Məhkəmə qərarları › İş №2(103)-2469/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2469/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2469/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6846/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «İddiaçı” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx xxxxxx 2018-ci il tarixli MAS-596 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx xxxxxx 2018-ci tl tarixli MAS-596 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxx 2019-cu il tarixə 1537.62 manat əsas, 1150.79 manat mükafat və həmin gunə hesablanmış 826.73 manat dəbbə pulu, 8310 manat dəymiş zərər, ümumilikdə 11825.14 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı" MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli MAS-596 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2018-ci il buraxılışlı, “Khazar SD minik” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE160226 ban nömrəli, ağ rəngli avtomobil 13800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 15 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 384.06 manat, ümumilikdə isə 18435 manat məbləğində pulu “İddiaçı" MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18435 manatın 13800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD minik" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2019-cu il tarixdə yararsız vəziyətdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 8310 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə heç bir ödəniş olmamışdır. “Daxili lizinq" müqaviləsi və “ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Cavabdeh lizinq obyektindən istifadə edilməsinə görə xx xxxx 2019-cu il tarixə “İddiaçı" MMC-yə xx xxxxxx 2018-ci il tarixli MAS-596 saylı “Daxili lizinq“ müqaviləsinə əsasən 3515.14 manat borcu yaranmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6846/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli MAS-596 “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2018-ci il tarixli MAS-596 “Daxili liziq” müqaviləsinə əsasən xx xxxx 2019cu il tarixə 1537,62 manat əsas borc, 1150,79 manat mükafat, 100 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilkdə 2818,41 manat (iki min səkkiz yüz on səkkiz manat qırx bir qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə kollegiyasının sonuncu iclasına gələməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunmayan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, qeyd olunan qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmiş, iddiaçı isə yalnız qeyd edilən hissədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, 6846/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən, yəni dəymiş zərərin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli MAS-596 daxili lizinq müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixə 8106,0 manat dəymiş zərər İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi mübahisələndirilən qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki,iş materiallarında olan «Lizinq verən» qismində İddiaçı MMC ilə «Lizinq alan» qismində Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, MAS-596 saylı Lizinq Müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən Lizinq verən lizinq obyekti olan 2018ci il buraxılışlı, “Khazar SD minik” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE160226 ban nömrəli, ağ rəngli avtomobili Lizinq alanən müvəqqəti sahiblik və istifadəsinə verməyi, Lizinq alan isə həmin avtomobil üçün illik 15 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 384.06 manat, ümumilikdə isə 18435 manat məbləğində pulu lizinq verənin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AD № 360180 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2018-ci il buraxılışlı, “Khazar SD minik” markalı, 90-PZ235 dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE160226 ban nömrəli, ağ rəngli avtomobili İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli təhvil təslim aktına əsasən, İddiaçı MMC 2018-ci il buraxılışlı, “Khazar SD minik” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE160226 ban nömrəli, ağ rəngli avtomobili Cavabdeh təhvil vermişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli təhvil təslim aktına əsasən, İddiaçı MMC-yə məxsus **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə üzrə nümayəndə X2 tərəfindən həmin MMC-yə məxsus duracağa aparılması üçün təhvil-təslim aparılmışdır. Həmin təhvil təslim aktında avtomobilin son vəziyyəti kimi “rul və şitdə airabaklar açılıb, qabaq bufer və altındakılar yarasızdır, sağ bakavin əzilib, sag və sol qanadlar əzilib, ekran əzilib, qabaq faralar sınıb yox vəziyyətindədir, qabaq kapot əzilib, qabaq diskilər sınıb, təkərlər yoxdur, arxa sol qanad əzilib, arxa baqaj əzilib, arxa buferdə sınıq var, perdokda çox yarasız vəziyyətdədir, ehtiyat təkər yoxdur, açarı yoxdur, tex pasport yoxdur” qeyd edilmişdir. İş materiallarında olan qüsur aktından görünür ki, “Khazar SD minik” markalı, 90- PZ- 235 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər 8310 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanlandırılmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli pretenziya məktublarına əsasən cavabdeh iddiaçı qarşısında olan borcu və müqavilənin ləğvi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, MAS596 saylı Daxili Lizinq müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 1537,62 manat, mükafat borcu üzrə 1150,79 manat, cərimə borcu üzrə 826,73 manat olmaqla, ümumilkdə 3515,14 manat məbləğində borcu vardır. Birinci instansiya məhkəməsi iddia tələbini dəymiş zərərin ödənilməsi hissəsində rədd edərkən qətnaməni onunla əsaslandırmışdır ki, hazrıki mübahisə üzrə lizinq obyekti olan 2018-ci il buraxılışlı, “Khazar SD minik” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8310 manat məbləğində zərərin həqiqətən Cavabdeh tərəfindən törədilməsi iş materialları ilə təsdiq olunmamışdır. Habelə iddiaçı bu halı sübut edəcək hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsi ilə bağlı qərar qəbul edərkən araşdırma aparmamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Mingəçevir ŞPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Şahin İmanovun xx xxxxxx 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh xx xxxxxx 2019- cu il tarixdə lizinq obyekti olan avtomobili sürücülük vəsiqəsi olmayan X3 qeyri qanuni olaraq istifadəsinə vermişdir. X1 arxasında olarkən, Cavabdeh ilə birlikdə “xxxxxx” MMC məxsus “Khazar SD' markalı, **- PZ-*** dövlət qeydiyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, Samux küçəsində idarəetməni itirmiş və yolun sağ kənarında olan daş dirəyə dəyərək dayanmış və nəticədə lizinq obyekti yarasız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Dəymiş zərərin miqdarının müəyyən edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/991 № rəyi ilə2018-ci il buraxılışlı “Khazar SD” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8106,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyiri 100,0 (yüz) manat məbləğində təşkil edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş ekspertizanın dəyərini təşkil edən 100,00 manat məbləğində pul Cavabdeh tutularaq Azərbayacan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6846/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən, yəni dəymiş zərərin tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli MAS-596 daxili lizinq müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixə 8106,0 manat dəymiş zərər İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia tələbi mübahisələndirilən qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı MMC -nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6846/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən, yəni dəymiş zərərin tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli MAS-596 daxili lizinq müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixə 8106,0 manat dəymiş zərər İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia mübahisələndirilən qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəriolan 100 manat məbləğində pulun Cavabdehdan tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar