçiriləcəkdir. Hərracın yekunları üzrə 28 sentyabr 2021-ci il tarixli əmlak alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəh., Səbail r., Buxta küç., ev 166, mən. 21 "xxxx" ASC tərəfindən alınmışdır. Əmlakın ilkin satış qiyməti 50000 manat, hərracda satılmış son qiymət 31875 manat təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 6 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı keçirilən hərracı mübahisələndirir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 nömrəli evin 21 nömrəli mənzilinə aid hərracın yekunları barədə 28 sentyabr 2021-ci il tarixli YP № 153 saylı protokolun etibarsız hesab edilməsi, bağlanmış alqı-satqı müqaviləsinin və bunun əsasında "xxxx" ASC-yə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103) 4299/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Nümayəndə2 17952,64 ABŞ dolları və ödənilmiş 60 manat dövlət rüsumu məbləğində pul vəsaitinin tutulması və tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərrracda satılması və satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4299/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi Səbail rayon icra şöbəsinin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. Qətnamənin icrası ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 nömrəli evin 21 nömrəli mənzilin hərracda satılması ilə əlaqədar “X1 Mərkəzi” MMC-yə göndərilmişdir. Hərracın keçirilərək yekunlaşması barədə İddiaçı icra şöbəsinin əməkdaşından məlumat almışdır. Hərracın yekunları barədə 28 sentyabr 2021 ci il tarixli YP № 153 saylı protokoluna əsasən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 nömrəli evin 21 nömrəli mənzil tələbkar bank tərəfindən hərracda qəbul edilmişdir. Hərracın keçirilməsi barədə ona heç bir məlumat verilməmişdir. Keçirilən açıq hərracda ipoteka qoyan kimi iştirakı təmin edilməmiş və ipoteka saxlayanın tələbini ödəmək hüququ pozulmuşdur. Bildiriş hərrac vaxtından 30 gün öncə tərəfə çatdırılmalı idi. Halbuki qanunvericilikdə bildirişin 30 gün qalmış göndərilməsi nəzərdə tutulur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, e-2(004)- 4631/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin olunmamışdır. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və hərracların qanunsuz keçirilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamış. Həmçinin, hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC-yə satılmışdır. Hazırkı mübahisə üzrə “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 nömrəli evin 21 nömrəli mənzilinə aid hərracın yekunları barədə 28 sentyabr 2021-ci il tarixli YP № 153 saylı protokolun, bağlanmış alqı-satqı müqaviləsinin və bunun əsasında "xxxx" ASCyə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab etmişdir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1, 414.2, 415, 416; Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43.1, 43.2, 43.3, 43.4, 43.5, 43.6, 43.7, 43.7-1, 43.8; Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 53.2, 62.2-ci maddələrinə eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, o da qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Əsasları eyni olan apellyasiya şikayətlərində göstərilmişdir ki, ikinci dəfə hərrac keçirilməsi üçün "xxxx" MMC-yə müraciət olunmuşdur, "X1 Mərkəzi" MMC-tərəfindən keçirilmiş hərracın qanuniliyi mövcud olduğu halda ikinci dəfə "xxxx" MMC-yə müraciət edilməsinə hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmiş və məhkəmə tərəfindən sübut edilməmişdir. "X1 Mərkəzi" MMC hazırda aktiv fəaliyyətdə deyildir və məhkəməyə hər hansı sübut və etiraz təqdim etməmişdir. Lakin məhkəmə onların xeyrinə araşdırma aparmışdır. Banka göndərilmiş poçt bildirişlərini çatdıran poçt xidmətinin ünvanı müəyyən olunmamışdır. İyun ayında icra məmuru evdən çıxarma ilə bağlı bildiriş göndərib, yəni hərrac barədə məlumatı olmayıb. Hərrac 2021-ci ildə olub. Onun hərracın keçirilməsi barədə məlumatı icra məmurunun evdən çıxarılma ilə bağlı bildirişindən sonra məlumatı olmuşdur. 2022-ci ilə kimi ödənişlər olunub. İlk iddiada cavabdeh kimi Bakı Hərrac Mərkəzini müəyyən etmişdilər. Məlumata görə "xxxx" MMCnin sənədinə əsasən çıxarış alınmışdır. Sonra məlum oldu ki, Bakı Hərrac Mərkəzi ümumiyyətlə o işi yekunlaşdırmayıb. Hərracın sənədlərini də tapa bilinməmişdir. Hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilməmiş, ona məlumat verilməmiş, hərracın nəticələrindən məlumatı olmamış və mülkiyyətindən məhrum olmuşdur. Bəlkə hərracda öz əmlakını pulunu ödəyib alacaqdı, ilk öncə əmlak ona təklif olunmalıdır. Lakin ona hərracın keçirilməsi barədə məktub və ya bildiriş çatdırılmamışdır. Həmçinin göndərilməsi barədə sübut yoxdur. Məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi ikinci dəfə hərrac keçirilməsi üçün "xxxx" MMC-yə müraciət olunmuşdur, "X1 Mərkəzi" MMC tərəfindən keçirilmiş hərracın qanuniliyi mövcud olduğu halda ikinci dəfə "xxxx" MMC-yə müraciət edilməsinə hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmiş və məhkəmə tərəfindən sübut edilməmişdir. Məhkəmə hərracının nəticələrinin düzgün keçirilməsini müəyyən etsə də, işin halarından görünür ki, hərracın yeri və vaxtı barədə iddiaçıya məlumat verilməmiş, ikinci dəfə hərrac keçirilməsi başqa MMC-yə həvalə olunmuş, poçt qəbzləri təqdim olunmamış, poçt qəbzlərindəki ünvan isə söküntü ərazisi olaraq hasarlanmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs qismində "xxxx" ASCnin nümayəndəsi Nümayəndə1 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur..

“İpoteka haqqında” Qanunu:

41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

“İcra haqqında” Qanunu:

53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakının hərrac yolu ilə satılması vergi orqanının sifarişi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə həyata keçirilir. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin (vergi borcuna görə siyahıya alınmış daşınar əmlaka münasibətdə vergi orqanının) müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı;

“F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarıında Konstitusiya Məhkəməsi MM-nin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmalar, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, 28 sentyabr 2021-ci il tarixli hərracın yekunları üzrə əmlak alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəh., Səbail r., Buxta küç., ev 166, mən. 21 "xxxx" ASC tərəfindən alınmışdır. Əmlakın ilkin satış qiyməti 50000 manat, hərracda satılmış son qiymət 31875 manat təşkil edir. Hazırda iddiaçı hərracın keçirilməsi barədə ona məlumat verilməməsini qeyd etsə də, işin qeyd edilən hallarından görünür ki, həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilmiş və bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya baxışı zamanı 2(103)-4299/2020 nömrəli mülki işə baxış keçirilməklə müəyyən edilmişdir ki, "xxxx" İKB ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-433-15 nömrəli ipoteka müqaviləsinə əsasən "xxxx" İKB ASC ilə cavabdeh Nümayəndə2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1-G1-1-0-433-15 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, 2 otaqlı, 66.9 kv.m yaşayış, 36.0 kv.m yardımçı sahədən ibarət 166 nömrəli evin 21 nömrəli mənzilini "xxxx" ASC-yə ipotekaya qoymuşdur. Bununla yanaşı hazırki iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçı yuxarıda göstərilən mülki işdən məlumatlı olmuşdur ki, iş üzrə verilmiş icra sənədinə əsasən tutulmalı olan borcun məbləği İddiaçı tərəfindən ipotekaya qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, 2 otaqlı, 66.9 kv.m yaşayış, 36.0 kv.m yardımçı sahədən ibarət 166 nömrəli evin 21 nömrəli mənzilə yönəlmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi məhkəmədə araşdırılmış sübutlarla və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Belə ki, iddiaçı hərracın keçirilməsi barədə ona məlumat verilməməsini qeyd etsə də, iş materiallarında olan sənədlərdlə müəyyən olunmuşdur ki, həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilmiş və bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Odur ki, keçirilmiş hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsinə mübahisəli mənzillə bağlı "xxxx" MMC-nin hərrac keçirilməsinə dair bildiriş təqdim edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən icra işi tələb edilərkən tərəflərin və icra məmurunun iştirakı ilə icra işinə baxış keçirilmişdir. İcra sənədləri tədqiq edilərkən müəyyən edilmişdir ki, ilk dəfə mübahisəli mənzilin açıq hərrac yolu ilə satılmasının təşkili xx.xx.2021-ci il tarixli məktubla “X1 Mərkəzi”-nə həvalə edilmişdir. “X1 Mərkəzi-nin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli bildirişləri Səbail rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. Bundan sonra icra orqanı tərəfindən “X1 Mərkəzi”-nə hərracın nəticələri ilə bağlı dəfələrlə, yəni xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərində sorğu ilə müraciət edilərək cavab alınmadığı üçün icra məmuru tərəfindən hərracın keçirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə müraciət edilmişdir. Bu müraciətdən sonra "xxxx" ASC icra orqanına xx.xx.2022-ci il tarixdə rəsmi olaraq məktub göndərilmiş, ipoteka predmeti üzrə “X1 Mərkəzi” tərəfindən keçirilmiş hərracın nəticələrinə əsasən mübahisəli mənzilin balansa götürülməsinə razılıq verilmiş və mübahisəli mənzil xx.xx.2021-ci il tarixli YP №153 saylı protokolla əldə edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarında olan hərracın "xxxx" MMC-i tərəfindən keçirilməsinə dair sübutlar mövcud deyildir. “X1 Mərkəzi”nin isə müxtəlif ünvanlarda hərracların keçirməsi qanunsuzluq kimi qiymətləndirilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, e-2(004)- 4631/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar