Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-245/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Kamil Hacıyevin iştirakı ilə, İddiaçı şirkətinin Cavabdeh qarşı “cavabdehin Şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə surətdə pozmaqla özbaşına tikinti inşa etdiyini, həmin tikintinin yerləşdiyi coğrafi koordinatların 29 aprel 2005-ci il tarixli, 901-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.07.2004-cü il tarixli, 296 nömrəli Sərəncamında göstərilən Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyini və həmin torpaq sahəsindən İddiaçı şirkətinin müstəsna istifadə hüququnun olduğunu, sözügedən tikintinin şirkətin qanunla qorunan hüquqlarını pozduğunu irəli sürmüş, buna görə də Cavabdeh şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxardılaraq, tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh şirkətin saziş ərazisi hüdudları daxilində iddia tələbində göstərilən ünvanda lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına tikinti inşa etmişdir. Halbuki, həmin torpaq sahəsinin yerləşdiyi coğrafi koordinatlar 29 aprel 2005-ci il tarixli, 901-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Azərbaycan Respublikası Prezidentinin 01.07.2004-cü il tarixli, 296 nömrəli Sərəncamında göstərilən Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir və həmin torpaq sahəsindən İddiaçı şirkətinin müstəsna istifadə hüququ vardır. Həmin tikinti şirkətin qanunla qorunan hüquqlarını pozur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayət verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin Binəqədi rayon İcra Hakimiyyətinin 03.08.2000-ci il tarixli sərəncamı ilə cavabdehin istifadəsinə ayrılması barədə arqumentin heç bir əsası olmamaqla həmin sərəncam Qanunla qüvvədən düşmüşdür. Belə ki, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X2 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X2 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanununun 4-cü bəndinə əsasən Saziş qanun statusunu alır və qüvvədə olan və eləcə də gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Şirkət əvvəllər sözügedən sərəncamı məhkəmə qaydasında mübahisələndirmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 may 2017-ci il tarixli qərardadında vurğulanmışdır ki, Saziş qüvvəyə mindiyi tarixdən etibarən Saziş ərazisi ilə bağlı Qanunun qüvvəyə minməsindən əvvəl və sonra verilmiş bütün inzibati sərəncamlar qüvvədən düşmüşdür. Digər tərəfdən, məhkəmənin qətnaməsində istinad edilən mülkiyyət hüququ haqqında maddi hüquq normalarının hazırkı işə heç bir aidiyyəti yoxdur. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikiliyə dair mülkiyyət hüququnun qeydə alınması barədə hər hansı mötəbər sənəd mövcud deyildir və bu səbəbdən də cavabdehin mülkiyyət hüququna dair normalara istinad edərək, guya mübahisəli özbaşına tikiliyə mülkiyyət hüququ olmasının göstərilməsi əsassızdır. Həmçinin nəzərə almaq lazımdır ki, Şirkət tərəfindən cavabdehə qarşı hər hansı məhrum etmə hərəkətləri edilməmiş, Şirkət, məsələnin qanun çərçivəsində həll edilməsi üçün məhkəmədə ona qarşı iddia qaldırmış, özü Cavabdeh inşa etdiyi özbaşına tikilinin sökülməsi ilə bağlı hər hansı qanuna zidd hərəkət etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2019-cu il tarixli, 2(103)-1474/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2(001)-453/2018 saylı iş üzrə qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı şirkətinin Cavabdeh qarşı “cavabdehin Şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh İddiaçı şirkətinin saziş ərazisi hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(102)-6815/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2020-ci il tarixli, 2(103)-2720/2020 saylı qətnaməsi ilə İddiaçı şirkətinin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2(001)- 453/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(102)- 1438/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2720/2020 nömrəli iş üzrə 14 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və bildirdi ki, mübahisəli torpaq sahəsi iddiaçı şirkətin ərazi hüdudlarının mühafizə zolağında yerləşir, icra hakimiyyəti tərəfindən cavabdehə verilmiş sərəncam qüvvədə deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 03 avqust 2000-ci il tarixli, 1107 saylı sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Prokurorluğunun 18.05.2000-ci il tarixli, 18/49 saylı məktubunu nəzərə alaraq Bakı şəhəri, Binəqədi rayonu, 7 mk/rayon, ev 12, mənzil 3-də yaşayan vətəndaş Cavabdeh fərdi yaşayış evinin tikintisi üçün Sulu-Təpə qəsəbəsi ərazisində, əlavə edilmiş cizgi əsasında 600 kv/metr ölçüdə torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2-1(81)-58/2017 saylı qərardadının surətindən görünür ki, İddiaçı şirkətinin cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Cavabdeh işə cəlb edilməklə Binəqədi rayon İcra Hakimiyyətinin Cavabdeh istifadəsinə torpaq sahəsinin ayrılması barədə 1107, 03.08.2000-ci il tarixli sərəncamın etibarsızlığı və sərəncamda qeyd edilən torpaq sahəsinə dair Cavabdeh bütün hüquqlarının ləğv olunduğunun tanınmasına dair iddia tələbi qeyri-mümkün sayılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2017-ci il tarixli, 2-1(103)-1312/2017 saylı qərardadına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-56/2017 saylı iş üzrə 15 mart 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmış, İddiaçı şirkətinin apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi mübahisəyə baxarkən müəyyən etmişdir ki, həmin torpaq sahəsi cavabdehə sərəncam əsasında 2000-ci ildə ayrılmışdır. Həmin vaxtdan 5 il sonra iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşdiyi coğrafi koordinatlar 29 aprel 2005ci il tarixli, 901-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Azərbaycan Respublikası Prezidentinin 01.07.2004-cü il tarixli, 296 nömrəli Sərəncamı əsasında iddiaçıya ayrılmışdır. Həmin qanunla torpaqların yalnız İddiaçı şirkətinin müstəsna istifadə hüququ verildiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, həmin torpaq sahəsi daha əvvəl cvabdehin istifadəsinə verildiyindən iddiaçının həmin torpaq sahəsində tikilmiş tikilinin sökülməsi barədə iddia qaldırmaq üçün subyektik hüququ mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən, Cavabdeh Sulu Təpə qəsəbəsində (Xocahəsən-Lökbatan yolu) fərdi yaşayış evi inşa etmişdir və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin coğrafi koordinatları İddiaçı şirkətinin istifadəsinə ayrılmış sənaye təyinatlı torpaqlara aid olmaqla, neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Şianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.07.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin hüdudları daxilindədir. Mübahisəsi gedən tikilinin yerləşdiyi torpaq sahəsinin ona Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamı əsasında verilsə də, həmin sərəncamın ləğvi barədə iddianı qeyri-mümkün hesab edən inzibati məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X2 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Bu əsasla, yəni Sazişin şərtlərinə əsasən sözügedən sərəncam artıq hüquqi qüvvəsini itirmişdir. Azərbaycan Respublikası İPM-nin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Buna görə də, mübahisəli torpaq sahəsinin daha əvvəl cavabdehin istifadəsinə verilməsi səbəbindən iddiaçının həmin torpaq sahəsində tikilmiş tikilinin sökülməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmaması barədə birinci instansiya məhkəməsinin qənaəti əsassız olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verildiyindən, cavabdeh həmin sahədən faktiki olaraq istifadə etdiyindən, orada tikili inşa etdiyindən iddiaçının qanuni hüquq və mənafeyinin uyğun deyildir, bu səbəbdən də iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Hazırkı apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin 03.12.2021-ci il tarixli, 10/29935 nömrəli ekspert rəyində göstərilmişdir ki, mübahisə predmeti olan tikilinin yerləşdiyi ərazidə qaz kəmərinin mövcud olduğu və həmin qaz kəmərindən mübahisəli tikiliyə qədər olan məsafənin 15,80 metr olduğu müəyyən olunur, mübahisəli predmeti olan tikilinin inşa edildiyi ərazinin hüdudları daxilində neft quyusu aşkar olunmamışdır, mübahisəli predmeti olan yarımçıq tikilinin uzunluğu 11,30 metr, eni 10,50 metr təşkil edir. Göründüyü kimi ekspert rəyi ilə təsdiq olunur ki, mübahisəli tikili qaz kəmərinin mühafizə zonasında yerləşir, orada tikilmiş yarımçıq tikili qanunvericiliyin tələblərinə əsasən özbaşına tikili hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlətin obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət zolaqlarının, mühüm meliorasiya və su təsərrüfat obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçrilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iddiaçının istifadəsinə ayrılmış ərazi hüdudları daxilində yerləşən torpaq sahəsində olan tikili özbaşına tikinti sayılır. Həmin tikili isə qaz kəmərinin mühafizə zonasında yerləşir. Qaz kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca qaz ayrılmaları baş verə bildiyindən burada hər an yanğın-partlayış və digər fövqəladə halların yaranması ehtimalı ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin olunsun. Cavabdeh İddiaçı Şirkətinin saziş ərazisi hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılsın. Həmin özbaşına tikili Cavabdeh hesabına sökülsün və ərazi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının əvəzi kimi 25,60 (iyirmi beş manat altmış qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı Şirkətinə ödənilsin; müxətəssis rəyi üçün ödənilməli olan 60 (altmış) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin; iş üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-245/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-245/2022
08.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver