Məhkəmə qərarları › İş №2(103)-249/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-249/2025

12.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-249/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh İB-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-249/2025 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-245/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 12 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvan üzrə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi faktının aşkar edilməsi ilə əlaqədar cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə mütəmadi olaraq iddiaçı barəsində məişət qazından sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə aktlar tərtib edilmişdir. İddiaçı adına tərtib edilmiş abonent saldosuna əsasən verilən qaz xətti üzrə **********00000 sayla qeydiyyata alınmış abonent koduna ümumilikdə aktlar üzrə 14.162,60 manat borc hesablanmışdır

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh İB) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ona əsassız hesablanmış 14.162,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir müddət əvvəl ona məxsus mənzilə dair quraşdırılmış sayğac çıxarılaraq aparılması müəyyən olunmuşdur. Səbəbini araşdıranda ona məlum olmuşdur ki, abonent hesabına borc yazılmış və ödədiyi puldan tutulmalar aparılır. Səbəbini aydınlaşdıranda ona abonent saldosu təqdim olunmuş və bildirilmişdir ki, 14.162,60 manat borcu var. Həmin abonent saldosuna nəzər yetirdikdə ona məlum olmuşdur ki, aktlar əsasında abonent hesabına 2016-cı ilin noyabr ayından 2020-ci ilin iyul ayınadək müxtəlif ayda və müxtəlif məbləğlərdə cəmi 13.412,6 manat borc yazılmışdır. Aktların səbəbini soruşanda cavabdehin əməkdaşları ona bildirmişdir ki, guya ünvanında qeyri-qanuni xətt olmuşdur. Heç vaxt ünvanında qeyri-qanuni xətt olmamış və cavabdehlərin əməkdaşları tərəfindən ünvanına baxış keçirilməmişdir. Həmin aktlar əsassızdır və qanunsuz yazılmışdır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(003)-245/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia təmin edilmiş, Cavabdeh İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********00000) hesablanmış 14.162,60 manat məbləğində borcun silinməsi, 132,62 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21, “Qaz Təchizatı haqqında” Qanunun 11.6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 1.3, 1.4, 2.5, 2.12, 3.4.1, 3.4.4, 4.9, 6.5, 6.6və 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış və bir nüsxəsi abonentə təqdim edilmişdir. Abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq qeyd olunmalıdır ki, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bundan əlavə, sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz. Tərəflərindən təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdikləri sübutları nəzərə almamış, qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də, ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırlsa abonentin Cavabdeh İB-nə dəymiş ziyanı öz təsdiqini tapmış olardı.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-2991/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və məhkəmə trosoloji ekspertizasının rəyinə istinad edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

11. Apellyasiya instansiya məhkəməsi həmçinin, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmanın mövcud olmasının cavabdehin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, həmin foto şəkillərin ksero surətləri mülki iş materiallarına əlavə edilmiş (i/v 13-16; i/v 131-133), lakin onların məhz iddiaçının ünvanına məxsus olması mübahisəsiz qaydada müəyyən edilmədiyindən, onlar mötəbər sübut hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili əsassızdır.

ç) Kassasiya instansiyası məhkəməsində icraat

12. Qətnamədən cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-334/2024 saylı qərarı ilə (hakimlər Zəki Babayev (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2991/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

14. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...Məhkəmələr iddiaçının ünvanında aparılmış yerli baxış zamanı qaz sayğacının hansı səbəbdən başqa ünvanda, heç bir xəttə qoşulmadan asılı vəziyyətdə mövcud olması məsələsini araşdırmamış, sayğacın kim tərəfindən bu vəziyyətə gətirilməsini, bu haldan iddiaçının məlumatlı olub-olmaması, sayğacın iddiaçı tərəfindən çıxarılıbçıxarılmamasını, qaz sayğacı cavabdeh tərəfindən yoxlanılması üçün çıxarılaraq aparıldığı halda, sonradan həmin ünvanda yeni sayğacın quraşdırılıb-quraşdırılmamasını araşdırmamışlar. Bundan başqa, tərəflər arasında olan mübahisənin əsasını iddiaçının yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etməsi, yəni qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma təşkil etsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilən ekspertiza zamanı ekspert qarşısında qoyulan sualın istiqaməti başqa olmuş, məhkəmə qeyd olunan ünvanda qanunsuz olaraq sayğacdan kənar qaz xəttinə qoşulmanın, yaxud belə qoşulmanın izlərinin olubolmamasını yoxlamaq, ekspert qarşısında bu məzmunlu sual qoymaq əvəzinə, sayğaca müdaxilənin olub-olmamasına dair sual qoymuşdur. Halbuki, qaz xəttinə kənar qoşulma sayğaca müdaxilə edilmədən də aparıla bilər. Həm də cavabdeh özü apellyasiya şikayətində abonentin qaz sayğacının tam işlək vəziyyətdə olmasını və heç bir nasazlığın olmadığını qeyd etmişdir. Bundan başqa məhkəmələr cavabdeh tərəfindən tərtib olunmuş aktların əsassızlığı qənaətinə gəlsələr də, iddiaçı tərəfindən sayğacdan kənar qaz xəttindən istifadə edilməsini sübut etmək məqsədi ilə cavabdehin təqdim etdiyi foto şəkilləri araşdırmamış, o cümlədən foto şəkillərin kserosurətlərində qeyd olunan ünvanın iddiaçının istifadəsində olan yaşayış sahəsinə və mübahisəli dövrə aid olmasını tərəflərlə müzakirə etməmiş, habelə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ünvanında aparılmış yerli baxış zamanı foto şəkillərdə görünən ünvanın iddiaçıya aid ünvan olub-olmaması aydınlaşdırılmamışdır. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının adına tərtib edilmiş abonent saldosunda onun 2010-cu ildən qaz xətti üzrə **********00000 kodla abonent kimi qeydiyyata alınması müəyyən edilsə də, həmin abonent saldosu məhkəmələr tərəfindən ümumiyyətlə araşdırılmamış, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan əvvələ aid on iki ildən artıq müddət ərzində istifadə etdiyi təbii qaza görə ödənişləri hansı qaydada həyata keçirməsi aydınlaşdırılmamışdır. Halbuki abonent saldosuna diqqət yetirdikdə 2015-ci ildən sonra sayğac göstəricisinin sıfır olması, həmin tarixdən sonra qeyd olunan ünvanda ümumiyyətlə qaz sayğacının olmaması barədə ehtimal irəli sürməyə əsas verir. Bununla belə, sayğacın mövcud olmaması iddiaçının evində təbii qazdan istifadə olunmaması anlamına gəlmir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının ünvanı üzrə tərtib olunmuş abonent saldosuna əsasən iddiaçı tərəfindən qazdan istifadəyə görə ötən müddət ərzində ümumiyyətlə ödəniş aparılmamışdır. Halbuki, evdə təbii qaz təchizatı olduğu halda, hesablanmış borcun tam silinməsi iddiaçının cavabdeh təşkilatın hesabına əsassız varlanmasına şərait yaradacaqdır....”

c) Proses iştirakçılarının izahatı

15. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

18. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması;

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

21. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu

22. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

23. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

24. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

25. Bənd 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.

26. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

27. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

28. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydalar

29. Bənd 5.1 Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

33. Maddə 384.0.2. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

39. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.

40. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən abonentin saldosuna istinad edərək iddiaçının adına hesablanmış ümumilikdə 14162,60 manat borcun silinməsi qənaətinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi sözügedən borcun hesablanma mexanizminin düzgün aparılıb-aparılmamasını müəyyənləşdirməmiş və bu barədə işdəki sübutların tədqiqini lazımi formada aparmamış, həmçinin qanunsuz qoşulma halının mövcud olub-olmaması məsələsinə qiymət verilməsi xüsusi bilik tələb etsə də, ünvana sadəcə yerli baxış keçirməklə kifayətlənmiş, ekspertizanın keçirilməsinə təşəbbüs göstərməmişdir.

41. Kassasiya instansiyası məhkəməsinin də bu barədə göstərişinə uyğun olaraq apellyasiya baxışı zamanı bir neçə dəfə məhkəmə-trassoloji ekspertizası təyin olunsa da, tərəflər ekspertiza tədqiqatında iştirak etməkdən imtina etmiş, bu səbəbdən rəyin təqdim edilməsi mümkün olmamışdır.

42. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

43. Bu halda kollegiya iddianın əsaslılığına işdə olan sübutlara əsasən qiymət verərək qeyd edir ki, iddiaçıya qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə əsası ilə ona itirilmiş qazın məbləğinə görə borc hesablansa da, həmin fakt öz təsdiqini hansısa mötəbər sübutlarla tapmamışdır.

44. Belə ki, mübahisələndirilən aktlar iddiaçı tərəfindən imzalanmamışdır. Aktlarda cavabdehin onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus mənzillə bağlı hazırki apellyasiya baxışının predmeti olan qeyri-qanuni qoşulma əsası ilə akt tərtib edilsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır.

46. Digər tərəfdən, istehlakçının qazpaylayıcısına zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.

47. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

48. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

49. Beləliklə, iddianın mahiyyəti üzrə əsaslılığına dair kollegiya hesab edir ki, mübahisəyə işdə olan sübutlarla qiymət verildiyindən və əks halın mövcudluğunu araşdırmaq üçün təyin olunan ekspert tədqiqatında tərəflər iştirak etmədiyindən, iddia tələbi müəyyən bir hissədə borcun silinməsinə münasibətdə əsaslıdır.

50. Borcun hesablanma mexanizminin düzgün aparılıb-aparılmamasını müəyyənləşdirmək məqsədi ilə isə apellyasiya baxışı zamanı işlə bağlı mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Təzimləmə Agentliyinə müraciət edilmiş, sonuncu tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi daxil olmuşdur.

43. Həmin rəydə qeyd edilmişdir ki, abonentin istehlak borcunun 388,10 manat təşkil etdiyini, qazpaylayıcısına dəyən zərərin məbləğinin 2618,8 manat təşkil edə biləcəyini və ötən dövr ərzində heç bir ödəniş edilmədiyini nəzərə alsaq, abonentin borcu xx.xx.2023-cü il tarixə 388,10 manat (istehlak borcu) + 2818,20 manat (ehtimal olunan) = 3206,3 manat təşkil edər. xx.xx.2023-cü il tarixindən sonra olan borc qaz xətti üzərində istifadədə olan 12531899 nömrəli qaz sayğacının göstəricisinə əsasən ödənilməlidir.

44. Adı çəkilən mütəxəssis rəyindən də göründüyü kimi abonentin istehlak borcunu və hər bir ehtimalda qazpaylayıcısına vurduğu zərər nəzərə alınmaqla sonuncuya ödəyəcəyi borcu maksimum 3206,30 manat təşkil edir. Bu halda iddiaçıya 14162,60 manat məbləğində borcun hesablanması əsassız olduğundan, həmin borc məbləğindən 3206,30 manat çıxılmalı, nəticədə 10956,30 manat borc silinməlidir.

45. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçının adına hesablanmış 10956,30 manat məbləğində borc silinməli, şikayət qalan hissədə təmin edilməməlidir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

47. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

49. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

50. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

52. Kollegiya hesab edir ki, iddianın ümumi məbləği 14162,60 manat olduğundan, onunla bağlı ödənilməli dövlət rüsumunun məbləği 132,49 manat olduğundan və iddiaçı həmin rüsumu ödəməkdən azad olduğundan, o cümlədən iddia qismən, yəni 10956,30 manat borcun silinməsi hissəsində təmin olunduğundan, ödənilməli dövlət rüsumunun məbləği də həmin hissəyə mütənasib olaraq hesablanmalı və 102,50 manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. O cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-245/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********00000) hesablanmış 10956,30 (on min doqquz yüz əlli altı manat, otuz qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 102,50 (yüz iki manat əlli qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar