Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2442/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(006)-4381/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» ASC tərəfindən ona hesablanmış 5000 manat məbləğində borcun əsassız və qanunsuz hesab edilərək həmin borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 2018-ci ilin oktyabr ayından 2020-ci ilin mart ayına qədər Bakı şəhəri Mərdəkan qəsəbəsi Mərdəkan bağları 1094 ünvanında yaşamadığı dövr üçün ona 5000 manat məbləğində qanunsuz və əsassız borc hesablanmışdır. Cavabdeh təşkilatın nümayəndələri onun evindən 200 metr kənarda quraşdırılmış sayğaca müdaxilə edildiyini əsas gətirərək nə onun, nə də hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(006)- 4381/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Mərdəkan qəsəbəsi Mərdəkan bağları 1094 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********80000 saylı abunə koduna hesablanmış 4808,65 manat elektrik enerjisi borcunun əsassız sayılaraq silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd olunan akt tərib edilərkən hal şahidlərinin olmamasını əsas gətirərək aktın etibarsız hesab edilməli olması qənaətinə gəlmişdir. Halbuki aktın tərtib edilməsi zamanı hal şahidlərinin olmaması kimi formal çatışmazlıqlar heç bir halda abonent tərəfindən sayğaca müdaxilə faktını inkar etməyə əsas vermir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutların qiymətləndirilməsini düzgün aparmamış və bununla da maddi və prossesual hüquq normalarının pozuntusuna yol vermişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı qətnamənin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(006)- 4381/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri Mərdəkan qəsəbəsi Mərdəkan bağları 1094 ünvanda yerləşən bağ evinə verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. 03 mart 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı 015319 saylı aktda qeyd olunmuşdur ki, həmin ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi yoxlanılmışdır. Məlum olmuşdur ki, 3467 kvts sayğac üzərində mövcuddur, kompüter məlumat bazasına daxil edilməyib, sayğacın dövlət möhüründə müdaxilə izləri var. Qeyd olunan akta əsasən iddiaçıya əlavə sərfiyyat üçün cəmi 4808 manat 65 qəpik borc hesablanmışdır. Akt tərtib olunarkən abonent və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə baxışında aktda qeyd olunan 4808,65 manat məbləğində cərimənin hesablanmasının əsasları iddiaçı tərəfindən mübahisələndirilmiş, çünki yuxarıda qeyd olunan akt tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, istehlakçının hüquqları pozulmuşdur. Belə ki, sayğac iddiaçının mənzilindən 200 metr uzaqlıqda, transformatorun çəpərinin içində quraşdırıldığından həmin sayğaca kənar müdaxilənin olmasına nəzarət etməsi, yaxud onu qoruması iddiaçının imkanı xaricindədir, belə olduğu təqdirdə o, sayğacla bağlı hər hansı məsuliyyət daşıya bilməzdi. Həmçinin yuxarıda qeyd olunan akt tərtib edilərkən nə iddiaçının, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Yuxarıda qeyd olunan Qaydaların 8.33-cü bəndi akt tərtib olunarkən hal şahidlərinin iştirakını məcburi hal kimi nəzərdə tutduğundan, bu qaydaya riayət olunmaması həmin aktın etibarsız hesab edilməsinə və akt əsasında hesablanmış borcun silinməsinə əsas verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, apelyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393 və 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(006)- 4381/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2442/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2442/2021
02.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver