Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2425/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh Səfər qızına qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 25 may 2022-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddiaçının cavabdehə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasının təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və Rayon Məhkəməsi apellyasiya şikayətini qəbul edərək, baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, iş materiallarından görünür ki, cavabdehin yuxarıda qeyd edilən qətnamədən ilk dəfə verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla apellyasiya şikayətini, şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin cavabdeh tərəfindən ötürülməsi əsası ilə geri qaytarmışdır. Bundan sonra cavabdeh ikinci dəfə apellyasiya şikayəti vermiş və yuxarıda artıq qeyd edildiyi kimi Rayon Məhkəməsi apellyasiya şikayətini qəbul edərək, baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, iş materiallarından görünür ki, apellyasiya şikayətinin prosessual müddətin ötürülməsi ilə verilməsi səbəbindən cavabdehə qaytarılması barədə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı cavabdeh tərəfindən mübahisələndirilməmiş, qərardaddan şikayət verməmişdir. Qərardad qanuni qüvvəyə minmişdir. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul edilmiş qətnamədən yenidən apellyasiya şikayəti vermək istəyən cavabdeh bir mənalı olaraq “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etməli idi. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1.). Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (maddə 130.3.). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.). Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır (maddə 133.2.). Lakin iş materiallarından görünür ki, cavabdeh “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etməmiş, Rayon Məhkəməsi isə bunu və özü tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadı nəzərə almamışdır. Beləliklə, qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 363.1.3-cü maddəsinə görə, şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, şikayət qəbul olunmamış hesab edilə bilər. Buna görə də Məhkəmə hesab edir ki, apellyasiya şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Odur ki yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366-cı maddəsinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 25 may 2022-ci il tarixli qətnamədən Cavabdeh Səfər qızının verdiyi apellyasiya şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət, mülki işlə birlikdə Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2425/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2425/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver