Məhkəmə qərarları › İş №2(103)-2402/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2402/2023

04.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2402/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), X2 oğlundan və X3 ibarət tərkibdə Məhkəmə iclas katibi X5, İddiaçı X4 Cavabdehnə qarşı “əsasız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-xxx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllədə yerləşən 20 nömrəli binanın 35 saylı mənzili X4 mülkiyyətindədir. Onunla Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00360 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin mənzildə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4) istifadə edilir. xx.xx.2022-ci il tarixdə bu mənzildə quraşdırılmış qaz sayğacı yeni “ZENNER G4T Smart” markalı sayğacla əvəz edilmişdir. Çıxarılmış sayğac laboratoriya şəraitində yoxlamadan keçirilmiş, bu zaman 20425664 nömrəli plombun kəsilərək, G-4SM/4588 saylı qutu açılmış, sayğacın elementi bitdiyindən, element quraşdırılmış, ekran açılmamışdır. Sayğacın daxilinə baxış keçirilərkən məlum olmuşdur ki, LCD ekranının lenti kənar təsir nəticəsində kəsilibdir. Müvəqqəti LCD ekran quraşdırılmış, xx.xx.2022-ci il tarixə elektron göstəricinin 26.619 m3 olmuşdur. Sayğac F-131 rejimindədir. Elektron yaddaş proqramı nasazdır. Bu barədə xx.xx.2022-ci il tarixli, MSK-29/1710-01480-1 nömrəli akt tərtib edilmişdir. Akta uyğun olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı Akt tərtib edilərək, sayğacın LCD ekranının lentinin kənar təsir nəticəsində kəsildiyi qeyd edilmişdir. Bununla bağlı qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 4320 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 518,40 manat məbləğində pulun X3 tutulması barədə qərar qəbul edilmişdir. Qeyd edilən akt cavabdehin nümayəndələri tərəfindən imzalanmış, eyni zamanda, aktda iddiaçının imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Abonentin saldosuna əsasən 2017-ci ilin iyun ayından 2022-ci ilin aprel ayınadək, o cümlədən aktda göstərilən dövrdə (xx.xx.2022-ci il tarixdən 90 gün əvvəlki dövrdə, yəni xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixlərdə) təbii qazdan istifadəyə görə hər hansı məbləğdə pul ödənilməmiş, yalnız 2022-ci ilin aprel ayında 25,88 manat məbləğində pul ödənilmişdir. Eyni zamanda, sayğacın laborotoriya şəraitində aparılmış müayinə zamanı aşkar edilmiş göstəcilərinə əsasən istifadə edilmiş, lakin LCD ekranının lentinin kəsilməsi nəticəsində qeydiyyatı aparılmamış təbii qazın həcminə uyğun 2.787,25 manat debito borcun yarandığı müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən abonent saldosuna yazılmış 3.301,15 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, məhəllə 494-də isifadədə olan 0,1536 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 12 mərtəbəli binanın 2-ci girişində, 10-cu mərtəbəsində 4 otaqlı 35 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə ona məxsusdur. O, uzun müddətdir ki, həmin mənzildə yaşayır. Mənzildə 2011-ci ildən 2017-ci ilə qədər smart kart tipli sayğacdan istifadə olunmuşdur. Həmin vaxtlarda da onun qaz sərfiyyatına görə borcu olmamışdır. 2017-ci ildən 2022-ci ilə qədər sayğacdan istifadə olunmamışdır. 2022-ci ilin aprel ayının 1-də Cavabdeh İB tərəfindən **********597 nömrəli, Zenner G4T Smart kart tipli qaz sayğacı quraşdırılmışdır. Sayğac quraşdırıldıqdan 7 ay sonra 3.301,15 manat borcunun olmasını bilmiş və həmin borcun hansı qaydada yaranması barədə məlumat əldə etdiyi üçün qaz idarəsinə müraciət etmişdir. Müraciət əsasında əvvəlcə ona “Abonent saldosu” adlı sənəd təqdim olunmuşdur. Həmin sənəddə göstərilmişdir ki, güya onun təbii qazın istifadəsinə görə aprel-noyabr ayları üçün ümumilikdə 3.301,15 manat debitor borcu var. Təkrar müraciətində isə ona 11 may 2022-ci il tarixli, ******* saylı akt və qaz sərfiyyatı ilə bağlı 2011-2022-ci illəri əhatə edən cədvəl təqdim edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) xx.xx.2022-ci il tarixli, 29/1710-01490-1 saylı aktına əsasən 1002AQ********** nömrəli sayğacın LCD ekranının lenti kənar təsir nəticəsində kəsilmişdir. Halbuki onun tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunmamışdır. Həmin məbləğlə razı deyil. Belə ki, bir ay ərzində 518,40 manat olduğu halda ikinci ayda birdən-birə borcun 6 dəfə artaraq, 3.301,15 manat təşkil etməsi mümkün deyil. Bundan əlavə, yuxarıda qeyd etdiyi kimi, mənzilə quraşdırılmış sayğac smart-kart tipli sayğacdır və məlumdur ki, bu tip sayğaclar kartla işləyir. Başqa sözlə, abonent əvvəlcədən karta həmin ay və ya aylar üzrə müəyyən ödənişlər etməklə təbii qazdan istifadə edə bilər. Ödənişlərin ödənilmədiyi təqdirdə isə hər hansı təbii qazın istifadə edilməsi mümkünsüzdür. Bundan başqa, istifadə etdiyi sayğacın yeni smart-kart tipli sayğac ilə əvəz olunması zamanı köhnə sayğacda hər hansı bir qüsur olduğu halda, bu barədə ona məlumat verilməli və akt tərtib edilərək, surəti ona təqdim edilməli idi. Lakin sayğac dəyişdirilən zaman ona bununla bağlı hər hansı məlumat verilməmişdir. O, akta imza etməkdən də imtina etməmişdir. Köhnə smart-kart tipli qaz sayğacı labaratoriyada yoxlanılıb akt tərtib edilərkən belə onun əvəzinə imza yerinə “imtina” sözünü yazmışlar. Halbuki o, həmin aktı görməmiş və yazılan yazı da onun tərəfindən icra edilməmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-xxx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı **********00360 saylı abunə koduna hesablanmış 3.301,15 (üç min üç yüz bir manat, on beş qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 53.01 (əlli üç manat, bir qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X8)

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 3.301,15 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci, maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci, 124.1-ci, 217.4-cü maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.6-cı, 4.7-ci, 4.8-ci, 4.9-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğaca müdaxilə edərək, həmçinin qaz sayğacını mənfiyə işlədərək istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları, borcun yaranması hallarını araşdırmamışdır. Məhkəmə araşdırmanın obyektivliyini təmin etmək məqsədilə mülki iş materiallarında mövcud olan aktlarda imza etmiş şəxslərin şahid qismində dəvət olunmasını təmin etməmişdir. Beləliklə, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

9. İddiaçı X7 apellyasiya şikayətinə qarşı yazılı etirazını iddia ərizəsinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, o, iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutları (29 aprel 2022-ci il tarixli, MSK-29. 1710- 01490-1 saylı aktının surətini, 11 may 2022-ci il tarixli ******* saylı aktın surətini, abonentin saldosunun surətini, "Azəriqaz" İB-nin internet portalından borcla bağlı çıxarışın surətini, Qaz sərfiyyatı ilə bağlı 2011 -2022-ci illəri əhatə edən cədvəlin surətini və ödəniş qəbzlərinin surətini) birinci instansiya məhkəməsinə təqdim etmişdir. Qeyd olunan sənədlər də məhkəmə tərəfindən yetərincə araşdırılmışdır. MPM-nin 77.1 -ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, cavabdeh "Azəriqaz" İB vurulmuş ziyanın onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində baş verdiyini qeyd etsə də, bunu əsaslı surətdə sübut edə bilməmişdir. Buna görə də cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən borcun 518,40 manat hissəsi akta əsasən hesablanmış məbləğdir, qalan hissə isə iddiaçının Cavabdeh İB-yə yaranmış debitor borcudur.

11. İddiaçı X7 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ərizə ilə məhkəməyə mütraciət edərək, 2022-ci ilin dekabr ayında ayağından əməliyyat olunduğunu, ayağına protez qoyulduğunu, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və müvafiq tibbi sənədləri ərizəsinə əlavə edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçı X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

14. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.

21. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.

22. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu səbəbdən yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Bu səbəbdən cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.

23. İddiaçı iddia ərizəsində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 494cü məhəllədə yerləşən 20 nömrəli binanın 35 saylı mənzilində daimi əsaslarla yaşadığını göstərir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müvafiq müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla iddiaçıya **********00360 nömrəli abonent kodu verilmişdir. Abonentin saldosuna əsasən həmin fərdi yaşayış evində təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi göstərilmişdir.

24. xx.xx.2022-ci il tarixdə həmin mənzildə quraşdırılmış qaz sayğacı yeni “ZENNER G4T Smart” markalı sayğacla əvəz edilmiş və çıxarılmış sayğac laboratoriya şəraitində yoxlamadan keçirilmişdir. Müayinə zamanı LCD ekranının lentinin kənar təsir nəticəsində kəsildiyi, xx.xx.2022-ci il tarixə elektron göstəricinin 26.619 m3 olduğu, sayğacın F-131 rejimində olduğu, elektron yaddaş proqramının nasaz olduğu, müəyyən edilərək, bu barədə akt tərtib edilmişdir. Məhz həmin akta uyğun olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı Akt tərtib edilərək, sayğacın LCD ekranının lentinin kənar təsir nəticəsində kəsildiyi qeyd edilmişdir.

25. Hazırda da cavabdeh laborotoriyada aparılmış müayinə nəticəsində sayğacın müəyyən edilmiş göstəricisinə istinadən iddiaçıya hesablanmış məbləğin 2.787,25 manat hissəsinin debitor borc olduğunu, 518,40 manat hissəsinin isə təbii qazdan qanunsuz istifadə nəticəsində yaranmış borc məbləği olduğunu bildirir. Lakin abonentin saldo məlumatlarına əsasən iddiaçının bu məbləğə uyğun təbii qazdan istifadə etməsi barədə hər hansı məlumat əks olunmamışdır. Bununla belə, qeyd edilən məbləğ debitor borc kimi qiymətləndirilə bilməz. Belə bir məbləğdə borc yaranmışdırsa da, iddiaçının təbii qazdan sayğacdan kənar, yəni hüquqa zidd qaydada istifadə edilməsi nəticəsində yaranmışdır. Cavabdehin təqdim və istinad etdiyi sübutlar da buna dəlalət edir. Buna baxmayaraq, cavabdeh bu məbləğin hansı qaydada, hansı dövr əsas götürülməklə, hansı tariflə hesablanması barədə məlumat verə bilmir. Ümumiyyətlə bu məbləğ cavabdeh tərəfindən zərər məbləği kimi rəsmiləşdirilməmişdir. Hər bir halda, sayğacın nasaz olması nəzərə alınmaqla, onun göstəricisinin 26.619 m3 olması bu həcmdə təbii qazdan iddiaçı tərəfindən qanunsuz yolla istifadə edilməsi anlamına gəlmir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli aktda və onun əsasında qəbul edilmiş qərarda əsas götürülmüş dövrün özü də 2.787,25 manat pulun hesablandığı dövrə təsadüf edir. Başqa sözlə, cavabdeh eyni dövr üçün (xx.xx.2022-ci il – xx.xx.2022-ci il) iki dəfə (debitor borc və cərimə) məbləğ hesablamış olur. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının qanunsuz olaraq 2.787,25 manat dəyərində təbii qazdan istifadə etməsi ilə razılaşmır və hesab edir ki, bu məbləğ silinməlidir.

26. Məhkəmə kollegiyası cavabeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda və onun əsasında qəbul edilmiş qərarda aparılmış hesablama, yəni vurulmuş maddi zərərin məbləği ilə razılaşmır və bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, abonent saldosuna əsasən iddiaçının mənzilində yalnız 4 gözlü qaz plitəsinin olduğu göstərilməsinə baxmayaraq, aktda mənzildə istilik sisteminin də olması qeyd edilmiş, həmçinin hesabat hər cihaz üzrə deyil, qaz sayğacının nominal qaz sərfi və orta günlük iş rejimi əsas götrülməklə aparılmışdır. Akta əsasən iddiaçı hər ay (518,40/3=172,80) 172,80 manat dəyərində təbii qaz istifadə etmişdir. Bu məbləğin yaranması isə hər iki cihazın mənzildə olduğu və onların 24 saat fasiləsiz işləməsi nəticəsində belə mümkün deyil. Nəzərə alınmalıdır ki, aktın əhatə etdiyi 2023-cü ilin fevral və mart ayları üçün təbii qazdan istifadəyə dair göstəricilər sıfra bərabər olsa da, 2023-cü ilin aprel ayı üçün sərfiyyatın dəyərinin 25,88 manat olduğu müəyyən edilir.

27. Bu səbəbdən məhkəmə kollegiyası aktda qeyd edilən müddət ərzində iddiaçının qaz sayğacından kənar təbii qazdan istifadə edilməsi ilə razılaşır və bu hissədə aktın mötəbərliyini qəbul edir, lakin cərimə qismində hesablanmış məbləğlə razılaşmır və meyar kimi 2023-cü ilin aprel ayı üçün istifadə edilmiş təbii qazın dəyərini əsas götürərək belə qənaətə gəlir ki, zərər məbləği fevral və mart ayları üçün hesablanmalı, vurulmuş maddi zərər məbləği kimi (25,88 x 2 = 51,76) 51,76 manat qəbul edilməli, bu məbləğ cavabdeh tərəfindən hesablanmış 3.301,15 manat cərimə məbləğindən çıxılmalı (3.301,15 – 51,76 = 3.249,39), qalan 3.249,39 manat məbləğində pul cavabdeh tərəfindən əsassız olaraq hesablanmış cərimə məbləğ kimi silinməlidir.

28. Məhkəmə kollegiyası əsassız hesablanmış cərimənin məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və iddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

29. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)xxx/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllədə yerləşən 20 nömrəli binanın, 35 saylı mənzili (abonent kodu **********00360) üzrə Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 3.249,39 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı X4 ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

30. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-390-cı, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-xxx/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllədə yerləşən 20 nömrəli binanın, 35 saylı mənzili (abonent kodu **********00360) üzrə Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 3.249,39 (üç min iki yüz qırx doqquz manat, otuz doqquz qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı X4 ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar