Məhkəmə qərarları › İş №2(103)-2398/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2398/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2398/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakları, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1313/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “banka olan mübahisəli 16.930,99 ABŞ dolları həcmində əsas və faiz borc məbləğinin düzgün hesablanması və manatla məzənnəsi üzrə yeni ödəniş cədvəlinin tərtib olunması, ipoteka ilə yüklü edilmiş avtomobilin açıq hərracda satılmasının onun özünə təklif olunması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” (Azərbaycan) ASC-yə olan mübahisəli 16903.99 ABŞ dolları pul məbləğinin düzgün hesablanmasına, yekun borc məbləği üzrə AZN manatı ilə ödəniş cədvəlinin tərtib olunmasına dair və eyni zamanda ipoteka ilə yüklü edilmiş minik avtomobilinin yenidən açıq hərracda onun özünə satılmasını təklif olunması barədə qətnamə qəbul edilməsini. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ASC arasında xx xxxxxx 2012-ci il tarixdə 108896-1-4516 saylı “avtomobil krediti müqaviləsi” 60 ay (5 illik) müddətinə, illik 18% dərəcəsi ilə cəmi 23.195,00 ABŞ dolları məbləğində pula aid bağlanmış və ona aylıq ödəniş cədvəli də verilmişdir. O, dolların birinci dəfə və ikinci dəfə devalivasiyasına qədər olan müddətdə həmin banka cəmi 14.477 ABŞ dolları məbləğində pul ödənişləri etmişdir. Yerdə qalan cəmi 5.718 ABŞ dollarını isə dolların manata məzənnəsinin ikinci dəfə daha böyük həcmdə artması ilə əlaqədar ödəyə bilməmiş və buna görə də bank onu yaşadığı yer üzrə məhkəməyə vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6701/2015 saylı, xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə bankın iddia tələbi təmin edilmiş və qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. O, icra zamanı dəfələrlə iddiaçının (hal-hazırda cavabdehin) səlahiyyətli nümayəndəsindən rəhbər və vəzifəli şəxslərindən, onun banka ödədiyi 17.477 ABŞ dollarından başqa yerdə qalan cəmi 5.718 ABŞ dollarını manata çevirilməsini və yeni borc qrafiki tərtib olunmasını xahiş etsə də, onun bu xahişi və təklifləri ilə razılaşmamışlar. İpoteka ilə yüklü avtomobil açıq hərrac yolu ilə bankın öz işçisinə dəyərindən də ikiqat aşağı bir qiymətlə satılmışdır. Bu haqda bank ona heç bir məlumat verməmişdir. O, bu hərracdan xəbər tutandan sonra öz müştəri hüquqlarının pozulduğunu aşkar edərkən, hərrac mərkəzinə qarşı aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda onun iddia tələbi üzrə məhkəmə prosesi davam edir. Hesab edir ki, əvvəla, onun üzərində qalan borc məbləği cəmi 5.718 ABŞ dolları olduğu halda, cavabdeh bank isə qalıq borc məbləğinin 16.903,99 ABŞ dolları olduğunu iddia edir. Belə bir hal ciddi mübahisə doğurur. Ona görə də o, ölkə Prezidentinin xx xxxxxx 2019-cu il Fərmanına uyğun olaraq bu qənaətə gəlir ki, banka olan əsas və faiz borcu cəmi 5.718 ABŞ dollarıdır və bu da həmin Fərmanda nəzərdə tutulan 10.000 dollar həcmində olan borc məbləğləri üzrə onun da borc məbləğinə şamil edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1313/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “banka olan mübahisəli 16.930,99 ABŞ dolları həcmində əsas və faiz borc məbləğinin düzgün hesablanması və manatla məzənnəsi üzrə yeni ödəniş cədvəlinin tərtib olunması, ipoteka ilə yüklü edilmiş avtomobilin açıq hərracda satılmasının onun özünə təklif olunması tələbinə” dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1313/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən narazıdır, qətnamədə maddi və prosessual hüquq normaları açıq-aşkar pozulmuşdur. Çünki ölkə Prezidentinin 10.000 ABŞ dolları həcmində olan vətəndaşların devalivasiya ilə əlaqədar borclarının köhnə AZN manatı ilə nisbətində banklara ödənilməsini nəzərdə tutan artıq məlum Fərmanı mövcud idi və bu Fərman humanizm nöqteyi-nəzərindən onun da qalıq borcuna şamil edilməli idi. Lakin işə baxan məhkəmə bu addımı atmadı və açıq-aşkar onun hüquqlarını pozdu. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1313/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1313/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1313/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6701/2015 saylı, xx xxxxxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 16.067,03 ABŞ dolları məbləğində əsas borc, 836,96 ABŞ dolları məbləğində faiz borcu, cəmi 16.903,99 ABŞ dolları ödəniş gününə qüvvədə olan manata məzənnə ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb cavabdeh İddiaçı məxsus olan və xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Chevrolet Orlando-minik” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobil açıq hərracdan satılması, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına cavabdeh İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi qət edilmişdir. İş materiallarında olan, Cavabdeh ASC-nin xx xxxxxx 2019-cu il tarixli 8041 saylı məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 108896-1-4516 saylı “Avtomobil krediti müqaviləsi’’nə əsasən 60 ay müddətinə, illik 18% faiz dərəcəsi ilə İddiaçı 23.195 ABŞ dolları məbləğində kredit ayrılmışdır. xx xxxxxxx 2015-ci il tarixində İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 108896-1-22753 saylı “Avtomobil krediti müqaviləsi” (bundan sonra Müqavilə) imzalanmışdır və müştəriyə yeni Ödəniş cədvəli tərtib edilmişdir. Borc öhdəliyinin müştəri tərəfindən vaxtında və lazımınca icra edilməməsi səbəbindən, Bank tərəfindən ərizə ilə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 2(011)-6701/2015 saylı, xx xxxxxxx 2015-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən İddiaçı Cavabdeh ASC-nin xeyrinə ümumilikdə 16903.99 ABŞ dolları pulun və 30 AZN dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Chevrolet Orlando markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin hərrac vasitəsi ilə satılması qət edilmişdir. Avtomobil icra məmuru tərfindən müstəqil qiymətləndirməyə göndərilmiş və qiymətləndirici ekspert tərəfindən daşınar əmlak 14.200 manat dəyərində qiymətləndirilmişdir. Əmlak realizə olunması üçün icra məmuru tərəfindən ilkin satış qiyməti 14.200 manat olmaqla hərraca sifariş verilmiş, ilkin hərrac xx xxxxxx 2019-cu il tarixinə təyin olunmuş, lakin alıcı olmaması səbəbindən ilkin hərrac baş tutmamışdır. Təkrar hərracın baş tutması gözlənilir. İddiaçı xx xxxxxx 2015-ci il tarixinə olan əsas borcu 16.493,50 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixinə əsas borcu isə 15.846,23 təşkil etmişdir. Fərmana uyğun olaraq qeyd edilir ki, vətəndaşların ümumi borcu 10.000 ABŞ dolları ekvivalentindən artıq olduğu halda kompensasiya həmin vətəndaşlara şamil olunmur. İddiaçı qətnamə üzrə xx xxxxxx 2019cu il tarixinə əsas borcu 15.846,23 ABŞ dolları, faiz borcu 1.941,11 ABŞ dolları, dəbbə pulu isə 67,54 ABŞ dolları təşkil edir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının 3.2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının Maliyyə X2 bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Həmin Fərmanın 5.1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682.000.000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməsi tövsiyə edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə X2 banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin14-cü maddəsinə əsasən, 14.1. Mmülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarındandır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli Qərarında qeyd olunur: “Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir”. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apelyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Belə ki, İddiaçı apelyasiya şikayətində istinad etdiyi hallar barədə məhkəmə kollegiyasına hər-hansı bir mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1313/2020 saylı, xx xxxxxx 2020-ci il tariхli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1313/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar