Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2430/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "X1 Azərbaycan" QSC-yə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov, iş № 2(006)-3972/20) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-1463/2019 saylı qətnaməsi ilə iddiaçı "X1 Azərbaycan" QSC-nin cavabdeh İddiaçı qarşı kredit borcunun tutulması tələbinə dair iddiası təmin edilərək, cavabdehdən əsas borca görə 21.501,61 manat, faiz borcuna görə 4134,19 manat, cərimə borcuna görə 2256,96 manat olmaqla, cəmi 27.923,66 manat pulun tutulub iddiaçı banka ödənilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, kredit müqaviləsi bağlanarkən o, aldadılmışdır, həmin kredit müqaviləsi üzrə yeni faizlər hesablanacağı ona bildirilməmişdir. Ona görə də kredit müqaviləsi etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh "X1 Azərbaycan" QSC-nin nümayəndəsi iddia tələbinə etiraz etmiş və iddia müddəti tətbiq olunmaqla iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi izahatında həmçinin göstərmişdir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan İddiaçı xx.xx.2019-cu il tarixədək 36 ay müddətinə, illik 25% olmaqla 27800 manat məbləğində kredit ayrılmışdır və o, kredit üzrə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə geri ödəməli idi. "X1 Azərbaycan" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, iddiaçı kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. İddiaçı dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə,həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi "X1 Azərbaycan" QSC-yə olan borcunu ödəməmişdir. Bu səbəbdən bank tərəfindən xx.xx.2018-ci tarixdə Nəsimi rayon Məhkəməsində kredit borcunun tutulması barədə iddia qaldırılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən ümumilikdə 27923,66 manat məbləğində borcun tutulması qət edilmişdir. İddiaçı əqdin etibarsız sayılması tələbinə dair hazırkı iddianı iddia müddəti ötürülməklə qaldırmışdır. Ona görə də həmin iddia rədd edilməlidir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətini əsaslandırarkən göstərmişdir ki, məhkəmə borcun nə qədər təşkil etməsini araşdırmamış, təkrar ekspertiza keçirməmişdir. Məkhəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum Qərarını nəzərə almamışdır. Bundan başqa, faizlər ondan ayda bir dəfə tutulmuşdur. Halbuki, Azərbaycan Respublikası Mülki məcəlləsinin 741-ci maddəsinə əsasən faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin kredit müqaviləsi bağlanarkən iddiaçını aldatmışlar. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, “X1 Azərbaycan" QSC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 999 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, illik 25% olmaqla, 27.800 manat məbləğində kredit verilmişdir. Müqavilə öhdəlikləri yerinə yetirilmədiyinə görə “X1 Azərbaycan" QSC tərəfindən məhkəmədə kredit borcunun ödənilməsi barədə iddia qaldırılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia təmin olunaraq cavabdehdən ümumilikdə 27923,66 manat məbləğində borcun tutulması qət edilmişdir. Həmin işə baxılıb qurtardıqdan və yuxarı instansiya məhkəmələri tərəfindən qiymət verildikdən sonra İddiaçı hazırkı iddianı qaldırmışdır. Onun hazırkı iş üzrə tələbi kredit müqaviləsinin etibarsız hesab olunması barədədir. O, bu tələbini müqavilə bağlanarkən aldadılması ilə əsaslandırmış və tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 339-cu maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə Bank ilə kredit müqaviləsi bağlamış və eyni zamanda hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 354, 390-cı və s. maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının etibarsızlığını tələb etdiyi müqavilənin qanuniliyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmış, həmin müqavilə üzrə borc məbləği iddiaçıdan tutulmuşdur. Həmin iş üzrə məhkəmə qərarları qəbul edilərkən iddiaçı iştirak etmiş, yalnız qətnamə qanuni qüvvəsini aldıqdan sonra etibarsızlıqla bağlı hazırkı tələbi irəli sürmüşdür ki, bu da məhkəmə qərarının icrasından yayınmaq məqsədi daşımaqla, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olur. Bundan başqa, iddiaçı apellyasiya şikayətində qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmiş halları (borcun hesablanması və s.) yenidən mübahisələndirmişdir ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2430/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2430/2021
03.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver