Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2390/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı Cavabdeh, X7 və X10 qarşı “pulun tutulması, birgə nikah dövründə əldə olunmuş əmlakların və yaranmış borcların bölünməsi, müqavilələrin etibarsız hesab edilməsi, əmlakların hərracdan satılaraq pulunun bölüşdürülməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə X8 və X11 da cavabdehlər qismində göstərməklə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdehla nikahları dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin aralarında bərabər olaraq bölünməsi; “İnfiniti G25” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı ** NO *** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobillərin qiymətləndirilərək açıq hərracda satılması və dəyərinin aralarında bərabər bölünməsi; X9 adına olan “VAZ-21214 Urban” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə xx.xx.2019-cu il tarixdə bağlanmış və X4 adına olan “X26” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərin maddi dəyərinin qiymətləndirilərək açıq hərracda satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi; xx.xx.2019-cu il tarixədək tərəfindən borc öhdəliklərinə görə ödədiyi 1 584 162,99 manatın 1/2 hissəsinin, yəni 792 081,50 manatın Cavabdeh tutularaq ona ödənilməsi; xx.xx.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdehla 1996-cı ilin avqust ayında nikaha daxil olaraq ailə qurmuş, iki övladları dünyaya gəlmiş, nikahları dövründə ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzili, “VAZ-21214” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobili, “X26” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobili, “İnfiniti G25” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili, “BMW 745” minik markalı ** NO *** dövlət qeydiyyat nişanlı avtomobili, “Mercedes S600” minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobili, “Porsche Panamera” minik markalı ** MM *** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmiş, hazırda Cavabdeh nikahlarının pozulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası DİN BDYPİyə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh birgə nikah dövründə əldə etdikləri “VAZ-21214” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı və “X26” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilləri onun razılığı olmadan, faktiki olaraq ayrı yaşamalarından istifadə edərək özgəninkiləşdirmişdir Hesab edir ki, həmin alqı-satqı müqavilələri etibarsız hesab edilməli, həm özgəninkiləşdirilən, həm də digər əmlaklar bölgüyə cəlb olunmalıdır. Bundan başqa, Cavabdehla birgə nikahda olduqları müddətdə müxtəlif kommersiya banklarından müxtəlif həcmli kreditlər götürülmüş, kreditlərin böyük bir hissəsi biznes fəaliyyəti ilə əlaqədar alınmışdır. “xxxx” MMC-dən sorğu əsasında alınmış xx.xx.2019-cu il tarixli SF5883 nömrəli çıxarışdan görünür ki, xx.xx.2009-cu il tarixdən çıxarış verilən tarixədək, yəni xx.xx.2019-cu il tarixə tam ödənilmiş kredit məbləği 1 387 237,43 manat təşkil etmişdir. Bundan başqa, “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, banka xx.xx.2019-cu il tarixə borcu cəmi 128 046,20 manat, kreditin icra müddətinin bitəcəyi tarixə, yəni xx.xx.2021-ci il tarixə 170 138,43 manat təşkil edir. “X27 Azərbaycan” QSC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş maliyyə arayışından görünür ki, onun həmin banka olan borcunun ümumi məbləği 312 967,39 manatdır. Bundan əlavə, “X24 Pazarlama San və TİV A.Ş.” ilə Türkiyə Respublikasının Bodrum şəhərində yerləşən “Royal Heights” adlı şəhərcikdə “Scallop” tipli 13 və 14 nömrəli mənzillərə dair müqavilələr qızları Ayşa Mədətovanın adına bağlanmış, bu müqavilələrə əsasən xx.xx.2019-cu il tarixə satıcıya tərəfindən 102 464 Avro (manatla ekvivalenti 196.925 manat 56 qəpik) pul ödənilmiş, həmin tarixə şirkətə olan borc məbləği 127 536 Avro (manatla ekvivalenti 245 111 manat 43 qəpik) təşkil etmişdir. Göstərilən borc öhdəlikləri yalnız onun tərəfindən, qohumlarından aldığı və öz biznes fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlər hesabına ödənilmişdir və hazırda da özü tərəfindən ödənilir. Adına götürülən kredit məbləğlərinin böyük bir hissəsi Cavabdeh tərəfindən səsyazma studiyası qurulması üçün alınmış, vəsaitdən qalan məbləğlər isə Cavabdeh tərəfindən ailələrinin mənafeyi ziddinə xərclənmişdir. Ümumilikdə, xx.xx.2019-cu il tarixə olan borc öhdəliklərinin cəmi məbləği 483 105,82 manat, tərəfindən borc öhdəliklərinə görə ödədiyi cəmi məbləğ isə 1 584 162,99 manat təşkil edir. Hesab edir ki, göstərilən tarixədək tərəfindən borc öhdəlikləri üzrə ödənilmiş 1 584 162,99 manat vəsaitin 1/2 hissəsi, yəni 792 081,50 manat Cavabdeh tutularaq ona ödənilməli, eyni zamanda göstərilən tarixə olan borc məbləğini təşkil edən 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyi Cavabdeh aid edilməlidir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ünvan 2 ünvanında yerləşən 30 nömrəli mənzilin, İddiaçı adına olan “Porsche Panamera” minik markalı **-MM- *** dövlət qeydiyyat nişanlı (2012-ci il buraxılışlı, WPOZZZ97ZDL072325 ban №-li) avtomobilin, Türkiyə Respublikasının Bodrum şəhərində müqavilə əsasında ikisinin adına olan evin, İddiaçı adına olan Bakı şəhəri, Xocasən qəsəbəsi, P.Allahverdiyev küçəsi, döngə 11 ünvanında yerləşən evin, Zaqatala rayonunun Car kəndində yerləşən evin, “Range Rover” markalı ** EL *** dövlət qeydiyyat nişanlı (SALLMAME4AA312003 ban №li) avtomobilin və “X23” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı (SALLAAA147A441536 ban №-li, 2007-ci il buraxılışlı) avtomobilin aralarında bölgüsünün həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin qismən təmin olunması, ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh, “İnfiniti G25” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, X9 adına olan “VAZ 21214” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə xx.xx.2019-cu il tarixdə bağlanmış və X4 adına olan “X26” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin avtomobillərin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi, xx.xx.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid olunması, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və qarşlıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, ilkin iddiaçının banklar qarşısında yaranmış öhdlikləri ilə bağlı ilkin iddia tələbinə qiymət verərkən Ailə Məcəlləsinin 41-ci maddəsini düzgün tətbiq etmədiyi, “VAZ 21214” minik markalı **-XS-*** dövlət qeydiyyat nişanlı və “X26” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanmış alqısatqı müqavilələrini etibarsız hesab etsə də, eyni yanaşmanı “Range Rover” markalı ** EL *** dövlət qeydiyyat nişanlı və “X23” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillərə münasibətdə tətbiq etmədiyi, Bakı şəhəri, Xocasən qəsəbəsi, P.Allahverdiyev küçəsi, döngə 11 ünvanında yerləşən ev və Zaqatala rayonunun Car kəndində yerləşən evlə bağlı sübutların əldə olunması barədə vəsatətinə əhəmiyyət verməyərək əsassız şəkildə həmin əmlaklarla əlaqədar tələbini rədd etdiyi arqumentləri ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) X13,təmsil etdiyi şəxsin ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzil, “İnfiniti G25” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşdığını bildirməklə apellyasiya şikayətini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını; İddiaçı nümayəndəsi və vəkili X12 şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, ilkin iddia üzrə digər cavabdehlər isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh olunmalı, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. İşdə qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, iddia tələblərindən bəzilərinə ümumiyyətlə qiymət verməməklə yanaşı, ilkin və qarşılıqlı iddia tələblərinin hansı hissələrinin təmin edilmədiyi ilə bağlı ayrı-ayrılıqda əsaslandırma aparmamış, bölünməsinə qərar verdiyi “X26” markalı avtomobilin dövlət qeydiyyat nömrəsini yanlış göstərməklə qətnamənin icrası zamanı problemlər ortaya çıxması ehtimalına şərait yaratmış, ilkin iddiaçı avtomobillərin paylara bölünməsini tələb etmədiyi halda bunun zəruriliyini əsaslandırmadan ilkin iddia tələbindən kənara çıxmışdır – hansı ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, qeyd olunan hallar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin müəyyən olunan hallarına görə Elnurə Ağayeva ilə Elnur Mədətov 1996-cı ilin avqust ayında nikaha daxil olmuş, birgə nikahlarından iki uşaqları dünyaya gəlmiş, 2018-ci ilin sonlarında münasibətləri pozulmuş və sonradan Cavabdeh nikahın ləğvi barədə məhkəmədə iddia qaldırmışdır. İş materiallarından aydın olur ki, ilkin iddiaçının mübahisəsini etdiyi əmlaklar - ünvan 1 ünvanında yerləşən evin 30 saylı mənzili xx.xx.2010-cu il tarixdə, “BMW 745” minik markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə, “Mercedes S600” minik markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə, “İnfiniti G25” minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə, “VAZ 21214” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə, “X26” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Cavabdeh adına, “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə ilkin iddiaçının öz adına qeydiyyata alınmış, “BMW 745” markalı və “Mercedes S600” markalı avtomobillər müxtəlif tarixlərdə etibarnamə əsasında digər şəxslərin istifadəsinə verilmiş, “VAZ 21214” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə X1 ona ** XS *** nömrə nişanı təhkim edilmiş, “X26” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh anası Mahirə Quliyevaya satılaraq sonradan avtomobilə dair Cavabdeh etibarnamə verilmişdir. İddiaçı iddiasına görə sadalanan əmlaklar Cavabdehla nikahda olduqları dövrdə əldə olunduğundan sözügedən mənzil aralarında bərabər paylarda bölünməli, “VAZ 21214” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “X26” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilməli, həm həmin avtomobillər, həm də digər avtomobillər qiymətləndirilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait bərabər paylara bölünməli, eyni zamanda xx.xx.2019-cu il tarixədək borc öhdəliklərinə görə ödədiyi 1 584 162,99 manatın 1/2 hissəsi, yəni 792 081,50 manat Cavabdeh tutularaq ona ödənilməli, həmin tarixə borc öhdəliyi kimi yaranmış 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyi Cavabdeh aid olunmalıdır. Qarşılıqlı iddiaçı (Cavabdeh) isə, ünvan 1 ünvanında yerləşən evin 30 saylı mənzili və “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanaşı, Türkiyə Respublikasının Bodrum şəhərindəki evin, İddiaçı adına olan Bakı şəhəri, Xocasən qəsəbəsi, P.Allahverdiyev küçəsi, döngə 11 ünvanında yerləşən evin, Zaqatala rayonunun Car kəndində yerləşən evin, “Range Rover” markalı ** EL *** dövlət qeydiyyat nişanlı və “X23” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillərin bölgüsünün həyata keçirilməsini tələb etməkdədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Kollegiya hər iki tərəfin ünvan 1 ünvanında yerləşən evin 30 saylı mənzilinin bərabər paylarda bölünməsini istədiklərini nəzərə almaqla həmin mənzillə bağlı həm ilkin, həm də qarşılıqlı iddianı əsaslı sayır və bununla əlaqədar geniş əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. İlkin iddiaçının “VAZ 21214” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “X26” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanmış alqısatqı müqavilələrinin etibarsız hesab olunması” tələblərini də kollegiya əsaslı hesab edir. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlaka dair bağlanan müqavilələrin etibarlılığı üçün xüsusi qaydalar da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33-cü maddəsinə görə, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə görə də, “ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər”. Mülki Məcəllənin 650-ci maddəsinə görə isə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsaslanmaqla kollegiya hesab edir ki, rəsmi reyesterdə qeydə alınmalı əmlak olan “VAZ 21214” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “X26” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab olunmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, hər iki avtomobil İddiaçı ilə Cavabdeh münasibətlərinin pozulmasından və aralarında məhkəmə mübahisəsinin başlamasından sonra satılmışdır; “X26” markalı avtomobil isə Cavabdeh öz anasına satılmaqla müqavilənin bağlandığı gün Cavabdeh adına avtomobilə dair etibarnamə verilmişdir və avtomobil hazırda da onun istifadəsindədir. Bu hallar, sözügedən avtomobillər barədə bağlanmış müqavilələrin müvafiq hüquqi nəticə əmələ gətirmək niyyəti olmadan yalnız görünüş üçün, yəni sırf həmin avtomobilləri birgə nikah dövründə əldə edilmiş əmlak statusundan çıxarmaqla bölgüdən kənarda saxlamaq məqsədilə bağlanmış olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas verir; Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən isə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Kollegiya apellyasiya şikayətinin dəlillərindən asılı olmadan bir məsələyə də qiymət verərək qeyd edir ki, hər nə qədər Mülki Məcəllənin 337.5-ci maddəsində, əqd etibarsız olduqda tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməli olduğu nəzərdə tutulsa da, maddənin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı icraat çərçivəsində isə “VAZ 21214” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “X26” minik markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin alqısatqısına görə Cavabdeh hər hansı pul vəsaiti ödənildiyi müəyyən olunmamışdır. Bununla yanaşı kollegiya qeyd edir ki, əgər Mahirə Quliyeva və X25 Mədətova pul verdiklərini iddia edərlərsə, həmin vəsaitin geri qaytarılması barədə ümumi əsaslarla iddia qaldırmaq hüququna sahibdirlər. İlkin iddiaçının “avtomobillərin qiymətləndirilərək açıq hərracdan satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi” tələbinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 220.1-220.2-ci və 220.3-220.5-ci maddələrinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Məcəllənin 220.6-cı maddəsinə görə isə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Göründüyü kimi, ümumi paylı mülkiyyətdə olan əmlakın mülkiyyətçisi, öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi barədə onlara təklif göndərmədən, birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyildir. Mülki Məcəllənin 220-ci maddəsi məhz payını ayırmaq istəyən və buna dair iddia qaldıran mülkiyyətçiyə münasibətdə müəyyən ardıcıllıqla tətbiq edilməli olan qaydaları təsbit edir və bu baxımdan Mülki Məcəllənin 220-ci maddəsinin müddəaları yalnız payını ayırmaq istəyən mülkiyyətçiyə münasibətdə tətbiq olunmalıdır. İşin hallarından göründüyü kimi İddiaçı kompensasiya tələbi ilə bağlı digər mülkiyyətçiyə (Cavabdeh) bildiriş göndərməmiş, ayrılmalı olan payın dəyərini müəyyən etməmişdir. Cavabdehin ayrılmaq istəmədiyi və iddiaçının müvafiq kompensasiya ilə bağlı təklifinin olmadığı, məhkəmənin də İddiaçı malik olduğu tələb etmək hüququnu öz üzərinə götürməsinin istisna olunduğu nəzərə alındıqda qanunvercilikdə nəzərdə tutulmuş mübahisənin mərhələli həlli ilə bağlı müəyyən olunmuş qaydaya əməl edilmədiyi aydın olur. Buna görə də kollegiya hesab edir ki, İddiaçı “avtomobillərin qiymətləndirilərək açıq hərracdan satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi” tələbi təmin oluna bilməz. Bununla belə kollegiyanın qənaətinə görə, hazırkı halda İddiaçı iddia tələbindən kənara çıxılması mümkündür və avtomobillər üzərində payının müəyyənləşdirilməsi barədə yeni iddia qaldırmaq hüququnu ona izah etmək əvəzinə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin (hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər)verdiyi imkanı, prosessual qənaət prinsipini və İddiaçı iradə ifadəsinin məzmununu nəzərə almaqla müvafiq nəticəyə gəlinə bilər. Qeyd olunmalıdır ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür və İddiaçı iddia tələbinin predmeti mahiyyət etibarilə nikah dövründə əldə olunmuş əmlaklar üzərində hüququnun tanınması barədə olmaqla bu hüququn həcmi (miqdarı, ölçüsü və s.) bilavasitə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, avtomobil bölünməz əşya olduğundan onun naturada bölünməsinin mümkünlüyünün araşdırılmasına zərurət yoxdur; apellyasiya baxışı zamanı isə Cavabdeh avtomobillərin bölünməsinə etiraz etmədiyi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı “avtomobillərin qiymətləndirilərək açıq hərracdan satılması və əldə olunmuş vəsaitin bərabər paylara bölünməsi” tələbi qeyd olunan kontekstdə qismən, Cavabdeh “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin bölünməsi” tələbi isə tam təmin edilməli, “İnfiniti G25” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı ** NO *** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı, “Porsche Panamera” minik markalı ** MM *** dövlət qeydiyyat nişanlı, “VAZ-21214 Urban” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı və “X26” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində İddiaçı ½, Cavabdeh ½ hissədə pay hüquqları tanınmalıdır. “BMW 745” minik markalı ** NO *** dövlət qeydiyyat nişanlı və “Mercedes S600” minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobillərin etibarnamə əsasında başqa şəxslərin sahibliyində olması faktına münasibətdə kollegiya qeyd edir ki, mülkiyyətçinin adından hər hansı bir şəxsə avtomobillə bağlı müəyyən səlahiyyətləri özündə əks etdirən etibarnamənin verilməsi onların arasında alqı-satqı müqaviləsinin bağlanması kimi qəbul edilə bilməz. Çünkü Mülki Məcəllənin 181.1-ci və 181.4-cü maddələrinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”na görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası qanunvericiliyin sadalanan müddəalarını rəhbər tutmaqla qeyd edir ki, avtomobil daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı əmlak olduğundan onun alqı-satqısına dair müqavilələr notariat qaydasında bağlanılmalıdır. Mülkiyyətçinin adından hər hansı bir şəxsə avtomobillə bağlı müəyyən səlahiyyətləri özündə əks etdirən etibarnamənin verilməsi isə Mülki Məcəllənin 362.1-ci maddəsində də nəzərdə tutulduğu kimi yalnız özündə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkaləti ehtiva edir. İddiaçı “xx.xx.2019-cu il tarixədək tərəfindən borc öhdəliklərinə görə ödədiyi 1 584 162,99 manatın 1/2 hissəsinin, yəni 792 081,50 manatın Cavabdeh tutularaq ona ödənilməsi” tələbini isə kollegiya əsassız hesab edir. Belə ki, o, qeyd olunan borc öhdəliklərinə görə ödədiyini iddia etdiyi pul məbləğini ailənin ümumi gəlirləri hesabına deyil, özünün şəxsi vəsaiti hesabına ödədiyinə dair heç bir sübut təqdim etməmişdir və bu hal onun müvafiq tələbinin qanuni əsasının dispozitiv şərtlərinin mövcudluğunu istisna edir. Bu zaman həm də nəzərə alınmalıdır ki, həmin tələbinin təmin edilməməsinə baxmayaraq, İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən də şikayət verməmişdir. Kollegiya, İddiaçı “xx.xx.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edilməsi” tələbinin “xxxx” ASC-dən götürülmüş borcla bağlı hissəsini də əsassız hesab edir (həmin tələbin İddiaçı ilə “X27 Azərbaycan” QSC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun bölünməsi hissəsi ayrıca icraata ayrılaraq həmin tələb üzrə icraat dayandırılmışdır). Belə ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsinə görə, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınan vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğunu məhkəmə müəyyən etdikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilə bilər. Ailə qanunvericiliyində ümumi borcun anlayışı olmasa da, kollegiya hesab edir ki, hüquqtətbiqetmə təcrübəsinə əsasən ər-arvadın ümumi borcunun meyarlarını (əlamətlərini) belə xarakterizə etmək olar: borcun ər-arvadın hər ikisinin təşəbbüsü ilə ailənin ümumi ehtiyacları üçün yaranması (ər-arvaddan biri tərəfindən müqavilənin bağlanması zamanı digərinin razılığının alınması və ya borclu sayıldıqları müqavilənin birgə bağlanması); ər-arvaddan biri tərəfindən bağlanmış müqavilə üzrə aldıqlarının hamısının ailənin ümumi ehtiycları üçün sərf olunması. Ailə Məcəlləsinin 37.3-cü maddəsinin dispoziyasından göründüyü kimi, ümumi əmlak bölünərkən ər-arvadın bütün, yəni onlardan hər hansı birinə şəxsən aid olan deyil, yalnız ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir. Kollegiyanın qənaətinə görə, Ailə Məcəlləsinin 41.2-ci maddəsi 37.3-cü maddəni tamamlayıcı xarakterdədir və qanunverici ər-arvaddan birinin nigah dövründə yaranmış borclarının bölgüsü üçün həmin borcların ümumi olduğunun və ailənin ümumi ehtiyacları üçün xərcləndiyinin sübuta yetirilməsini zəruri hesab etmişdir. Əks təqdirdə, yəni ərarvaddan hər hansı birinə aid olan şəxsi borcun bölgüsü tərəflərdən birinin hüquqlarının əhəmiyyətli şəkildə pozulmasına və digər tərəfin əsassız fayda əldə etməsinə səbəb olar. Başqa sözlə, tərəflərdən hansının götürməsindən asılı olmayaraq ər-arvadın hər hansı birinin borcu yalnız o halda onların payına uyğun bölünə bilər ki, bu borcun ailənin ümumi ehtiyacları üçün sərf olunduğu müəyyən və sübut edilsin. Ailə ehtiyacları üçün istifadə edilən vəsaitin anlayışı və tərkibi qanunla müəyyən edilməsə də, təcrübədə bu vəsaitə ailə həyatının gərəkli səviyyədə saxlanılması üçün məsrəf olunan vəsait - yaşayış, qida, paltar, tibbi və hüquqi xidmətə sərf olunan xərclər, birgə yaşayış üçün alınan mənzil (və ya yaşayış sahəsi), uşaqların təhsil haqqı və s. daxil edilir. İş materiallarından İddiaçı “xxxx” ASC ilə kredit müqaviləsini xx.xx.2018-ci il tarixdə bağladığı və borcun xx.xx.2021-ci il tarixinə qədər hesablanmış məbləğ olduğu aydın olur; tərəflərin münasibətlərinin 2018-ci ilin sonlarından faktiki pozulmuş olduğunun müəyyən edildiyi nəzərə alındığında isə, həmin borcun tərəflərin hər ikisinin təşəbbüsü ilə alınmış borc kimi qiymətləndirilməsi və ailənin ümumi ehtiyacları üçün sərf olunduğuna qənaət gətirmək mümkün deyildir. Başqa sözlə, İddiaçı müvafiq tələbi, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Cavabdeh “Türkiyə Respublikasının Bodrum şəhərindəki evin, İddiaçı adına olan Bakı şəhəri, Xocasən qəsəbəsi, P.Allahverdiyev küçəsi, döngə 11 ünvanında yerləşən evin, Zaqatala rayonunun Car kəndində yerləşən evin, “Range Rover” markalı ** EL *** dövlət qeydiyyat nişanlı və “X23” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillərin bölgüsünün həyata keçirilməsi” barədə qarşılıqlı iddia tələbləri ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xocasən qəsəbəsi, P.Allahverdiyev küçəsi, döngə 11 ünvanında yerləşən ev xx.xx.2011-ci il tarixdə İddiaçı qardaşı Etibar Ağayev tərəfindən ona bağışlanmış və xx.xx.2011-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir(“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2015-ci il tarixli Qərarlar). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 225.2-ci maddəsinə görə də, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Şərh olunanlardan göründüyü kimi, Bakı şəhəri, Xocasən qəsəbəsi, P.Allahverdiyev küçəsi, döngə 11 ünvanında yerləşən evin tərəflərin birgə nikahları dövründə əldə olunmuş əmlak hesab edilməsi mümkün deyildir və bu səbəblə də Cavabdeh müvafiq tələbi təmin oluna bilməz. Cavabdeh “Zaqatala rayonunun Car kəndində yerləşən evin bölünməsi” tələbinə münasibətdə qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş sorğuya verilən cavabla, tərəflərin nikahda olduqları dövrdə Zaqatala rayonunun Car kəndində ev deyil, torpaq sahələri əldə etdikləri müəyyən olunmuşdur; bu o deməkdir ki, Cavabdeh sözügedən tələbi təmin oluna bilməz və o, məhz həmin sahələrin bölünməsi ilə bağlı iddia irəli sürə bilər. Türkiyə Respublikasının Bodrum şəhərində evin mövcudluğu ilə bağlı isə məhkəməyə heç bir sübut təqdim olunmamışdır və buna görə də kollegiya həmin tələblə əlaqədar ümumiyyətlə araşdırma aparmağı zəruri hesab etmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya Cavabdeh “Range Rover” markalı ** EL *** dövlət qeydiyyat nişanlı və “X23” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillərin bölgüsünün həyata keçirilməsi” tələbini də əsassız hesab edir: İş materiallarından aydın olur ki, “X23” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydə alınmış, xx.xx.2014-cü il tarixdə həmin nömrə nişanı əvvəlki sahibinin adında saxlanılmaqla alqı-satqı müqaviləsi əsasında X5, bundan sonra isə müxtəlif tarixlərdə digər şəxslərə satılmışdır; “Range Rover” markalı avtomobil isə ** EL *** dövlət qeydiyyat nişanı təhkim olunmaqla xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydə alınmış, xx.xx.2019-cu il tarixdə X6, xx.xx.2019-cu il tarixdə Baxşalıyev Söhrab Rafail oğluna satılmışdır. Göründüyü kimi sözügedən avtomobillər başqa şəxslərin mülkiyyətindədir və həmin müqavilələrin etibarlılığı məsələsinə qiymət verilmədən Cavabdeh iddiasının təmin olunması mümkün deyildir; o isə müvafiq tələbi irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalı, İddiaçı və Cavabdeh hər birindən iddia ərizələrinin verilməsi zamanı dövlət rüsumunun ödənilməmiş hissəsinə görə 10 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Çünki onlar, birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsünə dair iddia ərizəsini məhkəməyə verərkən 40 manat dövlət rüsumu ödəməli olduqları halda (“Dövlət rüsumu haqqında” Qanunun 8.4.10cu bəndinə əsasən), 30 manat rüsum ödəmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3432/2019 saylı saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin olunsun. “VAZ-21214 Urban” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə X16 arasında xx.xx.2019-cu il tarixdə, “X26” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə X14 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin, “İnfiniti G25” minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı ** NO *** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı, “Porsche Panamera” minik markalı ** MM *** dövlət qeydiyyat nişanlı, “VAZ-21214 Urban” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı və “X26” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobillərin ½ (ikidə bir) hissəsi üzərində İddiaçı, ½ (ikidə bir) hissəsi üzərində Cavabdeh mülkiyyət payları tanınsın. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissələrdə təmin olunmasın (İddiaçı “xx.xx.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483 105,82 manatın 1/2 hissəsinin qaytarılması öhdəliyinin Cavabdeh aid edilməsi” tələbinin İddiaçı ilə “X27 Azərbaycan” QSC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun bölünməsi hissəsinin ayrı icraata ayrılaraq həmin tələb üzrə icraatın dayandırıldığı nəzərə alınmaqla). İddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin; iddia ərizələrini verdikləri zamanı dövlət rüsumunun ödəmədikləri hissəsinə görə İddiaçı 10 (on) manat, Cavabdeh 10 (on) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Valeh Ağayev Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2390/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2390/2020
29.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver