Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2408/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Emin Mehdiyevdən barət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh “Cavabdeh1" ASC-nin nümayəndəsi Emil Həsənovun iştirakı ilə, iddiaçı X1 cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC və Əmənətlərin Sığortalanması Fonduna qarşı “əmlakın mülkiyyətə keçirilməsi və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə lizinq münasibəti ilə bağlıdır. Lizinq obyekti 2 əşyadır: 1)“MAZ- 642208” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili; 2)“MAZ 953000-(010)” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu. Cavabdeh1 ASC lizinq verən, iddiaçı lizinq alandır. Lizinq müqaviləsi xx.xx.2008-ci il tarixdə bağlanıb, əvvəl lizinq alan başqa şəxs olub, sonradan - xx.xx.2011-ci il tarixdə "Öhdəliklərin köçürülməsi haqqında” müqavilə bağlanıb və lizinq alanın öhdəlikləri iddiaçıya verilib. Tələb və onun həlli: İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, yük avtomobili və yarımqoşqunun iddiaçının mülkiyyətinə keçirilməsi vəzifəsi cavabdehlərə həvalə edilsin, maddi zərərin əvəzi kimi 42.000 manat, mənəvi zərərin əvəzi 10 manat cavabdeh Əmanətlərin Sığortalanması Fondundan iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, yük avtomobilinin və yarımqoşqunun iddiaçının mülkiyyətinə keçirilməsinə əsas olan sənədlərin iddiaçıya verilməsi vəzifəsi cavabdehlərə həvalə edilsin, iddianın qalan hissəsi rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh1" ASC-nin nümayəndəsi Emil Həsənov apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunsa da şikayətin məzmunundan və dəlillərindən görünür ki, qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmir, yalnız iddianın təmin edilməsinə aid hissədə mübahisələndirilir. Ona görə də qətnamənin yalnız iddianın təmin edilməsinə aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Öhdəliklərin köçürülməsi haqqında” xx.xx.2011-ci il tarixli müqavilənin 1.3-cü bəndində qeyd olunub ki, bu müqavilənin imzalandığı günə lizinq obyektinin qalıq dəyəri 45.775 manat təşkil edir və lizinq müddəti 36 ay təyin edilir. İddiaçı lizinq müqaviləsi üzrə öhdəlikərini tam icra edib. İddiaçı lizinq müqaviləsi üzrə öhdəliklərini icra etdiyini bildirir, cavabdeh isə iddiaçının icra edilməmiş öhdəliyinin olmasına dair heç bir sübut təqdim edə bilmir. “Öhdəliklərin köçürülməsi haqqında” xx.xx.2011-ci il tarixli müqavilənin 2.5-ci bəndində qeyd olunub ki, bu müqavilənin 1.1-ci bəndində qeyd olunan lizinq müqaviləsi üzrə bütün lizinq haqları (o cümlədən yaranmış cərimə faizləri, əgər varsa) lizinq verənə tam ödənildikdə lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçəcəkdir. O cümlədən Mülki Məcəllənin 748-2.5-ci maddəsinə görə maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2408/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2408/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver