Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2460/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(011)-7417/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 (bundan sonra, cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən dəymiş ziyanın dəyəri kimi iddiaçıdan tələb etdiyi 1337,15 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə görə - iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvanda **********000 abonent kodu üzrə su xətti üzrəində İSS-20M-2 markalı, 24050697 nömrəli mexaniki sayğac quraşdırılmışdır. Həmin sayğac üzrə ilkin olaraq 1586,90 manat borc yazılmışdır. Bundan sonra tərəfindən müraciət edilmiş və müraciəti əsasında 231,75 manat borcdan silinmiş və hal-hazırda 1337,15 manat borc qalmaqdadır. İddiaçı həmin yazılmış borc məbləği ilə razı deyildir, borcun yazılmasını əsassız hesab edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(011)- 7417/2024 saylı qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi hüquq normalarının pozulması, yaşadığı evdə əvvəllər sayğac quraşdırılmaması, sayğac olmadığından su sərfiyyatının 3 nəfər ailə tərkibinə görə hesablanması, ödənişlərin mərhum atası tərəfindən həyata keçirilməsi, lakin ödənişlər barədə qəbz alınmaması, keçən müddət ərzində su borcunun olması barədə məlumatının olmaması, yalnız sayğac quraşdırıldıqdan sonra əvəlki dövrlər üzrə borc barədə bildirişin verilməsi, borcun əsassız yazılması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə, həmçinin birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yaşadıqları fərdi yaşayış evi 2012-ci ildə inşa edilmiş, ondan əvvəl isə həmin ərazidə başqa evdə yaşamışlar. Hazırki evin abonent kodu onun adına açılmış, sayğac olmadığından 3 nəfər ailə tərkibinə görə su sərfiyyatı hesablanmışdır. 2012-ci ildən etibarən su sərfiyyatına görə borc mərhum atası tərəfindən ödənilmiş, lakin qəbzlər alınmamışdır. Həyətyanı sahələri təqribən 0,04 ha olmaqla həyətdə yaşıllıqlar mövcuddur və onların suvarılmasında mütəmadi olaraq sudan istifadə etmişlər. Yaxın tarixdə evə su sayğacı quraşdırılmış, bundan sonra əvvəlki dövrlər üzrə 1586,90 manat borcun olması barədə bildiriş verilmişdir. O, cavabdeh təşkilata müraciət etmiş, araşdırma nəticəsində həmin məbləğdən 231,75 manat silinmiş, 1337,15 manat borc saxlanılmışdır. Hesab edir ki, həmin məbləğ də silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının adına abonent kodu 2012-ci ildə açılmış, sayğac quraşdırılmadığından su sərfiyyatı 3 nəfər ailə tərkibinə görə hesablanmışdır. Lakin, keçən müddət ərzində ödənişlər həyata keçirilməmiş, su nəzarətçiləri isə həyətə buraxılmamış, maneələr yaradılmışdır. Sayğac quraşdırıldıqdan sonra da iddiaçı tərəfindən ödənişlər lazımi qaydada həyata keçirilməmiş, yalnız 2024-cü ilə 111,75 manat ödəniş olmuşdur. İddiaçının silinməsini tələb etdiyi məbləğ müvafiq sərfiyyat məbləğidir ki, iddiaçı həmin məbləği ödəmək vəzifəsini daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlarla və tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçının adına 2012-ci ildə abonent kodu açılmaqla, yaşadığı fərdi yaşayış evi (Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 14/b) su təchizatı ilə təmin olunmuş, sərfiyyat 3 nəfər ailə tərkibi sayına görə hesablanmışdır. İşdə olan abonent kartlarından görünür ki, qeyd edilən ünvan üzrə uzun müddət ödənişlər həyata keçirilməmiş, 1337,15 manat borc mövcud olmuşdur. İddiaçı əvvəlki illər üzrə ödənişlərin mərhum atası tərəfindən həyata keçirilməsini bildirsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, eyni zamanda ödənişlər barədə müvafiq qəbzlərin alınmamasını etiraf etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ona 1337,15 manat məbləğində borcun cavabdeh tərəfindən əsassız hesablandığını bildirsə də, iddiasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmənin təklif etməsinə baxmayaraq, iddiaçı su təchizatına görə ödənilmiş hər hansı pul məbləğinə dair müvafiq qəbzi (qəbzləri) məhkəməyə təqdim etməmişdir. İddiaçının iddiasının əsasları məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Su təchizatı və tullantı suları haqqında» Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 59-cu maddəsinin b bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi onun xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın (bundan sonra, Qaydalar) 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Qaydaların 7.1-ci bəndinə əsasən suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaydaların 7.4-cü bəndinə əsaəsn əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Qanunvericiliyin təhlilindən aydın olur ki, istehlakçılar su təchizatı obyektlərindən istifadə etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada həmin istifadə edilmiş xidmətlərə görə müvafiq məbləğdə xidmət haqqını ödəmək vəzifəsini daşıyırlar. Həmçinin, qanunvericiliyin qeyd olunan normalarının təhlilindən aydın olur ki, istehlakçı istifadə etdiyi su təchizatı xidmətlərinə görə xidmət haqqını ödəmədikdə, su təchizatı müəssiəsinin qanunvericiliklə müəyyən olunmuş qaydada və məbləğdə görülmüş xidmətin haqqının ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. Eyni zamanda qeyd olunan normaların təhlilindən aydın olur ki, tərəflər arasında su təchizatı obyektlərindən istifadə edilməsi ilə bağlı müvafiq müqavilə olmadıqda belə, istehlakçı su təchizatı obyektlərindən istifadə etdikdə, sudan istifadə edilməsi ilə bağlı ona göstərilmiş xidmətlərin haqqını ödəmək vəzifəsini daşıyır ki, bu vəzifə məhz istehlakçının həmin su təchizatı obyektindən istifadə etmək faktına asaslanır. Hər bir halda istehlakçı su təchizatı obyektlərinin istifadəsi ilə bağlı görülmüş xidmətlərin haqqını su təchizatı müəssisəinə ödəməlidir, əks təqdirdə bu istehlakçının su təchizatı müəssisəninin qarşısında həmin xidmətlərdən istifadə edilməsinə görə müvafiq məbləğdə xidmət haqqının ödənilməsi ilə bağlı mülki hüquqi məsuliyyətinin yaranmasına gətirib çıxarda bilər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlara, işin faktiki hallarına və qanunvericiliyin qeyd edilən normalarına əsasən iddiaçı istər sayğac quraşdırılmayan dövr üzrə (qeydiyyatda olan şəxslərin sayına görə), istərsə də sayğac quraşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq su sərfiyyatlarını ödəmək vəzifəsini daşımışdır. Yuxarıda da qeyd edildiy kimi, iddiaçı müxtəlif dövrlər üzrə ödənişlərin həyata keçirilməsi ilə bağlı müvafiq sübutları (qəbz və s.) məhkəməyə təqdim edə bilməmiş, dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. İddiaçının borca görə su təchizatının dayandırılmaması və s. bu kimi dəlilləri isə borcun silinməsinə qanuni əsas yarada bilməz. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin oluna bilməz. Şikayətin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz, qətnamə qanuni və əsaslıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən göründüyü kimi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan (iddianın qiyməti 1337,15 manatdır) qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4rşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(011)-7417/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(011)- 7417/2024 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2460/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2460/2025
22.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver