Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2389/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli qərardadından iddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "tikilinin sökülməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində həyata keçirilən təmir-bərpa işlərinə maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir, onlar da qarşılıqlı olaraq tikilinin Cavabdeh hesabına sökülməsi tələbi ilə müraciət etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən 22 yanvar 2025-ci il tarixli (2(008)-1464/2025 nömrəli mülki iş üzrə, hakim Adilə Paşayeva) qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Qərardad belə əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsi məzmun baxımından qarşılıqlı iddia ərizəsidir. Qarşılıqlı iddianın ilkin iddia ilə birlikdə baxılması zərurəti Mülki Prosessual Məcəllənin 156-cı maddəsində təsbit edilmiş şərtlərdən də irəli gəlir. Tələblər arasında əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə, eləcə də qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa ərizə qarşılıqlı iddia kimi ilk iddia ilə baxılması üçün ilk tələb üzrə icraat çərçivəsində verilməlidir. Ona görə, hazırki iddia üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Həmin qərardaddan iddiaçı tərəf (nümayəndəsi və vəkili Nümayəndə) şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, MPM-nin 170.1-ci maddəsinə əsasən Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Bir daha bildiririk ki, MPM-nin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Bununla da həmin normanın tələbinə əsasən verilmiş qarşılıqlı iddiaya məhz mülki məhkəmə icraatı qaydasında baxılmalı olması nəzərdə tutulsa da norma düzgün tətbiq edilmədən əsassız olaraq icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 10 fevral 2025-ci il tarixli qərardad qəbul edilərək, şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi şikayəti mümkün hesab edərək, icraata qəbul etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün birinci istansiya məhkəməsinə göndərilməlidir. Belə ki, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, habelə Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra mətndə – Konstitusiya) müvafiq olaraq hər kəsin ayrılmaz hüquqlarından biri olan məhkəmə müdafiəsi hüququ ilə pozulmuş hüquqların səmərəli bərpasına, məhkəmələr vasitəsilə qanuni mənafelərin qorunmasına təminat verilir. Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmiş, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilmişdir (Konstitusiyanın 12 və 60-cı maddələrinin İ hissələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə – MPM) 2-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri kimi hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması göstərilmişdir. Konstitusiyanın 127-ci, habelə MPM-in 9.1-ci maddələrinə uyğun olaraq, məhkəmə icraatı tərəflərin hüquq bərabərliyinə, çəkişmə prinsipinə əsasən həyata keçirilir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 7, 8 və 10-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin məzmununa görə iddiaçı və cavabdeh eyni həcmdə məhkəmə müdafiəsi hüququna malikdirlər. Bu iddiaçı ilə yanaşı cavabdehin də bərabər hüquqlu tərəf kimi mülki prosesdə öz hüquqlarını müdafiə etmək imkanlarının olması anlamına gəlir. Oxşar müddəa MPM-də də nəzərdə tutulmuşdur. Məcəllənin 50.5-ci maddəsinə görə, tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar. Qeyd olunan normalara uyğun olaraq mülki prosessual qanunvericilikdə cavabdeh üçün nəzərdə tutulmuş prosessual müdafiə vasitələrindən biri də Məcəllənin 155-ci maddəsində müəyyən edilən ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia vermək hüququdur (Konstitusiya Məhkəməsi Plenumunun “MPM-in 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 dekabr tarixli Qərarı). Lakin nəzərə almaq lazımdır ki, MPM-in 156-cı maddəsi ilə qarşılıqlı iddianın qəbul edilməsi üçün bəzi şərtlər müəyyən olunmuşdur. Həmin şərtlərin tələbinə görə qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməli, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmalı, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olmalı və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələlənməlidir. Göstərilən normalardan belə nəticəyə gəlmək olar ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiaya qarşı müstəqil maddi-hüquqi tələbi və müdafiə vasitəsidir. İlkin və qarşılıqlı iddiaya birlikdə baxılması tərəflər arasındakı mübahisənin daha tez həll edilməsinə imkan verir, öz aralarında əlaqəli olan tələblərə dair ziddiyyətli qərarların çıxarılmasının qarşısını alır. Birinci istansiya məhkəməsi iş üzrə icraata xitam verərkən MPM-in 261.0.1-ci maddəsini ( MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir) rəhbər tutmuşdur. Hazırkı iş üzrə araşdırma aparılan zaman sözügedən işin məhkəmədə və ya mülki məhkəmə icraatında baxılmalı olmaması ilə bağlı hallar aşkar olunmamışdır. Kollegiya həmçinin qeyd edir ki, hər iki iddianın eyni məhkəmədə və hakimin icraatında olduğunu nəzərə alaraq hakimin hər iki işi bir icraatda birləşdirilməsi daha məqsədə müvafiq olardı. Sözügedən mübahisənin obyektiv, ədalətli və ləngimədən baxılmasını təmin etmək üçün MPM-in 169.3-cü maddəsini tətbiq edə bilərdi. MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur. Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarı). Nəzərə alınmalıdır ki, tələblərin kökündə eyni hüquqi münasibətlərin dayanması, həmin münasibətlər nəticəsində yaranmış mübahisələrin bir-biri ilə əlaqəli hesab olunaraq mülki məhkəmə icraatında birlikdə baxılmasına əsas verir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə baxan hakim məsələyə formal yanaşaraq mülki iş üzrə icraata xitam verilməsi ilə bağlı gətirdiyi əsaslar iş materialları ilə öz təsdiqini tapmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir. Bundan başqa, Məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən həmçinin MPM-in 169.3-cü maddəsinin tələblərini də nəzərdən keçirməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r v e r d i: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(008)- 1464/2025 nömrəli qərardadı ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2389/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2389/2025
02.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver