Məhkəmə qərarları › İş №2(103)-2463/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2463/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2463/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “subroqasiya qaydasında pul tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(002)-163/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.xx.xx.2021-ci il tarixində Cavabdeh idarə etdiyi “Hyundai TG” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə “Opel Astra” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, “Opel Astra” markalı, **-OS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1076 manat müəyyən edilmişdir. 2.İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına və xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanması aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən dəymiş ziyana görə ümumilikdə 1076 manat məbləğ zərərçəkənin hesabına köçürülmüşdür. 3.İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyini və buna görə də ona qarşı subroqasiya qaydasında tələb etmək hüququnun mövcud olduğunu iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Opel Astra” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1076 AZN (bir min yetmiş altı manat) sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 31.20 AZN (otuz bir manat iyirmi qəpik) dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “Hyundai TG” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Opel Astra” markalı, ** OS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “Opel Astra” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini müvafiq etibarnamə olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Opel Astra” markalı, **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1076 AZN (bir min yetmiş altı manat) ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 093611 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “Opel Astra” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1076 AZN (bir min yetmiş altı manat) məbləğində ödəniş həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 1076 AZN (bir min yetmiş altı manat) zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. 6.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim-Günay Həşimova) 23 yanvar 2023-cü il tarixli, 2(002)-163/2023 saylı qətnaməsi ilə (bundan sonra-məhkəmə) iddia tələbi təmin edilərək, Cavabdeh 1076 (bir min yetmiş altı) manat məbləğində maddi ziyan və ödənilmiş 31(otuz bir) manat, 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. 7.İş materiallarında olan xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC sığortanın predmeti qismində “Hyundai TG” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, habelə sığorta ödənişi və əmlaka dəymiş zərər 1076 manat məbləğində göstərilməklə, X4 faydalanan şəxs qismində həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. 8.İş materiallarında olan xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın və xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında İXP ******* seriyalı protokolun surətindən görünür ki, Cavabdeh barəsində AR İXM-nin 327.1 vı 332.1-cı maddəsi ilə protokol tərtib edilmiş, daha sonra həmin maddələr ilə Cavabdeh yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünə əqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. 9.İş materiallarında olan AD-N 359703 nömrəli nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai TG” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. 10.İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 827 nömrəli ödəniş tapşırığından görünür ki, X3 hesabına 1076 manat məbləğində ödəniş həyata keçirilmişdir. 11.İş materiallarında olan xx.xx.2021-ci il tarixli “dəymiş zərərin hesablanmasına dair akt”-dan görünür ki, “Opel Astra” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1076 manat ziyan dəymişdir. 12.İş materiallarında əsasən məhkəmə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixində Cavabdeh etibarnaməsiz idarə etdiyi “Hyundai TG” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə “Opel Astra” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, “Opel Astra” markalı, **-OS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1076 manat müəyyən edilmiş, İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına və xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanması aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən dəymiş ziyana görə ümumilikdə 1076 manat məbləğ zərərçəkənin hesabına köçürülmüşdür. Hazırda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən iddiaçı subroqasiya hüququ yarandığı üçün həmin ödənişi cavabdehdən geri tələb edir. 13.Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh X6 təqsiri, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq digər avtomobilə maddi ziyan vurması qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərar və protokol ilə sübuta yetirildiyindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yarandığından, həmçinin iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 093611 saylı sığorta aktı və 01 fevral 2021-ci il tarixli ödəniş tapşırığından göründüyü kimi, ödənilən 1076 manat məbləğində sığorta odənişi subroqasiya qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi təmin edilməlidir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 926.3, 936.1, 936.2, 936.5, 1096, 1097.1, 1099.1; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 25.1.3, 25.2; Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 15.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə cavabdehin iştirakının təmin edilməsi üçün bütün mümkün tədbirləri həyata keçirməmiş, bununla da, mümkün sübutları təqdim etməyə şərait yaratmamışdır. Cavabdeh nəqliyyat vasitəsini "xxxx" MMC tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, № 1801/0520 nömrəli etibarnamə ilə idarə etmiş və inzibati xəta hadisəsi zamanı etibarnaməyə malik olsa da, məhkəmə iştirakını təmin etmədiyi üçün onun sübut qismində təqdim edilməsi mümkün olmamışdır b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a)Məhkəmə icraatı iştirakçılarının izahatları 18.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildiridi ki, hadisə olan vaxt nəqiliyyat vasitəsinin idarə edilməsinə dair etibarnaməsi olmuşdur, o, etibarnaməni polisə təqdim etmiş lakin polis sığorta şirkətinə göndərməmişdir, etibarnaməni məhkəməyə təqdim etmək üçün gedərkən yolda tıxac olduğundan məhkəmə iclasına gecikdiyinə görə təqdim edə bilməmişdir. 19.Məhkəmə kollegiyasının iclasında İddiaçı Sığorta Şikəti ASC-nin nümayəndəsi X5 izahatında qeyd etdi ki, cavabdehin etibarnaməsi varsa hər hansı bir qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 20.Maddə 883.1.Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 21.Maddə 926.3.Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 22.Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 23.Maddə 936.2.Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 24.Maddə 936.5.Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 25.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 26.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbarı sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 27.Maddə 8.1.İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 28.Maddə 13.1.İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 29.Maddə 25.1.3.İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 30.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Maddə 385.1.1, 385.1.2 və 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 32.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 34.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35.Məhkəmə kollegiyası cavabdehi və iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. 36.Belə ki, məhkəmə iddianı təmin edərək qeyd etmişdir ki, cavabdeh X6 təqsiri, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq digər avtomobilə maddi ziyan vurması qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərar və protokol ilə sübuta yetirildiyindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. 37.Lakin cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi №1801/0520 saylı, 08 yanvar 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC-yə məxsus **-PZ-*** dövlət nömrə nişanlı, HYUNDAİ markalı, TG modelli minik avtomobili (ban nömrəsi- KMHFC41DP9A377632, mühərrik nömrəsi-201761) Cavabdeh №1801/0520 saylı 12 dekabr 2018-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən nəqliyyat vasitəsini istifadə etmək üçün etibar edilir. Etibarnamə 1 ay müddətinə verilib və 08 fevral 2021-ci il tarixədək qüvvədədir. 38.Göründüyü kimi xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin nəqliyyat vasitəsini idarə etməyə hüququ olmuş, yol nəqliyyat hadisəsi etibarnamənin qüvvədə olduğu zaman baş vermişdir. 39.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin icbari sığorta şəhadətnaməsində göstərilən nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olduğundan, “İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanunun 25.1.3-cü maddəsində göstərilən icbari sığorta üzrə subroqasiya hüququnun yaranması əsas mövcud olmadığından iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. 40.Məhkəmə kollegiyası bu kontekstdə hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq norması pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmir. 41.Məhkəmə kollegiyası apellyatorun məhkəmədə iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan SMS xəbərdarlıqdan göründüyü kimi cavabdehin apellyasiya şikayətində də qeyd etdiyi ona məxsus olan ***-***-**-** mobil nömrəsinə məhkəmə iclasının vaxtı və yeri bardə məlumat göndərilmişdir. Buna görədə qeyd olunan dəlil əsassız hesab edilməklə prosessual pozuntu kimi qiymətləndirlə bilməz. 42.Beləlikə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(002)-163/2023 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməmlidir. 43.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(002)-163/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar