Məhkəmə qərarları › İş №2(103)-2421/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2421/2022

14.03.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2421/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 və onun vəkili X6 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4391/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında 08.05.2013-cü il tarixdə bağlanmış ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbə ümumi sahəsi 178.4 kv.m olan 78 saylı mənzilinin (yeni 84 nömrəli mənzil) izolə olunmuş 4 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, dəymiş maddi ziyanın əvəzi olaraq 12.000 manat, mənəvi ziyanın əvəzi olaraq 5000 manat pulun Cavabdeh tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdı ki, İddiaçı MTK ilə Cavabdeh arasında 08.05.2013-cü il tarixli müqavilə bağlanılmışdır. İddiaçı MTK ilə Cavabdeh arasında ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbə ümumi sahəsi 178.4 kv.m olan 4 otaqlı 78 saylı mənzilə (yeni 84 nömrəli mənzil) dair 08.05.2013-cü il tarixli müqavilə imzalanmış və müqavilənin 4.1- ci maddəsinə əsasən mənzilin dəyəri hər kv.m sahəsi üçün 280 ABŞ dolları təyin edilmiş, cəmi 178.4 kv.m sahə üçün 50000 ABŞ dolları təşkil etmişdir. Belə ki, kredit müqavilələri formal olaraq bağlanmışdır. Müqavilənin bağlanmasının əsas səbəbləri tam başqadır. Seyfəddin (Cavabdeh tanışı) adlı şəxs İddiaçı MTK-ya dəmir materiallarının (armatur) verilməsini təmin etməli idi. İddiaçı MTK isə həmin materialların qarşılığında Seyfəddin adlı şəxsin xahişi ilə Cavabdeh ilə müqavilə bağlayaraq sözügedən mənzili ona verməli idi. Sadəcə Seyfəddin adlı şəxs bildirdi ki, o, dəmir materiallarını verilməsini təmin edəcək və materialların əvəzi olaraq Cavabdeh ilə İddiaçı MTK arasında müqavilə bağlanacaq. Seyfəddin adlı şəxs həmin müqaviləni möhkəmləndirməkdən ötrü isə İddiaçı MTK tərəfindən Cavabdeh borcunun olmaması ilə bağlı maliyyə arayışı verilməsini xahiş etmişdir. Həmin maliyyə arayışı Cavabdeh verilmişdir. Cavabdeh həmin mənzildə konstruksiya dəyişikliyi edərək təmir işlərini görmüşdür. Daha sonra Seyfəddin adlı şəxs dəmir materiallarının (armatur) İddiaçı MTK-ya verilməsini təmin etmədi. Eyni zamanda MTK müqavilə bağlayan Cavabdeh bu barədə məlumat vermiş və o, bildirmişdir ki, mənzilin dəyəri olan 50000 ABŞ dollarını o, ödəyəcəkdir. Daha sonra MTK rəhbərliyinə yaxın olan Seyfəddin adlı şəxs bildirdi ki, Cavabdeh maddi sıxıntıları vardır, ona pulun qeyri-müəyyən vaxta ödənilməsi üçün vaxt verilməsini xahiş etmiş və MTK rəhbərliyi buna etiraz etməmişdir. Təxminən 2015-ci ilin avqust ayında Cavabdeh MTK-ya bildirmişdir ki, o evi təmir etdikdən sonra satmaq qərarına gəlmişdir. Evi satdıqdan sonra MTK-ya olan borcu ödəyəcəkdir və evin satılması zamanı MTK müqavilənin dəyişdirilməsinə sonunculara kömək etsin. MTK Cavabdeh ilə razılaşır və 12.08.2015-ci il tarixdə mübahisəli mənzilin X1 ilə bağlı razılığı qəbul etmişdir. Mənzilin satışından sonra MTK Cavabdeh borcun ödənilməsini tələb edilsə də, sonuncu bildirmişdir ki, evi nağd pul şəkilində satmamışdır. X4 ilə onun arasında MTK-ya aid olmayan müəyyən danışıqlar (maddiyatla bağlı) olmuşdur. Bu danışıqlar həyata keçənə kimi Cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayacaqlar. MTK rəhbərliyinə yaxın olan Seyfəddin adlı şəxs isə MTK-ya catacaq olan 50000 ABŞ dollarına zamin durduğunu, heç bir narahatçılıq olmamasını bildirmişdir. Daha sonra MTK-ya məlum olmuşdur ki, Cavabdeh ilə Mehman Köçərili arasında məhkəmə mübahisəsi olmuşdur. Mənzil Cavabdeh təhvil verildikdən sonra sonuncu həmin mənzildə konstruksiya dəyişikliyi etməklə təmir etdirmişdir. Konstruksiya dəyişikliyin olunması isə həmin mənzilə gələcəkdə çıxarış verilməsində imtinaya səbəb olacaqdır. Mənzilin ilkin layihəsi üzrə arakəsmələrdə dəyişiklik həyata keçirilmişdir. Bu səbəbdən də, İddiaçı MTK Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4391/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı MTK-nın iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayətində rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 və onun vəkili X7 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 337.1, 337.2, 337.3, 339.4, 354.1, 354.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına; Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına istinad edərək göstərmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericliyin tələblərinə uyğun olduğundan və iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı mübahisələndirmə müddətini ötürdüyündən iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin təqdim etdiyi ərizəni məhkəmə əsaslı hesab edir. Əlavə olaraq iddiaçının müqavilənin hüquqi nəticələrinin etibarsızlığı ilə yanaşı həm də ləğv edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfin cavabdehin mənzil qarşılığında dəmir materialların (armatur) verilməsini öz üzərinə öhdəlik götürməsini əsas gətirsə də tərəflər arasında bağlanmış mübahisələndirilən 08.05.2013-cü il tarixli müqavilənin sürətində cavabdehin belə öhdəlik götürməsi ilə bağlı razılaşma nəzərdə tutulmamışdır. İddiaçının təqdim sübutların əksinə olaraq iş materiallarında olan İddiaçı MTK-nın direktoru Əhmədov S.R. tərəfindən imzalanmış 18.03.2018-ci il tarixli maliyyə arayışından da göründüyü kimi X4 iddia predmeti olan mənzilin tam dəyərini ödəmişdir. Bu hala münasibətdə məhkəmə belə hesab edir ki, müqavilə öhdəliyinin cavabdeh tərəfindən pozuntusu halına yol verildiyi ilə bağlı iddiaçı tərəfin təqdim etdiyi sübutlar əsassızdır.əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam -yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin yaxud rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının iddia ərizəsinin nəticə hissəsində tələbini qeyd etməsi iddianın yalnız bu qaydada təmin olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçının bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər(MM.m.447.1). Bu normadan göründüyü kimi, müqavilədən imtina, ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirilən andan etibarən deyil, müqavilənin bağlandığı andan əmələ gətirir. Müqavilənin ləğv olunması hallarında isə ləğvetmənin baş verdiyi andan sonra üçün hüquq münasibətinə xitam verilir. Buna görə də ləğvetməyə qədər əmələ gələn hüquq və vəzifələr öz qüvvəsində qalır. Lakin müqavilədən imtinada isə müqavilə üzrə öhdəliklər bağlandığı andan etibarən aradan qalxmış olur. İmtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışsa, onda imtina ilə bərabər öhdəliklərə də xitam verilir. Ancaq imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, yada hər iki tərəfdən qismən icra olunmuşsa onda icra edilən öhdəliklərin geriyə qaytarılması tələb olunur. Demək ki, icra olunmuş müqavilə öhdəlikləri baxımından ləğvetmədən söhbət gedə bilməz. Başqa sözlə ləğvetmənin daha öncə icra olunmuş müqavilə öhdəliklərinə təsiri ola bilməz. Lakin müqavilədən imtinada əvvəl icra olunmuş müqavilə öhdəliklərinə təsir göstərərək onların geriyə qaytarılmasının hüquqi əsasını təşkil edir. Bu hala görə də müqavilədən imtina müqavilənin etibarsızlığı ilə oxşarlıq təşkil edir. Lakin etibarsızlıqdan fərqili olaraq müqavilədən imtinada əvvəldən hüquqi əsas olur, lakin imtinadan sonra əvvəldən olan hüquqi əsas aradan qalxır. Hazırki iddia üzrə iddiaçı cavabdehlə bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyi görüntüsü yaratmağa cəhd etsə də, əslində ona bəllidir ki, mübahisələndirdiyi müqavilənin predmeti olmuş mənzil artıq üçüncü şəxs Mehman Köçərlinin mülkiyyətindədir və sonuncu ilə cavabdeh və onun arasında həmin mənzillə bağlı məhkəmə mübahisəsi olmuş və Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2(103)-6986/2016 saylı qətnaməsi ilə ilkin iddiaçı Köçərli Mehmanın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2016cı il tarixli qətnaməsi ləğv edilmiş, ilkin iddia qismən təmin edilərək Cavabdeh ünvan 2 ünvanda yerləşən 78 saylı mənzildən çıxarılması, ilkin iddianın qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh X4 və İddiaçı MTK-ya qarşı ünvan 2 nömrəli evin 78 saylı mənzilinə dair Köçərli Mehman Fəxrəddin oğlunun adına bağlanmış 12 avqust 2015-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Göründüyü kimi, ünvan 2 nömrəli evin 78 saylı mənzilinə dair Köçərli Mehman Fəxrəddin oğlunun adına bağlanmış 12 avqust 2015-ci il tarixli müqavilənin tərəfi İddiaçı MTK olmuş və həmin vaxt sonuncuya məlum idi ki, bu müqavilə Cavabdehlə onun arasında bağlanmış 08 may 2013-cü il tarixli müqavilənin predmeti olmuş mənzilə görə bağlanılır. Demək, mübahisələndirdiyi 08 may 2013-cü il tarixli müqavilə 12 avqust 2015ci il tarixli müqavilə bağlandığı vaxtdan artıq əhəmiyyətini itirərək qüvvədən düşmüşdür. Eyni zamanda elə MTK verdiyi maliyyə arayışlarına əsasən də qeyd olunan mənzilin dəyərinin Mehman Köçərli tərəfindən tam ödənildiyini təsdiq etmişdir. Yəni, Cavabdehlə müqavilə formal bağlanmışdırsa Mehman Köçərli tərəfindən həmin mənzil əldə edilərkən ödədiyi vəsaitdən yararlana bilərdi. Ona görə də iddiaçının hazırda bu cür iddia irəli sürməsi məhkəmə müdafiəsi hüququ ilə bağlı olsa da hüquqdan pis niyyətlə sui istifadə edilməsi də yolverilməzdir. Bundan əlavə, iddiaçı zərərlə bağlı istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apellyasiya şikayətində də ona zərər vurulması ilə bağlı hansısa mötəbər dəlilə istinad etməmişdir. Zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin iddiaçıya zərər vurması isə inandırıcı və ağlabatan görünmür. Əlbətdə ki, istisna olunmur ki, tərəflər hüquqdan pis niyyətlə istifadə edərək üçüncü şəxsə zərər vurmaq məqsədilə belə bir iddia irəli sürə və cavabdeh də bu iddianı etiraf edə bilər. Ancaq bu hal da iddianın haqlı sayılmasına dəlalət etmir. Çünki, cavabdeh bu iddianı etiraf edəcəydisə, onda məhkəmədə iddia qaldırmağa da ehtiyac yox idi. Göstərilənlərdən əlavə, mübahisələndirilən müqavilənin predmeti olmuş mənzilə mülkiyyət hüququ artıq üçüncü şəxs Mehman Köçərlinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və o, həmin mənzilin tam mülkiyyətçisidir. Konstitusiyanın 13cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi, qeyd olunan maddi hüquq normaları da mübahisələndirilən müqavilənin predmeti olan mənzilin mülkiyyətçisinin qanuni maraqlarını və mənafelərini qoruyr. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, hazırki iş üzrə məhkəmənin iddianı rədd etməsi düzgün olmuşdur. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun tərəflər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, mülki dövriyyənin iştirakçısı kimi aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacib idi ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər, qanunvericiliyin imperativ tələblərinə riayət etmiş olsunlar. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4391/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar