Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2482/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Əkbər Yusifovun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh4nə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın ipotekadan azad edilməsi» tələbinə dair 2(006)-5762/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh4nə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə mülkiyyətçi X2 və X9 arasında İmişli şəhəri Q.Qarayev küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərindəki iki mərtəbəli, altı otaqlı, 147,6 m2 yaşayış və 148,0 m2 köməkçi sahəsi olan 05 nömrəli fərdi yaşayış evinə dair İmişli rayon Birinci Dövlət Notariat Kontorunda bağlanmış 21 avqust 2007-ci il tarixli 64 saylı alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ondan irəli gələn hüquqi nəticələrin və çıxarışların ləğv edilməsi, habelə həmin əmlakın ipoteka ilə yüklülükdən azad edilərək, Cavabdeh1 ASC qarşısında olan yüklülüyün ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh X6 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ioteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 84 nömrəli kredit müqaviləsi üzrə 44269 manat 47 qəpik əsas borc, 3903 manat 22 qəpik faiz olmaqla, cəmi 48172 manat 69 qəpik borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş, X7 məxsus olan İmişli şəhəri Q.Qarayev küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərindəki iki mərtəbəli, altı otaqlı, 147,6 m2 yaşayış və 148,0 m2 köməkçi sahəsi olan 05 nömrəli fərdi yaşayış evinə yönəldilərək mənzilin açıq hərracdan satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli, 2(036)-2200/2019 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, cavabdeh X3 44269,41 manat əsas borcun, 3903,22 manat faizin, cəmi 48172,69 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutularaq iddiaçı LPO Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, X5 mülkiyyətində olan İmişli şəhəri Q.Qarayev küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərindəki iki mərtəbəli, altı otaqlı, 147,6 m2 yaşayış və 148,0 m2 köməkçi sahəsi olan 05 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılaraq şatışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərracdan ilkin satış qiymətinin 56000 manat müəyyən edilməsi qət edilmişdir. Hesab edirlər ki, adıçəkilən ev bank qarşısında yüklü edilərkən hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, İmişli rayonu birinci dövlət notariat kontorunda Cavabdeh1 ASC ilə mülkiyyətçi X2 və X9 arasında qeyd olunan evə dair 21 avqust 2007-ci il tarixli 64 saylı alğı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.03.2021-ci il tarixli 1661 və 1662 nömrəli arayışlardan görünür ki, onlar müqavilə bağlandığı zaman həmin evdə qeydiyyatda olmaqla, orada yaşayırdılar və hal-hazırda da mübahisəli evdə qeydiyyatdadırlar. Lakin, ipoteka müqaviləsi bağlandığı zaman saxta sənəddən - mübahisəli evdə yalnız bir nəfər ailə üzvünün, X4 yaşadığının göstərildiyi İmişli rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2007-ci ilin iyul ayında verilmiş 8096 №-li arayışdan istifadə edilmişdir. Qeyd olunan ipoteka müqaviləsi bağlanarkən, bu barədə onların məlumatları, habelə razılıqları olmamışdır. Yalnız adıçəkilən məhkəmə mübahisəsindən sonradan məlumatları olduqda, birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət versələr də, məhkəmə bu şikayətlərini mümkünsüz hesab etmişdir. Beləliklə, hesab edirlər ki, Cavabdeh1 ASC ilə X9 arasında 84 №-li kredit müqaviləsinin təminatı kimi bağlanmış 64 №-li, 21 avqust 2007-ci il tarixli ipoteka müqaviləsi onlar həmin evdə pasport qeydiyyatında olmalarına baxmayaraq onların məlumatları olmadan bağlanmış, bu barədə onların razılıqları alınmamışdır. Bu səbəbdən, Cavabdeh1 ASC ilə X9 arasında bağlanmış 21 avqust 2007-ci il tarixli 64 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə ləğv edilərək İmişli şəhəri Q.Qarayev küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərindəki iki mərtəbəli, altı otaqlı, 147,6 m2 yaşayış və 148,0 m2 köməkçi sahəsi olan 05 nömrəli fərdi yaşayış evinin bank qarşısında olan ipoeka yüklülüyü ləğv edilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, apellyasiya şikayətində göstərilənlər nəzərə alınaraq, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların qeydiyyatda olduqları əmlak üzrə mübahisəli ipoteka müqaviləsi bağlanarkən iddiaçılara bu barədə məlumat verilməmiş, onların buna rağılıqları olmamışdır. İş üzrə mübahisəli ipoteka müvailəsi qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Birinci instansiya məhkəməsi qeyriqanuni qətnamə qəbul etmişdir. Apellyasiya baxışı zamanı iddiaçıların təmsilçisi şikayəti müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İmişli Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(036)-2200/2019 saylı qətnaməsi ilə iddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X6 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X3 44.269,41 manat əsas borcun, 3.903,22 manat faizin, cəmi 48.172,69 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutularaq iddiaçı LPO Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, X5 mülkiyyətində olan İmişli şəhəri Q.Qarayev küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərindəki iki mərtəbəli, altı otaqlı, 147,6 m2 yaşayış və 148,0 m2 köməkçi sahəsi olan 05 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılaraq şatışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərracdan ilkin satış qiymətinin 56000 manat müəyyən edilməsi qət edilmişdir. X1 Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(036)-2200/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2021-ci il tarixli, 2(106)- 1395/2021 saylı qətnaməsi ilə X5 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə İmişli Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(036)-2200/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddiaçılar tərəfindən iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, ipoteka qoyanla ipoteka saxlayan arasında müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə ciddi riayət olunmuş, ipoteka predmeti olan daşınmaz əmlakda qeydiyyatda olan şəxs (X8) əmlakın ipoteka qoyulmasına, satılmasına, girov qoyulmasına etiraz etməmişdir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin əmlakın ipotekadan azad edilməsi üçün iş üzrə qanuni əsas yoxdur. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməinin 3 noyabr 2015-ci il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında qeyd olunan ipoteka müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Bu səbəbdən, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün qanuni əsaslar yoxdur, iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.11.2021-ci il tarixli, 2(006)-5462/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2482/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2482/2022
05.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver