Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2439/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6583/2021 saylı 23 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azəriqaz İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına (Abonentin kodu: **********00009) hesablanmış 2616,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1-də yaşayır. Bir müddət öncə ona məlum olmuşdur ki. evinə xeyli miqdarda borc hesablanmışdır. Beh ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən ona məlumat verdilər ki, 4972,80 manat sərfiyyat haqqı borcu vardır və təcili olaraq borcun ödənilməsini tələb etmişlər. Bildrimək istəyir ki, bu borcun necə hesablanması ona məlum deyil. Qaz sayğacı evdən kifayət qədər aralıda quraşdırılmışdır. Evdən kənarda quraşdırılmış qaz sayğacına onun tərəfimdən heç bir müdaxilə edilmədən, ondan pul tələb edilməsi qanunsuzdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6583/2021 saylı 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus ünvan 2 ünvanına (Abonentin kodu: **********00009) itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 2033,40 (iki min otuz üç manat 40 qəpik) manat borcun silinməsi cavabdeh Azəriqaz İstehsalat Birliyinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Azəriqaz İstehsalat Birliyindən dövlət rüsumuna görə 30,80 (otuz manat 80 qəpik) manat dövlət nəfinə tutulması, cvabdeh Azəriqaz İstehsalat Birliyindən ekspertiza tədqiqatının dəyərinin 77 (yetmiş yeddi) manat hissəsi tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmişdir. Əvvəla məhkəmə sayğaca qanunsuz qoşulma halının olub-olmamsını müəyyən etmək məqsədi ilə ekspertiza təyin edilmişdir. 18.11.2021-ci il tarixli, 10/5545 saylı ekspert rəyinə görə, Paylayıcı qaz xəttinin üzərində sonluğu tıxacla bağlanmış dəlik vardır ki, həmin dəliyə müvafiq boru əlaqələndirməklə təbii qazın istifadəsi texniki cəhətdən mümkün olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspertizanın nəticələrinə düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda apellyasiya məhkəməsinin nəzərinə çatdırılır ki, həmin ünvanda bir neçə dəfə qanusuz qoşulma halı müəyyən edilərək aktlaşdırılmış, aktlara əlavə edilmiş fotoşəkillərdə məhz həmin ünvanda quraşdırılmış sayğaca küçə qaz xəttindən daxil olan, eyni zaman sayğacdan çıxaraq fərdi yaşayış evinə daxil olmalı olan giriş-çıxış boruları sayğacdan tamamilə ayrılmış, küçə xəttinə sayğacdan tamamilə kənar şəkildə rezin boru vasitəsi ilə qoşulma etməklə təbii qazdan qeyri-qanuni istifadə etməsi faktı aydın şəkildə öz əksini tapmışdır. Bununla bərabər keçirilmiş ekspertizanın nəticələri də qanunsuz qoşulma halının olmasını təsdiq edir. Onu da qeyd etmək lazımdır ki, sayğacdan kənar qoşulma halı müəyyən edildikdən sonra cavabdeh qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmış, lakin bu hal, istehlakçının ünvanına yenidən qaz xəttinə qanunsuz qoşulmasını məhdudlaşdırmır və nəticədə iddiaçı bir neçə dəfə sayğacdan kənar qoşulmaqla qazdan qeyri-qanuni istifadə etmişdir. İş üzrə bütün sübutlar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, işə əlavə edilmiş GASREP və AGİS proqramlarıüzrə saldolarda iddiaçının etdiyi ödənişlərdən də iddiaçının təbii qazdan sayğacdankənar qeyri-qanuni yolla istifadə etdiyinə dair sübutdur. Tərəflər arasında bağlanan müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilə qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh İB nümayəndəsinin iştirakını məhkəmə kollegiyasının iclasında təmin etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəslərinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız cavabdeh həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6583/2021 saylı 23 dekabr 2021-ci il tarixli qətnaməsi münahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azəriqaz İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 16.02.2019-cu il tarixli, ******* saylı 30.04.2019-cu il tarixli, ******* saylı, 28.02.2020-ci il tarixli, ******* saylı və 30.05.2020-ci il tarixli, ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus evdə qeyri-qanuni olaraq sayğacdan kənar istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan Azəriqaz İstehsalat 25.02.2019-cu il tarixli, 30.04.2019-cu il tarixli, 28.02.2020-ci il tarixli və 30.05.2020-ci il tarixli qərarlarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış müvafiq olaraq 8100 m3, 2205 m3, 6264 m3 və 7848 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 18.11.2021-ci il tarixli, 10/5545 saylı ekspert rəyinə görə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən 14 saylı evə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilmədi. Paylayıcı qaz xəttinin üzərində sonluğu tıxacla bağlanmış dəlik vardır ki, həmin dəliyə müvafiq boru əlaqələndirməklə təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonentin həmin dəlik vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edibetməməsi, etdiyi halda hansı müddət ərzində etməsi məsələləri məhkəmə tərəfindən araşdırılmalarla həll edilə bilər.Yaşayış evinin yerləşdiyi ünvanda təbii qazın sayğacdan kənar istifadəsi halı aşkar edilmədiyindən qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1- ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Nəzərə alınmalıdır ki, Qaydalara müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Baxılan iş üzrə cavabdeh tərəfindən iddiaçıya hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Yaranmış vəziyyətdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın sərfiyyatı düzgün qeyd etmədiyini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcun iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh iddiaçının yaşadığı evə dair hesablanmış 2033,40 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6583/2021 saylı 23 dekabr 2021-ci il tarixli qətnaməsi münahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6583/2021 saylı 23 dekabr 2021-ci il tarixli qətnaməsi münahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2439/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2439/2022
16.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver