Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2418/2022 28.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(011)-7796/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ünvan 1 ünvanındakı istehlakçı kodu **********40010 olan sayğac üzrə qanunsuz və əsassız olaraq tərtib edilmiş 06 aprel 2018-ci il tarixli, 58/1185 saylı "təbii qazdan istifadə qaydalarının pozulması" haqqında AKT və AKT əsasında qəbul edilmiş qərarın ləğv edilməsi, hesablanmış 3853,10 manat borcun silinməsi, həmçinin təbii qazdan istifadə ilə əlaqədar ödənilmiş pul vəsaitindən AKT tərtib edildikdən sonra borca silinən məbləğin cavabdehdən alınaraq ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanındakı istehlakçı kodu **********40010 olan sayğac üzrə qanunsuz və əsassız olaraq tərtib edilmiş 06 aprel 2018-ci il tarixli, 58/1185 saylı "təbii qazdan istifadə qaydalarının pozulması" haqqında AKT və AKT əsasında qəbul edilmiş aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 3853,10 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ünvan 1 ünvanı üzrə **********40010 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Həmin ünvanda yerləşən evə quraşdırılmış qaz sayğacı 19.09.2018-ci il tarixdə yenisi ilə əvəz edilmiş və bu barədə ******* saylı akt tərtib edilmişdir. 30.03.2018-ci il tarixdə iddiaçının yaşadığı evə dair təbii qazdan istifadə qaydalarının pozulması barədə 58/1185 saylı akt tərtib edilmiş, aktda sayğacın qaynaq birləşməsinə vurulan plombun qırılması qeyd edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 2 ünvanında həyat yoldaşı, 3 azyaşlı övladı ilə birgə yaşayır. 06 aprel 2018-ci il tarixdə cavabdehin əməkdaşları gələrək yuxarıda qeyd etdiyi ünvanda cavabdeh tərəfindən quraşdırılmış istehlakçı kodu **********4010 olan sayğaca baxış keçirərkən guya sayğacın plomblarında kənar müdaxilədən yaranan nasazlığın olmasını müəyyən etmiş, buna görə də istehlakçı (abonent) kodu **********40010 olan sayğac çıxarılmış və müdaxilənin olub-olmamasını müəyyən etmək üçün dövlət yoxlamasına göndərilmişdir. 06 aprel 2018-ci il tarixdə cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 58/1185 saylı birtərəfli AKT (AKT yalnız cavabdeh təşkilatın əməkdaşlarının iştirakı ilə tərtib edilmişdir) tərtib edilmişdir. AKT-da saygacdakı plombun qırılması qeyd edilmişdir. Sonra isə cavabdeh əsassız olaraq 18.692 m3 ödənilməmiş qaz həcminə görə 3853,1 manat borc hesablamışdır. 21 sentyabr 2018-ci il tarixdə o, cavabdehə Q-2181/2018 saylı ərizə ilə müraciət edərək, dövlət yoxlamasından sayğacın tam yararlı olması müəyyən edilməsi nəzərə alınmaqla əsassız hesablanmış borc məbləğinin silinməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat ərizəyə şifahi bildirmişdir ki, borcu mütləq ödəməlidir. Artıq uzun müddətdir ki, əsassız hesablanmış borc sayğaca qaz yükləyərkən yüklədiyi pul vəsaitinin təxminən 2/3 hissəsi borca çıxılır. Cavabdeh tərəfindən hüquqları kobud surətdə pozulmuşdur və bu hüquq pozutusu hələ də davam edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli 2(011)-7796/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanındakı istehlakçı kodu **********40010 olan sayğac üzrə qanunsuz və əsassız olaraq tərtib edilmiş 06 aprel 2018ci il tarixli, 58/1185 saylı "təbii qazdan istifadə qaydalarının pozulması" haqqında aktın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu **********40010) təbii qazın itkisinə görə İddiaçı hesablanmış 3853.10 manat məbləğində borcun silinməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7796/2021 saylı iş üzrə 08.12.2021-ci il tarixli qətnaməsininin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçı X4 Cavabdehİstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan qeyri-qanuni istifadə nəticəsində yaranmış 3853,1 manat borcun silinməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. Aşağıdakılara əsasən Xətai Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Azəriqaz İB-nın əməkdaşları tərəfindən 19.09.2018-ci il tarixdə iddiaçının ünvanında olan sayğaca baxış keçirilmiş, sayğacın mənfiyə işlədiyi, sayğacın elektron göstəricisinin yazmadığı, mexaniki göstəricisində 20681 m3 dəyəri ödənilmədən qaz sərf edildiyi aşkar olunmuş və qaz sayğacının çıxardılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Beləliklə, sayğacın mexaniki göstəricisinə əsasən iddiaçı tərəfindın dəyəri ödənilmədən qaz sərf edildiyi müəyyən edilmiş və sayğacın mexaniki göstəricisinə uyğun olaraq hesablanan həmin borcun abonentin saldosuna əlavə edilmişdir. 1-ci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. İddiaçının GASREP-dən çıxarışından və saldosundan da mübahisəsiz qaydada göründüyü kimi akt tərtib edilən dövrdə və ondan əvvəl iddiaçı illər ərzində cuzi ödənişlər etmişdir. Qeyd edirlər ki, İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ Cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasınınn iclasında Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materiallarını, apellyasiya şikayətinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. Göstərilən qanunvericilik normasının mənasından da göründüyü kimi, aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür. Cavabdeh İB hüquq normasında qeyd edilən dövlət orqanı, icra və s. orqan olmasa da, insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin müddəalarının da eyni ilə Cavabdeh İB tərəfindən tərtib edilən aktların mübahisələndirilməsi hallarına da şamil olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh tərəfindən 30.03.2018-ci il tarixdə tərtib edilmiş akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanındakı istehlakçı kodu **********40010 olan sayğac üzrə qanunsuz və əsassız olaraq tərtib edilmiş 06 aprel 2018ci il tarixli, 58/1185 saylı "təbii qazdan istifadə qaydalarının pozulması" haqqında aktın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu **********40010) təbii qazın itkisinə görə İddiaçı hesablanmış 3853.10 manat məbləğində borcun silinməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(011)-7796/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2418/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2418/2022
28.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver