Məhkəmə qərarları › İş №2(103)-2375/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2375/2025

03.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2375/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz tikililərin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-174/2024 saylı, 5 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır; Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tariхli məktubdan görünür ki, Daş Karxanası küçəsi, ev 493 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında qeyri-yaşayış obyektinin tikintisi işlərinin həyata keçirilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi TikintiPlanlaşdırma Mərkəzində və Baş İdarəsində sənədləşmə aparılmamışdır.

2. Nərimanov rayonu Mənzil Kommunal Birliyinin tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tariхli məktubdan görünür ki, yеrində baхış zamanı yaşadığı fərdi еvlərdə yaşayan qоnşular tərəfindən uzun müddət bundan əvvəllər tikinti işlərinin aparıldığı müşahidə еdilmişdir. Mövcud qanunvеriciliyə görə tikililərin sökülməsi yalnız məhkəmə qərarının və icra şöbəsinin iştirakı ilə mümkündür.

3. Nərimanov rayonu Mənzil Kommunal Birliyinin 18 saylı MKİS-nin xx.xx.2024-cü il tarixdə verdiyi məktubdan görünür ki, Daş Karxanası küçəsi, 493 saylı İddiaçı, 499 saylı Cavabdeh1 və 494 b saylı Cavabdeh2 məxsus özbaşına tikililərə aid texniki pasportlar 18 saylı MKİS-ə təqdim edilməmişdir. Həmin özbaşına tikililərin qarşısında olan butka və ayaqyolu uzun illər öncə tikilsə də, hansı tarixdə dəqiq tikilmələri barədə rəsmi məlumat yoxdur.

4. Daş Karxanası küçəsi, ev 499 A sakini olan Cavabdeh1 və ev 494 sakini Cavabdeh2 Nərimanov Raon Məhkəməsinə ünvanladıqları məktubdan görünür ki, sözügedən tikililər 1989-cu il tarixdə tikilmiş və texniki pasporta qeydiyyata alınmışdır. İddiaçı 2012-ci ildə qonşu Nəbinin qaraj sahəsini zəbt edərək orada 3 ev inşa etmişdir. Qonşular bunu öz imzası ilə təsdiq edirlər.

5. Azərbaycan Rеspublikasının Əmlak Məsələləri Dövlət Kоmitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Rеyеstri Хidmətinin «Hüquqların Dövlət qеydiyyatı haqqında daşınmaz əmlakın Dövlət rеyеstrindən Çıхarış»a əsasən Daş Karxanası küçəsi, ev 494 A xx.xx.2021-ci il tariхdə Quliyеva Rəfiqə Həsən qızının adına хüsusi mülkiyyət hüququ əsasında qеydə alınmışdır.

6. Quliyеv Həsən Hüsеyn оğlunun adına оlan sеriya FM № 012237 saylı qеydiyyat vəsiqəsindən görünür ki, Daş Karxanası küçəsi, ev 494 b xx.xx.2002-ci ildə qеydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, 494 b fərdi yaşayış evinə dair X4 adına texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat sənəd aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 məxsus 3.3x2.1 m olan və Cavabdeh2 məxsus 4.3 m olan daş hasarın, həmçinin 2.3x2 m olan qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, o, 1980-cı ildən Daş Karxanası küçəsi, ev 493-də qeydiyyatda olaraq yaşamış, lakin 23-il DGK sistemində xidmətdə olduğu üçün xidməti zərurətlə əlaqədar olaraq 20 ildən artıq bu ünvanda yaşamamışdır. Bu dövrlərdə üzbəüz qonşu Cavabdeh1 evinin həyətyanı sahəsini zəbt edərək pəncərənin qarşısında 3.3x2.1 ölçüdə budka tikərək evinə düşən günəş şüalarının və təmiz havanın qarşısını kəsmişdir. Digər üzbəüz qonşu, Cavabdeh2 də 2.3x2 m ölçüdə budka və 4.3 m daş hasar tikərək evin pəncərəsinin yolunu kəsmiş, baxmayaraq ki, evləri maşın yolu ayırır. Bu tikililərin nə layihə, smeta, nə də müvafiq tikintiyə icazə sənədləri yoxdur, qanunsuz tikililərdir və bunu Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin Nərimanov rayonu İcra Hakimiyyəti Mənzil X1 cavab məktubları təsdiq edir.

9. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı məxsus özbaşına tikili olan ev 2012-ci ildə inşa edilmişdir. Ona məxsus budka (ayaqyolu) isə 1989-cu ildə icazə əsasında tikilmişdir. İddiaçı evinin pəncərəsinin yerini sonradan dəyişərək budkaya tərəf açmışdır.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-174/2024 saylı 5 fevral 2025ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, İddiaçı məxsus tikiliyə aid tехniki paspоrtun xx.xx.1998ci ildə, Quliyеv Həsən Hüsеyn оğlunun adına оlan tехniki paspоrtun isə xx.xx.2002-ci ildə tərtib еdilməsi göstərilmişdir. Müəyyən еdilmişdir ki, tərəflər tikililərinə dair texniki pasportlar ərazi üzrə 18 saylı MKİS-ə təqdim edilməmişdir və MKİS-də həmin özbaşına tikililərin qarşısında olan budka və ayaqyolu uzun illər öncə tikilsə də, hansı tarixdə dəqiq tikilmələri barədə rəsmi məlumat yoxdur. İddiaçının izahatı özü-özlüyündə iddiasının əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.

12. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı хidməti işi ilə əlaqədar qеydiyyatda оlduğu ünvanda 20 il ərzində yaşamadığını göstərsə də, hüquqlarını pоzduğunu iddia еtdiyi tikililərin nə vaхt inşa еdilməsini dəqiq göstərə bilməmişdir. Bundan əlavə, hər iki tərəf öz tikililərinin daha əvvəl tikilməsini bildirsələr də, yalnız cavabdеh tərəf qоnşuların imzaları оlan ərizələrini təqdim еtmişdir. Kеçən müddət ərzində cavabdеhlər tərəfindən inşa еdilmiş mübahisəli tikililər barədə iddiaçının məlumatı və хəbəri оlmamasına dair izahatlarına məhkəmə tənqidi yanaşmış və hеsab еtmişdir ki, həmin tikililər həqiqətən də оnun yaşadığı еvdə hüquqlarının pоzulmasına səbəb оlduğu təqdirdə tikilən zaman və ya оndan az müddət sоnra (ağlabatan müddətdə) müvafiq оrqanlara müraciət еdə bilərdi. Yəni, tərəflərin tikililəri özbaşına оlsa da, qanunvеricilik hər hansı tikililər inşa еdilən zaman müəyyən nоrma və qaydalar müəyyən еtmişdir ki, оnların da tələblərinin pоzulmasına yоl vеrilmir.

13. Hazırki halda iddiaçı Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.4-cü maddələrinə; “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10 və 25-ci madələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-174/2024 saylı 5 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların 5 nəfər ailə tərkibində Bakı şəhəri, Nərimanov rayonu, 493 saylı evə qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə hüquqları vardır. O, 1979-cu ildən həmin ünvanda yaşayır. 1980-cı ildən isə həmin ünvanda qeydiyyatdadır. Hazırda 5 nəfər ailə tərkibində həmin ünvanda yaşayırlar. Cavabdeh2 evinin həyətini zəbt edərək qeyri-qanuni inşa etdiyi əlavə tikililəri (ayaqyolu və budka) 2006-cı ildə, Cavabdeh1 da evinin həyətini zəbt edərək qeyri-qanuni inşa etdiyi əlavə tikililər (ayaqyolu və budka) 2012-ci ildə inşa edilmişdir. Nəticədə o və ailə üzvləri pəncərələrinin qarşısına keçə bilmir, evin pəncərələrindən evə işıq düşmür, təmiz hava girmir, çünki qeyri-qanuni tikilmiş əlavə tikililər günəş işığının və təmiz havanını qarşısını kəsir. Payız və qış aylarında yaşadığı ev daima rütubətli olur və bu hallar da böyük narahatçılıq yaradır, hətta tez-tez xəstələnirlər. Onların öz məzilində normal yaşamaqistifadə etmək hüquqları vardır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Birinci instansiya məhkəməsi qeyd etdiyi maddi normanın da tələblərini pozmuşdur. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Daş Karxanası küçəsi, ev 493 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında qeyri-yaşayış obyektinin tikintisi işlərinin həyata keçirilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzində və Baş İdarəsində sənədləşmə aparılmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən sübutlar da düzgün qiymətləndirilməmişdir. Belə ki, qətnamədə qeyd edildiyi kimi “tərəflərin tikililəri özbaşına olsa da qanun vericilik hər hansı tikililər inşa edilən zaman müyyən norma və qaydalar müəyyən etmişdir ki, onların da tələblərinin pozulmasına da yol vermir”. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli 2(005)-2148/2024 saylı qərardadla bu iş üzrə məhkəmə mühəndis-texniki eksertizası təyin edilməsinə baxmayaraq ekspert qarşısında qoyulan sualların cavablandırılması mümkün olmamışdır. Məhkəmə yerində müayinə aparsa da həmin müayinə səthi xarakter daşımış və müayinə ilə əlaqədar faktlar qətnamədə öz əksini tapmamışdır. Məhkəmə yalnız cavabdehlərin qonşularla tərtib etdikləri məlumatlara əsaslanmışdır. Belə ki, Cavabdeh2 qonşularla birgə məlumatında ona məxsus evin 1989-cu ildə tikildiyini, Cavabdeh1 məlumatında isə evinin 1989-cu ildə tikildiyini bildirmişdir. İddianın predmeti isə cavabdehlərin evləri ilə əlaqədar yox, sonradan həyətini zəbt edərək inşa etdikləri qeyri-qanuni tikililərdir. Cavabdeh2 qızı X5 məxsus Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 494b saylı çıxarışda Cavabdeh2 evinin həyətini zəbt edərək inşa etdiyi budka həmin çıxarışda evin ümumi sahəsinə daxil edilməmiş, onun adına qeyd etdiyi öz ünvanı ilə əlaqədar texniki pasport da verilməmişdir. Məhkəmə iclasında cavabdehlərin qeyri-qanuni inşa etdikləri əlavə tikililərin hansı vaxta tikdikləri barədə məlumat əldə edilməsindən ötrü AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsindən texniki rəy alınması barədə şifahi vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qatşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, DGK-də xidməti zərurətlə əlaqədar Sumqayıt Baş Gömrük İdarəsində, Xaçmaz Baş Gömrük İdarəsində işləmiş və təxmini 21-22 il mübahisəli ünvanda yaşamamışdır. O, 1979-cu ildən 1998-ci ilə qədər orada yaşamışdır. 1998-ci ildən sonra demək olar ki, anası orada yaşadığı müddətdə arada gəlib-gedirdi. İş rejimi ilə əlaqədar oraya çox gəlib-gedə bilmirdi. Onun orada yaşamamağından istifadə edərək yaşadığı fərdi yaşayış evi ilə üzbəüzdə, küçənin digər tərəfində yaşayan həmin iki qonşu, hansı ki cavabdehlər onun evinin həyətyanı sahəsini zəbt etmişlər. Düz pəncərənin 1 metrliyində tualet tikmiş, daha sonra onu 3x2 m-ölçüdə budka etmişdir. Tikili 2012-ci ildə tikilmişdir, həmin vaxt anası sağ idi. Həsən adlı şəxs tərəfindən tikilmiş budka təxminən 2006-cı ildə tikilmişdir. O da tamamilə onun hasarını sökərək həyətə girmişdir. O vaxt o, öz hasarını küçədən 1 m geridə etmişdi, küçədə yer qoydu. Cavabdeh1 tikdiyi əvvəl balaca tualet idi, daha sonra onu 2014-2015-ci illərdə yenidən sökərək yerində 3x2 m olan budka tikmişdir. O, təqaüdə çıxdıqdan sonra məhkəməyə müraciət etdi, əvvəllər iddia qaldırmağa vaxtı olmamışdır. Onun pəncərələrinin yeri dəyişməmişdir. Onun evinin 1998-ci ildə də texniki pasportu olmuşdur. Evin çıxarışı yoxdur. 1998-ci ildən xidməti zərurətlə əlaqədar həmin ünvandan köçmüşdür, 1998-ci ilə qədər orada heç bir budka yox idi, ola da bilməzdi. Əzəldən bu pəncərələr var idi. Həmin pəncərələr eyni usta tərəfindən qoyulmuşdur, eyni quruluşdadır, əvvəldən mövcud idi. Onun ünvanına 1998-ci ildən texniki pasport verilmişdir, bundan əvvəl çəkilmiş texniki pasport onda yoxdur. Burada tikinti normalarının, yanğın təhlükəsizliyi normalarının kobud pozuntusu vardır.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 1989-cu ildə qonşu Qiyas dayı və Həsən kişi var idi, ermənilərlə evini dəyişdikdən sonra Qiyas dayının tualeti Həsən kişinin həyətinə axmırdı, səs salırdı, hər gün dalaşdırdılar. İcra Hakimiyyətinin nümayəndələri gəldi və 3 qonşuya orada tualet verdi, kanalizasiya yox idi. O, 1989-cu ilin yanvar ayında orada tualet tikmişdir, kanalizasiyasını çəkdirmişdir. Bunu qonşular da təsdiq edir. Daha sonra o, orada abadlaşdırma işləri görmüşdür. Həmin tualeti isə əldamı kimi istifadə etdi. Onun evi balacadır, həmin yerə qış paltarlarını, yay paltarlarını, bankaları və s. yığır. Bu tikilini əvvəllər tualet kimi istifadə edirdilər. O, 1992-ci ildə kanalizasiya çəkdi. Buranı bu vəziyyətə 1997-ci ildə salmışdır. Həsən kişi qonşusudur, 90 yaşı var, gözləri görmədiyi üçün məhkəməyə gələ bilmir. Dəmirlərdən ibarət hasar 1988-ci ildə yox idi, ora zibillik idi. Qardaşxan adlı şəxsin atası, Əli adlı şəxs və onun qardaşı Əli maşın tutaraq qarşı tərəfin ev tutduğu yerin zibilini təmizlədilər. Pəncərə digər tərəfdə idi, arxadan bağlayaraq onun budka dediyi yerdən açdı.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

25.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

26.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

27.Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28.5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrinivicdanla həyata keçirməyə borcludurlar. 29.164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 30.164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 31.165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 32.165.2-ci maddəsinə əsasən, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 33.170.1 və 170.2-ci maddələrinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 34.171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi,əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 35.171.2-ci maddəsinə əsasən, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və yabaşqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 36.180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 37.180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 38.180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

39.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Belə ki, hazırkı işin hallarının dəyərləndirilməsi sahibliyin pozulması ilə bağlı müdafiə hüququnu tənzimləyən Mülki Məcəllənin 165-ci və eyni zamanda həmin Məcəllənin 170.2 və 180-ci maddələrinə əsasən müqayisəli şəkildə həyata keçirilməlidir.

42. Mülki Məcəllənin 180-ci maddəsi nəzərdə tutur ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

43. Qanunun digər normanın mənasına görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri birbirinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz.

44. Beləliklə, qonşu təsirinin qadağan edilməsi, hazırkı halda qonşuluqda inşa edilmiş özbaşına tikililərin sökülməsi barədə iddia qaldırmış fiziki şəxs qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onun hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdiyi halda əsaslı hesab edilə və təmin oluna bilər.

45. Baxılan iş üzrə iddiaçı yaşadığı evin qarşısında cavabdehlər tərəfindən özbaşına inşa edilmiş tikililərin sökülməsini tələb edir və öz mövqeyini onunla əsaslandırır ki, mübahisə predmeti olan bu tikili (budka) və daş hasar yaşadığı evdən istifadəsinə manəçilik törədir, evinin havanlandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərir.

46. Yuxarıda da qeyd olunduğu kimi tikililərin sökülməsi barədə iddianın əsaslı hesab edilməsi üçün ilk növbədə həmin tikililərin iddiaçının hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun adi yaşayışına qeyri-mütənasib müdaxilə ilə nəticələndiyi sübuta yetirilmiş olmalıdır.

47. Baxılan işdə də cavabdeh tərəfin əsas etiraz dəlilləri ondan ibarətdir ki, onlar, mübahisəli tikililəri 1989-cu il tarixindən tikib istifadə etməyə başlamışlar, həmin tikinti işlərinin aparılması üçün dövlət qurumu tərəfindən müvafiq tələbatlarının ödənilməsi (ayaqyolunun tikilməsi) məqsədilə onlara yer ayrılmışdır. Sözügedən tikililərdən uzun müddət ərzində istifadə etməkdədirlər, buna bələdiyyə, dövlət orqanları və ya iddiaçının özü tərəfindən 1989-cu il tarixindən bəri etiraz edilməmişdir. İddiaçının yaşadığı evin pəncərəsi başqa tərəfdən açılırdı. O pəncərə iddiaçı tərəfindən bağlanmışdır.

48. Məhkəmə tərəfindən cavabdehlərin dəlilləri ətraflı araşdırılmış, qeyd edilənlər müvafiq sübutlara əsasən öz təsdiqini tapmışdır.

49. İddiaçının iddianın əsası kimi istinad etdiyi dəlillər (Cavabdeh2 2006-cı il tarixindən, Cavabdeh1 2012-ci il tarixindən evinin həyətini zəbt edərək əlavə tikililəri inşa etdiyi) isə əksinə, özünün məhkəmə iclasında verdiyi izahatdan başqa hər hansı sübut ilə öz təsdiqini tapmamışdır. Qeyd edilənlərin sübuta yetirilmiş olduğu təqdirdə belə iddiaçının istinad etdiyi bu halların iddianın təmin edilməsi üçün əsas ola bilməz.

50. Birincisi, iddiaçı cavabdehlərin və ya özünün istinad etdiyi tarixlərdən etibarən uzun müddət ərzində cavabdehlərdən qanunsuz olaraq zəbt edilməsi ehtimal olunan sahədən çıxmasını tələb etməmiş, orada tikinti işlərinin görülməsinə imkan vermiş, bununla cavabdehlərdə həmin sahələrdən arxayın istifadə etmələrinə güvən yaratmışdır.

51. Halbuki qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra pozuntunun aradan qaldırılmasını tələb etsin. Bu müddət, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Həmin müddət keçdikdən sonra sahiblik vəziyyəti ilə bağlı status-kvo (mövcud vəziyyət) tanınmış olur və pozulmuş hüququn sahibliyə dair qaydalar çərçivəsində müdafiəsi mümkün sayılmır.

52. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlər təfindən qonşuluqda aparılmış özbaşına tikililərin sökülməsinin əsaslı hesab edilməsi üçün özbaşına tikinti işlərinin nəticəsinin onun hüquq və mənafelərinə ziyan vurduğunu da sübuta yetirə bilməmişdir.

53. Belə ki, hər iki məhkəmə instansiyası tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdr ki, iddiaçının sahibliyində olan evin yola baxan hər iki pəncərəsi qarşısında vaxtilə iddiaçı tərəfindən quraşdırılmış, evini ümumi yoldan ayıran dəmir darvaza, həmin darvazaya bitişik isə iki tikili və onları birləşdirən daş hasar mövcuddur. İddiaçı həmin tikililərin tərəflərin adına tərtib edilmiş layihədə (plan sxemdə) nəzərdə tutulmadığı, sökülmədiyi təqdirdə yaşadığı evin havalandırılmasına və işıqlandırılmasına mənfi təsir göstərəyəcəyi ilə əsaslandırmışdır.

54. Halbuki, yuxarıda da qeyd olunduğu kimi otaqların yerləşmə vəziyyətinə əsasən pəncərənin başqa tərəfdən açılması mümkün olduğu, hətta vaxtilə pəncərənin otağın digər tərəfindən açılmış olduğu, qeyri-müəyyən səbəblərdən isə bağlandığı müəyyən edilmişdir. Belə olan halda da mübahisəli titkililərin mövcudluğu ilə iddiaçının hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun yaşayışına qeyri-mütənasib müdaxilə ilə nəticələndiyi halı öz təsdiqini tapmamışdır.

55. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

56. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-174/2024 saylı 5 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Abdıyev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar