Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2410/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(011)-42/2023 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh İB tərəfindən tərtib olunmuş “Dəymiş ziyanın hesablanması və ödənməsi haqqında” 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli akta əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H. Balakişiyev küçəsində yerləşən 5/1 (yeni qayda ilə 65) ünvanda qaz sayğacına baxış keçirilmiş və “Mənzildə təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edilməsi aşkar olundu” qeyd edilmişdir. 2.Cavabdeh İB-i tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2022-ci il üçün akta əsasən 1814,40 manat borc hesablanmışdır.
3. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 01 noyabr 2022-ci il tarixli, 3/1357 nömrəli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi H. Balakişiyev küçəsində yerləşən 5/1 (yeni qayda ilə 65) ünvanda təqdimata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.
4. 15 may 2012-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X6 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi H.Balakişiyev küçəsində mülkiyyətində olan 0,044 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 7 otaqlı 166,1 kv.m yaşayış, 78,1 kv.m köməkçi sahədən ibarət 5/1 nömrəli fərdi yaşayış evini İddiaçı satmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindan RX seriyalı ******* çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi H.Balakişiyev küçəsi ev 65 İddiaçı xüsusi mülkiyyətindədir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş 31 yanvar 2022-ci il tarixli, 03289291 nömrəli aktın ləğv edilməsi, həmin aktdan irəli gələn 1859,76 manat məbləğin hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda qeydiyyatdadır, elə həmin ünvanda da yaşayır. O, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi H. Balakişiyev küçəsində yerləşən 5/1 nömrəli fərdi yaşayış evini isə 15 may 2012-ci il tarixdə Daşınmaz Əmlakın AN-İ № ******* alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Lakin həmin ünvanda yaşamır. 2010-cu ildə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, H. Balakişiyev küçəsində yerləşən 59 ”A” №-li evi qaz təchizatı ilə təmin etmək üçün, küçədə 1011AQ**********8 nömrəli sayğac quraşdırılmış, plomb vurulmuş və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi H. Balakişiyev küçəsində yerləşən 5 nömrəli evin sahibi X2 adına **********10000 nömrəli abonent kodu verilmişdir. İddiaçı 2012-ci ilin yay aylarından etibarən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi H. Balakişiyev küçəsində yerləşən 5/1 (yeni qayda ilə 65) ünvanında təbii qazdan istifadə etmir. Həmçinin həmin ünvanda elektrik enerjisindən qismən istifadə edir. Belə ki, həyətdə avtomobilini yuyanda və ya yaşıllıqları sulayanda “su motorundan” istifadə edir hətta elektrik təchizatının dayandırılması üçün "xxxx" ASC-nin hesab koduna artıq ödəniş də etmişdir. 04 dekabr 2021-ci il tarixdə Cavabdeh İB tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi H. Balakişiyev küçəsində yerləşən 59 ”A” ünvanına sayğac quraşdırılmış, 11469536 № li plomb vurulmuş, şəffaf qutu qoyulmuş, şəffaf qutuya 11460388 və 11460389 №li plomb vurulmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında” iddiaçının adına ******* nömrəli akt tərtib edilmiş, lakin “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” heç bir müqavilə bağlamamışdır. Müqavilənin bağlanmamasına səbəb **********10000 nömrəli abonent kodunun evin keçmiş sahibi X2 adına olmasıdır. 31 yanvar 2022-ci il tarixdə Bakı Regional Qazın Satışı Departamentinin Sabunçu rayonu üzrə nümayəndələrin keçirdiyi yoxlama zamanı küçədəki qaz xəttindən mənzilə daxil olan qaz xəttinin ağ rəngli rezin boru ilə birləşdirilməsi faktı aşkar edilmiş, foto-video çəkiliş edilmiş ağ rəngli rezin boru ləğv olunmuş, faktla bağlı ******* № li Akt tərtib edilmiş və dəymiş ziyan 15120 kub metr hesablanmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istirmarı haqqında” tərtib edilmiş ******* nömrəli aktda əvvəl quraşdırılmış sayğacın oğurlanması qeyd edilmiş, ******* nömrəli aktda isə sayğacın və şüşə qutunun plomblarının qırılması barədə heç bir qeydiyyat aparılmamışdır. Bundan əlavə, elektrik sayğacının fotoşəklindən görünür ki, 03 dekabr 2021-ci il tarixdə küçədəki qaz xəttindən mənzilə daxil olan qaz xəttini ağ rəngli rezin boru ilə Bakı Regional Qazın Satışı Departamentinin Sabunçu rayonu üzrə nümayəndələri bildirmiş, foto-şəkilləri çəkmiş və 31 yanvar 2022-ci il tarixdə isə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadəsi barədə ******* nömrəli akt tərtib etmişlər. Yeni quraşdırılmış qaz sayğacı və qaz xətti küçədə yerləşdiyindən ona edilmiş müdaxilə iddiaçı tərəfindən edilməsi belə aşkarlanmamışdır. İddiaçı tərəfindən qaz xəttinə müdaxil edilməmiş və heç bir əlavə xətt qoyulmamışdır. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi H. Balakişiyev küçəsində yerləşən 5/1 (yeni qayda ilə 65) ünvanında heç kimin yaşamadığı səbəbindən iddiçının sayğacdan kənar qeyri-qanuni qaz xəttinə qoşulmasına belə ehtiyyac yoxdur. Bakı Regional Qazın Satışı Departamentinin Sabunçu rayonu üzrə nümayəndələri tərəfindən çəkilmiş foto-şəkillərdə ağ rəngli rezin boru vasitəsi ilə istifadə olunan xəttin nə vaxt aşkar edildiyi və foto-şəkilin nə vaxt çəkildiyi təqdim edilməmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 03 dekabr 2021-ci il tarixdə çəkilmiş foto-şəkildə artıq qaz sayqacı quraşdırılmamışdır və digər foto-şəkildə artıq sayğacının quraşdırıldığını və qaz sərfiyyatının 01100 kub metr olması öz əksini tapmışdır. Əgər küçədəki qaz xəttindən mənzilə daxil olan qaz xəttinin rezin boru ilə birlədirilməsi 03 dekabr 2021-ci il tarixdə, sayğac quraşdırılmamışdan qabaq aşkar edilmişdirsə də, bu barədə abonentə 04 dekabr 2021-ci il tarixdə sayğac quraşdırılarkən heç bir məlumat verilməmişdir. 31 yanvar 2022-ci il tarixdə “dəymiş ziyanın hesablanması və ödənməsi” barədə tərtib edilmiş ******* nömrəli aktda Birliyin əməkdaşları küçədəki qaz xəttindən mənzilə gedən qaz xəttini çəkmiş, qaz sayğacını quraşdırmamış, abonentin iştirakı və imzası olmadan akt tərtib etmişlər. Cavabdeh abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. 28 fevral 2022-ci il tarixli “Abonentin Saldosu”ndan məlum oldu ki, təbii qazın itirilməsinə görə, əsassız olaraq iddiaçının hesab koduna 1859,76 manat borc yazılmışdır. Ümumi sərfiyyat 0 kub metr olduğu halda, 150 manat ödəniş olmuşdur. “Abonentin Gasrepi”ndən görünür ki, 2012-ci ilin avqust ayına qədər 832 kub metr qaz sərfiyyatı olmuş, sərfiyyatın məbləği 83,20 manat olduğu halda 123,30 manat ödəniş etmişdir. Yalnız bir dəfə 2013-cü ilin iyun ayında 20 kub metr qaz sərfiyyatına görə 2.00 manat ödəniş edilmişdir. Bu sübut edir ki, həqiqətən də Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi H. Balakişiyev küçəsində yerləşən 5/1(yeni qayda ilə 65) ünvanında heç kim yaşamır, təbii qazdan istifadə olunmur və sayğacdan kənar qeyri-qanuni istifadəyə də ehtiyac yoxdur.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(011)- 42/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
9. Qətnamənin əsaslarına görə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB tərəfindən tərtib edilmiş “Dəymiş ziyanın hesablanması və ödənilməsi haqqında” 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli aktın surətində “Mənzildə təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edilməsi aşkar olundu” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının evinə dair hesablanmış 1859,76 manat məbləğdə borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli, 3/1357 nömrəli ekspert rəyindən də görünür ki, ekspertə təqdim edilmiş İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi H. Balakişiyev küçəsində yerləşən 5/1 (yeni qayda ilə 65) ünvanda qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 18, 26-cı maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.
12. Şikayətin dəlillərinə görə, Cavabdeh İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir.
15. İddiaçı apelyasiya şikayəti ilə razı olmadığını bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür
17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
20. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü bəndinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən silinməsi qət edilmiş borcun məbləği dəyişdirilməlidir.
23. İlkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi işin halları üzrə borcun silinməli olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
23. İşdən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc məbləğinin əsası kimi iddiaçının qaz xəttinə qeyri-qanuni qoşulma həyata keçirməsi faktı göstərilir. Lakin, iddiaçının belə bir təqsirli hərəkəti müəyyən edilmir, bu hal işdəki sübutların məcmusu ilə təsdiq olunmur.
24. Cavabdeh apellyasiya şikayətində qeyri-qanuni qoşulma faktının akt ilə rəsmiləşdirildiyini qeyd etsə də, nəzərə alınmalıdır ki, akt iddiaçı tərəfindən imzalanmamış, aktın hazırlanmasına hal şahidləri cəlb edilməmiş, akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Yəni, aktın tərtibində qanunvericiliyin tələblərinə riayət edilməmişdir.
25. Şikayətin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərin nə vaxt, hansı ünvanda çəkilməsi, qanunsuz qoşulma faktını hansı formada əks etdirdiyi, əgər həqiqətən aktların tətibi zamanı çəkilmişsə hansı fotoşəkilin hansı aktın tərtibi zamanı çəkildiyi və s. hallar müəyyən edilmədiyindən mötəbər sübut kimi qanunuz qoşulma faktını müəyyən edə bilməz.
26. Bununla belə, iş materiallarında olan abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya hesablanmış borcun məbləği 1814,40 manat təşkil edir, qalan borc isə sayğac göstəricisi əsasında sərf olunmuş qaza görə hesablanmışdır. Hazırkı mübahisənin predmetini isə akt və həmin akta əsasən hesablanmış borc təşkil edir. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi borcun silinməsi hissədə dəyişdirilməli, silinməli olan borcun məbləği saldoya və akta əsasən 1814,40 manat həddində müəyyən edilməlidir.
27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə silinməli borcun məbləği hissədə düzgün olmamışdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(011)-42/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(011)-42/2023 nömrəli qətnaməsi borcun silinməsi hissəsində dəyişdirilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi H. Balakişiyev küçəsində yerləşən 5/1 (yeni qayda ilə 65) ünvanda yerləşən evə dair hesablanmış 1814,40 manat borc silinsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev