Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2446/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı cavabdeh X1rşı borc məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-452/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən dünyasını dəyişmiş atası X3 adına tərtib olunmuş 08.09.2017-ci il tarixli ******* nömrəli akt üzrə əsassız olaraq hesablanmış cərimə borcundan geridə qalan 1414,30 manat məbləğində borcun silinməsi, borcun hesablandığı gündən etibarən 10/2021-ci il tarixinə kimi qanunsuz olaraq **********00010 nömrəli abonent hesabından borca tutulmuş 764,50 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması və işə baxılması ilə əlaqədar vəkil xidmətinin göstərilməsi üçün iddiaçı tərəfindən Bakı şəhəri 7 saylı vəkil bürosunun hesabına ödənilmiş 141,50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının dünyasını dəyişmiş atası X4 Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla, təbii qazın alqı-satqı müqaviləsi əsasında istifadəsində olan fərdi yaşayış evində təbii qazdan istifadə etmişdir, həmin fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən **********00010 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini də təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G4 markalı İtron tipli qaz sayğacı quraşdırılmışdır, 2017-ci il tarixində Cavabdeh İB-nin nümayəndələri ona məxsus fərdi yaşayış evindən bir neçə metr aralıda həyətdə quraşdırılmış Smart G4 markalı İtron tipli 1102AQ**********0 nömrəli qaz sayğacını yeni smart qaz sayğacı ilə əvəz etmişlər, daha sonra çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, dövlət yoxlamasında qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilmiş olması barədə rəy verilmişdir, sözügedən rəy əsasında BRQSD-nin rəisi tərəfindən 08.09.2017-ci il tarixində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və daha sonrasında isə həmin akt əsasında 20.09.2017-ci il tarixində qərar qəbul edilmişdir, qəbul edilmiş qərarda 10894 metr kub qaz itkisinin yaranması səbəbindən abonent hesabına 2178,80 manat məbləğində cərimə borcu qeyd edilmişdir, qaz sayğacının dövlət yoxlamasında İddiaçı və ya onun ailə üzvlərinin iştirakı təmin edilməmiş, eləcə də, qaz sayğacında aşkar olunmuş xətalarda onun heç bir təqsiri olmamışdır, evdən bir neçə metr aralıda olan qaz sayğacına həyətdən istənilən şəxs, hətta SOCAR işçisinin də müdaxilə etməsi mümkündür, bundan əlavə tərtib edilmiş 08.09.2017- ci il tarixli ******* nömrəli aktın tərtib olunmasından onun xəbəri olmamış və ona aktı imzalamaq təklif edilməmişdir, o tərtib olunmuş aktı və qərarı qanunsuz hesab edir və bu səbəbdən borcu silinməli, borca görə çıxılmış pul ona geri qaytarılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-452/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Cavabdeh İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi və maddi hüquq normalarının tələblərini pozduğu arqumentləri ilə əsaslandırmışdır. Əlavə olaraq göstərmişdir ki, şikayətə görə, İddiaçı istifadəsində olan qaz sayğacı yenisi ilə əvəz edilmiş, çıxarılmış sayğac dövlət yoxlamasına göndərilmiş, laboratoriya rəyinə görə sayğaca kənar müdaxilə olunduğu üçün 2178,80 manat dəymiş ziyan hesablanaraq iddiaçıdan tələb olunmuşdur. Eyni zamanda 764,50 manat bocluya hesablanmış ziyandan tutulma aparılmışdır. Lakin birinci instansiya məhkəməsi bunların heç birinə hüquqi qiymət verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilmişdir ki, sayğacın çıxış plassmas borusunun deşik olduğu müəyyən edilmişdir. Bakı Regional Qazın Satışı Departamentinin İstismar İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2178,80 manat (borcun cəmi 10894 m3 x 0,20 manat =2178,80 manat ) tələb edilməsi göstərilmişdir. İş mteriallarında olan abonent saldosundan görünür ki, iddiaçının atasına məxsus **********000010 nömrəli abonentə 2178,80 manat borc hesablanmlışdır Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilmiş olduğu və onun təqsirliliyi sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə Cavabdeh İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh tərəfindən 08.09.2017-ci il tarixdə tərtib edilmiş akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən birinci instansiya məhkəməsi həmin aktı ləğv etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-452/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2446/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2446/2022
09.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver