Məhkəmə qərarları › İş №2(103)-2425/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2425/2021

03.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2425/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-4501/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialına (bundan sonra, cavabdeh) qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli 003/20 nömrəli əmrin ləğv edilməsi, həmin əmrin ləğv edilməsi ilə bərabər, onun işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə xx xxx 2020-ci il tarixdən işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən əmək qanunvericiliyin pozulması və işçi kimi hüquqlarının tapdanması nəticəsində ona vurulmuş 50000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsi üzrə iddiaçı həmin müqaviləyə xitam verildiyi tarixədək əmək müqavilələri üzrə öhdəliklərini vaxtında və tam şəkildə icra etmiş və cavabdehin nümunəvi işçilərindən olmağı bacarmışlar. Lakin, xx.xx.2020-ci il tarixdə Philip Naylor adlı şəxs (cavabdehin hal-hazırda direktoru olan şəxs) filiala daxil olaraq həmin şəxsin işdən azad olunduğunu bildirmişdir. Hətta, bu zaman, həmin şəxsin özü ilə birgə filiala gətirdiyi hüquqşünas iddiaçıya könüllü qaydada işdən azad olunma ilə bağlı ərizə yazmağı təklif etmiş, əks təqdirdə, əmək müqaviləsinə cavabdehin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad olunacağı, bunun isə onun üçün gələcəkdə iş tapmağına maneə olacağı ilə hədələmişdir. İddiaçının hüquqi savadsızlığından istifadə edən həmin şəxslər iddiaçıdan işdən çıxması barədə ərizə almağa nail olmuşlar. Lakin həmin ərizənin təqdim edilməsi üzərindən 24 saat müddət keçməmiş iddiaçı tərəfindən verilmiş ərizənin etibarsız hesab edilməsi barəsində cavabdehə yeni ərizə təqdim edilmişdir. Təəssüflər olsun ki, bu günədək iddiaçının işinə qaytarılması üçün cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri barəsində iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edilmişdir. Dövlət Əmək Müfəttişliyi tərəfindən cavabdehin etdiyi qanunsuz əməllər araşdırılmamış və nəticədə, «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Philip Naylorun barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələri ilə xx xxxxxx 2020ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 4501/2020 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməməsinə, həmçinin iddia müddətinin keçməsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdə olan əmək kitabçasının surətindən görünür ki, iddiaçı, xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialında satış üzrə dəstəkçi vəzifəsində işləmişdir. İşdə olan İddiaçı tərəfindən «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərinin adına yazılmış ərizədən görünür ki, onu şirkətdə tutduğu vəzifədən xx.xx.2020-ci il tarixdən etibarən azad edilməsini və həmin tarixdən etibarən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşdə olan «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri Philip Naylorun xx xxx 2020-ci il tarixli, 003/20 №-li əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış xx xxxx 2011-ci il trixli Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən xx xxx 2020-ci il tarixdən etibarən xitam verilməsi və o,«xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı Filialında tutduğu vəzifəsindən həmin tarixdən etibarən azad edilməsi əmr edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. İşdə olan İddiaçı tərəfindən «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərinin adına ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, xx.xx.2020-ci il tarixdə işdən çıxması ilə bağlı ləğv edilməsini, həmin ərizənin o, könüllü deyil psixoloji təzyiq əsasında yazmasını göstərilmiş, əmək qanunvericiliyinin tələblərini rəhbər tutaraq həmin ərizənin ləğv edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri X5 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1700 manat cərimə məbləğində cərimə edilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş şikayət təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1980/2020 saylı xx.xx.2020ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). Belə ki, ƏM-nin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçi öz təşəbbüsü ilə əmək müqaviləsini ləğv etmək hüququna malikdir. İddiaçı da bu istiqamətdə (ƏM-nin 69-cu maddəsinə əsasən) ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı ərizəni könüllü iradə ifadəsi ilə yazmamasını, ona psixoloji təsir, hədə-qorxu olunmasını və s. göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. ƏM-nin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşdən görünür ki, iddiaçının işdən azad olunması barədə cavabdehin əmri ərizədə göstərildiyi gün, yəni xx xxx 2020-ci il tarixdə verilmiş, iddiaçı isə ərizəsini geri götürməsi barədə ərizəni sonrakı tarixdə təqdim etmişdir. Belə olan halda isə, yəni əmək müqaviləsi ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Bununla yanaşı, iddiaçı tələbinin əsası kimi - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsaslanmışdır. Qeyd edilən sənədlərə əsasən «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri X5 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1700 manat cərimə məbləğində cərimə edilmişdir. Lakin, işdə olan məhkəmə qərarlarından (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı və həmin qərarın dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı) görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun xitam verilmişdir. Əmək müqaviləsinə hədə-qorxu və s. gəlinməklə xitam verilməsi faktı müəyyən olunmamışdır. Yuxarıda qeyd edilənlər iddianın əsassız olması nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Həmçinin qeyd edilməlidir ki, ƏM-nin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə özünün ərizəsinə əsasən xitam verilmiş, iddiaçı əmrin surətini, əmək kitabçasını həmin günü, yəni xx.xx.2020-ci il tarixdə almış, lakin qanunla müəyyən olunmuş 1 təqvim ayı ərzində deyil, xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Beləliklə, qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri çərçivəsində xitam verilmiş, iddia isə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edəbilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunan günə kimi ödənilməli olan əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-4501/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-4501/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar