Məhkəmə qərarları › İş №2(103)-2438/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2438/2021

05.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2438/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-639/2021 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 Mənzil 39 ünvanda yerləşən mənzilə Cavabdeh, yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2002-ci il təvəllüdlü X1 və xx.xx.2004-cü il təvəllüdlü X2 ilə birlikdə 8000 manat məbləğində kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-639/2021 saylı, xx.xx.2020-ci il tarixli qərardadı (sədrlik edən: İlkin Əliyev) ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iddiaçı Cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı ”mənzilin özəlləşdirilməsinin etibarsız sayılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6350/2020 saylı mülki işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam veriməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-639/2020 nömrəli mülki işə üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-639/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilmısini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmişdir. Kollegiya cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi işin hallarını şikayətin dəlilləri ilə birgə araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, həmin iş üzrə icraat dayandırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, «... məhkəmə prosesii zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPMnin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» Apellyasiya instansiya məhkəməsi hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə müvafiq olaraq, mülkiyyətçinin kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və çıxarılması xahiş olunan mənzilin özəlləşdirilməsi, yəni iddiaçının mülkiyyət hüququnun əldə etmə əsası mübahisələndirildiyindən şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, şikayətin dəlilləri icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-639/2021 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-639/2021 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar