Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2370/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız quraşdırılmış suölçən cihazın aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihazı üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə (Açar sözlər: yeraltı su obyektləri, yeraltı suların axıdılmasına görə haqq ödənilməsi, suölçən sayğacın quraşdırılması, subyektiv hüquq) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız quraşdırılmış suölçən cihazın aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihazı üzrə hesablanmış borcun silinməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC-nin nümayəndəsi iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14 aprel 2022-ci il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsi əvvəllər tək təsisçi payı hazırki iş üzrə İddiaçı məxsus olan "xxxx" MMC-nin mülkiyyətində olmuş, həmin MMC 31.08.2018-ci il tarixdə ləğv edilmiş və “Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən” çıxarılmış, qeyri-yaşayış sahəsi 01.10.2018-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyatdan keçmişdir.
2. İddiaçı 25.06.2019-cu il tarixdə X8 idarəsinə ərizə ilə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən çıxan qrunt sularının miqdarının cari ilin may və iyun aylarında kəskin şəkildə artdığını, bunun, qrunt sularının kanalizasiyaya axıdılmasına görə tutulan xidmət haqqı xərclərinin bir-neçə dəfə artmasına gətirib çıxardığını, qrunt sularının kəskin artmasına qonşuluqda yerləşən obyektlərin sukanalizasiya infrastrukturunda baş vermiş hər hansı bir qəzanın səbəb ola biləcəyini göstərmiş, problemin İdarənin təcrübəli mütəxəssisləri tərəfindən araşdırılması və həll olunmasında köməklik göstərilməsini xahiş etmişdir.
3. Cavabdeh1 ASC (X8 İdarəsi) tərəfindən həmin müraciətə (ərizəyə) cavab verilməmişdir.
4. İddiaçı 17 oktyabr 2019-cu il tarixdə Cavabdeh1 ASC-nə və Cavabdeh2 ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ərazisində yerin təkindən çıxan yeraltı sızıntı sularının səbəbinin müəyyən edilib aradan qaldırmaları, Cavabdeh1 ASC-nin qeyd olunan ünvanda yeraltı sızıntı sularının kanalizasiyaya axıdılmasına görə əsassız olaraq quraşdırılmış suölçən cihazının quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi, həmin suölçən cihaz üzrə hesablanmış bütün borcların silinməsi və Cavabdeh1 ASC-nin həmin ünvandan əsassız olaraq şəbəkədən ayırdığı smart-kart tipli suölçən cihazın şəbəkəyə qoşularaq işinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İşə birinci instansiya məhkəməsində baxılarkən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ərazisində yerin altından çıxan suyun kəsildiyi müəyyən edildiyindən iddiaçı iddia tələbini dəqiqləşdirmiş (dəyişdirmiş), Cavabdeh1 Acıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda, yeraltı sızıntı sularının kanalizasiyaya axıdılmasına görə əsassız olaraq quraşdırılmış, hal-hazıra qədər "xxxx" MMC-nin adına olan suölçən cihazın quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihazı üzrə hesablanmış bütün borcun silinməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, bir müddətdir ona məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən yeraltı sızıntı suları çıxmağa başlamış, həmin sızıntı sularının kanalizasiyaya axıdılmasına görə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən birləşmə nöqtəsinə suölçən cihazı quraşdırılmış, suölçən cihazın göstəricisinə uyğun olaraq xidmət haqqı hesablanaraq ondan tutulmağa başlanmışdır. Əslində suölçən cihazı məsuliyyət daşımadığı, yerin altından çıxan və ya hardasa baş vermiş qəza nəticəsində əraziyə axan, istifadə etmədiyi yeraltı sızıntı sularının kanalizasiyaya axıdılması üçün birləşmə nöqtəsinə qoyulmuşdur və ondan aylıq təxminən 200-300 manat cihazın göstəricisinə uyğun haqq alınmışdır. Eyni zamanda istehlak etdiyi suya görə də ayrıca suölçən cihazı quraşdırılmış, həmin cihazın göstəricilərinə uyğun olaraq istifadə etdiyi su, habelə istifadə etdiyi suyun kanalizasiyaya axıdılmasına görə də haqq ödəmişdir. Beləliklə, ona məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış iki ədəd suölçən cihazı ilə ondan həm istehlak etdiyi suyun və kanalizasiyanın haqqı, həm də istehlak etmədiyi yeraltı sızıntı sularının kanalizasiyaya axıdılması haqqı tutulmuş, dəfələrlə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Yasamal rayon Sukanal İdarəsinə müraciətlər etsə də, sızıntının mənbəyini tapmaqda və qarşısının alınmasında heç bir əməli tədbir görülməmişdir. Dözümlülük nümayiş etdirib, istehlak və istifadə etmədiyi yeraltı sızıntı sularının kanalizasiyaya axıdılmasına görə vaxtı-vaxtında haqq ödəmişdir ki, ərazini həmin suların kanalizasiyaya axıdılması şəbəkəsindən ayırmasınlar. Əslində həmin suların kanalizasiya şəbəkəsindən ayrılaraq çıxdığı mənbədən torpaq ərazisi ilə axaraq getməsində problem olmamışdır – belə olan halda aylıq 200-300 manat xidmət haqqı ödənilməsindən azad olacaq, yeraltı sızıntı su da öz məcrası ilə axıb bir yolunu taparaq ərazidən çıxacaqdı. Lakin bu baş verdiyi halda sızıntı suları “20 Yanvar şəhidlər abidəsi”nə doğru irəliləyib abidəni sular altında qoyacaqdı. Sırf bu səbəblə dözmüş, hər ay 200-300 manat istehlak etmədiyi, yerin altından çıxan suyun kanalizasiya xəttinə axıdılmasına görə xidmət haqqı ödəmişdir. Lakin 2021-ci ilin may ayından etibarən yeraltı sızıntı sularının miqdarı kəskin artmağa başlamış, istehlak etmədiyi sızıntı sularının kanalizasiyaya axıdılması üçün ödəniləcək haqq aylıq 5000-6000 manat olaraq hesablanıb ona təqdim olunmuşdur. Başqa sözlə, istehlak və istifadə etdiyi suya və kanalizasiya xidmətinə görə ərazidə quraşdırılmış digər smart-kart sayğacın göstəricisinə uyğun olaraq hər ay 100-200 manat ödədiyi halda, istifadə etmədiyi sızıntı suların kanalizasiya xəttinə axmasına görə ondan aylıq 5000-6000 manat haqq tələb olunmağa başlanmış, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları bunu ödəməyəcəyi halda ona verilən suyu və boru xəttini kəsəcəklərini bildirmiş, bu azmış kimi sızıntı sularının kanalizasiyaya axma şəbəkəsindən də ayıracaqları barədə xəbərdarlıq etmişlər. Dəfələrlə izah eməyə çalışmışdır ki, istehlak edib dəyərini ödədiyi smart-kart sayğacının şəbəkədən ayrılması, susuz qoyulması, dövlətə məxsus yerin təkindən çıxan dövlətə məxsus sızıntı suyun və ya hansısa şəbəkədə nasazlığın nəticəsində ərazisinə axan suyun dövlətə məxsus kanalizasiya şəbəkəsinə axmasına görə birləşmə nöqtəsinə sayğac qoşub ondan haqq tələb edilməsi qanunsuz və əsassızdır, eyni zamanda ərazidən çıxan suyu kanalizasiya şəbəkəsindən ayırıb “20 Yanvar şəhidlər abidəsi”ni sular altında qoymaq niyyəti bir başa cinayət əməlidir. Bu halın baş verməməsi üçün hər ay əsassız olaraq 200-300 manat haqq ödəmiş, dəfələrlə izah etməyə çalışmışdır ki, sızıntı suyunu kanalizasiya şəbəkəsindən ayırmaq əvəzinə sızıntının mənbəyini tapıb təmir etmək lazımdır. Lakin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti əməkdaşlarının niyyəti bir başa səlahiyyətlərinə aid olan təmir işini aparmaq deyil, əsassız təsirlərlə istifadə etmədiyi sızıntı suya görə ondan haqq almaq olmuşdur. Su nümunəsinin analizi nəticəsinə görə yerin altından çıxan sızıntı su Yasamal rayonuna verilən içməli su ilə eyni göstəricidədir. Sızıntı suyun tərkibində xlor belə var və analizləri Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti aparmışdır. Cavabdeh1 ASC-nə izah edə bilmir ki, bu sızıntı su hardasa su borusunda, şəbəkədə baş vermiş sızıntıdır və ərazisindən kanalizasiya xəttinə axmasına görə ondan haqq alınması heç bir qanuna-məntiqə sığmır. Məsuliyyət daşımadığı hala görə haqq almaqdansa, suyunu kəsib susuz qoymaqdansa, sızıntı suyunu kanalizasiya şəbəkəsindən ayırıb “20 Yanvar şəhidlər abidəsi”ni sular altında qoymaqdansa, problemin kökünü tapıb həll etməyin daha doğru olacağını dəfələrlə izah etsə də, Cavabdeh1 əməkdaşları bunu anlamaq istəmirlər. Ərazisində yerin altından sızan su, ya yerin təkindən çıxan içməli su, ya da hansısa başqa bir şəbəkədə baş vermiş sızıntı nəticəsində ərazisinə süzülən su olmuş, hər iki halda bu su istehlak etmədiyi, istifadə etmədiyi, ona üstünlük qazandırmayan, vəziyyətini pisləşdirən su olmuşdur. Çünkü o, smart-kart suölçən cihaz vasitəsi ilə ona kifayət edən qədər suyu istehlak edib, tullantı hissəsini kanalizasiya xəttinə buraxaraq dəyərini ödəməkdədir və cavabdeh cəmiyyətin məsuliyyət daşıdığı, ortadan qaldırmalı olduğu problemə görə sıxıntı yaşayır. Problemin həlli ilə əlaqədar ölkə başçısına və digər instansiyalara belə müraciət etmiş, lakin nəticəsi olmamışdır. Cavabdeh1 ASC yerin təkindən çıxan və dövlətin mülkiyyəti sayılan, istehlak etmədiyi, ehtiyacı olmayan, istifadə etmədiyi yeraltı sızıntı suyu və ya hansısa boru xəttində baş vermiş qəza nəticəsində sızıb onun ərazisindən çıxan suyun dövlətə məxsus kanalizasiya xəttinə axıdılması üçün sayğac qoymaqla ondan aylıq 6000 manat haqq tələb edir. Həm də bunu smart-kart sayğacı olduğu halda, həmin sayğacla istehlak etdiyi və tullantı sularının həcminin aya 100-200 manat hesablandığı halda edir. Buna qanunsuzluq demək də azdır, bu əslində cinayətdir. “20 Yanvar şəhidlər abidəsi” suyun altında qalmasın deyə əvvəllər hər ay 200-300 manat ödəsə də, aylıq 5000-6000 manat ödəmək niyyətində deyil. Bir su ki, ona satılmayıb, mülkiyyətçisi o deyildir, ondan suyun dəyəri alınmır, amma həmin suyun kanalizasiya xəttinə axmasına görə ayına 6000 manat haqq istənilir. Bu cür məntiqsizlik, yerin altından çıxan suya sayğac qoşulması kimi absurd vəziyyət düşünülə bilməz!. Yerin altından süzülən, istehlak və istifadə edilməyən suya sayğac qoşmaqla cavabdeh cəmiyyət “X6”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cu il tarixli qərarının 2 nömrəli əlavəsinə də zidd davranmışdır. Belə ki, həmin qaydaların 2 nömrəli əlavəsinin 3.6-cı bəndinə əsasən axıdılan tullantı sularının miqdarı işlədilmiş suyun miqdarına uyğun olmadıqda, müəssisə axıdılan tullantı sularının həcmini hesablamaq üçün “Su təsərrüfatı pasportu”nu istehlakçıdan tələb edir. “Su Təchizatı və X7” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Su təsərrüfatı pasportu - əhali qrupuna aid olan istehlakçılar istisna olmaqla, su təchizatı və kanalizasiya obyektinin fəaliyyət, istismar və texniki xüsusiyyətlərindən asılı olaraq istifadə etdikləri (edəcəkləri) suyun, kanalizasiya sisteminə axıdılan (axıdılacaq) tullantı sularının normativ həcmini və tərkibindəki çirkləndirici maddələrin yol verilən qatılıq həddini müəyyənləşdirən texniki sənəddir. Yəni fiziki şəxslər olmayan müəssisələrdə istehlakçının istehlak etdiyi suyun miqdarı misal üçün, 200 manat, tullantı suyun miqdarı 200 manatdan çox olarsa tullantı suyun həcmi sayğacla deyil, texniki sənəd olan “Su təsərrüfatı pasportu” ilə müəyyən edilir. Bununla qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, istehlakçı istifadə etmədiyi, amma təbiət hadisəsi olaraq ərazisindən süzülən quyu, yeraltı qrunt və gətirmə sulara görə əsassız olaraq tullantı sulara görə haqq ödəməsin. Belə ki, Qaydaların 2 nömrəli əlavəsinin 3.5-ci bəndində açıq şəkildə qeyd edilir ki, müəssisə olan istehlakçılara münasibətdə axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Yəni müəssisə olan istehlakçılara münasibətdə istifadə edilməmiş, təbiət hadisəsi olaraq yerin altından süzülən yeraltı qrunt suları üçün axıdılmış tullantı sular üçün haqqı ödəməsi istisna olunur. Qanunverici istifadə amilini əsas tutaraq xidmət haqqının ödənilməsində əsas meyar olaraq müəyyən etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, Cavabdeh1 Acıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yeraltı sızıntı sularının kanalizasiyaya axıdılmasına görə quraşdırılmış, "xxxx" MMC-nin adına olan suölçən cihazın quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihaz üzrə hesablanmış bütün borcun silinməsi qət olunmuşdur.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 ASC-nin ləğv olunmuş "xxxx" MMC-yə məxsus olmuş, hazırda isə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən axan yeraltı sızıntı sularının mənbəyini müəyyən etmədən sayğac quraşdıraraq istehlak etmədiyi suya görə sərfiyyat hesablaması və iddiaçıdan tələb etməsi qanunvericiliyin tələblərinə ziddir və iddiaçının qanunla qoruna hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə, gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə, Mülki Məcəllənin 4.1-ci maddəsinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3, 30, 61.1-ci maddələrinə, 12-ci maddənin “b” bəndinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü və 26-cı maddələrinə istinad etmişdir.
9. Həmin qətnamədən Cavabdeh1 ASC tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət belə əsaslandırılmışdır ki, məhkəmə tətbiq edilməli olmayan normanı tətbiq etmiş, qətnamə tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmənin yeraltı suların mənbəyini müəyyən etmədən, iddiaçının istehlak etmədiyi suyun kanalizasiya şəbəkəsinə axıdılmasını əsas gətirərək Cavabdeh1 ASC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmış qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılmasına görə yaranmış borcu ləğv etməsi ilə razılaşmaq olmaz. Belə ki, Yasamal rayon sukanal idarəsinin əməkdaşları tərəfindən obyektin su təchizatı və su sayğacı qovşağının vəziyyətinə baxış keçirilərkən abonentin 2 (iki) girişli su xəttinin və d=50 mm-lik olan qrunt xəttinin mövcudluğu barədə məlumat 01.05.2017-ci il tarixli inventarizasiya aktında qeyd olunmuş, iddiaçının obyektinə 24.05.2017-ci il tarixində CSS markalı d=50 mm-lik qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılmasına görə suölçən cihaz quraşdırılmış və həmin sayğacın göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən ödənişlər edilmişdir. Tərəflər arasında müqavilənin olması, həmçinin yuxarıda qeyd olunan fakt onu təsdiq edir ki, iddiaçı bir daha bu hal, yəni qrunt sularının axıdılması (xidmətdən istifadə) və qəbul edilməsi (xidmətin göstərilməsi) üzrə yaranan mülki-hüquq münasibətlərinin tərəfi olmasını etiraf etmişdir. Məhkəmədə iş üzrə araşdırma aparılan zaman tərəflərin iştirakı ilə obyektə baxış keçirilmiş və qrunt sularının axıdılmasına görə obyektin zirzəmisində quyu qazıldığı, nasos vasitəsilə quyudan həmin qrunt sularının kanalizasiya şəbəkəsinə ötürülməsi müəyyən olunmuşdur. "Azərsu” ASC tərəfindən çəkilmiş videogörüntüdə də qeyd olunmuş fakt bir daha öz təsdiqini tapmışdır. Tərəflər arasında münasibətlər müqavilə və Qaydaların tələblərinə uyğun olaraq müəyyən edilmişdir. Lakin Rayon Məhkəməsi qətnamə qəbul edərkən qeyd edilən hallara əsaslanmamış, əsassız nəticəyə gəlmişdir. Bundan əlavə, məhkəmənin qanunvericiliyin tələblərini pozmaqla çıxardığı qətnamə ilə yeraltı qrunt sularının kanalizasiyaya axıdılmasına görə quraşdırılmış suölçən cihazın götürülməsinin qət edilməsi, icra edildikdə gələcəkdə bir sıra təhlükəli hadisələrin baş verməsinə səbəb ola bilər. Belə ki, müxtəlif ərazilərdə yerləşən kanalizasiya şəbəkələrinin, xətlərin tutumu Cəmiyyət tərəfindən texniki qaydalara uyğun olaraq tənzimlənir. Sayğacın olmaması tənzimləmə işlərini çətinləşdirir, şəbəkəyə axıdılma yükünün nəzarətdə saxlanmasını, kanalizasiya şəbəkəsinin istismar xərclərini, tənzimləyici qurğudan keçən texnoloji proseslərin işini mürəkkəbləşdirir. Bu zaman ətraf mühitə böyük həcmdə zərər dəyməsi ehtimalı yaranır. Məhkəmə MPM-nin tələblərini pozmuş, faktlara və sübutlara, təqdim edilmiş hüquqi dəlillərə düzgün qiymət verməmiş, iş üzrə faktlar ətraflı araşdırılmamış, öz qətnaməsini qüvvədə olan maddi hüquq normalarına uyğun əsaslandırmamışdır. Həmin sayğacın obyektin daxilində yerləşdirilməsi nəzərə alınsa aydın olur ki, iddiaçının nümayəndələri də sayğacın quraşdırılmasında iştirak etmiş və heç bir formada etiraz etməmişdirlər. Bundan əlavə iddia tələbində hansı məbləğdə borcun silinməsi göstərilməmiş, məhkəmə də öz növbəsində borcun nə qədər olması və nə qədər borcun silinəcəyi barədə araşdırma aparmamış, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq qətnamə çıxarmışdır.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.10.2020-ci il il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mövqeyini belə əsaslandırmışdır ki, rayon məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə, Mülki Məcəllənin 4.1-ci maddəsinə, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 5.3, 30, 61.1-ci maddələrinə, 12-ci maddənin “b” bəndinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü və 26-cı maddələrinə və MPM-nin 77.2-ci maddəsinə istinad etmişdir.
12. Qətnamədən Cavabdeh1 ASC-nin nümayəndəsi (vəkili) tərəfindən kassasiya şikayəti verilərək, onun ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılması xahiş olunmuşdur.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Məhkəmə kollegiyası ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının "xxxx" MMC-nin adına olan suölçən cihazın quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi və həmin hüquqi şəxsin borcunun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması məhkəmələr tərəfindən araşdırılmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən belə bir iddianın tam və ya qismən təmin olunması üçün iddiaçının tərəfi olmadığı hüquq münasibəti üzrə belə bir tələbi verməklə bağlı subyektiv hüquqa malik olduğu müəyyən edilməlidir. Cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 ASC tərəfindən "xxxx" MMC-nin adına olan suölçən cihazın quraşdırılmasının İddiaçı qanunla qorunan hansı hüquqlarının pozulması ilə nəticələndiyi iş üzrə məhkəmə qətnamələri və iş materialları ilə müəyyən edilmir. Bu baxımdan hazırkı iş üzrə ilk növbədə iddiaçının belə bir iddia ilə çıxış etmək üçün subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Belə ki, MPM-in 4.1-ci maddəsindən irəli gələrək məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. ...Lakin baxılan iş üzrə məhkəmələr mübahisələndirilən hüquq münasibətinin tərəfi olmayan iddiaçının hansı subyektiv hüquqla hazırkı iddianı qaldırması ilə bağlı ümumiyyətlə hər hansı hüquqi dəyələndirmə aparmamış, bu məsələyə qiymət verməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 ASC-nin ləğv olunmuş "xxxx" MMC-yə məxsus olmuş, hazırda isə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən axan yeraltı sızıntı sularının mənbəyini müəyyən etmədən sayğac quraşdıraraq istehlak etmədiyi suya görə sərfiyyat hesablaması və iddiaçıdan tələb etməsi qanunvericiliyin tələblərinə ziddir və iddiaçının qanunla qoruna hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq əlavə olaraq hesab edir ki, məhkəmələr "xxxx" MMC-yə məxsus suölçən cihazın (sayğacın) aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihazı üzrə hesablanmış bütün borcun silinməli olması qənaətinə gələrkən qeyri-yaşayış sahəsinin ərazisindən axan yeraltı sızıntı sularının mənbəyini müəyyən etmədən Cavabdeh1 ASC-nin sayğac quraşdıraraq iddiaçının istehlak etmədiyi suya görə sərfiyyat hesablaması halına istinad etsə də, iş üçün əhəmiyyət kəsb edən həmin halın mövcudluğu araşdırılmamış, həmin halın qanunvericiliyin tələblərinə və hansı normalarına zidd olmasına istinad edilməmiş, məhkəmə qətnamələri əsaslandırılmamış, apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə qiymət verilməmişdir. Halbuki, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir”.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası
15. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etmiş, eyni zamanda Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla iddiaçının müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmadığını bildirmişdir.
16. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, "xxxx" MMC 31.08.2018-ci il tarixdə ləğv edilmiş, hüquqi şəxsin tək təsisçi payı İddiaçı adına keçməklə rəsmiləşdirilmiş, həmin tarixdən etibarən ərazi İddiaçı məxsus olmuş, su təsərrüfatı xidmətlərindən İddiaçı istifadə etmiş, buna görə ödənişləri o həyata keçirmişdir. Hüquqi şəxsin ləğv olunduğu dövrədək yaranmış borc tam ödənilmiş, onun fəaliyyətdə olduğu dövrdən borc qalmamışdır. Hüquqi şəxsin ləğvindən sonra kanalizasiyaya axıdılan suya görə aylıq hesablanan 200-300 manat məbləğləri İddiaçı ödəməyə davam etmiş, 2019-cu iln may ayına qədər o, “20 Yanvar” Şəhidlər abidəsi su altında qalmasın deyə bu pulu ödəmişdir. Lakin 2019-cu ilin may ayından etibarən anidən, yerin altından axıb gələn suyun həcmi artaraq fantastik həddə çatmış, kanalizasiyaya axıdılan suyun aylıq həcmi 5000-6000 manat təşkil etmişdir. Bundan sonra Prezident Adminstrasiyasına, Fövqəladə Hallar Nazirliyinə, cavabdeh təşkilata və aidiyyəti digər qurumlara rəsmi müraciətlər edilmiş, yerin altından sızan suyun qarşısının alınması üçün tədbirlər görülməsi xahiş olunmuşdur. Cavabdeh1 ASC-nin əməkdaşları kiçik çaplı müdaxilə edib sızıntının qarşısını almağa çalışsalar da buna nail olmamış, suyun mənbəyini müəyyən edə bilməmişlər. Yerin altından sızan suyun labaratoriyaları aparılmış və həmin suyun Yasamal rayonuna verilən içməli su olduğu müəyyənləşdirilmiş, suyun tərkibində xlor belə olmuşdur. Hər iki labaratoriya tədqiqatı cavabdeh təşkilat tərəfindən aparılmışdır. İşə Yasamal Rayon Məhkəməsində baxıldığı zaman anidən yerin altından sızan su qızmar hala gəlmiş, cavabdeh təşkilat suyun dərəcəsini müəyyən etmiş və suyun tempraturu noyabr ayında 37 dərəcə olmuşdur. Artıq heç bir şübhə qalmamışdır ki, sızan su hansısa istilik sistemindən sızan sudur və buna görə də Cavabdeh2 ASC işə cəlb edilmişdir. Məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatını aparmalı olan ekspert əraziyə gələnə qədər isə yerin altından sızan su tamamilə dayanmış, Cavabdeh1 ASC-nin rəsmiləri bildirmişlər ki, bir neçə gün əvvəl qonşuluqda olan “Respublika” xəstəxanasının qazanxanasında Cavabdeh2 ASC təmir işləri aparmış, bundan sonra əraziyə axan suyun qarşısı alınmışdır. Yəni artıq heç bir şübhə yoxdur ki, sözü gedən yeraltı sular cavabdeh təşkilatın dediyi kimi qurunt suları deyil, “Respublika” xəstəxanasının ərazisində baş vermiş qəza nəticəsində əraziyə axan su olmuşdur. İddiaçı müvafiq iddia tələbini irəli sürmək üçün subyektiv hüquq sahibi olub-olmadığı məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən yeraltı sızıntı sularının kanalizasiya xəttinə axıdılması əsas gətirilərək ərazidə 24.05.2017-ci il tarixində CSS markalı 17024944 saylı suölçən cihazı quraşdırılmış, həmin dövrdə sözü gedən ərazi "xxxx" MMC-yə məxsus ərazi olduğundan sayğac da hüquqi şəxsin adına rəsmiləşdirilmişdir. 31.08.2018-ci il tarixdə "xxxx" MMC ləğv edilmiş, onun əmlakı tək təsisçisi olan İddiaçı adına keçmiş, həmin tarixə hüquqi şəxsin yeraltı sızıntı sularının kanalizasiya xəttinə axıdılmasına görə borcu qalmamışdır. Mübahisə olunan yeraltı sızıntı sularının kanalizasiya xəttinə axıdılmasına görə borc 2019cu ilin may ayından etibarən həmin ilin noyabr ayına qədər axıdılmış suyun borcudur. Hansı ki, həmin dövrdə hüquqi şəxs mövcud deyildi və mövcud olmayan şəxsin borcu yarana bilməzdi. Bu səbəblə də və haqlı olaraq Bakı Apellyasiya Məhkəməsi “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə istinad etmişdir. Həmin Qanunun 61.1-ci maddəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Yəni cavabdeh cəmiyyətin 2019-cu ilin yeraltı sızıntı sularının kanalizasiya xəttinə axıdılmasına görə borcu 2 il əvvəl ləğv olunmuş hüquqi şəxsin adına hesablaması, fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq həmin ərazinin mülkiyyətçisi İddiaçı su təchizatı xidmətlərindən istifadə edən və xidmət haqqını ödəyən istehlakçı olma faktını istisna etmir. Borcun yaranma tarixi İddiaçı su təchizatı xidmətlərindən istifadə edən və xidmət haqqını ödəyən istehlakçı olma dövrünü əhatə edir. Hal-hazırda da sayğaclar hüquqi şəxsin adında görünür və İddiaçılə bütün hesablaşmalar hüquqi şəxs olaraq aparılır. Cavabdeh1 ASC-yə sayğacların onun adına keçirilməsi üçün müraciət etsə də, "xxxx" MMC-nin borcunun mövcudluğu əsas gətirilərək və həmin borcun İddiaçı tərəfindən ödənilməli olduğu bildirilərək bundan imtina olunmuşdur. Məhz bu səbəblə İddiaçı istehlakçı olaraq öz mənafelərini müdafiə etmək üçün subyektiv hüququ vardır.
Tətbiq edilən hüquq
“Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu
17. Maddə 4. Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.
18. Maddə 5. Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir.
19. Maddə 17. Yeraltı içməli sulardan istifadə Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
Azərbaycan Respublikasının Su Məcəlləsi
20. Maddə 4. Su münasibətlərinin obyektləri Azərbaycan Respublikasının su fondu və su fondunun torpaqlarıdır.
21. Maddə 5. Azərbaycan Respublikasının daxili suları və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (su obyektləri) Azərbaycan Respublikasının su fondunu təşkil edir. Təbiətdə yerləşməsinə, fiziki-coğrafi, inzibati-ərazi xüsusiyyətlərinə və digər əlamətlərinə görə Azərbaycan Respublikasının su fondu yerüstü, yeraltı, sərhəd su obyektlərindən və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən ibarətdir.
22. Maddə 7. Yeraltı su obyektlərinə yerin təkində yerləşən geoloji strukturlarda toplanmış sular daxildir. Yeraltı su obyektlərinə aşağıdakılar aid edilir: sulu horizont — yerin təkində geoloji struktur daxilində yerləşən, məsamələrində, çatlarında və boşluqlarında hidravlik əlaqəli sular toplanmış süxurlar təbəqəsi (lay); yeraltı su hövzəsi — yerin təkində müəyyən geoloji struktur daxilində yerləşən sulu horizontların, sulu çatların məcmusu; yeraltı su yatağı — sulu horizontun yeraltı suların çıxarılması üçün əlverişli şəraiti olan hissəsi.
23. Maddə 12. Dövlət mülkiyyətində aşağıdakı su obyektləri saxlanılır: Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi; sərhəd su obyektləri; dövlət və yerli əhəmiyyətli yerüstü və yeraltı su obyektləri; xüsusi qorunan su obyektləri. Dövlət mülkiyyətində olan su obyektləri qanunvericilikdə müəyyən edilmiş qaydada istifadəyə, icarəyə və bələdiyyə mülkiyyətinə verilə bilər. Dövlət mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
24. Maddə 40. Su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir. Yeraltı suların istifadəyə verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə və Azərbaycan Respublikasının yerin təki haqqında qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu
25. Əsas anlayışlar: kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir; tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır; su təchizatı və kanalizasiya obyektinin (obyektin) sahibləri - su təchizatı və kanalizasiya obyektlərinin və ya su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektlərin (müəssisələrin, qurğuların, binaların, evlərin, mənzillərin) mülkiyyətçiləri, icarəçilərdir;
26. Maddə 5.3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir.
27. Maddə 12 (b). Hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla aşağıdakıları təmin etməlidir: su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını.
28. Maddə 30. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
29. Maddə 61. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
“X5 təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cu il tarixli qərarı
30. Bənd 1.2.7. Kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantıları təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir.
31. Bənd 1.2.5. Tullantı suları – istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır.
32. Bənd 2.1.5. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək;
33. Bənd 7.25. Kanalizasiya şəbəkəsinə axıdılan istehsalat tullantı sularının uçotu müəssisənin su təsərrüfatı pasportunun və (və ya) suölçən cihazının göstəricisinə əsasən hesablanır. Suölçən cihaz və ya su təsərrüfatı pasportu olmadıqda, axıdılan tullantı suyunun həcmi verilən içməli suyun həcmi ilə bərabər götürülür.
34. Bənd 5.1.8. İstehlakçı STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək hüququna malikdir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun
35. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
37. Maddə 52. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.
38. Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.
47. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
49. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.
50. Kollegiya hesab edir ki, kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, birinci instansiya məhkəməsi öz qənaətini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, iddiaçının hansı subyektiv hüquqla hazırkı iddianı qaldırması ilə bağlı ümumiyyətlə hər hansı hüquqi dəyərləndirmə aparmamışdır.
51. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
52. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
53. Həmçinin qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi “suölçən cihazı üzrə hesablanmış bütün borcun silinməli olduğu” nəticəsinə gəlsə də, bu borcun məbləğini müəyyənləşdirməməklə, eləcə də iddia tələbini cavabdeh kimi göstərilmiş Cavabdeh2 ASC-nə münasibətdə təmin etmədiyi halda iddianın tam təmin edildiyini göstərməklə (baxmayaraq ki, qətnamənin əsaslandırıcı hissəsində iddianın qismən təmin edildiyi qeyd olunmuşdur), habelə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə münasibət bildirməməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur.
54. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələblərinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
55. İşin müəyyən olunan hallarına görə iddiaçı, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Əmlak kompleksi kimi müəssisə) və həmin əmlakın yerləşdiyi 0,7936 hektar torpaq sahəsinin mülkiyyətçisidir; qeyri-yaşayış sahəsi və torpaq 30.03.2015-ci il tarixdə təsisçisi İddiaçı olan "xxxx" MMC-nin adına qeydiyyata alınmış, həmin MMC 31.08.2018-ci il tarixdə ləğv edilərək “Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən” çıxarılmış, qeyri-yaşayış və torpaq sahəsi 01.10.2018-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyatdan keçmişdir.
56. İşin müəyyən olunan və mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, 2017-ci ilin təxminən aprel-may aylarından etibarən qeyri-yaşayış sahəsinin ərazisində (torpaq sahəsində) yerin altından su sızması müşahidə olunmuş, Cavabdeh1 ASC bu sızıntı suyu qurunt suları kimi qiymətləndirərək onun kanalizasiya xəttinə axıdılması üçün 24.05.2017-ci il tarixdə ərazidə CSS markalı 17024944 saylı suölçən cihazı quraşdırmış, həmin tarixdə ərazi (əmlak) "xxxx" MMC-yə məxsus olduğundan sayğac da hüquqi şəxsin adına rəsmiləşdirilmişdir.
57. Tərəflərin nümayəndələrinin izahatlarından və təqdim edilən hesabfakturalardan aydın olur ki, sözügedən sayğacın quraşdırıldığı tarixdən etibarən "xxxx" MMC, onun ləğvindən sonra isə İddiaçı qrunt suyu kimi qiymətləndirilən suyun kanalizasiya şəbəkəsinə axıdılmasına görə sayğacın göstəriciləri əsasında hər ay təxminən 200-300 manat ödəniş həyata keçirmiş, 2019-cu ilin may ayında yerin altından axıb gələn suyun həcmi artmış, kanalizasiyaya axıdılan suyun dəyəri may ayı üçün 1932 manat, iyun ayı üçün 3733,90 manat, iyul ayı üçün 4390,68 manat, avqust ayı üçün 4552,54 manat, sentyabr ayı üçün 3377,12 manat, oktyabr ayı üçün 5035,59 manat, noyabr ayı üçün 5698,31 manat, dekabr ayı üçün 1164,41 manat təşkil etmiş, 2020-ci ilin yanvar ayından etibarən sızıntının miqdarı azalaraq həmin ilin yanvar ayı üçün sayğac 111,02 manat, fevral ayı üçün 8,47 manat, mart ayı üçün 0,00 manat hesablamış, 2020-ci ilin iyun ayına qədər sayğacın mart ayında olan göstəricisi (35057) dəyişməz qalmış, iyun ayında 7,63 manat, avqust ayında 6,78 manat həcmində sızıntı su qeydə alınmış, bu tarixdən sonra sayğac su sızıntısı hesablamamışdır.
58. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi 05.12.2019-cu il tarixli qərardadla Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisində yerin təkindən yeraltı su sızıntılarının çıxmasının mümkün olub-olmadığının və su sızıntısının mənbəyinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin etmiş, əraziyə 09.06.2020-ci il tarixdə baxış keçirən ekspert ərazidə yer səviyyəsindən 10 metrə yaxın dərinlikdə yeraltı suların yığılması və kənarlaşdırılması üçün quyu qazıldığını və quyunun üzərində müvafiq boru xəttinə suölçən cihaz quraşdırıldığını müəyyən etsə də, quyunun daxilində, eləcə də ərazinin hər hansı hissəsində faktiki olaraq yeraltı sızıntı suların çıxmasının müşahidə edilmədiyini vurğulamışdır. İddiaçının nümayəndəsinin cavabdeh təşkilat tərəfindən mübahisələndirilməyən izahatlarından aydın olur ki, məhkəmənin ekspertiza təyin etməsindən sonra Cavabdeh1 ASC-nin əməkdaşları müəyyən çalışmalar həyata keçirib sızıntının qarşısını almağa çalışsalar da buna nail olmamış və suyun mənbəyini müəyyən edə bilməmiş, suyun tempraturu noyabr ayında 37 dərəcəyə yüksəlmiş, ekspert əraziyə gəlməmişdən bir neçə gün əvvəl qonşuluqda yerləşən “Respublika” xəstəxanasının qazanxanasında Cavabdeh2 ASC təmir işləri aparmış, bundan sonra sızıntı su kəsilmişdir.
59. İş materiallarından görünür ki, Cavabdeh1 ASC tərəfindən 08.07.2019-cu, 08.10.2019-cu və 19.11.2019-cu il tarixlərdə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən çıxan suyun labarator analizləri aparılmış, analizlərin nəticəsinə görə həmin suyun Yasamal rayonuna verilən içməli su ilə eyni təkibli, suyun tərkibində xlor belə olduğu müəyyənləşdirilmişdir.
60. İşin yuxarıda şərh olunan hallarını ağlabatan mühakimə əsasında qiymətləndirən kollegiya hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən çıxan su əslində qrunt suları olmamış və Cavabdeh1 ASC-nin həmin suyun mənbəyini müəyyən etmədən əraziyə sayğac quraşdıraraq istehlak edilməyən suya görə sərfiyyat hesablaması qanunvericiliyin yuxarıda sadalanan müddəalarına uyğun olmamışdır.
61. İddiaçının, "xxxx" MMC-nin adına olan suölçən cihazın quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi və həmin hüquqi şəxsə hesablanan borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olubolmaması məsələsi ilə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
62. Yuxarıda qeyd olunduğu kimi, "xxxx" MMC 31.08.2018-ci il tarixdə ləğv edilərək “Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən” çıxarılmış, qeyri-yaşayış və torpaq sahəsi 01.10.2018-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyatdan keçmiş, "xxxx" MMC-nin ləğv olunmasına baxmayaraq müvafiq sayğacın göstəriciləri əsasında hesablanan məbləğlər hesab-fakturalarda MMC-nin adına yazılmış və onun təsisçisi olmuş İddiaçı tələb edilmiş, 2019-cu ilin may ayına qədər də sonuncu tərəfindən ödənilmişdir.
63. İş materiallarından görünür ki, İddiaçı 16.10.2019-cu il tarixdə Cavabdeh1 ASC-nə (X8 İdarəsinə) ərizə ünvanlayaraq həmin sayğacın "xxxx" MMC-nin adından çıxarılıb özünün adına qeydiyyata alınmasını xahiş etmiş, lakin onun bu müraciətinə cavab verilməmişdir. İddiaçının nümayəndəsinin bildirməsinə görə, həmin müraciətin müsbət həll olunmamasının səbəbi "xxxx" MMC-nə hesablanmış borcun məhz İddiaçı tələb edilməsi olmuş, Cavabdeh1 ASC-nin əməkdaşları bu borcun ödənilməsindən sonra sayğacın onun adına keçiriləcəyini şifahi olaraq söyləmişlər.
64. İş materiallarından həmçinin aydın olur ki, işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh1 ASC Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin su təchizatını mübahisəsi gedən sayğacın hesabladığı borcun ödənilməməsi səbəbi ilə dayandırmış, məhkəmənin iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı qərardadı əsasında bu məhdudiyyət aradan qaldırılmışdır.
65. Şərh olunanlardan göründüyü kimi, hazırda İddiaçı mülkiyyətində olan əmlakın yerləşdiyi ərazidə ləğv olunaraq öhdəliklərinə xitam verilmiş hüquqi şəxsin adına rəsmiləşdirilmiş sayğac və həmin sayğac əsasında artıq mövcud olmayan hüquqi şəxsə hesablanmış borc var – hansı ki, sözügedən borc məbləği məhz İddiaçı tələb edilməkdə, ödəmədiyi üçün istehlakçı olaraq hüquqları xələl görməkdədir.
66. Buna görə də kollegiya hesab edir ki, iddiaçı, hal-hazıra qədər "xxxx" MMCnin adına olan suölçən cihazın quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihazı üzrə hesablanmış borcun silinməsi tələbini irəli sürmək üçün subyektiv hüquq sahibi olmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır ki, İddiaçı “hesablanmış borcun silinməsi” tələbi üzrə subyektiv hüququ yalnız əmlakın mülkiyyətçisi olduğu tarixdən sonrakı dövrə şamil edilə bilər və həm də nəzərə alınmalıdır ki, o, yalnız 2019-cu ilin may ayından sonrakı dövrə hesablanmış borcun silinməsini tələb etməkdədir.
67. İş materiallarında olan hesab-fakturalardan və Cavabdeh1 ASC-nin təsdiq etdiyi üzləşmə aktından görünür ki, "xxxx" MMC-nin adına olan suölçən cihazın 2019-cu ilin may ayına qədər hesabladığı borc məbləği tam şəkildə ödənilmiş, 2019-cu ilin may ayından 2020-ci ilin avqust ayına qədər suölçən cihazın göstəriciləri əsasında 33 063,39 manat borc hesablanmışdır.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
69. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsi verərkən ödəmiş olduğu dövlət rüsumunun (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 30,40 (otuz manat 40 qəpik) manat Cavabdeh1 ASC-dən alınaraq ona ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat isə Cavabdeh1 ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 ASC-nin ödədiyi rüsum məbləği onun özünə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
70. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-349/2020 saylı iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız quraşdırılmış suölçən cihazın aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihazı üzrə hesablanmış borcun silinməsi” tələbləri qismən təmin edilsin. Cavabdeh1 Acıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yeraltı sızıntı sularının kanalizasiyaya axıdılmasına görə quraşdırılmış, "xxxx" MMC-nin adına olan suölçən cihazın quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi vəzifəsi Cavabdeh1 Acıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun və həmin suölçən cihaz üzrə 2019-cu ilin may ayından sonrakı dövrdə hesablanmış 33 063,39 (otuz üç min altmış üç manat 39 qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 30,40 (otuz manat 40 qəpik) manat Cavabdeh1 ASC-dən alınaraq İddiaçı ödənilsin; ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X3, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ**********0003003944, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov