Məhkəmə qərarları › İş №2(103)-2413/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2413/2025

23.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2413/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-453/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 2383/2387-ci məhəllədə yerləşən ümumi sahəsi 75,80 kv.m. olan 20 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

2. İş üzrə “Müəssisə” qismində Cavabdeh ASC ilə “İstehlakçı” qismində İddiaçı arasında bağlanılmış istilik və isti su təchizatı xidmətlərinə dair xx.xx.2023-cü il tarixli, **********20 nömrəli müqaviləsinə əsasən bu müqavilə Müəssisə tərəfindən İstehlakçının mənzilinin və ya yaşayış evinin ümumi sahəsi 68,02 kv.m., mənzildə və ya yaşayış evində qeydiyyatda olanların sayı olan mənzilin və ya yaşayış evinin istilik və isti su təchizatı ilə əlaqədar tərəflərin hüquq və vəzifələrinə müəyyən edir.

3. İş üzrə Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli bildirişxəbərdarlığın surətindən görünür ki, Əyyub Alqayevin (abonent kodu **********20) ödəməli olduğu istilik borcu 295,51 manat təşkil etmiş, son ödəniş xx.xx.2024-cü il tarixdə 9,75 manat təşkil etmişdir.

4. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, ona əsassız hesablanmış 295 manat borcun silinməsini xahiş etmişdir. Əks təqdirdə 10 gün müddətində qanunvericiliyin tələblərinə uyğun həmin borcun silinməsi ilə əlaqədar müvafiq məhkəməyə müraciət edəcəkdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən əsassız olaraq hesablanmış 295 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. O, həmin mənzili 2022-ci ildə alqı-satqı müqaviləsinə əsasən mənzilin keçmiş mülkiyyətçisi Əyyub Alqayevdən almışdır. O, həmin mənzili alarkən həmin mənzildə heç bir istilik təchizatı quraşdırılmamışdır. Çünki həmin mənzildə yaşayış olmamışdır. Tam təmirsiz istismara yararsız mənzil idi. Sözügedən mənzili aldıqdan sonra o, bütün kommunal xidmətlərin xərclərini öz adına keçirmişdir. Həmçinin Cavabdeh ASC ilə aralarında istilik və isti su təchizatı xidmətlərinə dair xx.xx.2023-cü il tarixdə **********20 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh ASC-dən onun ünvanına göndərilən xx.xx.2024-cü il tarixli bildirişxəbərdarlıqda Alqayev Əyyubun 295 manat istilik borcu olduğu qeyd edilmişdir.O, Cavabdeh ASC ilə müqavilə bağlayarkən ona keçmiş mülkiyyətçinin borcunun olması barədə məlumat verilməmişdir və eyni zamanda aralarında müqavilə bağlanandan 8 ay sonra bildirişin yenidən keçmiş mülkiyyətçinin adına gəlməsi və həmin mənzilə dair 295 manat istilik borcunun olması barədə məlumat ona xx.xx.2024-cü il tarixdə verilmişdir. Belə olduğu təqdirdə hesab edir ki, Cavabdeh ASC ilə onun arasında bağlanan xx.xx.2023-cü il tarixdə **********20 nömrəli müqavilə formal xarakter daşıyır və 8 ay müddətində Cavabdeh ASC tərəfindən istehlakçı kimi tanınmamışdır və həmin mənzil üzrə istilik və isti su təchizatı xidmətləri onun adına rəsmiləşməmişdir. Əgər sözügedən mənzilin keçmiş mülkiyyətçisinin istiliyin verilməsi ilə əlaqədar Cavabdeh ASC-yə hər hansı ödənilməmiş borcu olsaydı, mən həmin cəmiyyətlə müqavilə bağlayarkən ona məlumat verilməli və keçmiş mülkiyyətçi tərəfindən ödəniş olmadığına görə həmin kommunal xidməti onun adına keçirməməli idilər. Həmin dövrlər üzrə "xxxx" ASC-nin və “Azəriqaz” İB-nin təqdim etdiyi ödəniş siyahısına nəzər yetirsələr görərlər ki, həqiqətən də sözügedən ünvanda yaşayış olmayıb və heç bir kommunal xidmətlərdən istifadə olunmayıb. Ümumiyyətlə həmin mənzildə sözügedən dövr üçün istilik qızdırıcı xətti (yəni otopleniya) çəkilməmişdir. Eyni zamanda Cavabdeh ASC ilə onun arasında bağlanan xx.xx.2023-cü il tarixdə **********20 nömrəli müqavilənin 3.3-cü bəndinə əsasən müəssisə istehlakçı tərəfindən istifadə edilən istilik və isti su təchizatı təchizatının uçotunu aparır və göstərilən istilik və isti su təchizatı xidmətlərinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu müqavilənin 3.1-ci bəndinə) əsasən hər ay istehlakçıya məlumat təqdim edir (göndərir). Həmin müqavilənin 3.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətlərinin istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 ay müddətində tam məbləğdə ödənilməlidir. Göründüyü kimi müəssisə müqavilənin şərtlərinə əməl etmədən qanunsuz hərəkət edərək ona 295 manat əsassız borc hesablanmışdır. O, bununla bağlı xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC-yə pretenziya şəklində müraciət etsə də, bugünədək müraciətinə cavab verilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ASC tərəfindən əsassız olaraq hesablanmış 295 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-453/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddianın təmin edilməsi, İddiaçı istilik enerjisindən istifadə ilə bağlı abunə hesabına (**********20) yazılmış cəmi 295 (iki yüz doxsan beş) manat borcun əsassız olduğu üçün silinməsi, Cavabdeh ASC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun tutulması qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Аzərbaycan Рespublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 561-ci maddələrinə, İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13.8, 17-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 sentyabr 2023-cü il tarixli 303 saylı qərarı ilə təsdiq olunmuş «İstilik enerjisindən istifadə Qaydaları»nın 6.1.4, 6.1.5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq olunmuş Cavabdeh ASC-nin Nizamnaməsinin 3.1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin, apellyasiya şikayətinə etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-cı il tarixli 847 saylı “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən yaradılmışdır və başlıca vəzifəsi tərkibinə daxil olan sturukturlar vasitəsi ilə istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir. Nizami rayonu, C.Naxçıvanski küçəsi, 2383/2387-ci məhəllədəki yaşayış binası payız-qış mövsümündə 4 saylı X2 Sahəsi tərəfindən istilik enerjisi ilə təchiz edilir. Qeyd olunan yaşayış binasının 20 saylı mənzili istilik enerjisi ilə təchiz olunmasına baxmayaraq kommunal xidmətə görə xx.xx.2024-cü il tarixinə qədər 295,51 manat məbləğində borc bu günə kimi ödənilməmişdir. İddiaçı özü etiraf etdiyi kimi Nizami rayonu, C.Naxçıvanski küçəsi, 2383/2387-ci məhəllə, 20 saylı mənzil 2022-ci ildə keçmiş mülkiyyətçi Əyyub Alqayev arasında daşınmaz əməlakın alqı-satqı müqaviləsi bağlanaraq mənzili almışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən “Alıcı”nın sahibliyinə verilənədək mənzilə dair əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi “Satıcı”nın üzərinə düşür. Eyni zamanda da müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilərək notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqavilənin şərtlərinə görə iddiaçının daşınmaz əmlakı əldə etmədən öncə mənzilin kommunal borclarının olubolmaması barədə “Satıcı”dan tələb etmək hüququ olmuş, lakin İddiaçı tərəfindən hüquqlarına laqeyd münasibət bəslənərək kommunal xidmətlərə görə borcun olubolmamasına dair hər hansı bir arayış tələb olunmamışdır. İddiaçı tərəfindən mənzili alarkən yaşayış olmadığını və eyni zamanda da istilik sisteminin olmadığına dair absurd fikrinə istinad etmişdir, lakin iddiaçı tərəfindən mənzildə istilik sisteminin olmadığına dair sübut və ya dəlilin əsaslığını təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. Faktiki olaraq qeyd olunan yaşayış binası, həmçinin qeyd olunan mənzil istilik enerjisi ilə təchiz olunmuşdur. Məhkəmə tərəfindən İddiaçı "xxxx" ASC və “Azəriqaz” İB-nin təqdim etdiyi arayışlara əsasən sözügedən ünvanda yaşayış olmadığını, yəni istilik sistemindən istifadə olunmadığını hesab edərək borc silinmişdir. Halbuki, istilik sistemlərinin boruları yaşayış binasının bütün mənzillərindən paralel olaraq olaraq ötürüldüyündən fərdi qaydada təchizatının dayandırılması mümkünsüzdür. Məhkəmə prosesində çəkişmə prinsipi təmin edilmədən dəlillər, izahatlar, sənədlər tədqiq edilmədən yekunlaşdırılmışdır. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən hallara hər tərəfli və obyektiv baxmadan hüquqi qiymət vermişdir. İddiaçının cavabdeh qarşısında müqavilə bağlamamışdan əvvəl istilik enerjisindən istifadə ilə bağlı hər hansı öhdəliyin yaranması üçün əsaslar müəyyən olunmadığını məhkəmə hesab etmişdir, halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 sentyabr 2023-cü il tarixli 303 nömrəli “İstilik enerjisindən istifadə qaydaları”na əsasən 1 nömrəli əlavə olaraq “İstilik və isti su təchizatı xidmətlərinə dair” əhali qrupuna aid olan istehlakçılara aid müqavilə forması təsdiq olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasına iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

«İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun

14. 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

15. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 sentyabr 2023-cü il tarixli 303 saylı qərarı ilə təsdiq olunmuş «İstilik enerjisindən istifadə Qaydaları»nın 6.1.5-ci maddəsinə əsasən istilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 1 (bir) ay müddətində tam məbləğdə ödəmək istehlakçıların vəzifələridir.

Аzərbaycan Рespublikası Mülki Məcəlləsinin

17. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-453/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Kollegiya hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun abonent hesabından silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

31. Kollegiya qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

32. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh ASC tərəfindən ünvan 2 ünvan üzrə İddiaçı xx.xx.2023-cü il tarixdən abonent kimi qeydiyyata alınmış və həmin mənzilin abunə hesabına istilik haqqının əvəzi kimi 295 manat məbləğində borc hesablanmışdır. İddiaçı mülkiyyətində olan mənzili 2022-ci ildə mənzilin keçmiş mülkiyyətçisi Əyyub Alqayevdən almış və həmin mənzil iddiaçı tərəfindən əldə edilənədək mənzildə yaşayış olmamış, mənzil üzrə hər hansı kommunal ödənişlər (işıq, qaz, su) həyata keçirilməmişdir. İddiaçı ilə cavabdeh arasında istilik və isti su təchizatı xidmətlərinə dair müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanılmışdır. Həmin tarixdən iddiaçı tərəfindən mütəmadi ödənişlər həyata keçirilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 sentyabr 2023-cü il tarixli 303 saylı qərarı ilə təsdiq olunmuş «İstilik enerjisindən istifadə Qaydaları»nın 6.1.4-cü maddəsinə əsasən istilik və isti su təchizatı xidmətlərindən istifadə etmək üçün Müəssisə ilə müqavilə bağlamaq və bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək istehlakçıların vəzifələridir.

34. Belə ki, göstərilən normativ hüquqi aktda istilik enerjisinin istehsalını, ötürülməsini, paylanılmasını və satışını həyata keçirən təchizatçı müəssisə - Cavabdeh ASC-nin istilik enerjisi şəbəkələrinə qoşulmuş istehlakçılarla müqavilənin bağlanılması nəzərdə tutulmuşdur.

35. Bu qaydaları əsas tutaraq kollegiya hesab edir ki, istilik təchizatını həyata keçirən müəssisə istilik enerjisinin istehlakçıya ötürülməsini, paylanmasını və satışını həyata keçirərkən onunla müqavilə bağlamalıdır. Belə müqavilənin bağlanmaması həm istehlakçının istilik təchizatı müəssisəsi qarşısında öhdəliyin yaranmasına səbəb olmur, həm də təchizat müəssisəsinin istehlakçıya qarşı hər hansı tələb irəli sürmək hüququnu yaratmır.

36. Kollegiya qeyd edir ki, iddiaçının istilik enerjisindən istifadə ilə bağlı öhdəliyin yaranması üçün onunla cavabdeh arasında həmin xidmətin göstərilməsi ilə bağlı müqavilə olmalıdır. Tərəflər arasında belə müqavilənin yalnız 2023-cü ilin dekabr ayında bağlanması müəyyən olunmuşdur.

37. Belə ki, iddiaçı ilə cavabdeh qarşısında istilik enerjisindən istifadə ilə bağlı müqavilə 2023-cü ildə bağlanıldığından və həmin tarixdən iddiaçı tərəfindən istilik enerjisindən istifadə ilə əlaqədar ödənişlər həyata keçirildiyindən, iddiaçının əvvəlki dövr üçün, yəni müqavilə mövcud olmadığı təqdirdə istilik enerjisindən istifadə ilə bağlı hər hansı öhdəliyi yaranmamışdır və bu səbəbdən də cavabdeh tərəfindən iddiaçıya belə bir borc hesablanması qanuni hesab edilmir.

38. Qeyd edilənlərə əsasən, kollegiya bildirir ki, iddia tələbi əsaslıdır və hesablanmış borc məbləğinin silinməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.

39. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

44. Kollegiya hesab edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(011)-7705/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar