Məhkəmə qərarları › İş №2(103)-2424/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2424/2020

21.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2424/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X3, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 (həmçinin, Cavabdeh4 nümayəndəsi), Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı «ev vəsiyyətnaməsinin tanınması, mirasda payların müəyyən edilməsi və miras əmlakın naturada müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-5887/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı «ev vəsiyyətnaməsinin tanınması, mirasda payların müəyyən edilməsi və miras əmlakın naturada müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, atası X7 xx.xx.2011-ci ildə tərtib etdiyi ev vəsiyyətnaməsinin tanınması, miras əmlakdakı payların həmin vəsiyyətnaməyə uyğun bölünməsi və həmin payların naturada bölünməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 A ünvanında yerləşən fərdi yaşayış evi atası X7 mülkiyyətində olmuşdur. Atasının vəfatından əvvəl xx.xx.2011-ci ildə ev vəsiyyətnaməsi tərtib etmiş və mülkiyyətində olan evin bölgüsü ilə bağlı iradə ifadəsini həmin vəsiyyətnamədə ifadə etmişdir. Vəsiyyətnamədə atası Cavabdeh1 1 otaq, mətbəx, qaraj və həyətin bir hissəsi, İddiaçı 1 otaq, balkon və həyətin bir hissəsi, Cavabdeh2 Rafi qızına 2 otaq və həyətin hər iki hissəsində gəzmək ixtiyarını vermişdir. Atası xx.xx.2016-cı ildə vəfat etmişdir. Atasının vəfatından sonra birinci dərəcəli vərəsələri onun 5 övladı və yoldaşı qaımışdır ki, həmin beş övladdan iddiaçı, Cavabdeh2 və Cavabdeh1, anası Cavabdeh5 miras əmlakı faktiki olaraq qəbul etmişlər. Digər bacıları ümumiyyətlə mirası qəbul etməmiş, həmin evə sahiblik etməmiş, öz evlərində yaşamışlar. Lakin eşitdiyinə görə sonradan digər bacıları atasının vəfatından 3 il keçdikdən sonra notariusa gedərək öz paylarından qardaşı Cavabdeh1 xeyrinə imtina etmişlər. Halbuki, atası vəfatından əvvəl vəsiyyətnamə tərtib etmişdir. Hətta vəsiyyətnamə olmasa idi belə həmin bacıları mirasın qəbulu üçün qanunda göstərilən müddəti ötürmüşlər. Tərtib edilmiş ev vəsiyyətnaməsini bacısı Cavabdeh2 tərəfindən icra edilmiş, vəsiyyətnamədə yazılan son cümlələr «X5 1931-ci ildə anadan olmuşam, bu yazıları özüm yazmışam və təsdiq edirəm» atası tərəfindən icra edilmiş, tarix qoyaraq özü imzalamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)- 5887/2019 saylı qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia ərizəsi təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin olunması xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və s. göstərilmiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdlir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edən zamanı hüquqi savadsızlığı üzündən cavabdehlərin adlarına verilmiş qanun üzrə vərəsəlik hüquqları haqqında şəhadətnamələri və onların əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi isə bu hallara diqqət yetirməmiş, iddiaya mahiyyəti üzrə hüquqi qiymət vermişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh tərəf apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektivaraşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymətverərəkhesabedirki,apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-cı ildə vəfat etmişdir. İşdə olan, Bakı şəhəri 17 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2016-cı ildə ölmüş X7 vərəsələri ünvan 2 A ünvanında qeydiyyatda olan Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 hər biri miras əmlakda 1/6 hissədə pay almalıdır. Miras payının 1/6 hissəsi açıq saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqlarən dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçısi ev 93A (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Firəngiz Əhmədova küçəsi ev 46) xüsusi mülkiyyət kimi Cavabdeh1 (4/6 hissədə torpaq və ev), X7 (1/6 hissədə açıq qalır) Cavabdeh4 (1/6 hissədə torpaq) qeydə alınmışdır. İddiaçı tərəfindən təqdim olunmuş sadə yazılı formada tərtib edilmiş vəsiyyətnamənin məzmunundan görünür ki, vəsiyyətnamə əl yazısı ilə yazılmış, qeyd edilmişdir ki, «X5 1931-ci ildə anadan olmuşam. Mən evlərimi övladlarım arasında bölürəm. 1. Cavabdeh1 bir otaq, qaraj, mətbəx, həyətin bir hissəsi.2 İddiaçı bir otaq, balkon, həyətin bir hisssi. 3. X4 2 otaq və həyətin 2 hissəsində gəzməyə ixtiyarı var. Biz də qızım ilə 2 otaqda yaşayacağıq. Həyatda olmayanda 2 otaqlar qızıma – Sevdaya qalır. X5 1931-ci il. Bu yazılanları özüm yazmışam və təsdiq edirəm. xx xxxxx 2011-ci il. İmza» İddiaçı hazırki tələbində – atası X7 xx.xx.2011-ci ildə tərtib etdiyi ev vəsiyyətnaməsinin tanınmasını, miras əmlakdakı payların həmin vəsiyyətnaməyə uyğun bölünməsini və həmin payların naturada bölünməsi tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən qeyd etmişdir ki, iddiaçının tanınmasını tələb etdiyi ev vəsiyyətnaməsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyərək təsdiq edilməmiş, vəsiyyətnamənin tanınması üçün hər hansı bir əsas mövcud deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tanınması tələb olunan vəsiyyətnaməyə mahiyyəti üzrə hüquqi qiymət vermiş, onun qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamasını, müvafiq qaydada təsdiq edilməməsini və s. göstərmişdir. Lakin, birinci instansiya məhkəməsi vərəsəliyin artıq qanun üzrə həyata keçirilməsini, yəni bu istiqamətdə cavabdehlər tərəfindən notariat orqanına müraciət olunmasını, notarius tərəfindən müvafiq notariat hərəkətlərinin aparılmasını, nəticədə cavabdeh tərəfin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini, həmin şəhadətnamə əsasında isə əmlaka paylı mülkiyyət hüququna dair cavabdeh tərəfin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini, həmin sənədlərin isə iddiaçı tərəfindən ümumiyyətlə mübahisələndirilməməsini nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia məhz göstərilən əsaslara görə rədd edilməli idi. Yəni, iddiaçı əvvəlki hüquqmüəyyənedici sənədləri mübahisələndirmədən, hazırki tələlini tələbini irəli sürmüşdür ki, bu hal da özü-özlüyündə iddianın əsassız olması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası işə irəli sürülmüş tələb həddində baxaraq, ondan kənara çıxmağı məqsədəmüvafiq hesab etmir. Çünki, MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəbdən də, iddiaçı müstəqil qaydada, aidiyyəti üzrə məhkəmədə müvafiq tələb (qeyd edilən sənədləri mübahisələndirmək və s.) irəli sürmək hüquqlarını özündə saxlayır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə maddi və prosessual hüquq nomalarının düzgün tətbiq olunmaması ilə qəbul edildiyindən apellyasiya şikayətinə əsasən ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia yuxarıda göstərilən əsas üzrə rədd olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı «ev vəsiyyətnaməsinin tanınması, mirasda payların müəyyən edilməsi və miras əmlakın naturada müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-5887/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-5887/2019 saylı qətnaməsi ləğv edilsin,iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar