Məhkəmə qərarları › İş №2(103)-2383/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2383/2019

08.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2383/2019 08.07.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı «mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, bu barədə müvafiq qeydin aparılması və həmin mənzilə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi», habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı və Cavabdeh-yə qarşı « mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilə dair alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)-478/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.Bayramova küçəsi, 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində tikinti sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzilinin alğı-satqısının həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 253 nömrəli alğı-satqı müqaviləsinə əsasən, əvvəl X5 mənsub olmuş ünvan 2 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində tikinti sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzil ona təhvil verilmişdir. xx.xx.2015-ci il tarixdə verilmiş maliyyə arayışına əsasən mənzilin pay dəyəri onun tərəfindən tam ödənilmiş və onun satıcıya borcu yoxdur. O, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilən ərizə ilə Cavabdeh-yə müraciət edərək, mənzildən və pay haqqından Şahin Mehmetin xeyrinə imtina etdiyini bəyan etmişdir. Bununla yanaşı həmin paya dair kooperativ üzvlüyündən azad edilməsini və gələcəkdə cavabdehə qarşı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Lakin cavabdeh alğı-satqını həyata keçirməyə imkan vermir. İşə birinci instansiya məhkəməsində baxılarkən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı və Cavabdeh-yə qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzil üzərində onun sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilə dair X9 ilə Cavabdeh arasında bağlanmış alğısatqı müqaviləsinin, habelə İddiaçı ilə «xxxxxxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixli müqavilə bağlayaraq ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzili almışdır. xx.xx.2008ci il tarixli kassa mədaxil orderinə əsasən o, mənzilin dəyərini, yəni 158.620 manat məbləğində pulu cavabdeh MMC-yə tam olaraq ödəmişdir. Müqavilə və kassa mədaxil orderi müəssisənin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmişdir. Qanuni əsaslarla ona satılan mənzil Məzahir Cəfərov tərəfindən qanunsuz olaraq X5, sonra isə İddiaçı satılmışdır. Həmin mənzilin onun mülkiyyətində olaola, mənzilin qanuni sahibi olduğu halda üçüncü şəxsə satılması qanunsuz və əsassızdır, mülki qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh-nin rəhbəri Məzahir Cəfərov ayrı-ayrı vətəndaşları aldatdığına görə barəsində cinayət işi açılmış və cinayət məsuliyyətinə cəlb olunmuşdur. M.Cəfərov onun mülkiyyətində olan mənzili Müzadil Zeynalova və İddiaçı qanunsuz olaraq satmışdır. Halbuki həmin vaxt həmin mənzilə dair səlahiyyətli şəxs MMC deyil, o, olmuş və həmin mənzilin satılmasına onun razılığı olmamış, ümumiyyətlə mənzilin satılmasından məlumatı olmamışdır. Üçüncü şəxs işə qoşulduqdan sonra iddiaçı iddia tələbinin predmetini və əsasını dəyişdirilməsi barədə ərizə verərək, onun ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, bu barədə müvafiq qeydiyyatın Cavabdeh-də aparılması və sonuncu ilə X3 arasında həmin mənzilə dair imzalanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)- 478/2018 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiası təmin edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və üçüncü şəxs X3 ilə MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə görə, iddiaçı tərəfindən Nərimanov Rayon Məhkəməsinə təqdim olunmuş mötəbər sübutlar araşdırılmamış və onlara kifayət qədər hüquqi qiymət verilməmişdir. Bundan başqa məhkəmə işə baxarkən iddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2015-ci il tarixli 253 saylı müqaviləni və həmin müqavilə üzrə öhdəliklərin onun tərəfindən vicdanla yerinə yetirilməsini təsdiq edən xx.xx.2015-ci il tarixli maliyyə arayışını nəzərə almamışdır. İddiaçı və MMC mülki hüququn tələblərinə uyğun olaraq öz iradəsini ortaya qoyaraq, qanunvericilikdə nəzərdə tutulmuş qaydada xx.xx.2015-ci il tarixdə 253 saylı müqavilə bağlamış və müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmişdir. Mülki Məcəllədə əqdlər üçün nəzərdə tutulmuş rekvizitlərin (iradə ifadəsi, əqdin forması, tərəflərin imzaları, şirkətin möhürü və s.) hamısı bu müqavilədə lazımınca gözlənmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellaysiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, iş materiallarına uyğun izahat verib, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Həmçinin göstərdi ki, 2013-cü ildə keçirilmiş audit yoxlaması zamanı mübahisəli mənzilin təkrar satılan mənzillər sırasında olmaması müəyyən olunmuş və mənzilin sahibi kimi X9 göstərilmişdir. Eləcə də mübahisəli mənzil cinayət işlərində də təkrar satılan mənzillər sırasında olmamış, hazırki işin tərəfləri zərər çəkmiş şəxs qismində keçməmişlər. Bütün bunlar isə onu deməyə əsas verir ki, Yeganə Qurbanova ilə bağlanmış müqavilə həqiqi deyil, köhnə tarixlə bağlanmışdır. Eyni zamanda, İddiaçı 2015-ci ildə mübahisəli mənzili aldıqdan sonra mənzilin giriş qapısını dəyişdirmiş, eləcə də mənzilə müəyyən təmir materialları alıb qoymuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh-nin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, iş materiallarına uyğun izahat verib, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 və məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş X9 (nümayəndələri) məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişlər. Odur ki, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan məhkəmə 3-cü şəxsin iddiasını təmin edib X9 ilə bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləni etibarsız hesab etsə də, M.Zeynalovu müqavilə tərəfi olaraq tələbə cavab verməli olan şəxs kimi, yaxud maraqlarına toxunan şəxs kimi işdə iştirak etməyə cəlb etməmiş, onun hüquq və vəzifələrinə dair məsələni həll etmişdir... Kassasiya şikayətinin dəlillərindən biri Y.Qurbanova ilə bağlanmış müqavilənin həqiqi olmaması barədədir. Kassator bu dəlilini onunla əsaslandırmışdır ki, «xxxxxxxxxxxxxxx» MMC-nin direktoru X8 barəsində olan cinayət işinin istintaqı zamanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlama zamanı hazırda mübahisələndirilən 105 saylı mənzil iki dəfə satılan mənzillər siyahısında olmamışdır. Bu dəlil apellyasiya şikayətində də öz əksini tapmış olsa da, apellyasiya instansiyası məhkəməsi həmin dəlillə bağlı heç bir araşdırma aparmamış, adı çəkilən cinayət işində belə bir siyahının olub-olmaması, varsa, mübahisəli mənzilin təkrar satılan mənzil kimi həmin siyahıda yer alıb-almadığını aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən apellyasiya şikayətinin bu dəlili yoxlanılmalı və qiymət verilməlidir... Kassasiya şikayətinin başqa bir dəlili isə Y.Qurbanova ilə bağlanmış müqavilənin həqiqiliyinin müəyyən olunması məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin olunmaması barədədir. İşdən göründüyü kimi, apellyasiya baxışı zamanı mübahisələndirilən müqavilələrdəki imzaların «xxxxxxxxxxxxxxx» MMC-nin direktoru X10, yoxsa başqa şəxsə məxsus olmasının yoxlanılması məqsədilə iddiaçının nümayəndəsi tərəfindən məhkəmə xətşünaslıq ekspertizasının təyin olunması barədə vəsatət verilsə də, apellyasiya instansiyası məhkəməsi imza nümunələri götürülməli olan şəxsin öldüyünü əsas gətirərək vəsatəti rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi bu hal, yəni M.Cəfərovun vəfat etməsi iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə mane olmur. Belə ki, M.Cəfərov sağlığında «xxxxxxxxxxxxxxx» MMC-nin direktoru kimi çoxsaylı müqavilələrə və maliyyə arayışlarına imza atmışdır və bu sənədlərdəki mübahisə doğurmayan imzalardan istifadə olunmaqla məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi mümkün olmuş və bu imkan bu gün də itirilməmişdir. Həmin sənədlərdə olan imzalardan eksperimental imza nümunəsi kimi istifadə olunmaqla M.Cəfərovun həqiqiliyi şübhə doğuran imzalarının düzgünlüyü yoxlanıla bilər... Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən «xxxxxxxxxxxxxxx» MMC-nin direktoru X8 barəsində olan cinayət işində hazırkı iş üzrə mübahisələndirilən mənzillə bağlı epizodun olub-olmaması, hazırkı işdə mübahisələndirilən müqavilələrdəki tərəflərin - X1, X4, İddiaçı həmin cinayət işində zərərçəkimiş şəxs kimi tanınıb-tanınmamaları müəyyən edilməlidir.” Kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq X9 üçüncü şəxs qismində işə cəlb olunmuş, aidiyyəti üzrə sorğu verilib cavab alınmış və iş üzrə müvafiq ekspertizalar keçirilmişdir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən verilmiş xx.xx.2019-cu il tarixli ********* saylı arayışda göstərilmişdir ki, idarənin istintaq idarəsində «xxxxxxxxxxxxxxx» MMC-nin direktoru X7, MMC-nin təsisçisi X11 və qeyrilərinin barəsində, həmçinin digər faktlar üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4, 178.3.2, 308 və 313-cü maddələri ilə ********* saylı cinayət işi istintaq olunur. ********* saylı cinayət işinin istintaqı zamanı “STS” və «xxxxxxxxxxxxxxx» MMC-nin direktoru X14 tərəfindən ayrı-ayrı zərərçəkmiş şəxslərə satılmış mənzillərin təkrarən satılması müəyyən edildiyindən həmin cinayət işi üzrə xx.xx.2015-ci ildə Məzahir Cəfərov Azərbaycan Respublikası CM-nin 178.3.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi xx.xx.2015-ci il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı xx.xx.2015-ci il tarixdə Məzahir Cəfərov yaşadığı mənzildə özünü öldürdüyündən iş üzrə icraata xitam verilmişdir. Məhkəməyə göndərilmiş və hazırki cinayət işi üzrə X3, X9 və İddiaçı müraciətləri olmadığından onlar cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamış, həmçinin «xxxxxxxxxxxxxxx» MMC-nin ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzilinin təkrarən ayrıayrı şəxslərə satılması epizodu araşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki eskpertizaları təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Tədqiqata təqdim olunan Cavabdeh ilə X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli alğı-satqı müqaviləsi və maliyyə arayışı və Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsi və maliyyə arayışında Cavabdeh-nin direktorunun adından icra edilmiş imzalar eyni şəxs tərəfindən icra edilmişdirmi? 2) Həmin imzalar (onlardan hər hansı biri) Cavabdeh-nin direktoru olmuş X14 tərəfindən icra edilmişdirmi? 3) Cavabdeh ilə X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli alğı-satqı müqaviləsinin icra olunmasının (tərtib olunmasının) mütləq, bu mümkün olmadıqda isə nisbi müddətini müəyyən etmək mümkündürmü? 4) Cavabdeh ilə X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli alğı-satqı müqaviləsi və maliyyə arayışı və Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli alğısatqı müqaviləsi və maliyyə arayışındakı mətn, imzalar və möhür əksindən hansı daha əvvəl icra olunmuşdur? 5) Ayrı-ayrılıqda həmin sənədlərdəki möhür Cavabdeh-yə məxsusdurmu və möhür hansı üsulla (basma, skaner və ya kserokopiya) vurulmuşdur? Məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli 8073/8886 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş mülki işin materiallarında olan X1 adına xx.xx.2008-ci il tarixli müqavilədə və eyni tarixli kassa mədaxil orderində (i.v.38-40), İddiaçı adına xx.xx.2015-ci il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında (i.v.210, 211, 221) olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Həmin sənədlərdəki möhür əksləri ekspertizaya təqdim edilmiş mülki işin materiallarının 207-209cu vərəqələrində olan sənədlərdəki eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. Həmin sənədlərdə əvvəl imzalar, çap mətni icra edilmişdir, sonra möhür əksi vurulmuşdur. Təqdim olunan müqavilədəki əl yazıların icra vaxtını və həmin sənədin tərtib olunma tarixini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli 7897 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh və X1 adlarından olan xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin 2-ci vərəqəsində “Satıcı” qrafasındakı imza, X1 adına olan xx.xx.2008-ci il tarixli kassa mədaxil orderində “Rəhbər” qrafasındakı imza; Cavabdeh və İddiaçı adlarından olan xx.xx.2015-ci il tarixli 253 saylı alqı-satqı müqaviləsinin 1-ci vərəqəsində möhür əksi üzərindəki imza, 2-ci vərəqəsində “Satıcı” qrafasındakı imza və İddiaçı adına olan xx.xx.2015-ci il tarixli maliyyə arayışında Cavabdeh-nin direktoru:” qrafasındakı imza eyni şəxs - X14 tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin, üçüncü şəxsin iddiasının isə rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi üçüncü şəxsin iddiasını təmin edib X9 ilə bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləni etibarsız hesab etsə də, sonuncunu müqavilə tərəfi olaraq iddia tələbinə cavab verməli olan yaxud maraqlarına toxunan şəxs kimi işdə iştirak etməyə cəlb etməmiş, onun hüquq və vəzifələrinə dair məsələni həll etmişdir. Azərbaycan Respublikası MPM-nin 387.2.4-cü maddəsinin tələblərinə görə, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Odur ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, yol verilmiş prosessual pozuntu qətnamənin ləğvi üçün əsas təşkil edir. Mübahisənin mahiyyəti üzrə Kollegiya qeyd edir ki, İddiaçı iddia tələbi aşağıdakılardan ibarətdir: ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması; bu barədə müvafiq qeydiyyatın Cavabdeh-də aparılması; Cavabdeh ilə X3 arasında həmin mənzilə dair imzalanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi. İddiaçı iddiasını Yeganə Qurbanova ilə bağlanmış müqavilənin həqiqi olmaması, köhnə tarixlə bağlanması ilə əsaslandırmışdır. Üçüncü şəxs Yeganə Qurbanovanın iddia tələbi isə aşağıdakılardan ibarətdir: ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzil üzərində sahiblik və istifadə hüquqlarının tanınması; həmin mənzilə dair Cavabdeh ilə X9 arasında bağlanmış xx.xx.2011-ci il tarixli və Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi. Yeganə Qurbanova iddiasını mübahisəli mənzilin alğı-satqısına dair müqavilənin onunla daha əvvəl bağlanması ilə əsaslandırmışdır. İş materiallarından müəyyən olunur ki, mübahisəsi gedən ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzilə dair «xxxxxxxxxxxxxxx» MMC ilə bağlanmış üç müqavilə mövcuddur: - X3 ilə bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə; - X9 ilə bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə; - İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə. Birinci instansiya məhkəməsi mübahisəli mənzilə dair alğı-satqı müqaviləsinin daha əvvəl üçüncü şəxs Yeganə Qurbanova ilə bağlandığını əsas tutaraq, sonuncunun razılığı olmadan həmin mənzilə dair Müzadil Zeynalov, daha sonra isə İddiaçıla alğı-satqı müqavilələrinin bağlanmasını qanunsuz hesab etmişdir. Keçirilmiş ekspertiza tədqiqatları ilə müəyyən edilmişdir ki, X3 və İddiaçı ilə bağlanmış müqavilələr «xxxxxxxxxxxxxxx» MMC-nin adından direktor işləmiş X14 tərəfindən imzalanmışdır. Hər iki müqavilə və maliyyə arayışlarında möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur, həmin sənədlərdəki möhür əksləri nümunə kimi ekspertizaya təqdim edilmiş sənədlərdəki eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. X4 adına olan xx.xx.2011-ci il tarixli müqavilənin və maliyyə arayışının əsli təqdim olunmadığına görə onlar barəsində ekspertiza tədqiqatı aparılmamışdır. Mötəbərliyini tərəflər mübahisələndirmədikləri, «xxxxxxxxxxxxxxx» MMC tərəfindən ünvan 3 ünvanında inşa edilən 4 ədəd 1 girişli 24 mərtəbəli yaşayış binalarında yaşayış və qeyri-yaşayış sahələrinin alıcılara satılarkən tərtib olunmuş müqavilələrin və satışa dair əməliyyatların rəsmiyyətə salınmasının düzgünlüyünə dair audit xidmətinin göstərilməsi ilə bağlı tərtib olunmuş xx.xx.2013-cü il tarixli Audit rəyindən müəyyən olunur ki, ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzili təkrar olaraq sənədləşdirilmiş mənzillər sırasında olmamış, həmin mənzil 2-ci binadakı mənzillərin sahiblərinin adlı sıyahısında X4 adına qeydə alınmışdır. Göründüyü kim, aparılmış araşdırma nəticəsində X3, X9 və İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmadığı və mübahisəli mənzilin təkrarən ayrı-ayrı şəxslərə satılması epizodu araşdırılmadığı müəyyən olunmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, mübahisəli mənzil xx.xx.2013-cü il tarixli Audit rəyində təkrar satılmış mənzillər sırasında olmamaqla yanaşı, həmin mənzil Müzadil Zeynalovun adına qeydə alınmışdır. Qeyd olunanlar məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, mübahisəli mənzil ilk dəfə məhz üçüncü şəxs Müzadil Zeynalova satılmış, sonradan isə onun razılığı ilə, onunla bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə ləğv edilərək, xx.xx.2015-ci il tarixdə adıçəkilən mənzilin alğı-satqısına dair İddiaçı ilə müqavilə bağlanmaqla, mənzil sonuncuya satılmışdır. Kollegiya hesab edir ki, mübahisəli mənzilin alğı-satqısına dair xx.xx.2008-ci il tarixli müqavilə X3 ilə sonradan arxa tarixə bağlanmışdır. Həmin əqd uydurma olmaqla əhəmiyyətsizdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (Mülki Məcəllənin 337.1, 337.3, 340.1-ci maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, X3 ilə bağlanmış xx.xx.2008-ci il tarixli alqısatqı müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, ona görə də həmin əqd etibarsızdır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə müvafiq olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Lakin, xx.xx.2008-ci il tarixli əqd uydurma olmaqla əhəmiyyətsiz olduğundan həmin əqd üzrə Yeganə Yurbanovanın «xxxxxxxxxxxxxxx» MMC-yə hər hansı məbləğdə pul ödəməsi müəyyən edilmir, ona görə də həmin əqdin etibarsızlığından irəli gələn nəticələri hazırki işin icraatı çərçivəsində həll etmək mümkün deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istiədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə də mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərancam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məşəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq məhkəmə kollegiya hesab edir ki, Cavabdeh-nin sözügedən müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etmədiyindən, iddiaçı haqlı olaraq həmin müqavilədən yaranan öhdəliyin yerinə yetirilməsini tələb etmişdir. İddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əməl edilmiş, mənzilin dəyəri tam ödənilmişdir, buna baxmayaraq, Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Ona görə də «mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, bu barədə müvafiq qeydiyyatın Cavabdeh-də aparılması» barədə iddia tələbləri də əsaslı hesab edilərək, təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-478/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı ünvan 3 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 m2 olan 5 otaqlı 105 saylı mənzilinə sahiblik və istifadə hüquqları tanınsın və bu barədə Cavabdeh-də müvafiq qeydiyyat aparılsın. Cavabdeh ilə X3 arasında həmin mənzilə dair bağlanmış xx.xx.2008-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı və Cavabdeh-yə qarşı «mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilə dair alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar