Məhkəmə qərarları › İş №2(103)-2384/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2384/2024

30.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2384/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı şirkətinin Cavabdeh qarşı özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması barədə iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (qanunsuz tikilinin sökülərək boşaldırlması və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı şirkətinin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(001)-2777/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 423 nömrəli sərəncamına əsasən Cavabdeh Binəqədi qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 600,0 kv.m torpaq sahəsi ayrılmış, Cavabdeh həmin torpaq sahəsinə özünə ev tikərək orada yaşayır. 2.İddiaçı şirkəti həmin torpaq sahəsinin və tikilinin “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyini, cavabdehin lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını ciddi surətdə pozaraq kontrakt sahəsində özbaşına tikinti işləri apardığını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiаçı İddiaçı şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2 saylı mədənin 1ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində (1. 400778.327 4481548.116; 2.400814.236 4481537.140; 3.400807.571 4481512.521; 4.400771.349 4481524.36 koordinatları daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, həmin tikili Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir, cavabdeh lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını ciddi surətdə pozaraq kontrakt sahəsində özbaşına tikinti işləri aparmışdır. Tikilinin nə vaxt inşa edilməsi barədə məlumatları yoxdur. İddiaçı əməliyyat şirkəti qismində fəaliyyət göstərir, ona kontrakt sahəsində neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Buna görə də kontrakt sahəsində tikinti işlərinin aparılması isə iddiaçının hüquqlarını pozur. 5.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 03 avqust 2022-ci il tarixli, 2(003)-2777/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Etibar Mustafayev) iddia tələbi təmin edilərək, Cavabdeh 2 saylı mədənin 1-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları (1. 400778.327 4481548.116; 2.400814.236 4481537.140; 3.400807.571 4481512.521; 4.400771.349 4481524.36 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin Cavabdeh hesabına sökülməsi və tikilinin yerləşdiyi ərazinin boşaldılaraq İddiaçı Şirkətinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pulun Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulması qət edilmişdir. 6.Məhkəmə iddia tələbinin təmin edilməsi üzrə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: 7.Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X11.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş bağlanmış, həmin Saziş Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ №-li Qanunu ilə qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun 5-ci bəndində qeyd olunmuşdur ki, Sazişin pay iştirakçılarına Sazişdə nəzərdə tutulan kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. AZEN X11.Vi., ARDNŞ-nin Ortaq Neft Şirkəti və İddiaçı Şirkətinin (iddiaçının) arasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blok üzrə birgə əməliyyat sazişi bağlanmış, iddiaçı əməliyyatçı təyin edilmişdir. Həmin sazişə görə əməliyyatçının bütün birgə əməliyyatlara tam nəzarət və rəhbərlik həyata keçirmək səlahiyyəti vardır, əməliyyatçının və əməliyyat şirkətinin müqavilədə nəzərdə tutulmuş bütün hüquq, funksiya və vəzifələrinə malikdir. 8.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(001)- 2777/2022 saylı qərardadına əsasən,cavabdeh tərəfindən inşa edilmiş tikilinin təhlükəsizlik zolağı daxilində yerləşən neft quyusunun, neft xəttinin təhlükəsizlik zolağı daxilində olub-olmamasının, həmin torpaq sahəsinin məqsədi təyinatına və hüquqi rajiminə görə hansı kateqoriya torpaqlara aid olması və Cavabdeh tərəfindən inşa olunan tikilinin şəhərsalma norma və qaydalarına uyğun inşa edilib-edilməməsinin müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 9.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli məlumatına əsasən, ekspertiza aparılmasından imtina olunsa da, Azərbaycan Respublikasının İqtisadiyyar Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 29 iyul 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, təqdim edilmiş koordinalara əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftqaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüduları daxilində yerləşir. Torpaq sahəsi və üzərindəki yaşayış evi dövlət qeydiyyatına alınmayıb. 10.Beləliklə, tikilinin yerləşdiyi torpaq sahəsi zəbt olunmuş və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. O cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin2-ci hissəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 11.İddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf” hesab olunduğundan evin sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb edə bilər. 12.Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4-cü; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1, 2 və 3-cü hissləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 227 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv ediməsini və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh olaraq o, iştirak etdiyi məhkəmə iclasında məhkəmə qətnaməsində yazıldığı kimi (tikinti tikəndə iddiaçıya müraciət etmişdim) ifadə verməmişdir, əksinə tikilmiş fərdi yaşayış evinin qanunsuz olmadan Bakı şəlıəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 423 saylı sərəncamına və əlavə edilmiş müvafiq cizgi-plana əsasən ona ayrılmış Bakı şəlıəri Binəqədi rayon Binəqədi Qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi ayrıldığını və mübahisəli fərdi yaşayış evinində həmin tarixdən tikildiyini, hətta həmin tarixdən də istifadə və sahibliyində olmaqla yaşadığını bildirmişdir. Bundan əlavə olaraq sərəncam və cizgi-planıda iştirak etdiyi məhkəmə iclasında təqdim elmişdir. Eyni zamanda da məhkəmə iclasının növbəti tarixi barədə ona məlumat veriləcəyi bildirilmişdir. Cavabdeh isə həmin dövrdə səhhəti ilə əlaqədar xəstəxanada yatdı və ona məhkəmə barədə məlumat verilmədi. Məhkəmə qətnaməsinin çıxardılmasından və nəticəsi barədə məlumatlandırılmadı. Lakin 2023-cü ilin dekabrın əvvəlində Binəqədi rayon İcra şöbəsindən gələn sms vasitəsilə icra şöbəsinə yaxaılaşmış və məlumatladırılmışdır. Dərhal da məhkəməyə rəsmi ərizə verərək məhkəmə qətnaməsinin surətini rəsmi almışdır. Qətnamədən narazı olduğu üçündə şikayətini verirmişdir. Eyni zamanda da qeyd edir ki, ona torpaq sahəsi ayrılanda və fərdi yaşayış evi tikilib başa çatanda, hətta cavabdeh artıq yaşamağa başlayanda qeyd edilən toıpaq sahəsi ilə bağlı iddiaçı ilə bağlı müqavilə və saziş belə olmamışdır. Torpağın ayrılması və fərdi yaşayış evinin tikintisi 1995-ci ildə olmuşdur ki, iddiaçının müqaviləsi 2004-2005-ci ilə təsadüf edir. Qaldı ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 29 iyul 2022- ci il tarixli məktubunda göstərilmişdir ki təqdim edilmiş koordinalara əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nefiqaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Bunada münasibətdə bildirir ki ona aynlan torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi“nin hüdudları daxilində yerləşirsə cavabdehdən sonra alınan və fərdi yaşayış evi tikilən qonşuları necə mənzillərinə çıxarış almışdırlar.Bakı şəhəri Binəqədi rayon İcra Hakmiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 423 sayiı sərəncamına və əlavə edilmiş müvafiq cizgi-plana əsasən cavabehə Bakı şəlıəri Binəqədi rayon Binəqədi Qəsəbəsində ferdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə və onun üzərində həmin tarixdən də tikilmiş fərdi yaşayış evinə 1995-ci ildən sahiblik və istifadə hüququ yaranmışdır. Eyni zamanda da həmin sərəncam cavabdehin gələcəkdə mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır.Cavabdeh tərəfindən əvvəlki məhkəmə iclasında sübut kini təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 423 saylı səıəncamına və əlavə edilmiş müvafiq cizgi-plan nəzərə alınmamış və məhkəmə qətnaməsində belə qeyd aparılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X3 yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 18.Məhkəmə kollegiyasının iclasında İddiaçı şirkətinin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 19.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 20.Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 21.Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 22.Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 23.Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 24.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 25.Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı: -1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. -1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarı: -Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir. -Dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasına imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasını da əsas kimi göstərmişdir. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi istifadə etdikləri qanunsuz tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X4rşı” qərarında da öz əksini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əhmədova Azərbaycana Qarşı” iş üzrə xx.xx.2021-ci il tarixli qərarı: -Məhkəmə hazırkı işdə müşahidə edir ki, yerli məhkəmələr evin sökülməsini və ərizəçinin evi boşaltmasını qərara alarkən yalnız o fakta əsaslanmışdır ki, ev dövlət mülkiyyətində olan torpaqda özbaşına tikilmişdir. (müqayisə edin Bagdonavicius and Others, cited above, § 102). Ərizəçinin şikayətlərində sözügedən evin onun və qızının yeganə yaşayış yeri olmasını və əgər evdən çıxarılsalar evsiz qalacaqlarını, çünki onların başqa ev almaq üçün heç bir vəsaitləri olmamasını mübahisələndirməsinə baxmayaraq, yerli məhkəmələr bu arqumentə tamamilə əhəmiyyət verməmiş və bir-birinə zidd maraqları ölçə bilməmişdir. (ziddinə Kaminskas v. Lithuania, no. 44817/18, § 64, 4 August 2020). -Əlavə olaraq, hazırkı iş kimi işlərdə mütənasiblik dövlət orqanlarının torpaq sahəsini nə kimi istifadə edəcəkləri ilə ayrılmaz bağlıdır. Hazırkı işdə nə Azneft məhkəmədə qaldırdığı iddiada, nə də Hökümət arqumentlərində torpaq sahəsinin neft əməliyyatları və başqa inkişaf məqsədləri üçün təcili lazım olduğunu iddia etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 26.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 28.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdəiştirak edən şəxslərə aid edilir. 29.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 30.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 32.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 33.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. 34.Belə ki, iş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 423 nömrəli, Cavabdeh Binəqədi qəsəbəsində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması barədə sərəncamından görünür ki, həmin sərəncamla Cavabdeh yaşayış evi tikmək üçün Binəqədi qəsəbəsində 600,0 kv.m torpaq sahəsi ayrılmışdır. 35.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3636 saylı ekspert rəyinə əsasən AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndis-inventarlaşdırıcısı Orxan Səmədzadənin mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi fakitki olaraq 628,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi, köməkçi tikililər və qeyr-yaşayış obyekti mövcuddur. Sahənin qonşu sahəyə bir ədəd qapı (əl qapısı) açılmışdır. Sözügedən torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Faktiki olaraq göstərilən 628,0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron Kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. (Binəqədi OYL) 36.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-33338-2024 saylı mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi fakitki olaraq 628,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi, köməkçi tikililər və qeyr-yaşayış obyekti mövcuddur. Sahənin qonşu sahəyə bir ədəd qapı (əl qapısı) açılmışdır. Sözügedən torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Faktiki olaraq göstərilən 628,0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron Kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. (Binəqədi OYL) 37.Kollegiya qeyd edir ki, hazırkı işdə cavabdeh istifadəsindəki torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 423 nömrəli sərəncamı ilə əldə etmişdir. Deməli, cavabdehin sahibliyi qanuni hesab edilməlidir. 38.Həmçinin müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək, uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. 39.İddiaçı tərəf bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına heç bir maneçilik törətməmiş və susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılığını bildirmişdir. 40.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Önəryıldız Türkiyəyə qarşı" iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilir ki, “mülkiyyət" anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və "qanuni gözləntiyə" malik olduğuna dair tələblərini də əhatə edə bilər. 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 15 yanvar 2010-cı tarixli Qərarında qeyd olunur ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. 42.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsinin zəbt olunması və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilməsinə istinad edərək iddianın təmin edilməsi üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. 43.Bu kontekstə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilərək, yeni qətnamə qəbul edilməlidir. 44.İş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 423 nömrəli Sərəncamına əsasən Cavabdeh sahibliyinə verilmişdir. Yəni, həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. Fərdi yaşayış evinin tikilməsi üçün vətəndaşa torpaq sahəsi ayrılması barədə Sərəncam heç bir inzibati akt və ya məhkəmə qərarı ilə ləğv və ya etibarsız hesab edilməmişdir. Ona görə də, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin 1995-ci ildə Cavabdeh verilməsinə dair müvafiq səlahiyyətlərə malik orqanın Sərəncamı olduğu üçün, həmin torpaq sahəsi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsi hesab edilə bilməz. 45.Kollegiya iddiaçı tərəfin cavabdehin adına verilmiş sərəncamın etibarsızlığı ilə bağlı Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8229/2022 saylı qərardadına istinad etməsini əsaslı hesab etmir. Belə ki, həmin qərardadla cavabdehin adına verilmiş Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 423 nömrəli Sərəncam etibarsız hesab olunmamış, iddiaçının bununla bağlı iddiası mümkünsüz sayılmışdır. Göründüyü kimi, cavabdehin adına verilmiş Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 423 nömrəli Sərəncamın etibarsız hesab olunması ilə bağlı məhkmə aktı mövcud deyildir. 46.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir cavabdehin mübahisələndirilən torpaq sahəsi və onun üzərində inşa edilmiş tikili üzərində sahiblik hüquqları qanuni əsaslara mövcud olduğundan, iddiaçının sökülməsini tələb etdiyi mübahisələndirilən tikili özbaşına tikili hesab edilmədiyindən iddia tələbi əsassız hesab edilməklə təmin edilə biləz. 47.Qeyd olunan xüsusatları ümumləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(001)-2777/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. 48.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 100 manat məbləğində pul İddiaçı şirkətindən tutularaq ekspertiza mərkəzinin hesabına keçirilməlidir. 49.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(001)-2777/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə İddiaçı şirkəti tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 100 (bir yüz) manat pul İddiaçı şirkətindən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar