Məhkəmə qərarları › İş №2(103)-2407/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2407/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2407/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iş üzrə (Açar sözlər:sığorta ödənişinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X2 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı özünə məxsus “LEXUS İS 300” markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə **********454 saylı sığorta şəhadətnaməsi ilə “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası üzrə” xx.xx.2025-ci il tarixinədək sığortalamışdır. xx.xx.2024-cü il tarixdə, saat 04:05-də o və dostu X6 ona məxsus “LEXUS İS 300” markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, Ara məhəllədə hərəkətdə olarkən (avtomobili dostu Xəyal Tağıyev idarə etmişdir) qarşıda hərəkətdə olan X5 məxsus olan “Mersedes Gle 350e” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi saxlanılmaması səbəbindən sözügedən avtomobilin arxa hissəsinə toxunmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Toqquşma nəticəsində “LEXUS İS 300" markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı "xxxx" MMC tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, bu qəza nəticəsində avtomobilə 4060,0 (dörd min altmış) manat ziyan dəymişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən sığortalanmış “LEXUS İS 300” markalı, **-LQ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə ümumilikdə 4060,0 (dörd min altmış) manat sığorta ödənişinin, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 61,0 (altmış bir) manat və nümayəndə xərcləri üçün 500,0 (beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, onunla cavabdeh şirkət arasında qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta münasibətləri yaranmış, həmin münasibətlər sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə əks olunmuş, qeyd olunan müqaviləyə əsasən sığorta hadisəsi hesab edilən hadisə baş versə də, cavabdeh şirkət müqaviləyə və qanunvericiliyə zidd olaraq sığorta ödənişini həyata keçirməmişdir. Mövcud qanunvericilikdə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması (“nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs’' dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür) nəqliyyat vasitəsini idarə edən şəxsə etibarnamə olmadan həmin avtomobili idarə etmək səlahiyyəti verir. Lakin buna baxmayaraq cavabdeh Şirkət mövcud qanunvericiliyin tələblərinə zidd olaraq, hesab etmişdir ki, avtomobilin sahibi olan fiziki şəxs tərəfindən avtomobili idarə edən şəxsə notarial qaydada təsdiq edilmiş etibarnamə verilmədiyindən, həmin sürücünün sığortalanmış avtomobili hadisə anında idarə etmək hüququ olmamışdır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-143/25 saylı iş üzrə 16 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Qafarova) iddia qismən təmin edilmiş, 3960 manat məbləğində sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun 59.60 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, avtomobilin sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyini qiymətləndirərkən avtomobili sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. iddiaçıya verilmiş sığorta şəhadətnaməsində səlahiyyətləndirilmiş sürücülərin bütün sürücülər olması qeyd edilmiş, lakin səlahiyyətləndirilmiş sürücü dedikdə avtomobilin sahibi olan fiziki şəxs və ya onun verdiyi notarial qaydada təsdiq edilmiş etibarnamə (yaxud avtomobilin sahibi olan hüquqi şəxsin verdiyi etibarnamə və ya yol vərəqi) əsasında idarə edən istənilən fiziki şəxs nəzərdə tutulması göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Məhkəmə, tərəflər arasında olan sığorta şəhadətnaməsində müəyyən edilmiş “səlahiyyətləndirilmiş sürücü dedikdə avtomobilin sahibi olan fiziki şəxs və ya onun verdiyi notarial qaydada təsdiq edilmiş etibarnamə (yaxud avtomobilin sahibi olan hüquqi şəxsin verdiyi etibarnamə və ya yol vərəqi) əsasında idarə edən istənilən fiziki şəxs nəzərdə tutulur” müddəasına (izahına) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 420-ci maddəsinin tələbləri baxımından qiymət verərək hesab edir ki, bu şərt iddiaçının mənafeyinin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsinə xidmət etməklə, bütövlükdə etimad və vicdanlılıq prinsiplərinə zidd olmaqla etibarsızdır. Buna görə də məhkəmə belə qənaətə gəlmişdir ki, avtomobil hər bir halda onun mülkiyyətçisinin iradəsinə zidd olmadan hadisə baş verən anda avtomobilin sürücüsü olan X4 istifadəsinə verilmiş və onun tərəfindən idarə edilmişdir. Məhkəmə sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi mütəxəssis rəyinə görə zərər 4060 manat müəyyən edilmişdir. Cavabdeh tərəf isə bu məbləği mübahisələndirməmişdir. “LEXUS İS 300” markalı, **-LQ-*** dövlət nömrəli nişanlı minik avtomobilə dair sığorta şəhadətnaməsinə əsasən hər hadisə üzrə 100 manat azadolma məbləğinin çıxılması nəzərdə tutulmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, azadolma məbləği zərərin həcmindən çıxılmaqla (4060-100) qalan 3960 (üç min doqquz yüz altmış) manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia hüquqi yardımın göstərilməsi ilə bağlı çəkilmiş xərcin tutulması hissəsində sübut təqdim edilmədiyindən təmin edilməməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 922, 926.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin şərtlərinə əsasən, nəqliyyat vasitəsinin səlahiyyətləndirilmiş sürücü və sığortalı tərəfindən idarə edilən zaman baş verən risklər sığorta təminatına daxildir. Bu o demekdir ki, nəqliyyat vasitəsi həmin şəxslər tərəfindən idarə edilən zaman baş verən hadisələr sığorta hadisəsi hesab olunacaqdır. Hadisə zamanı nəqliyyat vasitəsini idarə edən şəxs sığorta müqaviləsinin tərəfi olmamaqla bərabər, müqavilədə səlahiyyətləndirilmiş sürücü kimi qeyd olunmayan şəxsdir. Bu o deməkdir ki, nəqliyyat vasitəsi həmin şəxs tərəfindən və notarial qaydada təsdiq edilmiş etibarnamə olmadan idarə edildiyinə görə baş vermiş hadisədə sığorta hadisəsi hesab edilmir. Tərəflər arasında olan №**********454 saylı sığorta şəhadətnaməsinin mühüm şərtlər hissəsində qeyd olunub ki, “səlahiyyətləndirilmiş sürücü dedikdə avtomobilin sahibi olan fiziki şəxs və ya onun verdiyi notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında idarə edən istənilən fiziki şəxs nəzərdə tutulur”. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 2.0.7-ci maddəsinə əsasən, sürücü dedikdə sığortalanmış avtomobili idarə etməsi halında baş verən sığorta hadisələrinə sığorta təminatı verilən fiziki şəxs başa düşülür. Maddənin məzmunundan aydın olur ki, könüllü sığorta müqaviləsində sürücü sığorta təminatı almış şəxsdir. Müqavilədə səlahiyyətləndirilmiş sürücü qeyd olunmayıbsa, sığortalı özü sürücü hesab edilir və onun nəqliyyat vasitəsini idarə etməsi halında baş verən qəzalara sığorta təminatı verilir. Səlahiyyətləndirilmiş sürücü sığorta müqaviləsində göstərilmiş və ya sığortaçı tərəfindən başqa cür tanınmış şəxs olmalıdır. Göründüyü kimi hadisə zamanı nəqliyyat vasitəsini idarə edən şəxs sığortaçı tərəfindən hadisə baş verən vaxtadək tanınmadığına, qeyri-müəyyən olduğuna və tərəflər arasında bağlanan sığorta müqaviləsində adı qeyd olunmadığına görə səlahiyyətləndirilmiş sürücü hesab edilmir. Sığorta müqaviləsinə əsasən sığortalanmış nəqliyyat vasitəsini idarə etmək hüququna yalnız İddiaçı və onun notarial qaydada təsdiq edilmiş etibarnamə verdiyi şəxslər malikdir. İddia ərizəsində qeyd olunan “canlı etibarnamə” halı inzibati məsuliyyətin yaranmaması üçün olan haldır. Tərəflər arasında mövcud olan könüllü sığorta münasibətlərinin tənzimlənməsində heç bir rol oynamır. Baxılan halda, bu hadisə üzrə sığorta ödənişi canlı etibarnamə əsasında deyil, sığorta müqaviləsində qeyd olunanlara əsasən verilən kompensasiya ödənişidir və sığorta müqaviləsi ilə tənzimlənir. Müqavilə üzrə isə sığortalı və sürücü kimi yalnız iddiaçı özü tanınmışdır. Məhkəmə hadisəni sığorta hadisəsi hesab edərək, nəqliyyat vasitəsinə dəyən zərəri dəqiq müəyyən etmədən, iddiaçının təqdim etdiyi mötəbərliyi şübhə altında olan, sığorta şirkətinin iştirakı olmadan tərtib edilmiş qüsur aktını sübut kimi qiymətləndirərək 4060 manat məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul etmişdir. Halbuki, nəqliyyat vasitəsinə 4060 manat məbləğində ziyan dəyməsivə iddiaçının həmin məbləği ödəməsi barədə sübutlar mövcud deyil, qeyd olunan faktlar təsdiq edilmir. Həmin qüsur aktında hansı hissənin təmirlə bərpası mümkün olubolmayacağı aydınlaşdırılmadan, təmirlə bərpası mümkün olan hissələr belə dəyişdirilməli hissələr kimi göstərilmiş bu da özlüyündə zərər məbləğinin həddən artıq şişirdilməsinə səbəb olmuşdur. Yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı nəqliyyat vasitəsinə dəymiş ziyan 1500 manat müəyyən edilmiş, buna baxmayaraq imtina əsası olduğu üçün sığortalıya sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə qərarın əks olunduğu məktub göndərilmişdir. Hadisə sığorta hadisəsi olmadığı üçün nəqliyyat vasitəsinə baxış keçirmiş texniki ekspertlər tərəfindən tərtib edilmiş qüsur aktı birinci instansiya məhkəməsinə təqdim edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir

16. Apellyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, X4 qeyd olunan avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfü deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir

17. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ (sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmamasının sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aidiyyəti yoxdur. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə, yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyil.

18. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Son vaxtlar mülki dövriyyəyə daxil olan “ayıq sürücü” xidməti əməkdaşlarını da buna aid etmək olar. Deməli, mülkiyyətçinin yaxud digər qanuni sahibin avtomobildə olub-olmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. Bunu onlara heç kim qadağan edə bilməz.

19. Hazırkı işdə də qeyd olunan avtomobil mülkiyyətçi İddiaçı razılığı ilə X6 tərəfindən idarə edilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir.

20. Göründüyü kimi, hazırkı işdə də, avtomobil mülkiyyətçinin razılığı ilə idarə edilməyə verilmişdir. Bununla əlaqədar onlar arasında avtomobildən istifadəyə dair şifahi müqavilə bağlanmışdır. Ən azından bunu hansısa şəxs mübahisələndirmir. İşdə olan materiallarla, X4 həmin avtomobili mülkiyyətçinin razılığı olmadan idarə etməsi təsdiq olunmur.

21. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi vəsatət verərək avtomobilə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunmasını xahiş etsə də, Məhkəmə kollegiyası həmin vəsatəti əsassız sayaraq təmin etmədi. Belə ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində işə baxılarkən bu barədə vəsatət verməmiş və ümumiyyətlə ziyanın məbləğini hər hansı formada mübahisələndirməmişdir. Cavabdeh iddiaya qarşı etirazını yalnız avtomobilin etibarnamə olmadan idarə edilməsi ilə əsaslandırmışdır. Digər tərəfdən, cavabdeh tərəf avtomobilə vurulan ziyanın daha az olmasına dair də məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

23. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 16 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar