Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2378/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1116/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə (Salyan rayon İcra və Probasiya Şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, respublika Xammal və X1 Mərkəzi “xxxx” MMC tərəfindən keçirilmiş xx.xx.2017-ci il tairxli 16/02 saylı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və Respublika Xammal və X1 Mərkəzi “xxxx” MMC tərəfindən ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Salyan şəhəri, X.R.Ulutürk prospektində yerləşən xüsusi mülkiyyətdə olan 0.01599 ha torpaq sahəsi üzərində yerləşən 58 saylı ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracının yenidən keçrilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iki dəfə hərrac keçirilmiş və heç birindən məlumatı olmamışdır. Evin və torpaq sahəsinin mülkiyyətçisi, yəni ipoteka qoyan olduğu halda keçrilən hərraclar barədə hərracın təşkilatçısı tərəfindən yalnız ona birinci hərrac barədə bildiriş göndərilmiş, amma iddiaçıya şəxsən təqdim edilməmişdir. Amma evin ipoteka qoyulmasını və hərracda satılmağa çıxarılmasını Salyan rayon İcra və probasiya şöbəsi tərəfindən icra hərəkətləri aparılarkən tam anlayışı olub və tam məlumatlı olmadığından hərracda iştirak etmək hüququndan məhrum olub və hərrac keçirilərkən onun evini almaq hüququ məhdudlaşdırılmış və xüsusi mülkiyyəti əlindən alınaraq iddiaçı “xxxx” ASC-yə satılmışdır. Əgər o hərracda iştirak etmiş olsaydı evinin dəyərini ödəməklə azyaşlı övladlarını küçədə yaşamağa qoymazdı. Hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır və onun həmin evdən başqa yaşayış evi yoxdur. Evə ona qaytarılmazasa yaşamağa heç bir yeri yoxdur və küçələrə atılmış olacaq. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1116/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1116/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC tərəfindən İddiaçı , Salyan Rayon İcra və Probasiya Şöbəsinə və Salyan rayon vəkil bürosuna ünvanlanmış xx.xx.2016-cı il tarixli № 01 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-839/2016 saylı xx.xx.2016cı il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Salyan şəhəri, X2 prospekti, 58 ünvanda yerləşən 0.01599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın xx.xx.2017-ci il saat 12:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC tərəfindən Salyan Rayon İcra və Probasiya Şöbəsinə və “xxxx” ASC-yə, “xxxx” MMC-yə və İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli № 02 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Şirvan Apellyaiya Məhkəməsinin 2(106)-839/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Salyan şəhəri, X2 prospekti, 58 ünvanda yerləşən 0.01599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın xx.xx.2017-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan №011163 nömrəli mədaxil qəbz talonun surətindən görünür ki, xx.xx.2016-cı il tarixli № 01 nömrəli bildiriş xx.xx.2017-ci il tarixində “xxxx” MMC tərəfindən İddiaçı göndərilmiş və xx.xx.2017-ci il tarixində İddiaçı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC tərəfindən İddiaçı, Salyan Rayon İcra və Probasiya Şöbəsinə və “xxxx” ASC-yə ünvanlanmış xx xxxx 2017-ci il tarixli məktubun təsdiq olunmuş surətindən görünür ki, 01/873 saylı, xx.xx.2017-ci il tarixli məktubun surətinə əsasən ipoteka ilə yüklənmiş Salyan şəhəri, X2 prospekti 58 ünvanda yerləşən 0,01599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2017-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka saxlayandan ipoteka predmeti haqda qəbul etdiyi son qərarla hərrac təşkilatını tanış etmək xahiş olunmuşdur. İş materiallarında olan 23-xx xxxxxx 2016-cı il tarixli, 10-xx xxxxxx 2017-ci il, tarixli “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, Salyan şəhəri, X2 prospekti 58 ünvanda yerləşən 0,01599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının № 16/02 nömrəli, xx xxxx 2017-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Salyan şəhəri, X2 prospekti 58 ünvanında yerləşən 0.01599 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 126,5 kv.m olan 3 otaqlı fərdi yaşayış evi Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-839/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə və Salyan rayon İcra və Probasiya Şöbəsinin 3718/3683/1 saylı, xx.xx.2016-cı il tarixli sifariş məktubunun və “xxxx” ASC-nin müvafiq məktubun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 38.000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 32.300 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 24.225 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC İddiaçı, Salyan Rayon İcra və Probasiya Şöbəsinə, “xxxx” ASC-yə və “xxxx” MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli № 01 nömrəli bildirişlə Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-839/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Salyan şəhəri, X2 prospekti 58 ünvanda 0,01599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın xx.xx.2017-ci il saat 12:00-da keçiriləcəyi bildirilmişdir. Həmin bildiriş xx.xx.2017-ci il tarixində İddiaçı tərəfindən imzalanaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələblərinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1 və 34.1.1 maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarından biridir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. İpoteka predmeti hərracda satışa çıxarılmazdan əvvəl onun dəyəri qiymətləndirilməli və bu zaman mövcud qanunvericiliyin tələblərinə riayət olunmalıdır. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Göstərilən Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçı, və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.8-cü maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarında olan sübutlardan məlum olur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, Birja Yenilikləri qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlaklar hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar “xxxx” ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakları qəbul edərək balansına götürmüşdür. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya hesab edir ki, şikayətdə göstərilənlər hallar iş materialları və maddi hüquq normaları ilə təkzib olunur. Belə ki, iddiaçının apelyasiya şikayətinin və iddianın əsası olaraq göstərmişdir ki, iki dəfə hərrac keçirilmiş və heç birindən məlumatı olmamışdır. Evin və torpaq sahəsinin mülkiyyətçisi, yəni ipoteka qoyan olduğu halda keçrilən hərraclar barədə hərracın təşkilatçısı tərəfindən yalnız ona birinci hərrac barədə bildiriş göndərilmiş, amma iddiaçıya şəxsən təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, hərrac qanunun tələblərini pozmaqla keçirildiyi üçün etibarsız hesab ediləmlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının əsas gətirdiyi, mənzillə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin bildirişlər iddiaçıya rəsmi qaydada təqdim olunmuş, iddiaçının əmlakın hərraca çıxarılmasından tam olaraq xəbəri olmuş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Beləliklə, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əmlakın hərraca çıxarılmasından tam olaraq xəbərdar olduğundan, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirildiyindən və ipoteka predmeti qanuni olaraq tələbkara təklif edildiyindən hərrac təşkilatının № 16/02 nömrəli, xx xxxx 2017-ci il tarixli hərracın yekunları barədə protokolu etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1116/2020 nömrəli xx xxxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1116/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2378/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2378/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver