Məhkəmə qərarları › İş №2(103)-2373/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2373/2022

07.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2373/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-712/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müracət edərək cavabdehə 9000 manat kompensasiya verilməklə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 11 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-712/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-712/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4217/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-712/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-228/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4217/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, rayon məhkəməsi tərəflər arasında olan münasibətləri düzgün müəyyən etməmiş, sübutları obyektiv qiymətləndirməmiş, cavadehin mənzildən özünün könüllü olaraq çıxıb getməsi kimi mühüm hala qiymət verməmiş, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir. Bundan əlavə iddiaçı ərizə təqdim edərək 15.000 manat məbləğində kompensasiya verməyə razı olduğunu bildirərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, rayon məhkəməsi qanuni və əsaslı qətnamə qəbul etmişdir, bu səbəbdən də şikayətin təmin edilməməsini xahiş etdi, yalnız ayrıca mənzilin alınması üçün yetərli olan məbləğlə razı olacağını bildirdi. Sübutların tədqiqi: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 11 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi 23.12.1993-cü il tarixdə qeydiyyatdan keçmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında 06.11.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 11 saylı mənzilində qeydiyyatdadır. "xxxx" MMC tərəfindən tərtib olunmuş 27.11.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 11 saylı mənzilin orta aylıq kirayə haqqı 200-250 manatdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Belə ki, bundan öncəki apelyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş Ali Məhkəmə 2(102)-228/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qərarın 30-cu bəndində qeyd etmişdir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək, kompensasiya məbləğinin kifayət qədər aşağı olduğunu qeyd etsə də, nə qədər məbləğin kifayət edəcəyinə, cavabdehə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edəcək nə qədər məbləğ ödənilməsi ilə bağlı mövqeyini bildirməmişdir. Qərarın 31-ci bəndində qeyd edilir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh mübahisəli mənzili öz razılığı ilə tərk etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində, şikayətlərində və məhkəmələrdəki çıxışlarında cavabdehin yazılı qeyd qoyaraq başqa evdə yaşamaq üçün evi tərk etdiyini bildirmiş, cavabdeh isə, öz növbəsində həmin halı inkar etməmişdir. Qərarın 33-cü bəndində göstərilir ki, məhkəmə işdə olan sübutların məcmusuna qiymət verərək Konstitusiya Məhkəməsi Plenumunun analoji işlərlə bağlı şərhini nəzərə almaqla (qəranı 19-cu bəndinə bax) mülkiyətçi ilə istifadə hüququ olan şəxslərin mənafeləri arasında ədalətli tarazlığı qorumaqla ödənilməli olan kompensasiya məbləği ilə bağlı mövqe sərgiləməlidir. İşin faktiki halları ilə müəyyən olunur ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehin mübahisəli mənzildən istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdəəvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kompensasiyanın məbləğini artıraraq 15 min manat təklif etmişdir ki, Kollegiya hesab edir ki, həmin məbləğ ağlabatandır və hazırkı işin müəyyən olunmuş faktiki halları baxımından həm də ədalətlidir, bu səbəbdən də iddia tələbi təmin edilməlidir, kollegiya bu zaman cavabdehin mənzildən özünün könüllü getməsini də nəzərə alır. Nəticə: Göstərilənlərə əsasən hazırkı işin hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməli, cavabdehə 15 min manat kompensasiya verməklə, onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-712/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi təmin olunsun. Cavabdeh İddiaçı tərəfindən 15000 (on beş min) manat kompensasiya verilməklə, cavabdehin Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 11 saylı mənzilə olan istifadə hüququna xitam verilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar