Məhkəmə qərarları › İş №2(103)-244/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-244/2025

01.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-244/2025 01.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə Açar sözlər: (“torpaqdan müvəqqəti istifadə hüququnun vərəsələrlə davam etdirilməsi və torpaq sahəsinə buraxılmağa maneənin cavabdehə qadağan edilməsi”) hakimlər X6 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı1, onun nümayəndəsi Vəkil oğlu və cavabdehin iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaqdan müvəqqəti istifadə hüququnun vərəsələrlə davam etdirilməsi və torpaq sahəsinə buraxılmağa maneənin cavabdehə qadağan edilməsi tələbinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-443/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən bağ sahəsi ilə bağlı müvəqqəti istifadə hüququnun, torpaq sahəsinin istifadəçisi olmuş X3 vərəsələri olan iddiaçılar - İddiaçı1, İddiaçı2 və cavabdeh - Cavabdeh ilə davam etdirilməsi, cavabdeh tərəfindən bu torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneənin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Tağıyev küçəsi 415-417, ev 409 ünvanında yerləşən bağ sahəsi keçmiş Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1987-ci il 27 may tarixli protokolundan çıxarışa əsasən (qoşmaya əlavə edilir) mərhum atası X7 verilmişdir. Sonrakı illərdə atası həmin ərazini yaşayış üçün münasib şəraitə gətirmiş, qaz və elektrik xətləri çəkdirmiş və yaşayış üçün yararlı olan ev inşa etmişdir. Müvafiq qurumlar tərəfindən qaz və elektrik sayğacları quraşdırılmış və atasının adına rəsmiləşdirilmişdir (quraşdırılmış sayğaclar barədə sənədlərdə qoşmaya əlavə edilir). Bundan başqa yerli iqlimi əlverişli olan əncir, nar, iydə, heyva və s ağaclar əkmişdir. Ailələri təxminən 1990-1991-ci illərdən sonra mütəmadi olaraq hər il yay mövsümünü Sahil çimərliyindən təxminən 300 metr məsafədə yerləşən həmin bağ sahəsində keçirmişdir. O və kiçik qardaşı Vüqar ailə qurduqdan sonra isə ayrı ayrı vaxtlarda övladları və digər ailə üzvləri ilə birgə yayda orada istirahət etmişlər. Ömrünün ahıl çağlarında isə atası həmin ərazidə tikili olan sahəni kiçik qardaşı Vüqara çatmaq şərtilə 3 oğlu (Bayram, Etibar və Vüqar) arasında bölmüşdür. Atası xx.xx.2016-cı il tarixdə vəfat etdikdən sonra isə mərhum anası və onlar həmin əraziyə mütəmadi olaraq baş çəkmişlər. Bunun başlıca səbəbi onun doktorant təhsili ilə əlaqədar xaricdə olmağı, qardaşı Vüqarın və anasının səhhətində olan problemlər və digər məişət qayğıları olmuşdur. Keçən ilin yanvar ayında isə qardaşı Bayram həmin sahəyə maklerlərin gəlməsi və oranı saxta sənədlərlə sənədləşdirib ələ keçirəcəklərini bəhanə edib anasından həmin sahənin açarlarını almış və xərcləri bərabər bölmək şərtilə daha möhkəm qıfıl kilidləmə işlərini görmüşdür. Yeni açarların bir nüxsəsini də anasına və qardaşı Vüqara vermişdir. Ondan sonra bir neçə dəfə anası və kiçik qardaşı bağa baş çəkmiş, mövsümü meyvələri toplamışlar. Növbəti dəfə xx.xx.2021-ci il tarixdə o, anası və qardaşı ilə oraya baş çəkdikdə qıfil dəyişdirildiyinə görə onlarda olan açarların açmadığından əraziyə daxil ola bilməmişlər. İlk növbə qardaşı Bayramdan şübhələnən mərhum anası ona zəng edərək çağırmış və bu iş barədə izah tələb etmişdir. O, isə qısa vaxt ərzində bağa gələrək gülə-gülə əlindəki yeni açarlarla darvazanı açmışdır. Heç bir izahat vermədən qısa vaxt sonra onların həmin ərazini tərk etməsini tələb etmiş, qardaşı Vüqarın oranı tərk etmədiyini gördükdə özü oradan uzaqlaşmışdır. Anası qardaşı bir müddət orada qalmış, sonra isə getdikdən sonra, görünür Bayram yenidən qayıdaraq oranı özü ilə gətirdiyi başqa bir qıfılla qıfıllamışdır. Daha sonra 2021-ci il dekabr ayının əvvəllərində də yenə ora getdikdə yeni qıfıl asıldığını, köhnə açarların isə ora düşmədiyi gördülər. Anası və bacısı 2022-ci ilin yanvar ayında vəfat etdiyindən bir müddət oraya gedə bilməmişlər, sonra yenə əraziyə baş çəkdikdə yenə həmin mənzərənin şahidi olmuşlar. Söhbət etdiyi qonşular Bayramın bu hərəkətini qınayaraq onun içəridə xırda təmir tikinti işləri ilə məşğul olduqlarını təsdiqləmişlər. Bu məsələni qohumlarla müzakirə etdikdə onların bəziləri iddiaçılara Bayramın sonradan qoyduğu kilid və qıfılları qıraraq oraya daxil olmaqlarını məsləhət görsələr də, bir başqa qismi bunun effektsiz olduğunu Bayramın da sonra yeni qıfil qoyacağını və bunun tərəflər arasında uzun müddətli “qıfıl davasına” gətirib çıxaracağını, bu minvalla davam edəcəyini bildirmişlər. Lakin hazırda cavabdeh onların həmin ərazidən istifadələrinə maneəçilik yaratmaqla onları həmin əraziyə buraxmır.

2. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-443/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneənin aradan qaldırılması, Cavabdeh gələcəkdə də iddiaçılara qarşı bu cür qadağaların yaradılmasının qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə 152.1, 158.1.2, 159, 164, 165, 166.3, 179.2, 179.3, 179.2, 179.3, 1133.2, 1159.1, 1243.3, 1257.1, 1285.1; Torpaq Məcəlləsinin 50, 52; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 89.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.1987-ci il tarixli vətəndaşa dəniz kənarında müvəqqəti olaraq bostan sahələrinin verilməsi haqqında protokoldan çıxarışın sürətindən görünür ki, X23 9 saylı evdə yaşayan Cavabdeh dəniz kənarında müvəqqəti olaraq 10 sot bostan sahəsi ayrılmışdır. O həmin sahəni tikilinin kiçik oğlu Vüqara çatmaq şərtilə 3 oğlu (Bayram, Etibar və Vüqar) arasında bölmüşdür. Quliyev Bəxtiyar 2016-cı il tarixdə rəhmətə getmişdir. İddiaçılar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri alaraq mərhumdan qalan əmlaka müəyyən edilmiş hissədə vərəsə qismində tanınmışlar. Hal-hazırda Cavabdeh digər qardaşlarının mübahisəli əmlaka girişini və ondan istifadəsini daima əngəlləşdirmiş və məhdudlaşdırmışdır. İddiaçı1 və İddiaçı2 Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Tağıyev küçəsi 415-417, ev 409 ünvanında yerləşən bağ sahəsi ilə bağlı müvvəqəti istifadə hüququnun, torpaq sahəsinin istifadəçisi olmuş X3 vərəsələri olan iddiaçılar - İddiaçı1, İddiaçı2 və cavabdeh - Cavabdeh ilə davam etdirilməsi, cavabdeh tərəfindən bu torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneənin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “ünvan 3 ünvanında yerləşən bağ sahəsi ilə bağlı müvvəqəti istifadə hüququnun, torpaq sahəsinin istifadəçisi olmuş X3 vərəsələri olan iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh- Cavabdeh ilə davam etdirilməsi” hissəsinə qiymət verərək, hesab edir ki, iddia tələbi qeyri-dəqiq olduğundan və əsaslandırılmadığından iddia bu hissədə təmin edilməməlidir. Belə ki, vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlayışıdır. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Göründüyü kimi qardaşlar arasında yaranmış mübahisə vərəsəlik münasibətləri yaratmamışdır, yaranmayan münasibətlərin davam etdirilməsinə dair iddia tələbi də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən bu torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneənin qadağan edilməsinə” hissəsinə qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia bu hissədə təmin edilməlidir. Belə ki, mərhum CavabdehB dövlət reyestrindən çıxarışı olmasa da, xx.xx.1987-ci il tarixli protokoldan çıxarışın sürətindən görünür ki, X23 9 saylı evdə yaşayan Cavabdeh dəniz kənarında müvəqqəti olaraq 10 sot bostan sahəsi ayrılmışdır və həmin gündən mərhum faktiki olaraq torpaq sahəsinə sahiblik etmişdir. Cavabdeh oğulları mərhumun varisləridir və qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Hazırda cavabdeh iddiaçılara miras əmlaka sahiblik etmək və əmlakdan istifadə etmək hüquqlarını məhdudlaşdırır. İş materiallarından göründüyü kimi iddiaçılar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri almışlar, yəni atasından qalmış mirası qəbul etmişlər. Beləliklə, məhkəmə Cavabdeh tərəfindən iddiaçılara qarşı yaradılmış maneələrin əsassız və qanunsuz olduğunu nəzərə alaraq cavabdeh tərəfindən bu torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneə aradan qalxmalıdır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı sübut kimi təqdim edilmişdir: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1197/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir; - Bakı şəhəri Xətai rayon İHB 263 saylı xx.xx.2022-ci il tarixli sərəncamdan çıxarışın sürətindən görünür ki, İddiaçı2 üzərində qızı Qanuni nümayəndə qəyyum təyin edilməsi qərara alınmışdır; - Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı1 atası X13, anası X14r; - xx.xx.1987-ci il tarixli vətəndaşa dəniz kənarında müvəqqəti olaraq bostan sahələrinin verilməsi haqqında protokoldan çıxarışın sürətindən görünür ki, X23 9 saylı evdə yaşayan X7 dəniz kənarında müvəqqəti olaraq 10 sot bostan sahəsi verilmişdir; - Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsi tərəfindən verilmiş 1- 3/50 saylı xx.xx.2023-cü il tarixli məktubun sürətindən görünür ki, X7 dəniz kənarına bostan sahəsi üçün verilmiş 10 sot torpaq sahəsi vergitutma obyekti olaraq, Mərdəkan bələdiyyəsində 2012-ci il tarixdən qeydiyyata alınmışdır. Protokolda vətəndaşa ayrılmış 10 sot torpaq sahəsinin ünvanı göstərilmədiyi üçün həmin torpaq sahəsinə bitişik qonşu torpaq sahələrinin ünvanı sənəddə H.Z.Tağıyev küçəsi göstərildiyi üçün X7 verilmiş bostan sahəsinin ünvanı da H.Z.Tağıyev küçəsi olaraq Mərdəkan bələdiyyəsində qeydiyyata alınmışdır; - xx.xx.2012-ci il tarixli, xx.xx.2012-ci il tarixli yerli vergilərin ödənilməsi haqqında qəbzlərin sürətindən görünür ki, X22, İddiaçı2, İddiaçı1 və Cavabdeh H.Z.Tağıyev küçəsi Dəniz kənarı ünvanında yerləşən torpaq sahəsinə 18,0 manat rüsum ödəmişlər; - xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin sürətindən görünür ki, İddiaçı1 mərhumdan qalan əmlaka 2/4 hissədə vərəsə qismində tanınmışlar; - xx.xx.2017-ci il tarixli 72 saylı arayışın sürətindən görünür ki, Quliyev X9 qəsəbəsi Sahə 889 ünvanında qeydiyyatsız yaşayır və o, X13 ilə ölən günədək birgə yaşamış və dəfn mərasimini özü təşkil etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(003)-443/2023 nömrəli qətnaməsini ləğv edərək, iddiaçıların iddia tələblərinin tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1; Mülki Prosessual Məcəllənin 47.2, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, həmin torpaq sahəsini 2002-ci ildə o, sənədsiz olaraq almışdır. Həmin müddətdən də daim orada usta işləyib, müəyyən işlər görülmüşdür. Məhkəmənin dəlili iddiaçıların təqdim etdikləri keçmiş Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1987-ci il 27 may tarixli protokolundan çıxarış və iddiaçıların əsasssız mülahizələri olmuşdur. Guya həmin sahə qeyd edilən çıxarışla mərhum atası X7 verilmişdir. İş materiallarından da göründüyü kimi qeyd edilən Protokoldan çıxarışda X23 9 saylı evdə yaşayan Cavabdeh B. -ya müvəqqəti bostan sahəsi ayrılması qeyd olunmuşdur. Sənədin surətində CavabdehB-nın kim olduğunu,mərhum atası X13 olduğu barədə məhkəmə necə əmin olmuşdur, məlum deyil. Lakin Azərbaycanda yaşayan müxtəlif millətləri də nəzərə alaraq “B” hərfi ilə başlayan 152 kişi adını təsbit edə bildi (Qoşma-1). Ehtimal nəzəriyyəsinə görə, Cavabdeh-nin, X13 olması ehtimalları 1/152x152 1/23.104-dir, (0,0043%-ə) bərabərdir. Nədənsə hakim 23103 (99,9957 %) olmama ehtimalını deyil, olma ehtimalı 0,0043% olanı qəbul etmişdir. Belə çıxır ki, bu sənədin surətini əldə edən Soyadı Quliyev olan, adı və ata adı “B” hərfi ilə başladığı ehtimal olan 23103 nəfər vətəndaşımız və ya onların vərəsələri bənzər iddia ilə Xəzər Rayon Məhkəməsinə müraciət edə bilər. Bundan əlavə, qeyd edilən protokolun tarixi olsa da, nömrə və ya sayısı yoxdur. Bilindiyi kimi bütün rəsmi sənədlərdə nömrə və ya sayı qeyd edilir. Tarix və ya sayısı olmayan sənədlər etibarsız satılır. Qeyd edilən sənəddə X23 9 saylı ünvan fərdi yaşayış evi olaraq qeyd edilir. Lakin Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfat Departamenti Xəzər Rayon Mənzil-Kommunal Təsərrülat Birliyi 130 Sayılı Mənzil Komunal İstismar Sahəsinin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı 24 iyun 2023 tarixli və №103 saylı Arayışda (Qoşma-2) X23 9 saylı ünvanda fərdi yaşayış evi deyil, çoxmənzilli yaşayış binası olduğu məlum olmuşdur. X28 qəsəbəsi Ramin Qasımov (əvvəlki adı Köhnə Bolşeviklər) Küçəsi 9 saylı binada arxiv sənədlərinə əsasən 1985-1990-cı illərdə Cavabdeh qeydiyyatda olmamışdır. Araşdırma zamanı 10 mənzilin olduğu binada bu günə qədər, 1950-ci ildən 8№ li mənzildə yaşayan X10, 1964-cü ildən 4№ li mənzildə yaşayan yaşayan X11, 1965-ci ildən 5№ li mənzildə yaşayan X26, 1972-ci ildən 1№ li mənzildə yaşayan X33, 1977-ci ildən 6№ li mənzildə yaşayan X21, yenə həmin mənzildə 1981-ci ildən yaşayan X15 və 2№li mənzildə 1980-ci ildən yaşayan X18 daxil olmaqla həmin bina sakinlərinin heç biri X8 tanımırlar və mərhumun bu binada heç bir zaman yaşamadığını qeyd edirlər. X12 şəxsiyyət vəsiqəsinin surətindən (Qoşma-3) də həmin ünvanın çoxmənzilli yaşayış binası olduğu aydın olur. İddiaçıların da çox gözəl bildiyi, lakin məhkəmədən gizlətdiyi kimi, mərhum atası X1 Bolşeviklər Küçəsi 9 saylı binada nə qeydiyyatlı, nə də qeydiyyatsız yaşamışdır. Bundan əlavə, qeyd edilən protokoldan çıxarışla bağlı nə Azərbaycan Respublikası Milli Arxiv İdarəsində (Qoşma-4-də təqdim edilən 04 may 2023 tarixli və №3-48-2F/2-Q-03012/2023 saylı sənəd), nə də Qoşma-5 də təqdim edilən Bakı Şəhər İcra Hakimiyyətinin arxivində (26 may 2023-cü il tarixli və№3- 52/2-Q-161/2023 saylı sənəd) hər hansı bir qeyd tapılmamışdır. Arxiv sənədi olmayan sənədlər etibarlı sayılmır (saxta olaraq qəbul edilir) və bu sənədlərlə bağlı dövlət reyestrdə hər hansı əməliyyat edilmir və çıxarış verilmir. Göründüyü kimi, məkhəməyə təqdim edilən və məhkəmin dəlil olaraq qəbul etdiyi sənədin 1)protokolun №si vəya sayı mövcud deyil, 2)heç bir arxiv sənədi mövcud deyil, 3)Cavabdeh -nın Cavabdeh olma ehtimalı 0,0043%-ə bərabərdir, 4)X23 9 fərdi yaşayış evi deyil, çoxmənzilli yaşayış binasıdır, 5)mərhum atası həmin ünvanda yaşamayıb, qeydiyyatda olmayıb və onu X23 9 №li binada heç kim tanımır. Sadalanan və sübuta yetiririlən qeyd edilən 5 arqument və faktlar kifayətdir ki, əminliklə bu sənədin saxta olduğunu və mərhum atasına aid olmadığını söyləsin. Bundan əlavə sual yaranır, idiaçıların iddia ettikləri kimi əgər həmin torpaq sahəsi mərhum atasının istifadəsində idisə, nəyə görə 30 il ərzində (1986-2016-ci illər) mərhum atası həmin sahəyə dövlət reyestrdən çıxarış almamışdı? Məhkəmə tərəfindən onun təqdim etdiyi (xx.xx.2023 tarixli mübahisəli sənədin surəti ilə bağlı və xx.xx.2023 tarixli şahidlə bağlı) vəsatətləri təmin edilsə idi, sənədin saxta olduğu meydan çıxacaq, iddiaçıların bilə-bilə məhkəməyə mərhum atama aid olmayan saxta sənəd təqdim edərək, yalan və əsassız mülahizələrlə məhkəməni aldadıb obyektiv olmayan qərar çıxmayacaqdı. Lakin ataların dediyi kimi, “yalan ayaq tutar, amma yeriməz”. Məhkəmənin (iddiaçıların şifahi bəyanına əsasən) müəyyən etdiyi predmetlərdən bir də mahiyəti iş üzrə bağ sahəsin mərhum atası X3 istifadəsində olması və onu tikili ev Vüqara qalmaq üzrə, Etibar və onun arasında bölgü aparmasıdır. Məhkəmənin bu qənaətə necə gəldiyi məlum deyil, bu sahədə də kifayət qədər araşdırılma aparılmamışdır, çünki bölgünün necə aparılması barədə heç bir məlumat yoxdur. 1-2 il əvvəl iddiaçılar özlərinə məxsus torpaq sahələrini satmamışdan əvvəl Mərdəkan qəsəbəsi Fuad Qasımzadə küçəsində onunla divar qonşusu idilər, aralarında 1-i mərhum atasının sağlığında, 2si də iddiaçılar tərəfindən (onlara öz həyətyanı sahəsindən ayırıb verdiyi sahəyə) 2017-ci ilin avqust ayında olmaq üzrə toplam 3 ədəd daş hasar çəkilmişdi. Yəni, 2017-ci ilin avqust ayından torpaq sahəsinin sərhədlərini müəyən edən və torpaq sahələrini bir birindən ayıran daş hasar mövcud idi (və həmin vəziyyət yeni qonşularla davam edir) və bu tarixdən atası ilə bağlı bütün miras məsələləri iddiaçılarla razılaşdırılmışdır. Hal-hazırda analoji vəziyyət Mərdəkan qəsəbəsi Kərim Kərim küçəsində mövcuddur. Torpaq sahəsini bir- birindən ayıran sərhəd tam məlum olmadığına (ekspertin rəyi olan məhkəmə qətnaməsi hələ qanunu qüvəsini almadığına) görə 1-2 daş təmələ sementlənmiş, daha sonra həmin təmələ dəmirlər betonlanmış və həmin dəmirlərə də barmaqlıqlar, setka çəkilmişdir. İş materiallarından göründüyü kimi Tağıyev küçəsində belə bir naturada bölgü mövcud deyil. Əgər iddiaçıların iddia etdikləri kimi bölgü olmuş olsa idi, həmin sahə daş divarla 3 hissəyə bölünmüş olmalı idi. Çöl darvazadan əlavə içəridə 3 darvaza və 3 əl qapısı və 3-ə bölünmüş həyət olmalı idi. Lakin belə bir bölgü mövcud deyil. Xaricdə öz hesabına illik 20000 ABŞ dolları vəsait xərcləyib təhsil alan Etibar nəyə görə 250 AZN verib 1 maşın mişar daşı alıb özünə aid ( o da hələ sahənin hansı hissəsi, hara olduğu da bilinmir) olduğu sahəyə boşaltmamışdı!? Çünki, iddiaları yalan üzərinə qurulub. Bu da məhkəməni aldatdıqlarını, məhkənin humanist hisslərini istismar etmək istədiklərini və buna nail olduqlarını göstərir. Qətnamənin 3-cü səhifəsinin 7-ci paraqrafında iş materiallarında İddiaçı1 adına xx.xx.2012-ci il tarixində 18 manat rüsum ödəndiyini göstərən qəbz barəsində qeyd edilmişdir. Lakin o, xx.xx.2023-cü il tarixində iş materialları ilə tanış olarkən belə bir sənədə rast gəlmədi. İş materiallarında mərhum atası, anası, Vüqar və onun adına qəbzlər var. Həmin gün Qətnaməni təhvil aldı. Belə bir qəbz mövcud deyil. Güman edir ki, məhkəmənin texniki səhvi olmuşdur. Vüqarın xx.xx.1976-cü il təvəllüdlü olmasını və hərəkət qabiliyyəti məhdud olduğunu və heç bir gəliri olmadığı, mərhum atasının himayəsində yaşadığını və həyət yoldaşının da əmək qabiliyyəti olmadığını nəzərə alsaq, 14-24 yaşlarında oğlan uşağı, sonra evli bir şəxs, heç bir şəraiti (sanitar su qovşağı belə olmayan) ərazidə necə istirahət etmişlər? Mərhum atası və digər ailə üzvləri ilə X36 Respublikasında təhsil alan arvadına görə münasibətləri soyuq idi, ona görə də Etibar özünə 2002-ci ildə “həci toyu edib və illərlə gediş- gəliş olmayıb. Belə olan halda həmin ərazidə Etibar ailəsi ilə necə istirahət edə bilədi? Etibar həmin əraziyə nə 1 qəpik pul xərcləyib, nə də zəhmət çəkib, nə həmin sahənin Etibarda açarı olub. Həmin açarlar hər zaman onda (1 nüsxəsi şəhərdəki evində, nüsxəsi işdə, 1 nüsxəsi də Xəzər rayonu, Mərdəkan qəsəbəsi, F. Qasımzadə küçəsindəki fərdi yaşayış evində) olmuşdur. Mübahisəli ərazidə yerləşən bağ evin 2002-ci ildən onun sahibliyinə və istifadə olduğu müddətdə müəyyən təmir işləri və o cümlədən 2 ədəd (biri həyətdə, digəri evdə) sanitar su qovşağı tikilmişdir. 2004-cü ildən etibarən isə yay mövsümündə ailəsi ilə istirahət etmişdir, hətta 2006-cı ildə qızı 2-ci mərtəbədəki piləkənlərdən yıxılaraq travma almışdır. Bildirmək istəyir ki, 2021-ci ilin sentyabr ayından etibarən 3 ildir ki, fasiləsiz olaraq davam edən bütün məhkəmə iclaslarında da buna bənzər hallar olmuşdur (notarial olaraq imzaladığı, aldığı pulu, torpaq sahəsini inkar etməsi, qüvvədən düşmüş məhkəmə qərarlarını məhkəməyə sırımağa çalışması, uydurma pul tələbləri,onun istifadəsində olan, 100-dən artıq ağac əkib becərdiyi torpaq sahəsini özününkü kimi göstərib məhkəmədən həmin torpaq sahəsini ona verilməsini, özünün baxımsız, qanqal basmış tikanlı torpaq səhəsini isə ona verilməsini xahiş etməsi, onu (həyat yoldaşına və övladına) bağışlama əqdlərinin etibarsız sayılması, mərhum bacısının ölüm faktını məhkəmədən aylarla gizlətməsi faktı Xəzər rayon Məhkəməsinin 2(003)- 63/2023 və xx.xx.2023 tarixli Qətnaməsində də yer almışdır (çünki mərhum bacısının qəyyumu Etibarın arvadı, Vüqar, o, Etibar isə vərəsələri idi), yalan bəyanlar vs.) iddiaları ilə müraciət edərək əsasız tələblər irəli sürmüşdür. Bakı şəhəri üzrə müxtəlif rayon məhkəmələri, Bakı Apellayasiaya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi daxil olmaqla 13 dəfə məhkəmələr tərəfindən iddiaçıların müxtəlif iddiaları rədd edilmişdir, bir tək bu məhkəmə iddiaçıların əsassız və qanunsuz iddiasını qismən də olsa təmin etmişdir. Bütün bunlar azmış kimi, Etibar Xəzər Rayon Polis İdarəsinə müraciət edərək guya ona məxsus boruları və digər tikinti materialları (onun həyətyanı sahəsindən ayırıb cavabdehlərə verdiyi, daha sonra onun tərəfindən Şiraslan adlı şəxsə satılan torpaq sahəsindən) oğurladığını iddia edib ona şər və böhtan atmışdır. Bu iddia ilə əlaqədar iş araşdırılmış, Xəzər RPİ-nin 1-ci PŞ tədqiqatçısı, polis kapitanı Şahin Mustafayev tərəfindən 14 iyul 2022-ci il tarixli Qərarla (Qoşma-12) barəsində cinayət işinin başlanmasını rədd edilmişdir. Qərardan Etibar tərəfindən 2 dəfə Xəzər rayon Məhkəməsinə şikayət verilsə də, nəticə olaraq Xəzər RPİ 1-ci PŞ tərəfindən cinayət işinin başlanması 3-cü dəfə rədd edilmişdir. Öz çirkin arzusuna çata bilməyən Etibar, bu işlə bağlı Bakı şəhər Prokurorluğuna da müraciət etmişdir. Bu dəfə eyni işlə bağlı Xəzər RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı Məmməd Cəfərov tərəfindən araşdıraraq barəsində cinayət işinin başlanması 17 aprel 2023-ci il tarixli Qərarla (Qoşma-12) 4-cü dəfə rədd edilmişdir. Etibar 300 AZN-ə Şiraslana satmaq üçün sövdələşdiyi ona məxsus tikinti materiallarını onun tərəfindən ona dəyən zərər kimi polisə ünvanladığı ərizəsində əvvəlcə 400 AZN, sonra 1000 AZN, daha sonra isə 1140 AZN olaraq qeyd etmişdir və müstəntiqin araşdırması zamanı ərizədə təsvir etdiyi materialların ölçüləri və sayıları həqiqətlərə uyğun olmamışdır və bununla əlaqədar müstəntiq tərəfindən arayış hazırlanıb, həmin iş materiallarına əlavə edilib və iş arxivə göndərilmişdir. 3 ildir ki haqsız yerə yalandan, gündə 1 bir iddia ilə məhkəmələrin qiymətli vaxtını alaraq sözün əsl mənasında, ona və ailə üzvlərinə qarşı “allahsızlıq” və “yezidlik” edir. Bu azmış kimi, məhkəmələr tərəfindən əsassız iddiaları rədd olunduqca, hərəkət qabiliyyəti məftil qardaşı Vüqara da müxtəlif vədlər verərək onu da özünə alət etmişdir. Məhkəməyə verdiyi ifadə tamamən ağ yalanlardan ibarətdir. Bəlkə də məqsədi konstisional dövlət olan və humanist qanunlarla idarə olunan Azərbaycan Respublikası Məhkəmələrini aldadaraq öz çirkin əməlinə nail olmaq, 21 ildir onun istifadəsində və sahibliyində olan torpaq sahəsinə şərik olmaq, sonra da onu diğər torpaq sahələri kimi sataraq Xüms və Zəkat adı altında Azərbaycan Respublikasında qeyri- qanuni olaraq toplanan və İran molla rejiminə göndərilən vəsaitlər qeyd olunan sıyahıda üst sıralara yüksəlmək xəyalını gərçəkləşdirməkdir. Bilindiyi kimi bu vəsaitlə ölkəmizdə siyasi sabitliyi pozmaq, dost olmayan xarici ölkələrin maraqlarına xidmət edən fəaliyyət maliyyələşir. Azərbaycan və Türk xalqlarının uzun illər terrordan əziyyət çəkdiyini və terrorla mübarizədə iki qardaş ölkənin birgə fəaliyyəti barədə diplomatik korpusun (Türkiyə Səfirliyin) əməkdaşı olaraq daha ətraflı məlumatlıdır və bir Azərbaycan vətəndaşı olaraq qəhrəman əsgər və zabitlərə, millət vəkillərinə, dövlət və ictimai xadimlərə güllə atan, bir sözlə Azərbaycan xalqına qarşı terror aktı törədən terroristləri, terroru maliyyələşdirənləri və dəstəkləyənləri lənətləyir. Bildirmək istəyir ki, məkhəməni, qeyd edilən torpaq sahəsinin mərhum atasına aidiyyəti olmadığını və Etibarın “hansı yuvanın quşu olduğunu” və “nə məssəbə qulluq etdiyini” xx.xx.2023 tarixli vəsatəti ilə məlumatlandırmağına baxmayaraq, məhkəmə işi araşdırmadan və heç bir vəsatətini təmin etməyərək iddiaçılar tərəfindən məhkəməyə təqdim edilən mərhum atasına məxsus olduğu iddia edilən saxta sənədə, yalan bəyan və əsassız mülahizələrə əsaslanaraq qeyri-obyektiv qərar qəbul etmiş və konstisional hüquqlarını pozulmuşdur. Mübahisəli torpaq sahəsinin atasının adına ayrıldığına qənaət gətirən məhkəmə sübut kimi irəli sürdüyü həmin ərazidə usta kimi işləmiş şəxsi çağırıb məhkəmədə şahid kimi dindirilməsi barədə vəsatətini təmin etməmişdir. Həmin torpaq sahəsini 2002-ci ildə şəxsən özü almışdır.Nəticədə mülkiyyətindən istifadəsinə qanunsuz və əsassız olaraq məhdudiyyət qoyulmuşdur. Məhkəmə iş üzrə verdiyi vəsatətlərini təmin etməmiş və nəticədə ədalətli və obyektiv qərar çıxarılmamışdır. Həm şahidin dindirilməsi barədə, həm də iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş sənədin həqiqiliyinin yoxlanılması üçün Arxiv İdarəsinə sorğu verilməsi barədə vəsatətini təmin etməyərək prosessual normaların tələblərini kobud surətdə pozmuşdur. Göründüyü kimi məhkəmə qeyri-dəqiq, mötəbərliyi şübhə doğuran və kimə aid olduğu bəlli olmayan sənəd üzrə qətnamə qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti və Bakı şəhər Xəzər rayon Bələdiyyəsinə sorğu edilməklə, mülki iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir: qərardadın birinci-ikinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, torpaq sahəsi faktiki olaraq 1200.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Bölgü sxemində qeyd olunan 700.0 kv.m torpaq sahəsi ayrılaraq **********29 reyestr nömrəsi ilə 329E saylı sahə kimi İddiaçı1 adına qeydiyyatdan keçmişdir. Qalan 500.0 kv.m torpaq sahəsi isə **********50 reyestr nömrəsi ilə paylı mülk olaraq X4 (3/5 hissə), İddiaçı2 (1/5 hissə) və X5(1/5 hissə açıq saxlanılır) xüsusi mülkiyyətindədir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 6 ünvanda yerləşən torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilmədi.

7. Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin 05 avqust 2024-cü il tarixli məktubunda qeyd edilmişdir: məktubun icrası ilə bağlı Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Mərdəkan bələdiyyəsinə məktub ünvanlanmış və alınan cavabda Mərdəkan bələdiyyəsi tərəfindən araşdırma zamanı vətəndaş Cavabdeh adına Mərdəkan qəsəbəsi, Fuad Qasımzadə küçəsi ev 22 D ünvanında 369,7 kv.m sahədə xüsusi mülkiyyətdə olan daşınmaz əmlak və 760 kv.m torpaq sahəsinin olduğu və xx.xx.2017-ci il tarixdə vətəndaşa ******* nömrəli çıxarış verildiyi bildirilmişdir.Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məlumatında Mərdəkan qəsəbəsi, Tağıyev küçəsi 415-417, ev 409 ünvanına dair heç bir sənədin olmadığı qeyd edilmişdir.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 29 noyabr 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir: Bildiririk ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1200.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi bölgüyə əsasən bölgü sxemi tərtib olundu. Tərtib olunmuş bölgüdə göründüyü kimi 100.0 kv.m və 300.0 kv.m sahələrinin yola birbaşa çıxışları olmadığından qonşu sahəsi ilə birləşdirildiyi halda işin icrası mümkündür. Əlavə olaraq bildirir ki, bölgü sxemində qeyd olunan 700.0 kv.m torpaq sahəsi ayrılaraq **********29 reyestr nömrəsi ilə 329E saylı sahə kimi İddiaçı1 adına qeydiyyatdan keçmişdir. Qalan 500.0 kv.m torpaq sahəsi isə **********50 reyestr nömrəsi ilə paylı mülk olaraq X4 (3/5 hissə), İddiaçı2 (1/5 hissə) və X5(1/5 hissə açıq saxlanılır) xüsusi mülkiyyətindədir .

9. Cavabdeh vəsatətlə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, məhkəməyə təqdim olunan ekspert Təhmasib Kərimovun xx.xx.2025-ci il tarixli, 10/9278 №li ekspert rəyi hazırkı məhkəmənin araşdırma predmeti deyildir. Qoşma 1-də təqdim olunan Xəzər Rayon Məhkəməsinin 2(003)-63/2023 №li və xx.xx.2023-cü il tarixli məhkəmə predmeti olan Xəzər Rayonu Mərdəkan qəsəbəsində yerləşən 329E sahəsinə aiddir və demək olar ki, qoşma 2-də təqdim olunan Teymur Məmmədovun xx.xx.2023-cü il tarixli 10/7396№li ekspertiza rəyi ilə eynidir. Bu səbəbdən hesab edir ki, yenidən təkrar ekspertiza keçirilməsinə zərurət vardır. Bütün bunların nəzərə alaraq məhkəmə predmeti olan torpaq sahəsi ilə bağlı təkrar ekspertiza keçirilməsi üçün qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2025-ci il tarixli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ünvan 2 ünvanında iddiaçının faktiki istifadəsində 1670.2 m2, cavabdehin faktiki istifadəsində isə 2423.2 m2 torpaq sahəsinin olduğu müəyyən olundu. Sözügedən bağ sahəsinə dair mülki iş materiallarında hüquqmüəyyənedici və texniki sənədlər olmadığından həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini müəyyən etmək mümkün olmadı. Qeyd: ekspertiza tədqiqatına əlavə edilmiş cizgiyə və əsaslandırıcı hissədən müəyyən edilir ki, hər iki sahə mişar daşı ilə ortadan ayrılmış və yola çıxışları birdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, mübahisəli torpaq sahəsini pul verib aldığını, hər hansı hüquqmüəyyənedici sənəd olmasa da, torpaq sahəsinin ona məxsus olduğunu, məhkəmə qərarından sonra cavabdehlərin həmin əraziyə daxil olduqlarını bildirmiş, sonuncu ekspert rəyinə etirazı olmadığını qeyd etmiş və şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz etmiş, mübahisəli torpaq sahəsinin X17 protokoluna əsasən mərhum atası Quliyev Bəxtiyara verildiyini, atasının həmin ərazini yaşayış üçün münasib şəraitə gətirdiyini, qaz və elektrik sayğaclarının atasının adına rəsmiləşdirildiyini bildirmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Vəkil oğlu sonuncu ekspert rəyi ilə razılaşdıqlarını bildirməklə apellyasiya şikayətinə etiraz etmiş və qeyd etmişdir ki, 2010-cu ildə tərəflərin atasının adına işıq saygacı olub və buna dair sübutlar iş materiallarına əlavə edilib. Bütün saygaclar X17 tərəflərin atasına verdiyi sərəncam əsasında verilib. Hətta ekspert vəsatətində də qeyd edilib ki, cavabdeh özünün adına olan evə sayğac çəkilən zaman da həmin sərəncamdan istifadə edib. 1989-cu ildən torpaq sahəsi tərəflərin atasının sahibliyində olub, hal-hazırda iddiaçların yaşadığı ev 2005-ci ildə tikilib, sonradan cavabdeh öz sahəsində özünə ev tikib.

14. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti və Bakı şəhər Xəzər rayon Bələdiyyəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

17. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müvafiq olaraq: 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

19. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə əsasən: 50. 4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir.Torpaqdan istifadə müddətləri həmin torpaq sahələrini müvəqqəti istifadəyə vermiş orqanlar tərəfindən uzadıla bilər. 4-1. Bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər. 52. 1. Torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. 2. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Məhkəmə kollegiyası qeyd edilənlərə, apellyasiya şikayətinin dəlillərinə, Mülki Prosesual Məcəlləsinin 14, 76, 77, 80-88, 119, 216-218, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və hüquqdan sui-istifadəyə şərait yaradan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə xüsusatlar müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

22. Belə ki, xx.xx.1987-ci il tarixli vətəndaşa dəniz kənarında müvəqqəti olaraq bostan sahələrinin verilməsi haqqında protokoldan çıxarışın sürətinə əsasən müəyyən edilir ki, X23 9 saylı evdə yaşayan Cavabdeh dəniz kənarında müvəqqəti olaraq 10 sot bostan sahəsi verilmişdir.

23. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsi tərəfindən verilmiş 1-3/50 saylı xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, X7 dəniz kənarına bostan sahəsi üçün verilmiş 10 sot torpaq sahəsi vergi tutma obyekti olaraq, Mərdəkan bələdiyyəsində 2012-ci il tarixdən qeydiyyata alınmışdır. Protokolda vətəndaşa ayrılmış 10 sot torpaq sahəsinin ünvanı göstərilmədiyi üçün həmin torpaq sahəsinə bitişik qonşu torpaq sahələrinin ünvanı sənəddə H.Z.Tağıyev küçəsi göstərildiyi üçün X7 verilmiş bostan sahəsinin ünvanı da H.Z.Tağıyev küçəsi olaraq Mərdəkan bələdiyyəsində qeydiyyata alınmışdır.

24. xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, İddiaçı1 X2 qalan əmlaka 2/4 hissədə vərəsə qismində tanınmışdır.

25. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin 07 oktyabr 2025-ci il tarixli rəyinə görə ünvan 2 ünvanında iddiaçının faktiki istifadəsində 1670. 2 m2, cavabdehin faktiki istifadəsində isə 2423.2 m2 torpaq sahəsinin olduğu, ekspertiza tədqiqatına əlavə edilmiş cizgiyə və əsaslandırıcı hissədən isə hər iki sahənin mişar daşı ilə ortadan ayrıldığı və yola çıxışlarının bir olduğu müəyyən edilmişdir.

26. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1285.1 -ci maddəsinə əsasən əgər kəndli təsərrüfatı həyət təsərrüfatıdırsa və həyətin sonuncu üzvü vəsiyyətnamə qoymamışdırsa, həyətin ümumi əmlakı qanun üzrə vərəsələrə həyət təsərrüfatının dağılmaması şərti ilə keçir.

27. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneə aradan qaldırılmalı və Cavabdeh gələcəkdə də iddiaçılara qarşı bu cür qadağaların yaradılması qadağan edilməli olması hissəsində iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləvğ edilməsinə əsas deyildir.

28. Apellyasiya şikayəti əsasız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 443/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron Məhkəmə” İnformasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar