Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2436/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məhərrəmova Şeyda Ədalət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-513/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)- 513/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3.583,66 ABŞ dolları məbləğində əsas borc vəsaitindən gecikmə və 1.785 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 5.368,66 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumuna görə 30 manat “İddiaçı Lizinq Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması müəyyən edilmişdir. Cavabdeh2 həmin qətnamədən apelyasiya şikayətini xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim etmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-513/2018 nömrəli qərardadı ilə apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək, apelyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-513/2018 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh2 həmin qərardaddan verdiyi şikayət də birinci instansiya məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, qeyd edilən qətnamə xx xxxxxx 2018- ci il tarixdə tərəflərə göndərilmiş və müvafiq qətnamə Cavabdeh2 münasibətdə “köçüb” qeydi ilə geri qaytarılmışdır. Cavabdeh2 xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamənin surətinin ona təqdim edilməsini xahiş etmiş və qeyd edilən qətnamənin surətini xx xxxxxx 2019-cu il tarixdə müvafiq ərizəsinə imza etməklə şəxsən qəbul etmişdir. Bundan sonra ikinci dəfə Cavabdeh2 xx xxxxxxx 2020-ci il tarixdə eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamənin surətinin ona təqdim edilməsini xahiş etmiş və qeyd edilən qətnamənin surətini xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə təkrarən qəbul etmişdir. Cavabdeh2 qətnamədən apelyasiya şikayətini xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, qeyd edilən qətnamənin surətini Cavabdeh2 ilk dəfə xx xxxxxx 2019-cu il tarixdə qəbul etmiş, on aya yaxın müddət keçdikdən sonra, yəni xx xxxxxxx 2020-ci ildə isə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürərək apelkyasiya şikayəti vermişdir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzrlü səbəblər kimi qəbul edilir. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir. Qeyd olunanlara əsaslanmaqla kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq buraxılmış prosessual müddətin bərpasına dair ərizəni təmin etməmişdir, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-513/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Şeyda Məhərrəmova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2436/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2436/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver