Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2393/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2023-cü il tarixli qətnamədən tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, Cavabdeh və onun vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı ASC-nin buna səlahiyyəti olan nümayəndəsi ASC tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ASC ilə "xxxx" QSC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış müqaviləyə əsasən ASC tərəfindən “Avtonəqliyyat vasitəsinin tam sığortası” növü ilə sığortalanmış və qeyd edilən Şirkətə məxsus olan “Audi A4” markalı, H-029-558 dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində istismara yararsız vəziyyətə düşməsi ilə əlaqədar ASC tərəfindən sığortalı Şirkətə ödənilmiş 16.685,18 manat sığorta məbləğinin subroqasiya qaydasında, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 140,06 manat və bank xidməti xərcinin əvəzinin – 0,40 manat məbləğində pulun cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə, cavabdeh, idarə etdiyi “Dodge Charger” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törəmiş, cavabdehin idarə etdiyi avtomobil, iddiaçı ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış və "xxxx" QSC-yə məxsus olan “Audi A4” markalı, H029558 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Bunun nəticəsində “Audi A4” markalı avtomobil istismara yararsız hala düşmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X7 Şöbəsinin araşdırma obyekti olmuş, araşdırma nəticəsində müəyyən edilmişdir ki, qəzanın baş verməsində təqsirli şəxs cavabdehdir və araşdırmanın nəticəsi ilə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında qərar” ilə cavabdeh 40 manat məbləğində cərimə olunmuşdur. Sığortalı şəxsə məxsus “Audi A4” markalı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi məqsədi ilə avtomobilə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və müəyyən etmişlər ki, avtomobilin təmiri üçün 19.290 manat tələb olunur. Təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 3.472,20 manat müəyyən edilmişdir. ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən sığortalı Şirkətə məxsus avtomobilin təmiri məqsədi ilə 100 manat azadolma çıxılmaqla 21.662,20 manat məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin (cavabdehin) mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş 4.977,02 manat çıxılmış və 16.685,18 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində iddiaçı ASC-nin bank hesabına ödənilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Bu səbəbdən də, ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 140,06 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində bank xidmət haqqı ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən 10.000 manat məbləğində sığorta ödənişi, 120 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının, cəmi 10.120,40 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı ASC-yə ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52-1.1 və 25.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsini 936.1 və 936.2-ci maddələrinin tələblərinə istinad edərək qeyd etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı ASC ilə cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdeh iddiaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməlidir. Lakin, dəymiş zərərin həcmi 16.685,18 manat məbləğində deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi rəylərə əsasən 10.000 manat məbləğində müəyyən edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Rayon Məhkəməsinin cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulmasını qət etdiyi məbləğ ASC tərəfindən sığortalanmış Şirkətə məxsus avtomobilə dəymiş zərərin məbləğinə uyğun deyil, azdır.
7. Cavabdeh də həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və ondan iddiaçı ASC-nin xeyrinə tutulmalı olan məbləğin 2.000 manat müəyyən edilməsini xahiş etmişdir.
8. Bu apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulmasını qət etdiyi məbləğ əsassızdır – şişirdilmişdir. Belə ki, cavabdeh tərəfindən aparılmış müəyyən araşdırmalardan sonra məlum olmuşdur ki, ASC tərəfindən sığortalanmış Şirkətə məxsus avtomobilin təmiri üçün təxminən 2.000 manat məbləğində vəsait tələb olunur. Bundan başqa işə baxmış Rayon Məhkəməsi işin baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclasları barədə cavabdehə lazımi qaydada məlumat verməmiş, bununla da mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri olan “çəkişmə prinsipini” pozmuşdur. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
9. Apellyasiya baxışında iştirak edən cavabdeh və onun vəkili (nümayəndəsi), iddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdilər və bu şikayətin məzmununa uyğun izahat verdilər. Onlar, "xxxx" MMC tərəfindən onlara verilmiş xx.xx.2024-cü il tarixli "xxxx" istinadən bildirdilər ki, ASC tərəfindən sığortalanmış Şirkətə məxsus “Audi A4” markalı avtomobilin təmiri üçün təxminən 3.530 manat məbləğində vəsait tələb olunur.
10. İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə və cavabdeh tərəfin apellyasiya icraatı zamanı təqdim etdiyi "xxxx" göstərilənlərə etiraz edərək, ASC-nin apellyasiya şikayətini müdafiə etdi və bu şikayətin məzmununa uyğun izahat verdi.
11. ASC-nin nümayəndəsi apellyasiya baxışının növbəti iclasına gəlməmişdir.
12. ASC-nin digər nümayəndəsi X4 ərizə ilə Məhkəməyə müraciət edərək, ASC-nin apellyasiya şikayətinin və iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, hər 2 apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halı kimi müəyyən edilir ki, hazırkı iş üzrə tərəf olmayan "xxxx" QSC hazırkı iş üzrə iddiaçı ASC-ilə müqavilə bağlayaraq özünə məxsus olan “Audi A4” markalı, H029558 dövlət qeydiyyat nişanlı avtomobili tam sığortalamışdır. Sığorta müddətində, yəni xx.xx.2018-ci il tarixdə, sığorta hadisəsi baş vermiş, cavabdeh, idarə etdiyi “Dodge Charger” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törəmiş, cavabdehin idarə etdiyi avtomobil, ASC tərəfindən sığortalanmış Şirkətə məxsus olan “Audi A4” markalı avtomobil ilə toqquşmuşdur. Bunun nəticəsində “Audi A4” markalı avtomobil istismara yararsız hala düşmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin X7 Şöbəsinin araşdırma obyekti olmuş, araşdırma nəticəsində müəyyən edilmişdir ki, qəzanın baş verməsində təqsirli şəxs cavabdehdir və araşdırmanın nəticəsi ilə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında qərar” ilə cavabdeh 40 manat məbləğində cərimə olunmuşdur. Sığortalı şəxsə məxsus “Audi A4” markalı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi məqsədi ilə avtomobilə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və müəyyən etmişlər ki, avtomobilin təmiri üçün 19.290 manat tələb olunur. Təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 3.472,20 manat müəyyən edilmişdir.
16. İddiaçı ASC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdən, o cümlədən xx.xx.2020-ci il tarixli "xxxx" görünür ki, ASC, xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən sığortalı Şirkətə məxsus avtomobilin təmiri məqsədi ilə 100 manat azadolma çıxılmaqla "xxxx" MMC-yə 21.662,20 manat məbləğində sığorta ödənişi etmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından "xxxx" ASC tərəfindən iddiaçı ASC-yə 4.977,02 manat sığorta ödənişi edilmişdir.
17. İddiaçı ASC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdən, o cümlədən işin hallarından həmçinin görünür ki, ASC cavabdehə xəbərdarlıq məktubu göndərilərək (21.662,20 – 4.977,02=) 16.685,18 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində iddiaçı ASC-nin bank hesabına ödənilməsi tələb olunmuş, lakin cavabdehdən tələb olunan məbləği ödəməkdən yayınmışdır.
18. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1.). Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi (həmin maddəyə görə, həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir) nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (maddə 936.1.).
19. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur (maddə 13.4.). İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarından biri kimi sığorta hadisəsinin inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olması müəyyən edilmişdir (maddə 25.1.).
20. Qeyd edilən maddi hüquq normalarına əsasən müəyyən edilir ki, iddiaçı ASC tərəfindən sığortalı Şirkətə məxsus avtomobil cavabdehin törətdiyi və törədilməsində təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) nəticəsində yarasız vəziyyətə düşdüyündən, ASC, onunla həmin Şirkət arasında bağlanmış “Avtonəqliyyat vasitəsinin tam sığortası haqqında” müqaviləyə əsasən müqavilənin predmeti olan avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan xərci qarşıladığından, həmin xərcin əvəzinin subroqasiya qaydasında ödənilməsini cavabdehdən tələb etməyə iddiaçı ASC-nin hüququ yaranmışdır.
21. İşə baxmış Rayon Məhkəməsi iddiaçı ASC tərəfindən sığortalı Şirkətə məxsus Audi A4” markalı, H-029-558 dövlət qeydiyyat nişanlı avtomobilin yuxarıda qeyd edilən yolnəqliyyat hadisəsi zamanı istismara yararsız hala düşməsi ilə həmin Şirkətə dəymiş zərərin müəyyən edilməsi ilə bağlı iş üzrə ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəylərini almışdır.
22. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 9/5846 saylı, xx.xx.2023-cü il tarixli 9/9027 saylı və xx.xx.2023-cü il tarixli, 9/4030 saylı rəylərində göstərilmişdir ki, həmin avtomobilin təmiri məqdsədəmüvafiq və rentabelli hesab edilmir. Avtomobilin zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 25.000 manat olmuşdur. Avtomobilin salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla təxminən 10.000 (25.000-60%) manat müəyyən edilir.
23. Rayon Məhkəməsi ekspertiza tərəfindən verilmiş rəyləri əsas tutaraq cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulmalı olan pulun məbləğini 10.000 manat müəyyən etmişdir.
24. İddiaçı ASC qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsinin cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulmasını qət etdiyi məbləğ ASC tərəfindən sığortalanmış Şirkətə məxsus avtomobilə dəymiş zərərin məbləğinə uyğun deyil, azdır. Cavabdeh isə Rayon Məhkəməsinin cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulmasını qət etdiyi məbləğin əsassız – şişirdilmiş olduğunu bildirir.
25. Apellyasiya şikayətlərinin dəlillərini və iddiaçı ASC-nin nümayəndəsinin verdiyi “iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə” vəsatətini nəzərə almış Məhkəmə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla vəsatətin qismən təmin edilməsini, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsini, ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsini qərara almış və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5386 saylı rəyini almışdır.
26. Həmin rəydə Məhkəmə Ekspertizası Mərkəzi bildirir ki, təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 25.000 manat olmuş 2014-cü il buraxılışlı mühərrikin iş həcmi 1.800 kub sm. olan “Audi A4” markalı, H-029-558 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla nəzəri qaydada təxminən 10.000 (25.000-60%) manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 4.964,31 manat. O cümlədən, dəyişilməli hissələrin qiyməti – 4.134,31 manat, təmir-bərpa işlərinin qiyməti – 830 manat.
27. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Rayon Məhkəməsi iddianı qismən təmin etməklə cavabdehdən iddiaçı ASC-nin xeyrinə 10.000 manat tutmaqda haqlı olmuşdur. Buna görə də, Məhkəmə hər iki apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
28. Məhkəmə həmçinin cavabdehin apellyasiya şikayətinin “işə baxmış Rayon Məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri olan “çəkişmə prinsipinin” pozulması barədə” dəlilini də əsassız hesab edir.
29. Belə ki, iş materiallarından görünür ki, cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barədə Rayon Məhkəməsi tərəfindən lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində Rayon Məhkəməsinə məlumat verməmişdir. Bunu nəzərə almış Rayon Məhkəməsi MPM-in 185.5-ci maddəsinin tələbinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
30. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Çünki MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. f) apellyasiya baxışının nəticəsi
31. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
32. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə həmçinin hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən, şikayətlərin verilməsi üçün ödənilmiş dövlət rüsumları MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorların özlərinə aid edilməlidir.
35. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. İş üzrə tərəflər hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər.