Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2399/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, X1nun və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: X1 cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona qarşı qanunsuz və əsassız olaraq hesablanmış 420.14 manat pulun 364.05 manatının silinməsi və ödədiyi puldan tutulmuş 56.09 manat pulun gələcəkdə istifadə edəcəyi enerjiyə hesablanması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-3551/20) iddia tələbi qismən təmin edilərək İddiaçı qarşı qanunsuz olaraq hesablanmış 364,05 manat silinmişdir. Cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunmasını və iddia tələbinin həmin hissədə də rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən özünə məxsus evdə ailə üzvləri ilə yaşayır. “xxxx” ASC-nin fəaliyyəti dövründə onlarla bağladığı alqı-satqı müqaviləsinə əsasən küçədə sayğac quraşdırılmış və adına **********09490 №-li abonent kodu açılmaqla yaşadığı evə elektrik enerjisinin verilməsi təmin olunmuşdur. Həmin vaxtdan o, mütəmadi olaraq işlətdiyi elektrik enerjisinin haqqını vaxtlı-vaxtında ödəmiş və heç vaxt onun elektrik enerjisinə görə borcu yaranmamışdır. Lakin ona verilən bildirişdə elektrik enerjisinə görə 364.05 manat borcu olması göstərilmişdir. Hesab edir ki, ona hesablanmış borc əsassız və qanunsuzdur. Ona qarşı edilmiş qanunsuzluğun aradan qaldırılması üçün o, Azərbaycan Respublikası Energetika nazirliyinin X3 Agentliyinə ərizə ilə müraciət etmiş, ona cavab verilmişdir ki, araşdırma zamanı Novxanı kəndində yerləşən fərdi yaşayış evinin enerji təchizatı müəssisəsində **********09490 abunə kodu qeydiyyatda olduğu və fərdi evin enerji sərfiyyatının hesabatının tipi LUN 10, nömrəsi 22704756, alt qapaq möhürü ******* olan 1 fazlı elektrik sayğacı ilə aparıldığı müəyyən edilmişdir. Eyni zamanda “xxxx” ASC-nin “Bağlar” ETSİ-nin təqdim etdiyi hesab ödəniş dövriyyəsindən məlum olmuşdur ki, o, “xxxx” ASC-nin fəaliyyəti dövründə xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi 673.40 manat dəyərində elektrik enerjisi istehlak etmiş, enerjitəchizatı müəssisəsinin hesabına 728 manat ödəniş etmişdir. Bundan əlavə onun “xxxx” ASC-nin fəaliyyəti dövründə elektrik enerjisi sərfiyyatına görə 420.14 manat borcu olduğu müəyyən edilmişdir. Bu borcdan 56.09 manatı tərəfindən ödənilmiş, 364.05 manatı isə borc kimi qalmışdır. Qeyd edilənləri nəzərə alaraq “xxxx” ASC-nin fəaliyyəti dövrünə aid 364.05 manat borca yenidən baxılaraq müvafiq tədbirlər görülməsi üçün “xxxx” ASC-yə xx.xx.2020-ci il tarixli AERA-19- 345/20 nömrəli məktubla müraciət edilmişdir. Agentliyin məktubundan da görünür ki, elektrik enerjisinə görə ona qarşı hesablanmış borc qanuna zidd və əsassızdır. Agentlikdən ona verilmiş yuxarıda qeyd etdiyi məktubda göstərilən faktlar da ona qəribə gəlir. Belə ki, daima bu cür işlərlə məşğul olan və bu işlərə cavabdehlik daşıyan Agentliyin əməkdaşları istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş "Elektrik enerjisindən istifadə Qaydaları"nın və eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin tələblərindən xəbərləri yoxdur. Əgər həmin Agentliyin əməkdaşları bu tələbləri bilsəydilər, onda “xxxx” ASC-yə bu məsələyə yenidən baxılması tələbi yox, borcun dərhal silinməsi tələbini qoyardılar. Bütün bunlara baxmayaraq “xxxx” ASC ona qarşı qanunsuz və əsassız hesablanmış borcun silinməsini təmin etməmişdir. Hesab edir ki, əsassız olaraq borc hesablanmaqla ona qaşı haqsızlıq edilmişdir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsində göstərilən hallar iddia ərizəsinə əlavə olunmuş sübutlarla təsdiq edilməməsi və işin faktiki hallarının təhrif olunmasına zəmin yaradan mülahizə ilə müşayət olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Qasımzadə apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələsini X5 filialının iddiaçıya ünvanlandığı xx xxxx 2020-ci il tarixli arayışından müəyyən edilmişdir ki, araşdırma zamanı Novxanı kəndində yerləşən fərdi yaşayış evinin enerji təchizatı müəssisəsində **********09490 abunə kodu qeydiyyatda olduğu və fərdi evin enerji sərfiyyatının hesabatının tipi LUN 10, nömrəsi 22704756, alt qapaq möhürü ******* olan 1 fazlı elektrik sayğacı ilə aparıldığı müəyyən edilmişdir. Eyni zamanda “xxxx” ASC-nin “Bağlar” ETSİ-nin təqdim etdiyi hesab ödəniş dövriyyəsindən məlum olmuşdur ki, X4 “xxxx” ASC-nin fəaliyyəti dövründə xx xxx 2015-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinə kimi 673,40 manat dəyərində elektrik enerjisi istehlak etmiş, enerji təchizatı müəssisəsinin hesabına 728 manat ödəniş edilib. Bundan əlavə X2 “xxxx” ASC-nin fəaliyyəti dövründə elektrik enerjisi sərfiyyatına görə 420,14 manat borcu olduğu müəyyən edilmişdir. Bu borcdan 56,09 manatı X4 tərəfindən ödənilmiş, 364,05 manatı isə borc kimi qalmışdır. İddiaçı həmin məbləğin əsassız hesablandığını qeyd edərək hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2399/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2399/2021
03.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver