Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2389/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-4282/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, NDM seriyalı, 018693 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 579,10 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 10010, mənzil: 0003 ünvanında ailəsi ilə birgə yaşayır. “xxxx” ASC ilə bağlanmış müqaviləyə əsasən, iddiaçı **********00003 saylı abonent kodu üzrə elektrik enerjisindən istifadəyə görə ödənişləri vaxtlı-vaxtında və tam şəkildə etmişdir. Qeyd olunan yaşayış yeri iddiaçının daimi qaldığı yaşayış yeri olmamış, lakin karantin rejimi ilə əlaqədar aprel ayında daimi olaraq köçmüşdür.“xxxx” ASC-nin X1 Nəzarət İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixli, NDM seriyalı, 018693 nömrəli akt tərtib olunaraq, iddiaçının yetkinlik yaşına çatmayan ailə üzvünə verilmişdir. Sonrakı ay enerji sərfiyyatı ilə bağlı bildiriş xəbərdarlıq gələn zaman, bildirişdə 578 manat borcun olması əks olunmuşdur. İddiaçı tərəfindən həmin sayğaca heç bir müdaxilə olunmayıb, yoxlamanın nəticəsi tamamilə əsassız və qanunsuzdur. İddiaçı əsassız hesablanmış borcun silinməsi barədə aidiyyəti idarəyə müraciət etsə də, ərizəsinə cavab verilməmişdir. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyini iddia edən tərəf, ilk növbədə həqiqətən o pozuntunun məhz məişət abonenti tərəfindən edildiyi sübut etməlidir.Aparılan “yoxlama” və mübahisələndirilən həmin akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir. Yoxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə bilərəkdən yanlış səbəblər göstərmişlər. “xxxx” ASC-nin əməkdaşları daim elektrik sayğacının quraşdırıldığı yerə müdaxiləsiz baxış keçirmiş və nə vaxtsa bununla əlaqədar xəbərdarlıq olunmamışdır. İlk növbədə həmin sayğaca baxış zamanı həqiqətən həmin müdaxilə izlərinin olubolmaması sual doğurur. Digər tərəfdən istehlakçının iştirakı olmadan aparılan yoxlama özü şübhəlidir, yəni olduğu halda həmin qüsurlar sonradan meydana gələ bilərdi. Müdaxilə əvvəldən mövcud olsa idi, mütəmadi sayğaclara baxış keçirən idarə əməkdaşları bunu aşkar edər və bununla bağlı akt tərtib edərdilər, yada ki, bu barədə akt tərtib edilənədək həmin qüsurlar göstərilərdi. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-4282/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə yoxlama zamanı iddiaçının evinə quraşdırılmış sayğaca müdaxilə olunması aşkar edilmiş və bu faktla bağlı akt tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasında gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin materiallarında olan “xxxx” ASC-nin NDM № 018693 saylı, xx xxx 2020-ci il tarixli aktından görünür ki, “xxxx” ASC-nin əməkdaşlarının iştirakları ilə Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 10010, mənzil 0003 ünvanında quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, sayğac qoşulma sxemi səhvdir. İşin materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, İddiaçı məxsus Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 10010, mənzil 0003 ünvanına dair cəmi 624,13 manat məbləğində borc hesablanmışdır. Qeyd olunan arayışdan görünür ki, NDM № 018693 saylı, xx xxx 2020-ci il tarixli akta əsasən 579,10 manat borc hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6- cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılmasıüçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd olunan Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İş materiallarından göründüyü kimi, istehlakçının adına tərtib edilmiş akt üzrə ümumilikdə 579,1 manat borc hesablanmışdır. Cavabdehin sübut kimi istinad etdiyi aktın surətindən görünür ki, aktda aktı tərtib etmiş şəxslər abonentin onları imzalamaqdan imtina etdiyi barədə qeydlər aparmışlar. Beləliklə, akt birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı aktı imzalamamışdır. Aktlarda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. İddiaçı da aktın məlumatlarının mötəbərliyini mübahisələndirir və borcunun olmadığını bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-4282/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün xxxx” Açıq Səhmdar Cəmiyyətinin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2389/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2389/2021
01.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver