Məhkəmə qərarları › İş №2(103)-2482/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2482/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2482/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi ” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Hüseyn-zadə Çingiz Muxtar oğluna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(011)-2590/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X4 ilə alıcı İddiaçı arasında 04 fevral 2008-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən müqavilənin predmeti olan ünvan 1 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m ibarət olan qeyri-yaşayış sahəsi iddiaçıya satılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Hüseyn-zadə Çingiz Muxtar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m (çıxarışa əsasən 174 kv.m) sahədən ibarət olan qeyri-yaşayış sahəsinə dair Hüseyn-zadə Çingiz Muxtar oğlu ilə "xxxx" MMC arasında bağlanmış 408 saylı, 13 yanvar 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, "xxxx" MMC ilə Hüseyn-zadə Çingiz Muxtar oğlu arasında bağlanmış 408 nömrəli, 13 yanvar 2016-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m (çıxarışa əsasən 174 kv.m) ibarət olan qeyri-yaşayış sahəsi ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m (çıxarışa əsasən 174 kv.m) ibarət olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən obyektin dəyəri tam şəkildə ödənilmiş və buna dair kassa orderi verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 yanvar 2018-ci il tarixli, 2(005)-441/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ünvan 2 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün icra və probasiya şöbəsinə göndərilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra olunması mərhələsində müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Hüseyn-zadə Çingiz Muxtar oğlu arasında 13 yanvar 2016cı il tarixli, 408 nömrəli müqavilə əsasında qeyri-yaşayış sahəsi sonuncuya satılmışdır. İcra məmurunun 27 dekabr 2021-ci il tarixli məktubuna və 17 fevral 2022-ci il tarixli vəkil sorğusuna AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan onlara məlum olmuşdur ki, "xxxx" MMC ilə Hüseyn-zadə Çingiz Muxtar oğlu arasında 13 yanvar 2016-cı il tarixli, 408 nömrəli müqavilə əsasında qeyri-yaşayış sahəsi sonuncuya satılmışdır. Göründüyü kimi 04 iyun 2008-ci il tarixli müqavilə əsasında ünvan 1 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olması və obyekt üzərində hüquqları məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə tanınmışdır. Hüseyn-zadə Çingiz Muxtar oğlu "xxxx" MMC ilə bağlamış olduğu 408 saylı, 13 yanvar 2016-cı il tarixli müqavilə bağlandığı zaman iddiaçı ilə MTK arasında daha əvvəl bağlanmış müqavilə qüvvədə olmuş, qeyri-yaşayış sahəsi müqavilə əsasında iddiaçının sahibliyinə verilmişdir. Cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üzərində qanunsuz hərəkətləri nəticəsində hüquqları pozulmuş və məhkəmə qətnaməsinin icrasına çətinlik yaratmaqla hüquqları pozulmaqda davam edir.

4. Bakı Şəhəri Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 iyul 2022-ci il tarixli, 2(011)-2590/2022 saylı qətnaməsi ilə (hakim Həsənova Aygün) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı (alıcı) İddiaçı Bakı şəhəri Xətai Rayonu Fəzai l Bayramov küçəsində yerləşən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 200 kv.m ibarət olan qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsini 04 fevral 2008-ci il tarixdə bağlamışdır. İddiaçının müqavilə bağladığı müddətdə qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki işə əlavə olunmuş kassa mədaxil orderindən görünür ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri 425000 manat "xxxx" Kompani MMCyə ödənilmişdir. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Konstitusiya Məhkəməsi sözügedən maddənin şərh edilməsi barədə qərarda qeyd edir ki, Mənzil Məcəlləsinin 112ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçının aldığı əmlakı müvəqqəti istifadə etməməsi satıcı tərəfindən müxtəlif maneələrin yaradılmasına və alıcının öz əmlakına sahib çıxmasına müxtəlif üsullarla əngəl törətməkdən ibarət olmuşdur. Bu müddət ərzində isə satıcı iddiaçıya məxsus əmlakı məqsədli şəkildə başqa şəxslərə satmaqla qanunsuz hərəkətlər etmişdir. İddiaçı müqavilə əsasında özünə məxsus olan əmlakın harada yerləşdiyini və hansı vəziyyətdə olmasını bilir. Məhkəmə tərəfindən iddiaçının sübutları düzgün tədqiq edilməmiş və nəticədə məhkəmə səhv nəticəyə gələrək iddia tələbini təmin etməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

8.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 9.Maddə 178. (2017-ci ilin dekabr aynadək) Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 10.Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

14. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

e) Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, həmin dəlillər əsaslı sayıla bilməz.

20. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)- 170/2022 saylı mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 oktyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan 200 kv.metrlik qeyri-yaşayış sahəsinin texniki göstəricilərini, o cümlədən sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini əks etdirən plan-sxem və digər zəruri məlumat təqdim olunmadığından tərəflər arasında bağlanmış 04 iyun 2008-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 200 kv.metrlik qeyriyaşayış sahəsinin 3 saylı binanın 1-ci mərtəbəsinin konkret olaraq harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı cavabdehə məxsus sahənin iddiaçıya müqavilə üzrə satılan sahə ilə eynilik təşkil etməsi ilə bağlı iddiaçı tərəf mötəbər sübutlar təqdim edə bilməmişdir.

21. Kollegiya qeyd edir ki, araşdırma zamanı bəlli olur ki, cavabdeh Hüseyn-zadə Çingiz Muxtar oğlu ilə "xxxx" MMC arasında 14 yanvar 2008-ci il tarixdə alğı-satqı müqabiləsi əsasında alıcı Bakı şəhəri, F.Bayramov küçəsi 115 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 566 kv.metrdən ibarət olan qeyriyaşayış sahəsini almış, onun dəyəri olaraq satıcıya ümumi 873.000 manat ödəniş etmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin nümayəndəsinin və eyni zamanda cavabdehin Çingiz Hüseyn-zadənin vəkili və nümayəndəsinin izahatları ilə müəyyən edilmişdir ki, 2016-cı il tarixdə X2 özünə məxsus qeyri-yaşayış sahəsini bölmək məqsədilə "xxxx" MMC-yə müraciət etmiş, onunla müqavilələr bağlamışdır.

22. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi "xxxx" MMC ilə Hüseynzadə Çingiz Muxtar oğlu arasında bağlanmış 408 nömrəli, 13 yanvar 2016-cı il tarixli müqavilənin etibarsızlığı ilə bağlı hər hansı hallar aşkar edilməməsinə əsasən iddia tələbini rədd edərək düzgün qənaətə gəlmişdir.

23. Beləliklə kollegiya, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində yanlışlığa yol verilməməsini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(011)-2590/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar