Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2494/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(009)-80/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (3-cü şəxs qismində Cavabdeh3 göstərilməklə) qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 1 a, mənzil 4 ünvanında yerləşən evin üzərində aparılmış qanunsuz tikilinin sökülərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 da öz növbəsində İddiaçı, Cavabdeh3nə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qanunsuz tikilinin sökülməsi» barədə qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-80/20) həm ilk iddia, həm də qarşılıqlı iddia rədd olunmuşdur. İddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilk iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 a, mənzil 3 ünvanında paylı mənzil almış, bu haqda xx.xx.2018-ci il tarixdə Çıxarış əldə etmişdir. Cavabdehlər iddiaçıya məxsus evin üzərində qanunsuz tikinti işləri aparmış və bu tikintinin bir hissəsi iddiaçıya məxsus evin divarının üzərinə düşmüşdür. Bu da iddiaçı və ailəsi üçün təhlükə yaradır. Odur ki, iddianın təmin olunması xahiş olunur. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı ünvan 1 a, mənzil 4 ünvanında yaşayır. Ondan başqa həmin mənzildə iddiaçının qızı Viktoriya və nəvəsi Orxan da yaşayırlar. Onun mənzili stalin layihəli çoxmənzilli evin həyətində yerləşir və stalin layihəli çoxmənzilli ev ilə üzbəüz birmərtəbəli ev kimi inşa olunmuşdur. Lakin mənzildə yaşayış üçün zəruri olan sanitar şərait yoxdur. Evin yerləşdiyi torpaq da onundur. Birinci mərtəbəsi və zirzəmiləri su və kanalizasiya kəmərləri ilə təchiz olunmuş stalin layihəli çoxmənzilli ev iddiaçının evinin yanında yerləşir və bununla əlaqədar olaraq onun evinin divarları daima nəm olur. Bunun nəticəsində mebel, divan və masanın ayaqları sıradan çıxmış və nəm döşəmə ilə təmasda olan bütün əşyalar çürüyür. İddiaçının ailəsi daima soyuq şəraitdə yaşayırlar ki, bu da onlarda xəstəliklərin yaranmasına səbəb olur. Eyni zamanda cavabdeh İddiaçı qanuni sənədə malik olmadan qeyri-qanuni olaraq iddiaçının evinin yanında bina inşa etdirmişdir. İcra hakimiyyəti iddiaçının həmin tikinti ilə bağlı həyəcan siqnalına cavab vermir. xx.xx.2018-ci il tarixdə əldə edilmiş reyestrdən Çıxarış böyük şübhə doğurur. Qeyd olunanlara əsasən qarşılıqlı iddianın təmin olunması xahiş olunur. İddia tələbləri üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı ilk iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hakim mülki işi obyektiv araşdırma aparmamış və düzgün nəticəyə gəlməmişdir. Qətnamə ləğv olunmalı, onun iddiası tam təmin olunmalıdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız ilkin iddiaya aid hissədə mübahisələndirilmiş, qətnamənin qarşılıqlı iddia ilə bağlı hissəsindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni ilkin iddiaya aid hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilk iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlmiş iddiası «qanunsuz tikilinin sökülməsi» barədədir. O, tələbində cavabdehlər tərəfindən ünvan 1 a, mənzil 4 ünvanında yerləşən evin üzərində aparılmış qanunsuz tikilinin sökülərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi işin tam, hərətəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 29633 saylı rəyi ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 35a saylı evin 4 saylı mənzilinə dair tərtib olunmuş texniki pasportun məlumatları ilə mənzilin faktiki ölçülərinin uyğun olduğu nəzərə alınaraq, ünvan 3 mənzil 4 ünvanında yerləşən tikiliyə aid ümumi istifadədə olan sahədə hər hansı qanunsuz tikilinin inşa edilmədiyi müəyyən olunmuşdur. Ekspert rəyi ilə həmçinin Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 35a saylı evin 4 saylı mənzilinə və İddiaçı məxsus ünvan 3 mənzil 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə ayrı-ayrılıqda giriş-çıxış yollarının olduğu nəzərə alınaraq, həmin ünvanlarda yerləşən tikililərin istifadəsinə maneçilik törətmədiyi də müəyyən edilmişdir. Məhkəmə işin araşdırılan hallarına əsasən müəyyən etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsindəki 35a saylı evin 3-cü mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı, həmin ünvanda yerləşən evin 4-cü mənzili isə Cavabdeh2 məxsusdur. Hər iki mülkiyyətçinin hüquqları daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmışdır. Cavabdehə məxsus mübahisəli evə aid texniki pasportun məlumatları ilə yaşayış evinin faktiki vəziyyəti müqayisə olunduğu zaman texniki pasportdan kənar hər hansı konstruktiv dəyişikliklərin, o cümlədən söküntü və yenidənqurma işlərinin, habelə hər hansı qeyriqanuni tikintinin aparılmadığı müəyyən edilmişdir. Belə ki, ilkin iddia üzrə cavabdeh qanuni əsaslarla mülkiyyətində olan mənzildə hər hansı qanunsuz tikinti işləri aparmamış və tikinti normalarını pozmamışdır. Birinci instansiya məhkəməsi yuxarıda adı çəkilən ekspert rəyini mötəbər sübut kimi qəbul edərək və işin araşdırılan və müəyyən edilən digər hallarını nəzərə alaraq İddiaçı iddiasını əsassız saymış və rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddia ilə bağlı hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni göstərilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2494/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2494/2021
03.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver