Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2415/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər:(Əqdin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(004)-1894/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1."xxxx" X3 Açıq Səhmdar Cəmiyyəti (yeni adı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti, bundan sonra – cavabdeh və ya Bank) İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli, 6-G-1- 0-2454-14 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan (borcalan) İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və 0,04 ha torpaq sahəsini 18 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin təminatı kimi Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti tərəflərin razılaşmasına əsasən 195.000 manat qiymətləndirilmişdir. 2.Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(060)-13/2020 saylı qətnaməsi ilə hazırkı iş üzrə iddiaçıdan 70.445,24 manat əsas, 59.513,77 manat faiz, 200 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1.067,2 manat borc olmaqla, cəmi 131.226,21 manatın Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 200.000 manat müəyyən edilməsi, evin hərracda satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, evə tutma yönəldikdən və o satıldıqdan ən geci 01 ay ərzində iddiaçının evdən çıxarılması qət edilmişdir. 3.Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)- 1561/2020 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-13/2020 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilmiş və ilkin satış qiyməti 210.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 4.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 3234/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC ilə onun arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli, 6-G-1-0-2454-14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə onun arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli, 6-G-1-0-2454-14 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 48 ay müddətinə, illik faiz dərəcəsi 26 faiz olmaqla 80.000 manat kredit verilmişdir. Həmin müqavilənin təminatı kimi "xxxx" İKB ASC ilə onun arasında 18 dekabr 2014-cü il tarixli, 6-G-1-0- 2454-14 nömrəli ipoteka müqaviləsi bağlanmış, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. 2019-cu ilin aprel ayında "xxxx" İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi səbəbiylə cəmi 141.778,29 manat borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə, iddia ərizəsi qismən təmin edilməklə, ondan 70445,24 manat əsas, 59513,77 manat faiz, 200 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1067,2 manat borc olmaqla, cəmi 131.226,21 manatın Cavabdeh ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 200.000 manat müəyyən edilməsi, evin hərracda satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, evə tutma yönəldikdən və o satıldıqdan ən geci 01 ay ərzində İddiaçı evdən çıxarılması qət edilmişdir. O, həmin qətnamədən apelyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1561/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-13/2020 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə dəyişdirilmiş və evin ilkin satış qiyməti 210.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3234/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-1561/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qeyd etmişdir ki, onun kredit müqaviləsi bağlanan zaman ona məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə dair razılığı olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 7.Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı borcunu ödəmədiyi üçün məhkəməyə müraciət edilmiş, Bankın iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. İddia tələbi əsasızdır. Həmçinin iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Odur ki, 01 illik iddia müddəti tətbiq edilməklə, iddia rədd olunmalıdır. 8.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 2(004)-1894/2022 nömrəli iş üzrə 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia təmin edilməmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddianı təmin etməmişdir. 9.İddiaçı Mülki Məcəllənin 152.4-cü maddəsinin tələbinə uyğun olaraq mülkiyyətçi kimi ipoteka müqaviləsini bağlamaqda səlahiyyətli olmuşdur. İpoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələbinə əməl edilmişdir. 10.İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni ona fiziki və yaxud psixoloji təsir göstərilməsi yolu ilə müqavilələri bağlamağa məcbur edilməsi hallarını sübuta yetirə bilməmişdir. Belə ki, borc müqaviləsi, ipoteka müqavilələri onun iştirakı ilə bağlanmış, o, mənzilin ipoteka ilə yüklü edilməsinə könüllü olaraq razılıq vermişdir. 11.Qanuni qüvvəyə minmiş məhkəmə aktları və işin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, "xxxx" İKB ASC ilə iddiaçı arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli 6-G-1-0-2454-14 nömrəli ipoteka müqaviləsi yazılı formada bağlanmaqla, müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir, müqavilələrin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Çünki, müqavilənin tərəfləri ipoteka müqaviləsinin bağlanması anında bütün şərtlər barəsində razılığa gəlmişlər və öz iradələri ilə həmin müqavilələri bağlayaraq imzalamışlar. Müqavilələrin bağlanmasının təşəbbüskarı İddiaçı özü olmuşdur. İşin qeyd olunan faktiki halları və müqavilənin qanuna uyğun bağlanması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Odur ki, iddia tələbi əsassızdır. 12.Məhkəmə eləcə də qeyd edir ki, ipoteka müqaviləsi qanunvericiliyin tələbinə uyğun bağlanmışdır, iddiaçının xx.xx.2014-cü il tarixli müqaviləni şəxsən bağlamış və müqavilənin bağlanmasından məlumatı olmuşdur. İddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş bir illik müddəti də buraxmış, xx.xx.2014-cü il tarixdə bağlanmış müqaviləni xx.xx.2022-ci il tarixdə mübahisələndirmişdir. 13.Həmçinin, məhkəmə qeyd etmişdir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırkı halda yuxarıda qeyd olunduğu kimi İddiaçı bağladığı əqdlərə münasibətdə vicdanlı olmuş, əqdlərin legitimsizliyi barədə onda hər hansı şübhə olmamışdır. 14.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 740.2, 337.1, 404.1, 404.2, 354.2, maddələrinə; “İpoteka haqqında” Qanunun 10.2 və 10.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 119-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 15.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı kredit müqaviləsi bağlanarkən ona məxsus fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razılığı olmamış, iddiaçı bu əqdi cavabdeh qurum tərəfindən aldadılması nəticəsində bağlamışdır. Məhkəmə işin yuxarıda qeyd edilən halı ilə bağlı hərtərəfli, tam, obyektiv araşdırma aparmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. 17.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5698/2022 nömrəli mülki iş üzrə 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. 18.Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 261.0.2, 262.4, 384.0.4, 391 və Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadına istinadla hesab etmişdir ki, iddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi əqdlə bağlı qanuni qüvvəsini almış məhkəmə aktı olduğundan, ipoteka müqaviləsinin etibarsızlığı məsələsinə hüquqi qiymət verildiyindən və hazırkı işə ayrıca tələb kimi məhkəmədə baxılması yolverilməz olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat 19.İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 20.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2023-cü il tarixli, 2(102)-309/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5698/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi və mülki işin baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. 21.Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmələrin iş üzrə yuxarıda gəldiyi nəticə əqdə əsaslanan iddialar üçün tamamilə qanuni və əsaslıdır. Lakin məhkəmələr nəzərə almamışdır ki, əqdə əsaslanan tələblər əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Belə ki, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o, əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. 22.Odur ki, əşya hüququnun, o cümlədən ipoteka hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə MPM-in 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. 23.Hazırkı iş üzrə icraata xitam verilməsi üçün əsas götürülmüş məhkəmə aktları üzrə ipoteka predmetinə tutma yönəldilməsi tələbi əşya hüququna əsaslanan iddia olduğu üçün və işə baxılması zamanı hazırkı iş üzrə iddiaçı tərəfindən ipoteka hüququnun əsaslandığı qeydin mötəbərliyinə yazılı tələb (o cümlədən qarşılıqlı iddia) irəli sürülməklə etiraz edilmədiyi üçün həmin işə baxmış məhkəmələrin ipoteka qeydinin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi də yaranmamışdır. 24.Məhkəmə kollegiyası hesab etmişdir ki, bu baxımdan hazırkı iş üzrə icraata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi üçün əsas mövcud olmamışdır. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat a)Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 26.İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 27.Maddə 6.2.Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 28.Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 29.Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 30.Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 31.Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 32.Maddə 337.1.Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 33.Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 34.Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 35.Maddələr 339.2 və 339.3.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncüşəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadanxəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəfaldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 36.Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 37.Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İpoteka Haqqında Azərbaycan Respublikasının Qanunu: 38.Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 39.Maddə 10.4.İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 42.Maddələr 385.1.1, 385.1.2.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 44.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 45.Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(004)-1894/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir. 46.Belə ki, məhkəmə iddianı rədd edərkən, iddia tələbinin qanuni əsasını müəyyən etməmiş, həmçinin MPM-in 82.3-cü maddəsinə istinad etmişdir. 47.Hansı ki, kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, hazırkı iş üzrə icraata xitam verilməsi üçün əsas götürülmüş məhkəmə aktları üzrə ipoteka predmetinə tutma yönəldilməsi tələbi əşya hüququna əsaslanan iddia olduğu üçün və işə baxılması zamanı hazırkı iş üzrə iddiaçı tərəfindən ipoteka hüququnun əsaslandığı qeydin mötəbərliyinə yazılı tələb (o cümlədən qarşılıqlı iddia) irəli sürülməklə etiraz edilmədiyi üçün həmin işə baxmış məhkəmələrin ipoteka qeydinin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi də yaranmamışdır. 48.Hazırkı işdə iddiaçı ipoteka müqaviləsinin etibarsızlığını irəli sürərkən, cavabdeh tərəfindən aldadıldığı nəticəsində müqaviləni bağladığını bildirir. 49.Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. 50.Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 18 dekabr 2014-cü il tarixli, 6-G-1- 0-2454- 14 nömrəli ipoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla qanunvericiliyin tələbinə uyğun bağlanmışdır. 51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-ci il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. 52.Aldatma isə bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. 53.Belə ki, müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) aldadıcı davranış qəsdən edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı. Bu şərtlərdən hər hansı biri aşkar edilməzsə aldatmaya dayanaraq əqdin etibarsızlığı tələbi irəli sürülə bilməz. 54.Məhkəmə araşdırması zamanı müyyən olundu ki, iddiaçı 18 dekabr 2014-cü il tarixli, 6-G-1-0- 2454-14 saylı kredit müqaviləsi əsasında Bankdan götürdüyü kreditin təminatı olaraq, hazırda mübahisələndirdiyi ipoteka müqaviləsini bağlamışdır. 55.Məhkəmə kollegiyası iddiaçının aldadılmaqla ipoteka müqaviləsi bağlaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materialları ilə mübahisələndirilən ipoteka müqaviləsinin etibarsızlığına səbəb ola biləcək qeyd olunan hal aşkar edilməmiş, iddiaçı da bunu təsdiq edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə iş materialları ilə müəyyən edilmişdir ki, ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmiş, tərəflər müqaviləni bağlanması anında bütün şərtlər barəsində razılığa gələrək öz iradələri ilə həmin müqavilələri imzalayaraq təsdiq etmişlər. 56.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ipoteka müqaviləsini mübahisələndirmək üçün 1 (bir ) illik kəsici müddəti ötürmüşdür. 57.Belə ki, ipoteka müqaviləsi 18 dekabr 2014-cü il tarixdə bağlansa da, iddiaçı müqaviləni xx.xx.2022-ci il tarixdə mübahisələndirmişdir. 58.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(004)-1894/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-2415/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2415/2023
29.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver