Məhkəmə qərarları › İş №2(103)-2490/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2490/2023

14.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2490/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli qətnamədən cavabdeh "xxxx" ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə, cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı, cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ASC tərəfindən ona əsassız olaraq hesablanmış 670,15 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan və Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəm küçəsində yerləşən 108 saylı fərdi yaşayış evi cavabdeh ASC tərəfindən elektrik enerji isə təmin edilir və istehlak edilmiş elektrik enerjisinin dəyəri, ASC tərəfindən həmin ünvanda, küçədə quraşdırılmış elektrik sayğacı vasitəsi ilə hesablanır. ASC-nin əməkdaşları, elektrik xəttinə və sayğaca qanunsuz müdaxilələrin olub-olmamasını, onların işlək vəziyyətdə olmasını yoxlamaq üçün mütəmadi olaraq elektrik xəttinə və sayğaca baxış keçirirlər. ASC-nin əməkdaşları növbəti dəfə, yəni xx.xx.2022-ci il tarixdə baxış keçirən zaman aşkar etmişlər ki, sayğac səhv sxem üzrə şəbəkəyə qoşulmuşdur. Buna görə də, onlar sayğacın qoruyucu plombunu ləğv edərək sayğacın qoşulma sxemini dəyişdirmiş, sayğaca yeni qoruyucu plomb vurmuş və bu barədə 259815 saylı protokol tərtib etmişlər. İddiaçı bildirir ki, o, yuxarıda qeyd edilən məsələnin səbəbini ASC-nin əməkdaşlarından soruşduqda ona deyilmişdir ki, sayğacı quraşdırmış əməkdaş sayğacı quraşdırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydalarının” (bundan sonra – EEİQ) tələbləri yerinə yetirilməyib və elektrik sayğacın şəbəkəyə qoşulma sxemi səhv aparılmışdır. Bundan bir neçə gün sonra isə iddiaçı müəyyən etmişdir ki, ona əlavə sərfiyyata görə 670,15 manat məbləğində borc hesablanmışdır. İddiaçı, bunun səbəbinin öyrənmək üçün ASC-nin ərazi İdarəsinə müraciət etmiş və orada ona izah etmişlər ki, həmin borc, yuxarıda qeyd edilən məsələyə görə hesablanmışdır. İddiaçı, cavabdeh ASC tərəfindən ona borcun hesablanmasını qanunsuz hesab edir. Çünki, o, ASC-nin əməkdaşının sayğacı quraşdırarkən EEİQ-nin tələbləri yerinə yetirilməyib, elektrik sayğacın şəbəkəyə səhv sxem üzrə qoşmasına görə məsuliyyət daşımamalı, bu problem onun vəsaiti hesabına həll olunmamalıdır. Bu problem ASC ilə ASC-nin həmin əməkdaşı arasında həll edilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus ünvana dair xx.xx.2022-ci il tarixdə tərtib edilmiş NDM seriyalı, 029927 saylı aktda qeyd edilən fakt – sayğacın EEİQ-nin tələblərinin pozulması ilə, qoşulma sxeminin səhv aparılması faktı cavabdeh ASC-yə əsas vermir ki, həmin fakta görə iddiaçıya borc hesablasın və həmin borcun ödənilməsini tələb etsin. Buna görə də, həmin akt üzrə iddiaçının adına olan **********26920 saylı abonent koduna hesablanmış 670,15 manat məbləğində borc əsassız sayılaraq silinməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ASC-nin əməkdaşlarının xx.xx.2022-ci il tarixdə akt tərtib etmələrinə səbəb o olmuşdur ki, iddiaçıya məxsus evə aid elektrik sayğacının giriş faza yuvasına sıfır xəttinin, sıfır yuvasına faza xəttinin daxil edilməsi və kənar mənbədən sıfır xətti götürülməklə sayğacın dövrədən kənarlaşdırıldığı aşkar edilmişdir. Aşkar olunmuş bu faktla bağlı da həmin tarixdə NDM seriyalı 029927 saylı akt tərtib edilmişdir. Bundan sonra, ASC-nin Akt Komissiyasının qəbul etdiyi qərarı ilə həmin akta əsasən itirilmiş elektrik enerjisinin dəyəri 670,15 manat məbləğində müəyyən edilmiş və iddiaçının **********26920 nömrəli abunə haqqında məlumatına daxil edilmişdir. Həmin borcun ödənilməsi üçün iddiaçının ünvanına müvafiq bildiriş göndərilmişdir. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış borc iddiaçı tərəfindən ödənilməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamışdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

7. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

8. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (qardaşı) apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. İşdə olan sənədlərdən görünür ki, iddiaçıya məxsus olan və Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəm küçəsində yerləşən 108 saylı fərdi yaşayış evi cavabdeh ASC tərəfindən elektrik enerji isə təmin edilir və istehlak edilmiş elektrik enerjisinin dəyəri, ASC tərəfindən həmin ünvanda, küçədə quraşdırılmış elektrik sayğacı vasitəsi ilə hesablanır.

11. ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, NDM seriyalı, 029927 saylı aktdan görünür ki, həmin aktın tərtib edilməsinə o hal əsas olmuşdur ki, ASC-nin əməkdaşları, iddiaçıya məxsus ünvana aid olan elektrik xəttinə və sayğaca qanunsuz müdaxilələrin olub-olmamasını, onların işlək vəziyyətdə olub-olmasını yoxlamaq üçün ünvana baxış keçirən zaman müəyyən etmişlər ki, sayğac, EEİQ-nin tələblərinə cavab verən sxemə uyğun olaraq şəbəkəyə qoşulmamış, səhv sxem üzrə qoşulmuşdur. Yəni iddiaçıya məxsus evə aid elektrik sayğacının giriş faza yuvasına sıfır xəttinin, sıfır yuvasına faza xəttinin daxil edilməsi və kənar mənbədən sıfır xətti götürülməklə sayğacın dövrədən kənarlaşdırılmışdır.

12. ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 259815 saylı protokoldan görünür ki, ASC-nin əməkdaşları tərtib etdikləri və yuxarıda qeyd edilən akta əsasən sayğacın üzərinə vurulmuş möhürü açmış və sayğacı EEİQ-nin tələblərinə cavab verən sxemə uyğun olaraq şəbəkəyə qoşaraq, sayğacın üzərinə yeni möhür vurmuşlar.

13. İşdə olan sənədlərdən görünür ki, ASC-nin Akt Komissiyası yuxarıda qeyd edilən akta əsaslanaraq iddiaçıya, itirilmiş elektrik enerjisinin dəyəri olaraq 670,15 manat məbləğində borc hesablamış və həmin borc iddiaçının **********26920 nömrəli abunə haqqında məlumatına daxil edilmişdir. Həmin borcun ödənilməsi üçün iddiaçının ünvanına müvafiq bildiriş göndərilmişdir.

14. İddiaçı, cavabdeh ASC tərəfindən ona borcun hesablanmasını qanunsuz hesab edir. Çünki, o, ASC-nin əməkdaşının sayğacı quraşdırarkən EEİQ-nin tələbləri yerinə yetirilməyib, elektrik sayğacın şəbəkəyə səhv sxem üzrə qoşmasına görə məsuliyyət daşımamalıdır. Bu problem onun vəsaiti hesabına həll olunmamalıdır. Bu problem ASC ilə ASC-nin həmin əməkdaşı arasında həll edilməlidir.

15. Cavabdeh ASC isə hesab edir ki, həmin borc iddiaçıdan onun xeyrinə tutulmalıdır, çünki iddiaçı 670,15 manat dəyərində elektrik enerjisindən əvəzini ödəmədən istifadə etmişdir.

16. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinə görə, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

18. EEİQ-nın tələblərinə görə, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur (bənd 7.11.). İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələdikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar 7 özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir (bənd 8.17.). Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidmət vəsiqəsini təqdim etməyə borcludurlar. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barəsində çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər (bənd 8.34.). Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur (maddə 8.32.). Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (maddə 8.33.). İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır (bənd 9.1.). İstehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir (bənd 9.4.).

19. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, cavabdeh ASC apellyasiya şikayətində yuxarıda qeyd edilən akta əsaslanaraq, həmin aktda təsvir edilmiş qanunazidd hərəkətlərin məhz iddiaçı tərəfindən törədilməsini, bununla da iddiaçının ona münasibətdə delikt törətməsini bildirsə də, ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş və yuxarıda qeyd edilmiş xx.xx.2022-ci il tarixli, 259815 saylı protokoldan görünür ki, ASC-nin əməkdaşları tərtib etdikləri və yuxarıda qeyd edilən akta əsasən sayğacın üzərinə vurulmuş möhürü açmış və sayğacı EEİQ-nin tələblərinə cavab verən sxemə uyğun olaraq şəbəkəyə qoşaraq, sayğacın üzərinə yeni möhür vurmuşlar (bax: hazırki qətnamənin 12-ci bəndinə).

20. Göründüyü kimi, iddiaçıya məxsus və şəbəkəyə səhv sxem üzrə qoşulmuş sayğacı EEİQ-nin tələblərinə cavab verən sxemə uyğun olaraq şəbəkəyə qoşmaq üçün ASC-nin əməkdaşları sayğacın üzərində olan və əvvəlcədən vurulmuş möhürü açmışlar. Bu kimi möhürün həmin sayğacın üzərində olması o deməkdir ki, ASC-nin əməkdaşı (əməkdaşları) sayğacı əvvəlcə quraşdırarkən EEİQ-nin tələbləri yerinə yetirmədən, sayğacı şəbəkəyə səhv sxem üzrə qoşmuşlar. Əgər iddiaçı sayğacın qoşulma sxeminə müdaxilə etmiş olsa idi, onda sayğacın üzərində əvvəlcədən vurulmuş möhür olmazdı və ya onun tamlığı pozulmuş olardı.

21. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh ASC-yə münasibətdə delikt törədərək ASC-yə maddi zərər vurması sübuta yetmir. Bu hal sübuta yetmədiyindən də, iddiaçı, cavabdeh ASC-yə vurmadığı zərərin əvəzini, yəni əlavə sərfiyyata görə ona hesablanmış borcu ödəməməlidir. Rayon Məhkəməsi bu nəticəyə gələrək, həmin borcu silməkdə haqlı olmuşdur.

22. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən düzgündür. Apellyasiya şikayətinin təmin, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

23. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 yanvar 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar