Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2419/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2419/2025 (Açar sözlər: ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı, X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-204/2025 nömrəli 17 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh İsrafilov tərəfindən verilmiş apellyasiya şikayətinə 07 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2023 olan Chery Tiggo markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 55000 manat məbləğində xx.xx.2023-cü il tarixində xx.xx.2024-cü il tarixədək tam sığorta edilmişdir.
2. Bakı şəhəri Nərimanov RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədov tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdır.
3. TP seriyalı, ******* saylı xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixində istifadəsində olan **-VH-*** dövlət qeydiyyat nişanlı Mercedes 190 minik markalı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci madddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərar alınmışdır.
4. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində Z.Bünyadov pr-tində YNH-toqquşma baş vermiş, Cavabdeh2 mülkiyyətində olan və avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan Cavabdeh1 tərəfindən idarə olunan **-VH-*** dövlət qeydiyyat nişanlı Mercedes 190 minik markalı nəqliyyat vasitəsi ilə X4 məxsus Chery Tiggo markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur.
5. "xxxx" ASC tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli zərərin hesablanması aktından görünür ki, Chery Tiggo markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 27051,6 manat hesablanmışdır.
6. Çıxarışa görə "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin hesabına 4126,2 manat məbləğində sığorta ödənişi edilmişdir.
7. "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli, AZ0017585 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 27051,60 manat ödəniş edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 22925,4 manat məbləğində sığorta ödənişinin, 158,78 manat məbləğində dövlət rüsumunun və 0.4 manat xidmət haqqının, cəmi 23084,58 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus olan “Mercedes Benz 190” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən idarə edərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış “Chery Tiggo” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Nərimanov DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı elektron qərara əsasən Cavabdeh1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Chery Tiggo” markalı, **-XR-*** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 27051,60 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün ASC tərəfindən “Chery Tiggo” markalı, ** XR *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 27051,60 manat məbləğində sığorta ödənişinin 4126.2 manat məbləğində olan hissəsi “Mercedes Benz 190” markalı, **- VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmiş, 22925.4 manat məbləğində sığorta ödənişi isə ödənilməmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki,“Chery Tiggo” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. Nərimanov DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı elektron qərara əsasən Cavabdeh1 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.1cimaddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan və “Mercedes Benz 190” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt avtomobil mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Chery Tiggo” markalı, **-XR-*** dövlət nömrə nişanlı avtomobilə avtomobilə dəymiş zərərin məbləği ASC tərəfindən 27051,60 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki,“Chery Tiggo” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 27051,60 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş “1 C” sistemindən çıxarışdan müəyyən olunur ki,“Chery Tiggo” markalı, ** XR *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 27051,60 manat məbləğində sığorta ödənişinin 4126.2 manat məbləğində olan hissəsi“ Mercedes Benz 190” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmişdir. xx.xx.2024-cü il tarixli, BS-S-24/0005 saylı Geriyə tələb (subroqasiya) məktubundan və həmin məktubun ünvana çatdırılmasını təsdiq edən xəbərnamələrdən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən 22925,4 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir.
10. "xxxx" MMC tərəfindən məhkəmənin e-2(001)-2786/2024 saylı, xx.xx.2024-cü il tarixli sorğusuna ünvanlanmış xx.xx.2024-cü il tarixli, M-34 saylı məktubda göstərilir: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan e-2(001)- 2786/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-cü il tarixli sorğu məktubunuza cavab olaraq bildirilməlidir ki, "Chery Tiggo" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə "xxxx" MMC-nin balansında olan servis mərkəzində texniki xidmət göstərilmiş və hansı işlərin aparılmasına dair ********** nömrəli təmir kartı, görülmüş işlərin dəyəri olaraq "xxxx" ASC-yə göndərilmiş elektron qaimə-faktura və ödənişə dair sənədlər nəzərinizə çatdırılır. Əlavə olaraq qeyd edilməlidir ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanan "Avtomobilə texniki xidmət göstərilməsinə dair" 9/C nömrəli "Təmir və bərpa xidmətlərinin göstərilməsinə dair" müqavilənin 3.4.10-cü bəndinə əsasən, icraçının təklifi ilə sifarişçi zədələnmiş ehtiyat hissələrini götürməkdən imtina edərsə və nəqliyyat vasitəsi təhvil verildikdən sonra 7 təqvim günü ərzində bununla bağlı icraçıya rəsmi məktub göndərməzsə ehtiyat hissələri təhvil verilmiş hesab edilir. Yuxarıda qeyd edilən bəndə əsaslanaraq bildirilməlidir ki, dəyişdirilmiş ehtiyat hissələri "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə təklif edilsə də, qarşı tərəf ehtiyat hissələrini götürməkdən imtina etdiyindən həmin ehtiyat hissələri tullantı kimi atılmışdır.
11. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilən ********** saylı təmir aktından görünür ki, "Chery Tiggo" markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün 27284,66 manat ödəniş edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli, 9/4207 saylı ekspertiza rəyindən görünür ki, "xxxx" ASC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli qüsur məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2023-cü il buraxılışlı, “Chery Tiggo 8 Pro” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla, dəyişilməli hissələrin dəyəri 23075,00 manat, təmir-bərpa işlərinin qiyməti 3976, 60 manat müəyyən edilmişdir.
13. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 158,78 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik bank xidmət haqqı ödənilmişdir.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 yanvar 2025-ci il tarixli 2(001)-204/2025 nömrəli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddianın qismən təmin edilməsi, cavabdeh X1 22925,4 manat məbləğində pul vəsaiti və 158,78 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
15. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı sığorta şirkəti zərər dəymiş avtomobilin kasko sığortası üzrə sığortaçısıdır. Zərərin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə edən X6 tərəfindən vurulması işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən zərər dəymiş avtomobilin təmiri üçün 27051,60 manat sığorta ödənişi edilmiş və həmin sığorta ödənişinin bir hissəsi, yəni 4126,20 manatı yüksək təhlükə mənbəyinin icbari sığortası üzrə sığorta şirkəti tərəfindən qarşılanmışdır. İddiaçı hazırda qalıq məbləği, yəni 22925,4 manatı tələb edir, Cavabdeh1 isə zərərin məbləği ilə razı olmamışdır.
16. Məhkəmə qeyd etmişdir ki, zərər dəyən avtomobil yeni və rəsmi zəmanətdə olduğu üçün onun dəyişilməli olan detallarına köhnəlmə faizi tətbiq etmək mümkün deyildir, eyni zamanda detalların başqa mağazalardan alınması mülkiyyətçinin mənafeyinə uyğun deyildir. Hansı ki, hamıya bəllidir ki, bu halda rəsmi servis təmir edilən (yenisi ilə əvəz edilməyən), başqa bazardan əldə edilən ehtiyyat hissələrinə və başqa servisin göstərdiyi xidmətə zəmanət vermir. Halbuki, avtomobilin zəmanət müddəti 8 ildir. Bu səbəbdən də avtomobilə dəymiş zərərin məbləği rəsmi servisin qiymətlərinə uyğun müəyyən edilməlidir.
17. Məhkəmə eyni zamanda hesab etmişdir ki, həmin məbləğ yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə edən cavabdeh X1 tutulmalı, digər Cavabdeh2 məsuliyyəti istisna edilməlidir. Belə ki, cavabdeh X3 yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə etməsi işin mübahisəsiz halıdır, çünki yol nəqliyyat hadisəsini törədən şəxs İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinməmişdir. İddiaçının zərərin əvəzinin həm mənbə sahibindən, həm də mənbəni qanuni əsaslarla idarə edən şəxsdən tutulmasının qanuni əsası müəyyən edilmir.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 936.1, 936.2, 1096.1, 1096.2, 1108.1, 1108.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və rədd edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətində göstərilmişdir ki, baş vermiş hadisə nəticəsində “Cherry Tiggo” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız sağ qabaq yan hissəsi zədəyə uğramış və zədəyə uğrayan ehtiyat hissələrinin təxminən dəyəri 4000-4500 manat civarında olar. Bunu əyani olaraq iş materaillarında olan foto şəkillər təsdiq edir. Həmin fotoşəkillərdən “Cherry Tiggo” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən real zərərin görüntüsü aydın şəkildə özünü göstərir. Lakin tələb olunan 27051,60 manat pul vəsaiti real zərəri əks etdirmir. Həmin 27051,60 manat pul vəsaiti əsassız şəkildə "xxxx" MMC tərəfindən hazırlanmış qüsur aktına əsasən hesablanmışdır. "xxxx" MMC “Chery Bakı Mərkəzi”nin rəsmi servisidir. Həmin avtomobil zəmanətli və eyni zamanda kasko sığortalı olduğundan, gələcəkdə iddiaçı həmin sığorta məbləğini ödəmək məcburiyyətində qalacağından "xxxx" MMC məhz qüsur aktını avtomobilə dəyən real zərər barədə deyil, biləvasitə iddiaçının marağına uyğun vermişdir. Təkrar ekspertizanın keçirilməsi barədə verdiyi vəsatəti təmin etməyən məhkəmə "xxxx" MMC-yə sorğu göndərmiş, sorğuya cavab olaraq "xxxx" MMC tərəfindən dəyişdirilmiş ehtiyat hissələri "xxxx" ASC-yə təklif edilsə də, ehtiyat hissələrini götürməkdən imtina etdiyi və həmin ehtiyat hissələrinin tullantı kimi atıldığı bildirilmişdir. Lakin məhkəmə iclasında izahat verən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Chery Tiggo” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5 zədələnmiş ehtiyat hissələrinin sığorta tərəfindən götürüldüyünü bildirmişdir. Belə ki, o, servisdə olanda ofisə zəng gəlmiş, Anar adlı şəxs ona sığortanın rəisi tərəfindən zədələnən hissələrin götürüldüyünü demişdir. Servisdə onun maşını ilə maraqlanan Rüfət adlı şəxs də, detalların sığorta tərəfindən götürüldüyünü demişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
22. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, müəyyən edilmiş məbləğ ilə razı deyil, avtomobilə o qədər ziyan vurulmamışdır. Qüsur aktında göstərilən heç də bütün ehtiyyat hissələri zədələnərək dəyişilməmişdir. Təqdim etdiyi fotoşəkillərə əsasən qeyd etmişdir ki, avtomaşının yalnız qabağ sağ diski zədələndiyi halda aktda hər 4 təkərin zədələndiyi qeyd edilir. Bundan əlavə ön sağ fara da zədələnmədiyi halda onun dəyişdirilməsi qeyd olunub.
23. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qeyd edilən məsələləri məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Həmçinin hadisə yerində çəkilmiş foto və videoçəkilişləri məhkəməyə təqdim etdi. Qeyd etdi ki, avtomobili təzə olduğundan zədələnmiş bütün detalların yenisi ilə əvəz olunmasını tələb etmişdir. Təhlükəsizlik yastıqları açıldığı üçün həmçinin ön sağ oturacaq və təvan da yenisi ilə əvəz olunmuşdur.
24. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq
Mülki Məcəllə
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 936.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
27. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
28. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 30.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 31.Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 32.Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətdə yalnız dəymiş ziyanın məbləğini mübahisələndirmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
42. Göründüyü kimi, xx.xx.2023-cü il tarixində saat 16:10 radələrində Z.Bünyadov prospektində Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi **-VH-*** dövlət qeydiyyat nişanlı Mercedes 190 minik markalı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X4 məxsus Chery Tiggo markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Hadisə zamanı Cavabdeh1 barəsində TP seriyalı, ******* saylı xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci madddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir.
43. Hadisə nəticəsində X4 məxsus “Chery Tiggo” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 27051,60 manat zərər dəydiyi müəyyən edilmişdir.
44. **-VH-*** dövlət qeydiyyat nişanlı Mercedes 190 minik markalı nəqliyyat vasitəsi isə "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalandığından "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin bank hesabına 4126,20 manat sığorta ödənişi ödənilmişdir.
45. İddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli zərərin hesablanma aktından görünür ki, ehtiyat hissələri və usta xidmətlərinə cəmi 27051,6 manat vəsait xərclənmişdir.
46. Apelyasiya baxışında üçüncü şəxs Ramiz Sadıxov tərəfindən təqdim edilən foto və videoşəkillərdən görünür ki, avtomobilin ön sağ farası və R18 ölçülü 3 ədəd diski (arxalar və ön sol) ümumiyyətlə heç bir zədə almamışdır.
47. Aktda R18 ölçülü 1 diskin qiyməti 750 manat, ön sağ faranın qiyməti isə 2585 manat göstərilmişdir.
48. Buna görə də Kollegiya hesab edir ki, həmin hissələrin dəyəri (4835) ümumi zərər məbləğindən çıxılmalıdır.
49. Belə olan halda isə dəyişdirilməli olan ehtiyat hissələrinin ümumi dəyəri 18.240 manat (23.075-2250(750*3)-2585=18.240) təşkil edir.
50. Odur ki, Kollegiya belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan vurulmuş ziyanın ümumi məbləği dəyişdirilərək 18090,4 manat (27051,6- 4126,20-4585) müəyyən edilməlidir.
51. Digər hissələrə dair hər hansı sübut təqdim edilmədiyindən kollegiya həmin hissələrə münasibətdə qətnaməni əsaslı hesab edir.
52. Göründüyü kimi iddia tələbi 22925,4 manat təşkil etdiyi halda onun təmin edilən hissəsi olan 18090,4 manat cəmi məbləğin 79%-ni təşkil edir.
53. Belə olduqda 158,78 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının 79%-i, yəni 125,8 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
54. Kollegiya onu da qeyd edir ki, cavabdeh dəyişdirilmiş ehtiyat hissələrini "xxxx" MMCdən tələb edə bilər.
55. İddianın təmin olunmayan hissəsi 5000 manatdan az olduğu üçün iddiaçı kassasiya şikayəti verə bilməz.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-204/2025 nömrəli iş üzrə 17 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh X1 18090,4 manat məbləğində pul vəsaiti və 125,8 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən cavabdeh onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.