Məhkəmə qərarları › İş №2(103)-2370/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2370/2024

16.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2370/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2024-cü il tarixli qətnamədən cavabdeh ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Pirallahı Rayon Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə ASC-nin Pirallahı Rayon Sukanal İdarəsi tərəfindən ona əsassız olaraq hesablanmış 2.253 manat borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ASC-nin Pirallahı Rayon Sukanal İdarəsi əsl Cavabdeh2 ASC ilə əvəz edilmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi apellyasiya şikayətini icraata qəbul edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv olunmalı və məhkəmə aidiyyəti üzrə baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, İddiaçı fərdi sahibkardır. Onun fəaliyyətinin istiqaməti avtomobillərin yuyulması, cilalanması, rənglənməsindən ibarətdir (VÖEN: **********). Göründüyü kimi hər iki tərəf kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərdir. İddia ərizəsi ilə həll edilməsi xahiş edilən mübahisə həmin şəxslərin kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisəsidir. İddiaçının ləğv edilməsini tələb etdiyi borc iddiaçıya məxsus avtoyuma məntəqəsində sudan istifadə ilə bağlı yaranmış borcdur. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (maddə 25.1.). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (maddə 26.1.). Aidiyyət qaydalarının pozulmasına yol verilmir (maddə 31.1.). Qeyd edilən bu prosessual hüquq normalarının tələblərindən yuxarıda qeyd edilənlərə yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsi Rayon Məhkəməsinə daxil olan zaman hazırki işə mülki mühakimə icraatı qaydasında baxıla bilməzdi; bu iddia ərizəsinə predmet aidiyyəti üzrə kommersiya məhkəməsində kommersiya icraatı çərçivəsində baxılmalı idi. Göründüyü kimi, işə baxmış Rayon Məhkəməsi ona aid olmayan iddianı icraata götürmüş, ona aidiyyətı olmayan işə baxmışdır. MPM-in 387.2.9-cu maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, iş üzrə iş üzrə qəbul edilmiş qətnamə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. MPM-in 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Bu baxımdan Məhkəmə hesab edir ki, hazırki iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli və işə baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, apellyasiya şikayətində aidiyyət qaydalarının pozulmasına toxunulmamış, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunmuşdur. Odur ki, qətnamə başqa əsasla ləğv edildiyindən apellyasiya şikayəti qismən əsaslı hesab edilir. Odur ki, göstərilənlərə əsaslanan, MPM-nin 261, 387 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2024-cü il tarixli qətnamə ləğv edilsin. İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar