Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2383/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6118/22 saylı iş üzrə 20 dekabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ünvan 1 ünvanı üzrə **********00000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə 2018-ci ilin fevral, 2019-cu ilin aprel, 2020-ci ilin yanvar, fevral, dekabr, 2021-ci ilin fevral, mart, aprel, may, iyul, avqust, oktyabr, noyabr, dekabr, 2022-cu ilin yanvar, fevral, mart, may, iyul, avqust ayları üzrə ümumilikdə 21 akt tərtib edilmiş, aktlarda iddiaçının təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi qeyd edilərək, ümumilkdə 15091,86 manat məbləğində dəymiş maddi zərər hesablanmışdır. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun aktlar üzrə, ümumilikdə 15220,86 manat məbləğində borcunun olması qeyd olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh tərəfindən tərtib edilmiş, 0146802, 0197881, 02022342, 0226889, 0257808, 0268879, 0296357, 0298767, 03011329, 0302772,, 0314257, 0328180, 0328412, 0342180,0343144, 0344290, 0361297, ******* və ******* saylı aktların ləğv edilməsi, həmin aktlar əsasında hesablanmış 16366,29 manat borcun onun abonent hesabından silinməsi və qeyri-qanuni borca görə tutulmuş 38,70 manat pulun ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-6118/22 saylı iş üzrə 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı) iddia qismən təmin edilərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) dair iddiaçıya hesablanmış 14922,78 manat məbləğində borcun silinməsi, 138,20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6118/22 saylı iş üzrə 24 yanvar 2023-cü il tarixli əlavə qətnaməsi ilə (hakim P.Zamanlı) 0146802, 0197881, 02022342, 0226889, 0257808, 0268879, 0296357, 0298767, 03011329, 0302772, 0328180, 0328412, 0342180, 0343144, 0344290, 0361297, ******* və ******* saylı aktların ləğv edilməsi qət edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, aktların (xx.xx.2022-ci il tarixli akt istisna olmaqla) qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilməsi iş materialları ilə müəyyən olunur. Cavabdeh akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktın doğruluğunu etiraf etmişdir. Ccavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə tərtib edilmiş 21 akt üzrə cəmi 15220,86 manat məbləğində borc hesablanmışdır. İddiaçı isə 16366,29 manat borcun silinməsini tələb edir, lakin 1145,43 manat borcun (16366,29 – 15220,86 = 1145,43 manat) silinməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. İddia aktlar əsasında hesablanmış 15220,86 manat borcdan iddiaçının etiraf etdiyi akt əsasında hesablanmış 298,08 manat borc çıxıldıqdan sonra qalan 14922,78 manat (15220,86 – 298,08 manat = 14922,78 manat) borcun silinməsi hissəsində təmin edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 448.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2 (əvvəlki redaksiyada), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 6.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunan hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfin təqsirli və qanunazidd davranışı nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərər üzrə hesablanmış borc məbləğinin böyük bir qismini qanunsuz olaraq silməklə iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir. Məhkəmə qətnamədə MPM-də ləğv edilmiş 77.2-ci maddəyə istinad etmişdir. Məhkəmə iclasının gedişatında həmin hüquq norması Cavabdeh İB-nın ziyanına şərh edilmişdir. xx.xx.2021-ci il tarixli 363- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-in 77.2-ci maddəsi ləğv edilmişdir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni silinməsi qət edilmiş 14922,78 manata mütənasib olaraq hesablanmaqla Cavabdeh İB-dən tutularaq dövlət gəlirlərinə alınmalı idi. Yəni, iddia tələbinin təmin olunan 14922,78 manat hissəsinə mütənasib olaraq Cavabdeh İB-dən dövlət büdcəsinə btutulmalı məbləğ, dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə aparılan hesablamaya əsasən 134,77 manat təşkil etməli idi. Məhkəmə tərəfindən MPM-in 119.2-ci maddəsinin tələbləri pozulmuş və Cavabdeh İB tərəfindən dövlət büdcəsinə 3,43 manat artıq pul məbləğinin (138,20 - 134,77) tutulması qət edilmişdir. İddiaçı tərəf 2018-ci il tarixindən etibarən mütəmadi olaraq qazpaylayıcı xəttə ayrı-ayrı vaxtlarda küstar üsulla qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etmiş və son olaraq onun barəsində ciddi tədbir görülməsi üçün Cavabdeh İB tərəfindən Energetika Nazirliyinə müraciət etdilmişdir. Energetika Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarından müəyyən olunur ki, fərdi yaşayış evində sayğacdan kənar qazpaylayıcı xəttə qoşulduğu üçün abonent İddiaçı İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. İddiaçı barəsində aktların tərtib edildiyi 02/2018-ci il tarixindən 08/2022-ci il tarixinə kimi istifadəsində olan qaz sayğacı üzrə 10/2018-ci il tarixində cəmi 20 manat, 08/2022-ci il tarixində isə 40 manat məbləğində ödəniş etmişdir. 2019, 2020, 2021-ci il tarixlərində iddiaçı tərəf istifadəsində olan qaz sayğacına ümumiyyətlə heç bir ödəniş etməmişdir. Məhkəmə, abonent saldosunu tədqiq etməmiş, saldonu digər sübutlarla birgə qiymətləndirməmiş və iddiaçı tərəfin barəsində aktların tərtib edildiyi tarixlərdə onun qaz sayğacı üzrə ödəniş edib-etməməsini araşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
13. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
16. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
17. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 20 dekabr 2022-ci il tarixli əsas və 24 yanvar 2023-cü il tarixli əlavə qətnamələrinin əsaslılığını mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə qətnamədən apellyasiya şikayəti verilməməsi həmin qətnamənin əsaslılığının yoxlanmasının qarşısını almır. Belə ki, əlavə qətnamə əsas qətnamənin tərkib hissəsidir və ondan ayrılmazdır. Digər tərəfdən, işdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən əlavə qətnamə əsas qətnamədən apellyasiya şikayəti verilən gün çıxarılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır.
22. Cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır.
23. İşin apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, iddiaçının yaşadığı ünvanda 2018-ci ilin fevral ayından 2022-ci ilin avqust ayınadək sayğac üzrə və sayğacdan kənar təbii qazdan hansı həcmdə istifadə olunduğu barədə ekspertlər qarşısında sual qoyulmuşdur. Cavabdeh isə ekspert vəsatətində tələb olunan sənədləri ekspertizaya təqdim etməmiş, nəticədə ekspertizanın keçirilməsi baş tutmamışdır.
24. MPM-ə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (maddə 97.5).
25. Kollegiya MPM-in 97.5-ci maddəsinin tələblərini rəhbər tutaraq ekspertizanın keçirilməsini tələb edən cavabdehin ekspertizanın aparılması üçün tələb olunan məlumatları təqdim etməməsini onun ekspertizanın keçirilməsində maraqlı olmaması, habelə onun keçirilməsinə maneə törətməsi kimi qiymətləndirir və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
26. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz.
27. Apellyasiya şikayətinin əsas dəlillərindən biri birinci instansiya məhkəməsinin qətnamədə MPM-in işə baxılarkən qüvvədə olmayan 77.2-ci maddəsinə istinad etməsi barədədir.
28. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həqiqətən də MPM-in 77.2-ci maddəsinə prosessual norma kimi istinad etmişdir. Halbuki, həmin norma işə baxılarkən qüvvədə olmamışdır. Belə ki, bu norma xx.xx.2021-ci il tarixli 363- VİQD nömrəli Qanunla ləğv edilmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qətnamədə qüvvədə olmayan prosessual normaya istinad etməsi məhkəmənin mahiyyəti üzrə gəldiyi nəticəyə təsir etmədiyindən qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün də əsas vermir. Məhkəmə kollegiyası həmin normanın işə baxılarkən qüvvədə olmadığnı nəzərə alaraq bu istinadı sadəcə olaraq qətnamədən xaric edir.
30. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
31. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
32. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.
33. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 20 dekabr 2022-ci il tarixli əsas və 24 yanvar 2023-cü il tarixli əlavə qətnamələri mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.