Məhkəmə qərarları › İş №2(103)-2407/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2407/2023

11.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2407/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: cərimənin silinməsi; borcun ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “cərimənin silinməsi tələbinə dair” ilkin, Cavabdeh İBnin İddiaçı qarşı “borcun ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4500/2022 saylı 21 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 11 aprel 2023cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən tərtib olunmuş: 18 yanvar 2018-ci il tarixli, ******* nömrəli; 14 mart 2018-ci il tarixli, ******* nömrəli; 18 aprel 2018-ci il tarixli, ******* nömrəli; 15 may 2018-ci il tarixli, ******* nömrəli; 29 iyun 2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara görə, göstərilən tarixlərdə İddiaçı istifadəsində olan ünvan 1 ünvanında qaz sayğacına baxış keçirilmiş və “sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu” qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********8 saylı qaz sayğacına qanunsuz yazılmış 16240 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Eyni zamanda Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, vurulmuş zərər olaraq 16240 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq Birliyin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1997-ci ildə Ağstafa rayonundan yoldaşı və 4 azyaşlı uşağı ilə birgə ünvan 1 ünvanına köçmüşdür və uzun illərdir ailə üzvləri ilə həmin ünvanda yaşayır. Vaxtı-vaxtında qaz və su digər kommunal xidmətlərini ödəyir. Neçə illərdi heç bir problem olmamışdır. Bu yaxınlarda yaşadığı ərazidə evlərin sökülməsi ortaya çıxdıqdan sonra Cavabdeh İB-dən hardansa onun 16240.94 manat borcu olduğu bildirilmişdir. Bununla əlaqədar Cavabdeh İB-yə ərizə ilə müraciət etmişdir ki, bu borc nəyin əsasında yaranmışdır. Bakı Regional qaz Satışı Departamentinin 14 may 2022-ci il tarixli məktubu ilə guya müxtəlif vaxtlarda onun təbii qazdan istifadə hallarına dair aktın olduğunu bildirmişlər. Amma Cavabdeh İBnin əməkdaşlarının nə vaxt və hansı tarixdə baxış keçirdiklərini və kimlər tərəfindən akt tərtib edildiyini bilən yoxdur. Cavabdeh İB sayğacdan kənar müdaxilənin onun və ailə üzvləri tərəfindən müdaxilə olunmasını sübut etməlidir.

5. Cavabdeh İB qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə abonent İddiaçı arasında arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvanda Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00132 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4 markalı qaz sayğacı quraşdırılmışdır. O, müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayacı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə onun fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sağacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşularaq onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmşdir. Onun qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 2013-cü il tarixə 129.60 manat, 2014-cü il tarixə 86.40 manat, 2017-ci il tarixə 1331.60 manat, 2018-ci il tarixə 2177.00 manat, 2019-cu il tarixə 554.40 manat, 2020-ci il tarixə 1378.80 manat, 2021-ci il tarixə 3313.44 manat, 2022-ci il tarixə 1167.80 manat - cəmi 16240.00 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Müqavilə öhdəliyinin onun tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfdən heç bir ödəniş həyata keçirilmədiyi üçün Cavabdeh İB tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1359 saylı, 02 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 dekabr 2022-ci il tarixli 2(011)-4500/2022 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) ilkin iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00132) dair əsassız hesablanmış 16240 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə belə nəticəyə gəlmişdir ki, sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müxtəlif nömrəli, müxtəlif tarixli aktların surətlərində “sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olundu” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 16240 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1359 saylı, 02 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə ilkin iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 18, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18.1, İXM-nin 282.1, “Qaz təchizatı” haqqında Qanunun 13.8-1 Mülki Prosessual Məcəllənin 4.1, 77.2, 81-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında cəmi 16240 deyil, 10139.04 manat dəymiş ziyan hesablanmışdır, 6100.96 manat hissəsi isə debitor borc məbləğidir. Məhkəmə isə ümumi məbləği cərimə borcu kimi qeyd edərək iddia tələbini tam təmin etmişdir. Məhkəmə iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları, borcun yaranması hallarını araşdırmamışdır. Belə ki, 16.240 manat borcun hansı hissəsi debitor borcdur və hansı hissəsi dəymiş ziyan məbləğidir araşdırmamışdır.

b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. İddiaçı isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

18. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

19. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

20. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

21. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Mübahisəli hüquq münasiətlərinin yarandığı vaxt qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 13, hissə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

31. Cavabdeh tərəfindən abonent saldosu təqdim edilmiş, cavabdehin nümayəndəsi bildirmişdir ki, tələb edilən məbləğin 10139,04 manatı aktlar üzrə, 6100,96 manatı isə debitor borcdur.

32. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Bildiriş-xəbərdarlıqda” isə göstərilmişdir ki, son ödənilən 15 manat - xx.xx.2022-ci il, qalıq borc - 9761,7 manat.

33. Lakin cavabdeh tərəfdən bu məbləğin tələb etdikləri borc məbləği ilə uyğunsuzluğu aydınlaşdırılmamışdır.

34. Tələb edilən borcun necə yaranması sübuta yetirilməmişdir.

35. İddiaçıya yaşadığı evə baxış keçirilərkən sayğacdan kənar xətt aşkarlanması səbəbi ilə aktlar tərtib olunmuş, həmin aktlar əsasında iddiaçının abonent hesabına itirilmiş qazın bərpası üzrə borc hesablanmışdır. Bununla belə, iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi halı müəyyən edilməmiş, ekspertiza nəticəsində də kənar qoşulma izləri aşkar olunmamışdır.

36. Cavabdehin əməkdaşlarının tərtib etdiyi aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi (ən azı poçtla göndərilməsi), habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.

37. Kollegiya onu da qeyd edir ki, qarşılıqlı iddia ərizəsində iddiaçıdan tələb olunan 16240 manat borcun tam olaraq kənar qoşulma nəticəsində itirilmiş qazın bərpası ilə bağlı olduğu qeyd olunmuş, iddiaçının debitor borcu barədə heç nə göstərilməmişdir.

38. Məhkəmə haqlı olaraq göstərmişdir ki, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 16240 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

39. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassızdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4500/2022 saylı iş üzrə 21 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar