Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2394/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, Bakı 2, Yama ev-15 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********000020 saylı abonent kodu ilə Hüseynova Əntiqə Babaş qızı qeydiyyata alınmış, o, xx.xx.2015-ci il tarixdə ölmüşdür.
2. Hüseynova Əntiqə Babaş qızı İddiaçı anasıdır.
3. Cavabdeh İB-nin əməkdaşları tərəfindən həmin fərdi yaşayış evinə qaz sağacı ******* nömrəli akt tərtib edilməklə xx.xx.2020-ci il tarixdə quraşdırılmış, sonradan isə xx.xx.2023-cü il tarixdə dəyişdirilməklə (aktda sayğacın dəyişdirilmə səbəbi “debitor borca görə əvəzlənmə” kimi qeyd edilmişdir) bu barədə eyni tarixdə ******* nömrəli akt tərtib edilmişdir.
4. İddiaçı yaşadığı həmin fərdi yaşayış evinə 2018-ci ilin yanvar ayından 2020ci ilin mart ayınadək 26 dəfə akt tərtib edilmiş, aktlarda təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə edildiyi göstərilmişdir.
5. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən aktlar əsasında itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin ümumilikdə 3811,8 manat olduğu müəyyən edilmişdir.
6. Həmçinin, fərdi yaşayış evinin abonent saldosunun “qalıq və aktlar” bölməsində 2018-ci il üzrə 2436,8 manat, 2019-cu il üzrə 792 manat və 2020-ci il üzrə 583,20 manat borcun olması əks olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən cərimə kimi yazılmış 3811,8 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakı 2, Yama ev-15 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, mənzilə quraşdırılan qaz sayğacı mərhum anası Hüseynova Əntiqə Babaş qızının adınadır. Anası xx.xx.2015-ci il tarixdə dünyasını dəyişmişdir. Hazırda mənzil onun istifadəsindədir və mənzilin çıxarışı indiyə qədər olmamışdır. Cavabdehin əməkdaşları 2023-cü fevral ayında ünvana yaxınlaşaraq köhnə qaz sayğacını söküb yerinə yeni qaz sayğacını aktlaşdıraraq quraşdırmpış, yeni qaz sayğacını quraşdırdıqda köhnə qaz sayğacına heç bir borcu olmamışdır. Yeni quraşdırılmış sayğac kart sistemi ilə olduğu üçün, karta yüklənilən məbləğdən tutulmanın şahidi olmuşlar. Bununla bağlı cavabdehə müraciət etmişdir. Ona bildirmişlər ki, köhnə qaz sayğacına guya ki, müdaxilə olunub və buna görə 3811 manat 8 qəpik manat cərimə borcu yaranmışdır. Cərimənin hansı əsasa yazıldığını araşdırmaq üçün cavabdehə müraciət etmiş və ona bildirmişlər ki, ona məxsus evin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı **********8 zavod nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixli qaz sayğacının yoxlanılması, quraşdırılması və istismara qəbulu haqqında akt əsasında dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Cavabdehin əməkdaşları ona məlumat vermişlər ki, bilirlər ki, o, sayğaca müdaxilə etməmişdir, "sayğacın çıxış plastmas borusu guya ki, deşilib” və bu səbəbdən də o, cərimə ödəməlidir. Hansı ki, yaşadığı mənzildə sayğac elektron sistemi ilə işləyib, bu səbəbdən də onun qaz sayğacına heç bir borcu olmamışdır. Qaz sayğacına ödənişlərini vaxtı-vaxtında qəbz vasitəsi ilə etmiş, qaz sayğacına heç bir müdaxilə etməmiş və plombu da üzərində olub. Həmin evdə təbii qazdan istifadəyə görə indiyə qədər yaranmış borcla hər hansı bir mübahisə yaranmamışdır.
9. Birinci instansiya məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bakı 2, Yama ev-15 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********000020) dair İddiaçı hesablanmış 3183,38 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınıb dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
10.1. Cavabdeh tərəfindən 2018-ci ilin yanvar ayından başlayaraq 2020-ci ilin mart ayınadək yazılmış təbii qazdan istifadə qaydalarının pozulması barədə tərtib edilmiş 26 aktın hər biri iddiaçının anası Hüseynova Əntiqə Babaş qızının adına yazılmışdır. Həmin aktlara görə Əntiqə Hüseynova təbii qazdan kənar xətt vasitəsi ilə istifadə etmiş və aktar tərtib edilərkən onları imzalamaqdan imtina etmişdir. Lakin iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əntiqə Hüseynova xx.xx.2015-ci il tarixdə ölmüşdür. Əntiqə Hüseynova tərəfindən, xx.xx.2015-ci il tarixdə öldüyü halda, 2018-2020-ci il tarixlərdə necə və hansı qaydada təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsini təsdiq edə biləcək mötəbər sübutları cavabdeh tərəf məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdehin guya Əntiqə Hüseynova tərəfindən təbii qazdan kənar xətt vasitəsi ilə istifadə etməsi ilə bağlı tərtib etdiyi aktların hər biri özlüyündə etibarsızdır. 10.2. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Yalnız bu qaydalara əməl etməklə tərtib edilmiş akt əsaslı və qanuni ola bilər. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. 10.3. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2018-ci ildən sonra Fərdi yaşayış evində iddiaçı yaşamışdır. İddiaçı məhkəmə baxışı zamanı verdiyi izahatında yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Bakı 2, Yama ev-15 ünvanında yerləşən fərdi yaşayış evində 2018-ci ildən qaz sayğacı quraşdırıldığı vaxta qədər (iş materialarına əsasən sayğac xx.xx.2020-ci ildə quraşdırılmışdır) təbii qazdan sayğacsız istifadə etmişdir. Ona görə də, məhkəmə belə hesab edir ki, mübahisə cavabdehin əməkdaşlarının tərtib etdiyi etibarsız aktların nəticələri əsasında deyil, məhkəmə iclasında işin müəyyən edilmiş faktlar əsasında həll edilməlidir. 10.4. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı tərəfindən 2018, 2019 və 2020-ci ilin fevral ayınadək (birinci sayğac quraşdırldığı vaxtadək) Fərdi yaşayış evində təbii qazdan istifadə edilmişdir. 10.5. Lakin məhkəmə hesab edir ki, itirilmiş təbi qazın əvəzi cavabdehin etibarsız aktları əsasında hazırlanmış hesabat sənədləri əsasında deyil, abonent saldosuna əsasən 2021 və 2022-ci illər üzrə tam şəkildə sayğac vasitəsi ilə istifadə edilmiş təbii qazın hər il üzrə orta sərfiyyatı nisbətində hesablanmaqla bərpa edilməlidir. Belə ki, işdə olan abonent saldosundan müəyyən etmək olar ki, iddiaçı 2021-ci il üzrə cəmi 326,40 manat, 2022-ci il üzrə cəmi 253,76 manat, iki il üzrə isə, ümumilikdə 580,16 manat dəyərində təbii qaz istifadə etmişdir. Bu hesabatla müəyyən edilir ki, iddiaçının iki il ərzində istifadə etdiyi təbii qazın aylıq orta sərfiyyatı təxminən 24,17 manata bərabərdir (580,16 manat / 24 ay = 24,17 manat). Bu halda, iddiaçının 2018-2020-ci ilin fevral ayı da daxil olmaqla, cəmi 26 ay ərzində sərf edə biləcəyi təbii qazın orta sərfiyyatı 628,42 manat ola bilərdi (24,17 manat x 26 ay = 628,42 manat) 10.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 3.2.1 -ci bəndində qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməsi və həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməsi qazdan istifadə edən istehlakçıların vəzifələri olaraq nəzərdə tutulmuşdur. 10.7. Qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan 26 ay sayğacsız nəticəsində hesablanmış borc, ümumikdə 628,42 manat olmalı, cavabdeh tərəfindn əsassız olaraq hesablanmış 3183,38 manat borc silinməklə, iddia qismən təmin edilməlidirdır.
11. Məhkəmə həmçinin vurğulamışdır ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad edildiyindən, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
12. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 6.2-ci və 448.2-ci, maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na istinad etmişdir.
13. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının təbii qazdan qeyri-qanuni yolla istifadə etdiyinin sübuta yetirildiyini nəzərə almadığı, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
14. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı
15. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh İB-nin nümayəndəsini ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iddiaçı da məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
20. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
“Qaz təchizatı” haqqında Qanun
21. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
22. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
23. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
24. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
32. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır.
33. Cavabdeh İB iddiaçının sayğaca müdaxilə etdiyini təsdiq edən və buna görə də aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmin aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuş, onda göstərilən hal isə sübuta yetirilməmişdir; buna görə də sözügedən akt mötəbər sayıla və ona əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz.
34. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir.
35. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6908/2023 saylı iş üzrə 13 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə