Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2422/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Süleyman oğluna və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzildən yaşayış sahəsinin ayrılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Süleyman oğluna və Cavabdeh2 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzildən yaşayış sahəsinin ayrılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.10. 2022-ci il tarixli, 2(010)-3315/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Suraxanı rayonu, M.Mustafayev küçəsi, ev 20, mənzil 24 əvvəlcə dövlət mənzil fonduna aid olmuş, Cavabdeh1 Süleyman mənzilin icarədarı olmuş, daha sonra mənzil özəlləşdirmə nəticəsində onun mülkiyyətinə keçmiş və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyatda alınmışdır.
2. Cavabdeh1 Süleyman oğlu ilə İddiaçı 2005-ci ildə nikaha daxil olmuşlar, iki uşaqları var, nikahlarının pozulması xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır.
3. İddiaçı 2005-ci ildə həmin mənzilə gəlin köçmüş, 2006-cı ildə mənzilə qeydiyyata alınmış, o, mənzilin özəlləşdirməsində iştirak etmiş və mənzilin Cavabdeh1 Süleyman oğlunun adına özəlləşdirilməsinə razılıq vermişdir.
4. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Süleyman oğlu həmin mənzili Cavabdeh2 satmışdır.
5. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-7049/2020 saylı qətnaməsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi iddiaçı Cavabdeh1 Süleyman oğlunun cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiasının rədd edilməsi və həmin qətnamənin İddiaçı Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi ev 20-də yerləşən 24 nömrəli mənzildən qeydiyyatdan çıxarılması üçün əsas sayılmasına aid hissədə ləğv edilmiş, iddiaçı Cavabdeh1 Süleyman oğlunun cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiası rədd olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh1 Süleyman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun razılığı olmadan qanunsuz satılmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, ona və uşaqlarına həmin mənzildən yaşayış sahəsinin ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi ev 20 mənzil 24-də yerləşən mənzilə dair Cavabdeh1 Süleyman oğlu ilə Cavabdeh2 arasında bağlanmış 16 fevral 2020-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılmasını, ona və uşaqlarına həmin mənzildən yaşayış sahəsinin ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildə Cavabdeh1 Süleyman oğlu ilə ailə qurmuş və Bakı şəhəri, Suraxanı rayonu, M.Mustafayev küçəsi ev 20, mənzil 24-ə gəlin köçmüşdür. 2006-cı ildə qızı X5, 2008-ci ildə isə oğlu X6 həmin mənzildə anadan olmuşlar. O, iki uşağı ilə birlikdə həmin mənzildə qeydiyyata alınmışlar. 2011-ci ildə isə həmin mənzili onun razılığı ilə keçmiş həyat yoldaşı Cavabdeh1 Süleyman oğlunun adına özəlləşdirmişlər. 2005-ci ildən 2015-ci ilədək, yəni 10 il ərzində iki uşağı və keçmiş həyat yoldaşı ilə birlikdə həmin mənzildə yaşamışdır. 2015-ci ildə keçmiş həyat yoldaşının əyyaş olması səbəbindən ondan boşanmış və iki uşağı ilə birlikdə evi tərk edərək atasının evinə sığınmışdır. Boşandıqdan təxminən iki il sonra keçmiş həyat yoldaşı sərxoş vəziyyətdə adam öldürmüş və 14 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bundan istifadə edən keçmiş qaynanası Nümayəndə onu və iki uşağını qanunsuz olaraq həmin mənzildən qeydiyyatdan çıxararaq mənzili Cavabdeh2 satmışdır. Bundan xəbər tutandan sonra o, Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7049/2020 saylı qətnaməsi ilə onun həmin mənzildən istifadə hüququ bərpa edilmişdir. Mübahisəli ev əvvəllər qaynanasına məxsus olmuş, belə ki həmin evi ona yaşamaq üçün iş yerindən vermişlər. Sonra isə həmin ev ilkin olaraq Cavabdeh1 Süleyman oğlunun adına rəsmiləşdirilmişdir. Hazırda həmin ev qanunsuz olaraq alqı-satqı müqaviləsi əsasında satılmışdır.
9. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 3315/2022 saylı qətnaməsi ilə (hakim L.Talıbova) iddia təmin olunmamışdır.
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, sözügedən mənzil ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmadığından, mənzilin alqı-satqısına dair müqavilədə həm alıcı, həm də satıcı tərəfin iradə ifadəsi mövcud olduğundan, hər iki tərəf anlaqlı olduqlarından, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olduğundan, onlar tərəfindən həmin alqı-satqı müqaviləsi mübahisələndirilmədiyindən, o cümlədən iddiaçının həmin mənzilə istifadə hüququnun mövcudluğu, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün əsas hesab edilmədiyindən, iddiaçının iddia tələbi rədd olunmalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Məcəlləsinin 225, 390.1, 390.3, 337.1, 337.2, 340.2 337.3 337.4, 339.5ci maddələrinə, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.1, 36.4, 37.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında Mənzil X1” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli, yyən edilmiş müddətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarlarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 89.1, 119.1, 217.4, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəməsi mənzilə qeydiyyatının olduğunu qeyd edərək, həmin mənzilin alqı-satqı müqaviləsinin etibarsızlığı məsələsinə ötəri yanaşmışdır. Bununla da maddi hüquq normalarını pozmuşdur. Müqavilə onun istifadə hüququ pozulmaqla bağlandığından özlüyündə etibarsız əqddir. Müqavilənin bağlanması nəticəsində onun mülkiyyət hüquqları pozulmuşdur. Digər tərəfdən də məhkəmə qətnaməsində ona mənzildən yaşayış sahəsinin ayrılması tələbini də əsassız olaraq rədd etmişdir. Belə ki, mənzil onun cavabdehlə birgə nikahda olduğu dövrdə cavabdehin adına rəsmiləşdirilmişdir. Ona görə də mənzil ümumi mülkiyyət hesab olunmalı və istifadə hüququ ilə yanaşı ona həmin mənzildən pay da ayrılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verdi və qətnamənin ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etmədiyini, mənzil alarkən iddiaçının həmin mənzilə istifadə hüququnun olduğunu bilmədiyini, alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirildiyini bildirdi.
17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Maddə 33.1. Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 34.1. Nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Maddə 36.1 Ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
20. “Azərbaycan Respublikasında Mənzil X1” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarı: Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil X1” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir. Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, işin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, M.Mustafayev küçəsi, ev 20, mənzil 24 əvvəlcə dövlət mənzil fonduna aid olmuş, sonradan özəlləşdirmə nəticəsində Cavabdeh1 Süleyman oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə qeydiyyatda alınmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda istinad olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq düzgün olaraq nəticəyə gəlmişdir ki, sözügedən mənzil ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmamışdır. Həmçinin, mənzilin alqı-satqısına dair müqavilədə həm alıcı, həm də satıcı tərəfin iradə ifadəsi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
27. Bundan başqa, iddiaçının həmin mənzilə istifadə hüququnun mövcudluğu daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün əsas hesab edilmir.
28. Məhkəmə kollegiyası onu da qeyd edir ki, həmin mənzil ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmadığından, yəni ər-arvadın ümumi mülkiyyəti sayılmadığından mənzildən hər hansı sahənin iddiaçıya ayrılması barədə tələbi də əsasızdır.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Cavbanşir qızının apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 3315/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli
Akif İsgəndərov
Cəmilə Musayeva